Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Azərbaycan əcnəbi tələbələrin gözü ilə

 

Bakı Slavyan Universitetində  19 ölkədən tələbələr təhsil alır. Universitetə təhsil almağa gələnlərin coğrafiyası ildən-ilə genişlənir. Əcnəbi tələbələr hazırlıq, bakalavr, magistratura və doktorantura pillələrində mövcud olan müxtəlif ixtisas və fakültələrdə təhsil alır, habelə universitetin ictimai həyatında fəal iştirak edirlər. Ötən illərdə olduğu kimi, 2014-2015-ci tədris ilində də Əcnəbi tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərən Əcnəbi tələbələrin şurası bir sıra tədbirlər keçirir, tələbələri universitet tərəfindən keçirilən bütün tədbirlərə cəlb edir.

BSU-da ənənəvi olaraq keçirilən Bir günlük Xəlifə - tələbə özünüidarəetmə günündə əcnəbi tələbələrin sırasından magistraturanın I kurs tələbəsi Said Ali Hossin Əcnəbi tələbələrlə iş üzrə dekan vəzifəsinə seçilib. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndəsi olan əcnəbi tələbələrin Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə, coğrafiyasına olan sonsuz marağı universitetin təşkil etdiyi bütün tədbir və layihələrdə hər zaman hiss olunur. Onların asudə vaxtlarını səmərəli keçirmək, Azərbaycan haqqında biliklərini artırmaq məqsədi ilə Bakının və ölkəmizin regionlarının tarixi, görməli yerləri ilə tanışlıq üçün mütəmadi olaraq  ekskursiyalar, səyahətlər təşkil olunur və səmərəli tədbirlər həyata keçirilir. Təsdiq olunmuş tədbirlər planı çərçivəsində  Əcnəbi tələbələrlə iş üzrə dekanlıq və Əcnəbi tələbələrin Tələbə Şurasının təşəbbüsü ilə BSU-da "Azərbaycan əcnəbi tələbələrin gözü ilə" devizi altında fotosərgi keçirilir. Sərgidə dünyanın 18 ölkəsindən 25 tələbə iştirak edir.

Fotosərgidə Bakının diqqət çəkən yerlərini - yenicə istifadəyə verilmiş Qafqazın ən böyük məscidi olan Heydər məscidi, İçərişəhər, Fəvvarələr meydanı, Dənizkənarı Bulvar, Filarmoniya bağı və Azərbaycanın milli mədəniyyətini, mətbəxini özündə əks etdirən 80-dək foto təqdim olunub.

Sərgi açılan gündən universitetin müəllim və tələbə heyətinin marağına səbəb  olub. Layihə ölkə miqyasında da maraqla qarşılanıb. Belə ki, sərgidəki fotolardan bir neçəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda keçiriləcək eyni adlı sərgidə nümayiş üçün bəyənilib.

Qeyd edək ki, Əcnəbi tələbələrin şurası yaxın gələcəkdə "Sən tək deyilsən" adlı xeyriyyə tədbirinin və  "Azərbaycan əcnəbi tələbələrin gözü ilə" adlı inşa müsabiqəsinin keçirilməsini planlaşdırır. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəlimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov