Dekabrın
26-da Təhsil Nazirliyində 47-ci Beynəlxalq Kimya
Olimpiadasının Təşkilat Komitəsinin müşavirəsi
keçirilib.
Müşavirədə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin (MDU) Bakı filialının məsul əməkdaşları,
şəhər, rayon təhsil idarə və şöbələrinin nümayəndələri,
eləcə də nazirliyin tabeliyində olan ümumi təhsil
müəssisələrinin direktor müavinləri iştirak edib.
Tədbirdə Təşkilat Komitəsinin üzvləri 47-ci Beynəlxalq
Kimya Olimpiadasında çıxış edəcək milli komandaya
namizədlərin seçim turlarının təşkili və keçirilməsi
məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasında
çıxış edəcək Azərbaycan məktəblilərindən ibarət milli
komandaya namizədlərin seçim turları 3 mərhələdən
ibarətdir. Seçim turlarında X-XI sinif şagirdləri
iştirak edəcəklər. İlk seçim turu 18 yanvar 2015-ci il
tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual
təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt
veriləcək. Rayon turunun nəticələrinə əsasən, zona
turunda iştirak edəcək şagirdlər M.V.Lomonosov adına
MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən
müəyyən ediləcək.
Müşavirədə 47-ci Beynəlxalq Kimya Olimpiadasının seçim
turlarının təşkili və nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi məqsədilə bu işə məsul olan şəxslərə tövsiyə
və tapşırıqlar verilib.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5
ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya)
keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü ildə 75
ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy
şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu
olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək
onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24
medal qazanıblar.
Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi
tərəfindən 47-ci Beynəlxalq Kimya Olimpiadasının 20-29
iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilməsi
qərara alınıb. Dünyanın 80-ə yaxın ölkəsinin iştirakı
nəzərdə tutulan 47-ci Beynəlxalq Kimya Olimpiadasının
Bakı şəhərində keçirilməsi məqsədilə Təhsil Nazirliyi
tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat
Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci
Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli
komandaya namizədlərin seçilməsi qaydaları təsdiq
edilib. 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi
internet saytı (http://icho2015.msu.az/)
istifadəyə verilib. |