Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

"Hər bir uğurum Azərbaycan elminin adına bağlıdır"

 

Həmyerlimiz Sakin Cabarov Almaniyanın Bayroyt Universitetinin Bavariya  Eksperimental Geokimya və Geofizika İnstitutunda tədqiqatlarını davam etdirir 

Almaz HƏSRƏT,
Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri

Bu rubrika altında xarici ölkələrin təhsil müəssisələrində müəllim, tədqiqatçı kimi çalışan həmvətənlərimiz haqqında  yazıların  dərcini davam etdiririk. Bu sayımızda Almaniyanın Bayroyt şəhərində  yerləşən Bayroyt Universitetinin tədqiqat institutlarından birində - Bavariya Eksperimental Geokimya və Geofizika İnstitutunda işləyən Sakin Cabarovu oxucularımıza təqdim edirik.

 Arzuların gerçəkləşmə yolu 

Gələcəkdə fizik olmaq, dünyanın aparıcı ölkələrinin elmi-tədqiqat laboratoriyalarında çalışmaq həvəsi onda hələ orta məktəbdə təhsil alarkən V.Kartsevin "Fizika haqqında novellalar" kitabını oxuduğu zaman yaranmışdı. 2010-cu ildə Almaniyanın Hamburq şəhərində yerləşən "DESY" Elmi-Tədqiqat Mərkəzinə 10 günlük ezamiyyəti zaman müasir elektron sinxrotronunda eksperimentlər apararkən oxumuş olduğu həmin novellalar yaddaşında canlandı. Geniş tədqiqat imkanlarına malik olan laboratoriyalarda ilk təcrübələrini həyata keçirdi. Qısa müddət ərzində məqalələri dünyanın aparıcı və nüfuzlu jurnallarında işıqlandırıldı. Kiçik bir kənd orta məktəbindən Avropanın böyük mərkəzlərinə qədər irəliləyən bir gənc üçün arzularının gerçəkləşməsindən böyük nə ola bilərdi?!    

Tərcümeyi-halından sətirlər 

Cabarov Sakin Həmid oğlu 30 avqust 1983-cü ildə  Xaçmaz rayonunun Dədəli kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Q.Movlanov adına Dədəli kənd orta məktəbində almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 2005-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsinin magistraturasında təhsil almış və həmin fakültəni "Kvant elektronikasi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2008-ci illərdə orduda həqiqi hərbi xidmətdə olmuşdur. 2009-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun doktoranturasına daxil olmuş və 2012-ci ildə texnika elmləri doktoru Əli Məmmədovun elmi rəhbərliyi ilə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə "Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3 və BiMnO3 perovskit seqnetoelektriklərinin struktur faza keçidləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Böyütmək üçün seçinƏmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda texnik kimi başlamışdır. Texnika elmləri doktoru  Əli Məmmədovun rəhbərlik etdiyi "İxtisaslaşdırılmış qeyri-standart nəzarət və diaqnostika sistemləri" laboratoriyasında fizika üzrə fəlsəfə doktoru Rəfiqə Mehdiyevanın rəhbərliyi altında elmi araşdırmalara başlamışdır. Sonralar kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmış və hazırda həmin institutun böyük elmi işçisidir. 

İlk xarici səfərlər: hədəfə doğru qətiyyətli addımlar 

Sakin müəllimin xaricə ilk çıxışı   2009-cu ilin iyun-iyul aylarında Rusiyanın Moskva və Dubna şəhərlərində MDB ölkələrinin gənc alimləri üçün təşkil olunmuş və nanotexnologiyalara həsr edilmis yay məktəbində iştirakı olub. Moskva şəhərində Kurçatov İnstitutunda, A.V.Şubnikov adına Kristalloqrafiya İnstitutunda, Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatlari İnstitutunda olub. Bu institutların elmi-tədqiqat imkanlarını gördükdən sonra həmin mərkəzlərin birinə uzunmuddətli ezamiyyətə  getməyi və tədqiqatlarını davam etdirməyi qərara alıb. Bakıya qayıtdıqdan sonra bu barədə fikirlərini elmi rəhbəri Əli Məmmədovla bölüşüb. 2 ay müddətinə Dubna şəhərinə, Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezamiyyətə göndərilib. Bu müddət ərzində institutun geniş tədqiqat imkanları ilə ətraflı tanış olub. "O zamanlar dünyanın ən nəhəng impuls reaktoru olan "İBR-2" reaktorunda modernizasiya gedirdi və mən də həmin modernizasiya proseslərində iştirak etmək istəyirdim" , - deyə müsahibim o günləri xatırlayır. Ezamiyyət müddətində Rusiyanın ən gənc elmlər doktorlarından olan Denis Petroviç Kozlenko ilə tanış olur və onun rəhbərliyi altında çalışmaq üçün razılıq alır. Bakıya, Fizika İnstitutuna qayıtdıqdan sonra oradakı imkanları haqqında elmi rəhbəri ilə müzakirələr aparır. Uğurlu əlaqələrin davamlı olması üçün institut rəhbərliyi tərəfindən yenidən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna uzun muddətə ezam olunur. 2010-cu ilin əvvəlindən həmin institutun neytron fizikası laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayır.

Yeri gəlmişkən  qeyd edək ki, Dubna şəhəri  Rusiyanın elm mərkəzlərindən biri  olduğu üçün buradakı insanların hamısı yüksək elmi biliyə və təfəkkürə bağlıdırlar. Müsahibim deyir: "Mendeleyevin elementlərin dövrü sistemi cədvəlindəki 105-ci element bu şəhərdə alınmış və adı da bu şəhərin adına uyğun olaraq "Dubnium" adlandırılmışdı. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu beynəlxalq elmi mərkəz olduğu üçün burada çoxlu xarici alimlər çalışırdılar. Dünyanın bir çox ölkələrindən olan nüfuzlu alimləri də burada tez-tez görmək olurdu. Daha çox gənc alimlər bu elmi mühitdə yetişmək üçün gəlirdilər. Bizim qrupumuzda Ukraynadan və Vyetnamdan olan gənclər çalışırdılar. Həm yaşamaq üçün, həm də elmi fəaliyyət üçün Dubna şəhəri və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu çox yüksək səviyyəli yer idi.

Tədqiqat reaktorunda modernizasiya getdiyi müddətdə eksperimentlərimizi Almaniyanın Hamburq şəhərində yerləşən "DESY" Elmi-Tədqiqat Mərkəzində yerinə yetirirdik. Nəhayət, 2012-ci ildə modernizasiya bitdi və ilk eksperimentlər başladı. 2014-cü ilin iyununa qədər bu mərkəzdə çalışdım". 

S.Cabarov həmin müddət ərzində Rusiyanın Sankt-Peterburq, Tver, Moskva, Troysk şəhərlərində yerləşən bir çox elmi-tədqiqat mərkəzlərində, universitetlərində olur. Rusiyanın Seliger forumunun "Elm və texniki yaradıcılıq" konfransında iştirak edir. Türkiyəyə, Almaniyaya dəfələrlə elmi ezamiyyətlərə gedir. Elmi tədqiqatları genişləndikcə, yeni arzular yaranırdı və bu arzuları həyata keçirmək üçün daha geniş imkanlı mərkəzlərdə çalışmaq həvəsi ortaya çıxırdı. Bu məqsədlə yenidən Bakıya, Fizika İnstitutuna qayıdır. Elmi rəhbəri ilə yeni tədqiqat planları hazırlayır və institut rəhbərliyi tərəfindən 2014-cü ilin iyul ayında Almaniyanın Bayroyt şəhərində yerləşən Bayroyt Universitetinə ezam olunur.

Təsadüfdənmi, yoxsa zərurətdənmi Bayroyt şəhəri Dubna şəhərinə çox bənzəyir. Burada da insanların çoxunun həyatı universitet ilə bağlıdır. Əsasən Yaponiyadan, Çindən və Rusiyadan çoxlu tələbə, doktorant və elmi işçilər fəaliyyət gostərirlər. Hər il avqust ayında keçirilən ənənəvi "Bayroyt festivalı"nda isə bu şəhərə çoxlu turist axını olur. Universitetin tərkibində 14 elmi-tədqiqat institutu var və onlar birgə fəaliyyət göstərirlər. Sakin müəllim də bu tədqiqat institutlarından birində - Bavariya Eksperimental Geokimya və Geofizika İnstitutunda çalışır.

Ezamiyyət dönəmində hər dəfə Azərbaycana gəlməmişdən qabaq burada pedaqoji sahədə fəaliyyət göstərən dostları ilə əlaqə saxlayır. Xüsusi olaraq, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasında ona tam orta məktəb müəllimləri üçün fizikanın müasir yeniliklərinə və tədrisdəki yeni yanaşmalara dair mühazirə və seminarlar aparmaq üçün saatlar ayrılır. Bu şəraiti ona yaratdıqlarına görə müsahibim institutun rektoru, professor Asəf Zamanovun və təbiət elmləri kafedrasının müdiri dosent Yusif Alıyevin əməyini xüsusi dəyərləndirir. 

Almaniyada  elmi-tədqiqatlar necə aparılır? 

Bayroyt Universitetinin doktoru olan həmyerlimiz hazırda  professor Leonid Dubrovinskinin rəhbərliyi altında çalışır. Əsas fəaliyyəti elmi-tədqiqat olmasına baxmayaraq, tələbələrlə, xüsusən də diplomçu bakalavrlar, magistrlər və doktorantlarla birgə çalışır. Onlara əsasən bərk cisim fizikası və yüksək təzyiqlər fizikasının sirlərini, mənimsənmə metodikasını öyrədir.

Müsahibimin sözlərinə görə, Almaniyada elmi-tədqiqat institutları universitetlərin tərkibində yerləşir və fakültələrlə birgə fəaliyyət göstərirlər. "Məsələn, bizim çalışdığımız institutun əsas istiqaməti geofizika və geokimya tədqiqatları olmasına baxmayaraq, fizika fakültəsinin kristalloqrafiya laboratoriyası ilə birgə işləyirik. Fakültə tələbələri bizim institutun təcrübələrində yaxından iştirak edirlər, institutun professorları fakültədə mühazirələr oxuyurlar, doktorları və doktorantları isə seminar məşğələləri aparırlar.

Almaniyada elmə marağı olan insanlar elmi-tədqiqatla nəinki tələbəlik illərindən, hətta şagird olduqları zamandan məşğul ola bilirlər. Bizim yaşadığımız Bavariya torpaqlarında orta məktəblərdə dərslər 15 sentyabrda başlayır və avqustun əvvəllərinə qədər davam edir. İyulun sonlarında universitetlərdə "Uşaq universiteti" fəaliyyətə başlayır. Hətta I sinif şagirdləri belə, buraya cəlb olunurlar. Elmi tədqiqat işi aparan alimlər uşaqlar üçün sadələşdirilmiş mühazirələr və əyani formada eksperimentlər hazırlayırlar. Onları nümayiş etdirərək son elmi yenilikləri şagirdlərə mənimsədirlər. Beləliklə, hətta şagirdlər də kiçik yaşlarından elmə maraq göstərirlər.

Xarici ölkələrdə alimlərin əməkhaqqının nə qədər olması, asudə  vaxtlarını necə keçirdikləri ilə bağlı sualımızı Sakin Cabarov belə cavablandırdı:

- Universitetdə və elmi-tədqiqat institutlarında çalışan alimlərin əməkhaqları kifayət qədər yüksəkdir. Əmək fəaliyyətinə başlamış gənc doktorantlar artıq öz ehtiyaclarını tam təmin edirlər. Bir sözlə, Avropada elmi-tədqiqat işi ilə məşğul olan alimin əsas sosial problemləri həll edilmiş olur.

Müəllimlərin, tələbələrin, alimlərin boş vaxtlarının səmərəli təşkil olunması üçün universitet şəhərcikləri vardır. Buraya üzgüçülük hovuzları, idman zalları, meşəliklər, gəzinti zamanı dincəlmək üçün açıq havada pulsuz zooparklar fəaliyyət göstərir. 

Almaniyada  müəllimlərin iki növ attestasiyası mövcuddur  

Müsahibimlə söhbətdə Almaniyada müəllimlərin attestasiyasının təşkili məsələsi ilə də maraqlandıq. Onun dediklərindən belə məlum oldu ki, federal torpaqlardan (inzibati ərazi vahidlərindən) ibarət olan Almaniyada hər bir torpağın öz qanunları vardır. Hətta tədris ilinin başlanması da fərqli olur. Amma ümumilikdə göturülsə muəllimlərin attestasiyası, qiymətləndirilməsi hər yerdə keçirilir. Attestasiya, adətən, 2 cür olur. Bunlardan biri "müntəzəm" attestasiya adlanır və 6 ildən bir keçirilir. Qiymətləndirmə sistemi 5 kateqoriya üzrə baş verir: çox yaxşı, yaxşı, qənaətbəxş, kafi və qeyri-kafi. İkinci attestasiya isə "zərurət" attestasiyası adlanır və adından göründüyü kimi, zərurət yarandığı hallarda keçirilir. 

Tələbələr fənləri sərbəst seçirlər 

Sakin müəllim bizimlə söhbətində Almaniyanın ali məktəblərində tədrisin təşkili, təhsilin inkişafı yönündə görülən işlərlə bağlı fikirlərini də bölüşdü. Qeyd etdi ki, orada tələbələr dərsləri sərbəst olaraq seçirlər. Semestrlərdə istədikləri qədər fənn götürə bilərlər. Adətən tələbələr I kursda təcrübəsiz olurlar. Ona görə də az fənn götürürlər. Sonuncu kurslarda isə diplom işləri və təcrübə keçmə kursları onların dərslərinə çətinliklər törədir. Bunları nəzərə alaraq, adətən II və III kurs tələbələri daha çox fənn götürürlər. Çox yaxşı olardı ki, bu sistem Azərbaycan təhsil sistemində də öz əksini tapsın. Çünki I kursda dərslərində geriləyən tələbələr sonradan toparlana bilmirlər və bu da onların yaxşı mütəxəssis kimi yetişmələrinə mane olur. Digər tərəfdən isə IV kursda imtahanlara və dərslərə daha çox diqqət ayırmaları səbəbindən diplom işləri çox zəif yazılır və yeni ideyalara az rast gəlinir, əsasən təkrarçılıqla üzləşirik.  

Yaxşı təhsil vermək üçün universitetlərin elmi-tədqiqat bazasının yüksək səviyyədə olması çox vacibdir. Avropanın aparıcı mərkəzləri daha yaxşı kadrları cəlb eləmək üçün bir-biri ilə rəqabət aparırlar. Kadrların bir mərkəzdə 5-6 ildən çox işləməsinə yol vermirlər. Buna görə də hər bir mütəxəssis işlədiyi mərkəzdə yaxşı göstəricilərə sahib olmağa çalışır ki, gələcəkdə digər mərkəzlərdə istədiyi mövqeni tuta bilsin. Doktorantura təhsilini başa vurmuş doktor məcbur olur ki, digər mərkəzlərdə "postdoc" mövqeyi tutsun. Daimi ştatların sayı mərkəzlərdə çox az olur. Onlar əsasən professor və idarəçilik ştatları olurlar. 

"Azərbaycan həqiqətlərini təbliğ etmək şərəfli işdir" 

Bu sözləri də Sakin müəllim bizim bu barədəki sualımızı cavablandırarkən dedi. Bildirdi ki, mən istər Rusiyada, istərsə də Almaniyada çalışdığım mərkəzlərə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun əməkdaşı kimi ezam olunmuşam və qazandığım hər bir uğurum Azərbaycan elminin adına bağlıdır. Ona görə də daim çalışırıq ki, işlədiyimiz mərkəzlərdə Azərbaycanı daha yaxşı təmsil eləyək. Xaricdə olarkən milli bayramlarımızı təntənə ilə qeyd edirik və yaxın ətrafimıza da bayramlarımızın tarixi kökləri haqqında məlumatlar veririk. Tariximiz haqqında bildiklərimin hamısını yeri gəldikcə ətrafımdakı əcnəbilərə danışıram. XX əsrin sonlarında yaşadığımız 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi faciələrimizin bütün dünyaya çatdırılması isə daha vacibdir. Çalışdığımız  kollektivlərdə  bu  faciələri  avropalıların  diqqətlərinə  çatdırır, anım günlərində isə daha fəal oluruq.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov