Müdafiə MAHMUDOV,
Təhsil Problemləri İnstitutunun müəllim hazırlığının
kurikulumu şöbəsinin müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor
Ölkəmiz
müstəqillik qazandıqdan sonra bütün sahələr, eləcə də
təhsil qarşısında mühüm vəzifələr qoyulmuşdur. Təhsil
sisteminin dəyişilməsi və yeniləşməsi məsələsi irəli
sürülmüş, təhsilin ABŞ, Avropanın qabaqcıl ölkələrinin
təhsil məkanına inteqrasiyası ön plana çəkilmişdir. Ulu
öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində
islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan
təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın".
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda təhsil sisteminin dövlət təhsil
standartlarına cavab verən inkişaf istiqamətləri və
müasir tələblərə uyğun hədəfləri müəyyənləşdirilmiş,
təhsil işçiləri qarşısında yeni məsul vəzifələr
qoyulmuşdur. Ölkəmizin təhsil sistemi dünyanın ən
qabaqcıl ölkələrinin təhsil prinsiplərindən istifadə
etməklə təkmilləşdirilir, məzmun və struktur
dəyişiklikləri aparılır, təhsilin bütün pillələri üzrə
kurikulumların hazırlanması məsələlərinə baxılır.
Riyaziyyat elminin təlimi metodları müasir riyaziyyat
nəzəriyyələrinin yaranmasına səbəb olmuşdur. Riyaziyyat
elminin müxtəlif nəzəriyyələrə diferensiasiyası və
birləşməsi elə həddə çatmışdır ki, vahid riyaziyyat elmi
haqqında danışmaq çətinliyi meydana çıxmışdır, lakin
buna baxmayaraq onun vahidliyi həmişə qorunub
saxlanılmışdır.
Riyaziyyatın tədrisi metodikası bu elmin təlimi
prosesinin tədqiqatı ilə məşğul olur. Yeni təlim
texnologiyalarının tətbiqi ilə riyaziyyatın təlimi,
müəllimlər tərəfindən həyata keçirilən çətin bir prosesə
çevrilmişdir. Müəllim müxtəlif vəsaitlərdən aldığı
informasiyanı yeni təlim texnologiyalarından istifadə
edərək şagirdlərə çatdırır. Şagird isə dərslik, dərs
vəsaiti, kompüter və s. mənbələrdən aldığı informasiyanı
müəllimə çatdırır. Deməli, təlim prosesində
müəllim-şagird informasiyasının bir-birinə ötürülməsi
iki istiqamətdə baş verir: müəllimdən şagirdə və
şagirddən müəllimə.
Təhsilin bütün pillələrində yeni informasiya
texnologiyalarının tətbiqi ilə müasir tələblərə uyğun
təlimin nəticələrinin yaxşılaşdırılması probleminin
həlli üçün müəllim şagirdin bilik səviyyəsinə görə yeni
təlim metodlarından istifadə etməlidir. Riyaziyyatın
tədrisi metodikasının əsas vəzifələrindən biri də riyazi
təfəkkürün inkişafı üçün xarakterik olan, yeniliklərə
yol açan idrak fəaliyyətinin formalaşdırılması və
inkişaf etdirilməsidir. Deməli, riyaziyyatın təlimi
dedikdə riyazi fəaliyyətin öyrənilməsi başa düşülür.
Təlimin nəticələrinin yaxşılaşdırılmasında kim, nəyi və
necə öyrədir kimi mühüm problem özünü əks etdirməlidir.
Riyaziyyatın tədrisi metodikasının predmetinin
müəyyənləşdirilməsi üçün təlim prosesinin aşağıdakı
elementlərinə diqqət yerirmək lazımdır: təlimin mövzusu,
məqsədi, obyekti və metodları. Riyaziyyatın tədrisi
metodikasının predmeti qarşısında duran problemlər şərti
olaraq nəyi öyrətmək (mövzular) və necə öyrətmək (təlim
metodları) kimi iki sinfə bölünür, yəni riyaziyyatın
tədrisi metodikası qarşısında duran problemlər şərti
olaraq bu iki sinfə aid edilir. Bu problemlər bir-birilə
sıx bağlıdır və bunlardan birinin həlli digərini nəzərə
almadan mümkün deyil.
Yeni metodların işlənib hazırlanması təlimin
yeniləşməsini tələb edir, hansı ki, bu yeniləşmə
şagirdin idrak səviyyəsinin dəyişilməsinə və
təfəkkürünün inkişafına səbəb olur. Qeyd edək ki,
1960-cı ildən sonra orta məktəb riyaziyyat kursunun
tədris proqramına ali məktəbin diferensial və inteqral
hesabı nəzəriyyəsinin elementləri daxil edildi və bu
nəzəriyyənin təlimi ali məktəb riyaziyyatının tədrisi
metodikasını yox, xüsusi metodika tələb edirdi.
1960-1980-ci illərdə bu nəzəriyyənin orta məktəb
riyaziyyat kursunda kortəbii təlimi uğursuz nəticələrə
gətirib çıxardı. Yeni pedaqoji yanaşmalar olmadığından
bu nəzəriyyənin elementlərinin orta məktəbdə təlimi
ənənəvi öyrənmə metodikasının yeniləşməsini tələb
edirdi, yəni törəmə və inteqral anlayışlarının
təlimindəki nəticələrin yaxşılaşdırılması üçün yeni
təlim metodlarının meydana gəlməsi tələb olunurdu.
İndiki dövrdə elm və texnikanın sürətli inkişafı
nəticəsində müasir ali riyaziyyatın elementləri orta
məktəb riyaziyyat kursuna sirayət edib, məktəb
riyaziyyat kursu köhnəlib, son onilliklər ərzində
mürəkkəbləşib və müasir riyaziyyatın inkişafından çox
geridə qalıb. Buna görə də riyaziyyatın təliminin
modernləşdirilməsi (müasirləşdirilməsi) yeni metodikanın
işlənib hazırlanmasını qarşıya qoymuşdur.
Məktəb riyaziyyat kursuna daxil olan yeni nəzəriyyələrin
təlimi yeni metodlar, yeni metodlar isə yeni
nəzəriyyələrin yaranması zərurətini qarşıya qoyur. Qeyd
edə bilərik ki, riyaziyyatın tədrisi metodikası,
riyaziyyat, pedaqogika, psixologiya, fəlsəfə və məntiq
elmlərinin sərhədlərinin zolağında yerləşir, yəni
riyaziyyatın tədrisi metodikası bu elm sahələrini
birləşdirir və qarşıya çıxan problemlərin həllində
onlarla olan əlaqələrə əsaslanır. Beləliklə, qarşıda
aşağıdakı kimi sual durur: riyaziyyatın tədrisi
metodikasının təlimində yeni metodların yaranması, ondan
istifadə və modelinin qurulması. Aydındır ki,
riyaziyyatın təlimində riyaziyyatın tədrisi metodikası
qarşıya çıxan problemləri aradan qaldırmaq üçün məhz
riyaziyyat elminə əsaslanır.
Riyaziyyatın tədrisi metodikası məktəb riyaziyyat
kursunda materialların seçilməsi və siniflərə
uyğunlaşdırılması üçün onu didaktik cəhətdən
təkmilləşdirir. Yəni materialın öyrənilməsi,
qavranılması, təhlili, konkret situasiya, tapşırıq və
çalışmaların seçilib toplanması və s. özünü əks
etdirməlidir. Əgər riyaziyyatın tədrisi metodikası
riyazi materialın didaktikaya əsaslanaraq yekun
nəticəsini əldə edirsə, pedaqogika, psixologiya, fəlsəfə
və məntiq isə təlim zamanı əldə olunan nəticənin
yaxınlaşdırılmasının hansı formada həll olunduğunu və bu
nəticəyə çatmağın yollarını göstərir. Riyaziyyatın
tədrisi metodikası riyazi fəaliyyəti təhlil edir,
psixologiya və məntiqə söykənərək, şagirdlərin idrak
fəaliyyətinin formalaşdırılmasını, onların bütün
istiqamətlərdə inkişafını tədqiq edir. Riyaziyyat elmi
şagirdin düşünmə qabiliyyətini və təfəkkür inkişafına
nail olduğunu ayrılıqda əks etdirə bilmir, məhz bu
prosesi riyaziyyatın tədrisi metodikası yerinə yetirir.
Riyaziyyat kursundan tədris materialının seçilməsi
ideya, metod və mövzuların dərin təhlilini, onun elmlər
arasında yeri və tətbiqinin müəyyənləşdirilməsini tələb
edir. Əsas problemlərdən biri də seçilmiş riyazi
materialın orta məktəb təliminə uyğunlaşdırılmasında
onun didaktikaya əsaslanmasıdır və təlim prosesində
ümumi və spesifik metodlardan ayrılıqda deyil,
qarşılıqlı əlaqəli şəkildə istifadə olunmasıdır. Yəni
riyaziyyatın təlimi metodları pedaqogikanın təlim
metodlarını, riyaziyyat elminin təlimi metodlarını və
didaktika prinsiplərini həyata keçirərək formalaşır.
Eyni zamanda buraya alqoritmik yanaşma,
proqramlaşdırılmış təlim və s. kimi təlim
texnologiyaları da daxildir. Məntiq düzgün fikir
yürütməyin formalarını araşdırır və konkret fikir
haqqında yekun nəticə çıxarmaq qaydalarını öyrədir.
Riyaziyyatın tədrisi metodikası psixologiyada heç bir
yenilik etmir, o yalnız psixoloji araşdırmaların
nəticələrindən istifadə edir.
Riyaziyyatın inkişaf tarixi riyazi anlayış, metodlar və
onun inkişaf yollarından bəhs edir. Riyaziyyat təliminin
və metodiki ideyaların inkişaf tarixi isə məktəb
riyaziyyat təliminin mövzu və metodlarının inkişafını və
bəşəriyyətin tələblərinin təsiri altında necə dəyişərək
inkişaf etdiyini göstərir. Aparılan tədqiqatlar göstərir
ki, uzun tarixə malik olan riyazi nəzəriyyələr bəzən
müasir elm üzərində də özünü əks etdirir. Məsələn, çox
uzun tarixə malik olan limit nəzəriyyəsi elmdə
təsdiqindən təxminən 100 il sonra məktəb riyaziyyat
kursuna daxil olub. Həm də riyaziyyat kursunun
modernləşdirilməsi (müasirləşdirilməsi) tələbi ilə
təxminən 100 il əvvəl C.Bul tərəfindən işlənib
hazırlanmış riyazi məntiq elementləri məktəb riyaziyyat
kursuna sirayət etmişdir. Baxmayaraq ki, riyaziyyat
elminin hər bir yeniliyi məktəb riyaziyyat kursuna uzun
illərdən sonra nüfuz edib, lakin tarix göstərir ki,
məqsəd məktəb təlimini yeniləşdirmək, təkmilləşdirmək və
modernləşdirməkdir, yəni onu müasir elmə
yaxınlaşdırmaqdır. Anlayış, ideya və metodlar məktəb
proqramlarına (kurikulumlarına) dərhal sirayət etmir,
bunun üçün müəyyən müddət lazımdır, buna görə də qeyd
edə bilərik ki, çox zaman təhsilin elmin inkişafından
müəyyən qədər geri qalması normal haldır. Törəmə
anlayışı yüz il və ya ondan da əvvəl hər hansı konkret
bir metodla öyrənilirdisə, indiki dövrdə köhnə
metodlarla öyrənmək məcburiyyətində deyilik, çünki bu
materialın öyrənilmə metodunun köhnəldiyi və müasir
məktəb təliminə uyğun metod olmadığı aşkar olmuşdur.
Riyaziyyatın müasir tələblərlə öyrənilməsi,
ümumiləşdirilməsi, nəzəri və praktik istiqamətlərdə
tədrisi onun inkişafını əks etdirən cəhətlərdən biridir.
XXI əsrin əvvəllərinə qədər törəmə anlayışının təlimi
zamanı törəmənin ancaq fiziki və mexaniki mənası
verilirdi. İndiki dövrdə müasir yanaşmalardan istifadə
edərək törəmə alma qaydasını iqtisadi məsələlərə tətbiq
etdikdə törəmənin iqtisadi mənasını, tibbi məsələlərdə
isə törəmənin tibbi mənasını alırıq və s. Hazırda dünya
ölkələrində riyaziyyatın təliminin modernləşdirilməsi
hərəkatının baş qaldırdığı bir vaxtda, xarici ölkələrin
təcrübəsinin də öyrənilməsi maraq doğurur. Buna görə də
riyaziyyat kursunun materiallarını və təlimi
metodlarının işlənib hazırlanmasında xarici təcrübənin
müsbət cəhətlərini nəzərə almaq, təhlil etmək və
öyrənmək lazımdır. Riyaziyyatın tədrisi metodikasında
pedaqoji eksperimentdən geniş istifadə olunur, lakin
pedaqoji eksperimentdə dəqiq metodika olmadığına görə
materialda didaktik dəyişiklik etmədən həyata keçirilir.
Buna görə də bu cür eksperimentlərin əldə edilən
nəticəsi əsassız olur və haqlı olaraq tənqidə məruz
qalır. Deməli, pedaqoji eksperimentin düzgün təşkili və
aparılması gərgin iş tələb edir, qarşıya çıxan
çətinliklər və ziddiyyətlər isə eksperimentin dəqiq
işlənib hazırlanmış metodikasından və riyazi statistika
metodlarından istifadə etməklə aradan qaldırılır.
Təlim və tərbiyənin ümumi məqsədlərindən, riyaziyyatın
bir elm kimi spesifikası və sistemindən, texnika və
istehsaldakı rolu və yerindən, müasir cəmiyyətin
həyatdakı vəziyyətindən çıxış edərək, orta məktəbdə
riyaziyyat təliminin məqsədlərini aşağıdakı kimi
formalaşdırmaq mümkündür: şagirdlərin riyazi
təfəkkürünün inkişafı; şagirdlərin təhsillərini ali
məktəblərdə davam etdirmələri; praktik fəaliyyətdə orta
məktəb riyaziyyat kursundan əldə olunmuş zəruri nəzəri
biliklərinin müxtəlif konkret situasiyalarda tətbiqi;
bilik, bacarıq və vərdişlərin mənimsənilməsi;
şagirdlərin müasir texnika və istehsalatda riyazi
metodlardan istifadə edilən sahələrinin elmi əsaslarını
bilmələri. Buna görə də riyaziyyat təliminin
məqsədlərini müəyyənləşdirdikdə, orta məktəblərdə
təlimin məqsədlərini, şəxsiyyətin hərtərəfli inkişafını,
təbiət və cəmiyyətin inkişaf qanunlarını bilən və bu
əsasda dünyanın simasını şüurlu şəkildə dəyişən yüksək
təhsilli insan ön plana çəkilir.
Riyaziyyatın təliminin məqsədlərinə diqqət verdikdə
görürük ki, orta məktəb riyaziyyat kursunun praktik
fəaliyyəti üçün vacib olan nəzəriyyələri necə
fərqləndirmək sualı qarşıda durur. Adətən, şərti olaraq
orta məktəbdə elementar riyaziyyat tədris olunur. Bu
termin altında XVII əsrədək yaranmış hesab, həndəsə,
cəbr və triqonometriya nəzərdə tutulur. Elementar
riyaziyyat termini müxtəlif dövrlərdə mövcud olan
riyaziyyatı ifadə etməklə yalnız tarixi əhəmiyyət
daşıyır. Bu söz "başlanğıc" və "sadələşdirilmiş" kimi
mənada işlədilir, belə ki, sadəlik və anlaşıqlıq təkcə
dərslikdən deyil, həm də materialın seçilmiş düzgün
izahından asılıdır. Bir çox nəzəriyyələr və mövzular heç
də tələbələr üçün sadəliyi və anlaşıqlığı baxımından
"elementar" deyil, "qeyri-elementar"dır və ya alidir.
Yəni, buraya daxil olan riyaziyyat nəzəriyyələri və
mövzuları orta məktəb çərçivəsindən kənara çıxır.
Orta məktəb riyaziyyat kursu ilə onun elmi arasındakı
münasibəti analiz etdikdə aydın olur ki, müasir ali
riyaziyyatın heç bir anlayış, ideya və metodları orta
məktəb proqramında (kurikulumunda) həyata keçirilmirdi.
Riyaziyyatın inkişaf prosesindəki hər dövr, riyaziyyat
təliminin mövzu və metodlarının yenidən nəzərdən
keçirilməsi zərurətini yaradır, eyni zamanda məktəb
proqramı yeni mövzunun yox, müasir ideya və metodların
daxil edilməsini nəzərdə tutur. Daha doğrusu, həyata
keçirilən yeniliklərin ən başlıcası riyaziyyat
təhsilinin məzmununun yaxşılaşdırılması və yeni təlim
texnologiyalarının tətbiqidir.
Riyaziyyat kursunun modernləşdirilməsi nə deməkdir?
Riyaziyyat kursunun modernləşdirilməsi hərfi mənada onu
müasirləşdirmək, müasir ideya, metod, tələblərə və s.
kimi anlayışlara uyğunlaşdırmaq deməkdir. Riyaziyyat
kursunun modernləşdirilməsi XX əsrin əvvəllərindən
başlanmasına baxmayaraq, o yalnız son 10-15 ildə geniş
vüsət almışdır. Yəni, bu cərəyan dünyanın bütün inkişaf
etmiş ölkələrində də həyata keçirilir və bu ölkələrin
orta məktəblərində müasir riyaziyyatın aşağıdakı
sahələri öyrənilir: çoxluq nəzəriyyəsinin elementləri;
riyazi məntiqə giriş; müasir cəbr anlayışları, qruplar,
sahələr, vektorlar və s; ehtimal nəzəriyyəsi və riyazi
statistikanın elementləri; diferensial və inteqral
hesabın elementləri. Tədris dərs saatlarının
çatışmamazlığı səbəbindən göstərilən hər bir
anlayışların orta məktəb proqramına geniş şəkildə
salınması mümkün deyil, buna görə də bu nəzəriyyələrin
mövzularının daxil edilməsində dəqiq seçim olmalıdır.
Hazırda ölkəmizin təhsil sistemində diskussiyalardan iş
prosesinə keçid, proqram (kurikulum) layihələrinin və
müvafiq dərsliklərin hazırlanması öz həllini
tapmaqdadır. Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunda aparılan tədqiqatlar və
müzakirələrin əsas predmeti indiki dövrdə riyaziyyatdan
nəyi öyrətmək probleminin müəyyənləşdirilməsidir.
Aydındır ki, nəyi öyrətmək problemləri müəyyənləşmədən
necə öyrətmək sualına cavab vermək mümkün deyil.
Riyaziyyat elminin məktəb riyaziyyat proqramına müasir
ali riyaziyyatla bağlı bir sıra mövzuların salınmasını
onun modernləşdirilməsi hesab etmək tamamilə yanlış
fikirdir. Məqsəd yalnız orta məktəbdə ali riyaziyyatın
elementlərinin təlimindən deyil, həm də riyaziyyatın
müasir tələblərə uyğun yeni təlim texnologiyalarının
tətbiqi ilə təlimindən gedir. Yəni, orta məktəb
riyaziyyat kursunun tərkibindən müəyyən mövzuların
çıxarılması və müasir ali riyaziyyat kursundan
nələrinsə daxil olması o demək deyil ki, məktəb
proqramında təlimin ənənəvi metodları ancaq mövzuya görə
köhnəlib, o həm də uzun illərdir ki, proqramda olan
materiala görə köhnəlib. Deməli, riyaziyyatın ənənəvi
ideya və metodlarına əsaslanan materialı müasir
riyaziyyatın ideya və metodları əsasında hazırlanır,
yəni riyaziyyatın təliminin modernləşdirilməsi üçün ilk
anda onun müasir riyaziyyata ideyaca yaxınlaşması öz
həllini tapmalıdır.
Belə bir sual meydana çıxır, son 10-15 il ərzində
riyaziyyatın təlimində əsaslı islahatların aparılması
nəticəsində onilliklər boyu dəyişməz qalan orta məktəb
riyaziyyat elmi ilə müasir riyaziyyat elmi arasında
uyğunsuzluq yaranırmı? Aydındır ki, elmin inkişafı nə
qədər yüksəkdə olsa da, onun başlanğıc elementar
nəzəriyyələri dəyişməz olaraq qalır və elmin inkişafı
onun öyrənilməsinə təsir etmir. Buna görə də elmin
gələcək inkişafı üçün onun əvvəlki təməlinin atılması
mümkün olmayan bir hadisədir. Digər tərəfdən, son
dövrlərə qədər aparılan tədqiqatlardan belə çıxırdı ki,
7-10 yaşlı uşaqlar dörd hesab əməlindən başqa heç bir
anlayışa malik ola bilməz, yəni elementar riyaziyyatın
təliminin ənənəvi qaydaları dəyişilməzdir və
modernləşməyə ehtiyac yoxdur. Lakin indiki dövrdə bu
ideya riyaziyyat təliminin müasir tələblərə cavab
verməsi baxımından çox kasıbdır. Buna görə də son
zamanlar aparılan eksperimentlərin istiqamətləri
elementar riyaziyyat təliminin modernləşdirilməsi
problemini qarşıya qoydu. Yəni, riyaziyyatın mühüm
anlayışlarından olan çoxluq, funksiyalar, tənliklər,
bərabərsizliklər və s. anlayışlarını 7-10 yaşlı usaqlara
müvafiq dillə çatdırmağın mümkün olduğu özünü əks
etdirdi.
Müəllimlərlə şagirdlər və tələbələr arasında
təlim-tərbiyə, qarşılıqlı hörmət yüksək səviyyədə
qurulduqda onların hərtərəfli müvəffəqiyyəti bir o qədər
üstün olar. Yəni, şagird və tələbələrə hörmət və qayğı
ilə, tələbkarlıqla yanaşdıqda, onda bu proses birtərəfli
yox, qarşılıqlı olur. Buna görə də çalışmaq lazımdır ki,
onlarda ancaq müsbət keyfiyyətlər inkişaf etsin, bu isə
məktəb rəhbərlərindən və müəllimlərin onlara qarşı
münasibətlərindən çox asılıdır.
Təhsil sahəsində sürətli dəyişiklik və yeniləşmələr
müəllim hazırlığının da kökündən yeniləşməsini qarşıya
qoyur, bu isə indiki dövrdə cəmiyyətin inkişafının ən
mühüm problemlərindən biridir və müasir tələblərə görə
təhsil sisteminin daim təkmilləşdirilməsinə ehtiyac
olduğu özünü əks etdirir. Azərbaycanın gələcəyi
ölkəmizin bütün regionlarında yaşayan istedadlı
şagirdlərindən, tələbələrindən asılıdır, buna görə də
ölkəmizin təhsil sistemində aparılan bütün dəyişikliklər
və yeniləşmələr bu ideyada əksini tapmalıdır.
Hazırda müəllimlər qarşısına yeni tələblər qoyulur və
onlar öz vəzifələrini yeni müasir tələblər səviyyəsində
qurmaq üçün kurikulumda, pedaqogika sahəsində, elektron
resurslarının inkişafında və s. baş verən yenilikləri
ardıcıl olaraq öyrənməlidirlər. Yeni müəllim pedaqoji
təmayüllü təhsil müəssisələrində yetişməlidir və
müəllimlik peşəsinin formalaşdırılması təhsilin
modernləşdirilməsi tələblərinə uyğun olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
demişdir: "Bütün işlər məhz məktəbdən başlayır, təhsilə
diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət
orqanları bu tövsiyələri eşitməli və praktik həyatda
bunu təmin etməlidir".
İstər nəzəriyyə və istərsə də praktik istiqamətlərdə
həyata keçirilən inteqrasiyanın reallaşdırılması
müəllimlik peşəsinin daim təkmilləşdirilməsini tələb
edir. Buna görə də əsas problemlərdən biri də
ixtisasartırma və yenidənhazırlanma sistemində tədris
fənlərinin metodologiyasının məzmun və strukturunun
formalaşdırılması modelinin qurulmasıdır. Fənlərin
təlimində əldə olunan nəticələrin yaxşılaşdırılması
problemində mühüm rol oynayan cəhətlərdən biri də
kadrların düzgün seçilməsidir.
Bakalavr təhsil pilləsində ilkin müəllim hazırlığında
əldə olunan biliyin müasir tələblərə uyğun olması
təlimin nəticələrinin yaxşılaşdırılmasından çox asılıdır
və bu, gələcək müəllimlik peşəsinin formalaşdırılmasında
mühüm amildir. Aparılan müşahidələrə görə
məktəblərimizin bir çoxunda hər üç müəllimdən biri
fənnin tədrisində minimal hazırlığa və təkmilləşdirmə
səviyyəsinə malikdir.
Dərslik və dərs vəsaitləri elmi cəhətdən hazırlıqlı
olan, səriştəli və peşəkar müəllim tərəfindən
hazırlanmalı və ardıcıl olaraq təkmilləşdirilməlidir.
Buna görə də müəllimlər öz biliklərini artırmalı, müasir
tələblərə uyğun təkmilləşdirilməlidir. Göstərilən
faktların bir çoxu tədris planı və proqramlarının
(kurikulumlarının) həyata keçməsində meydana çıxır.
Təhsil sahəsində aparılan islahatların başlıca
məqsədlərindən biri də yüksək keyfiyyətli müəllimlik
peşəsinin formalaşdırılması istiqamətlərində işlərin
aparılmasıdır. Müəllim hazırlığının kurikulumunda
dəyişikliklər və yeniliklər olmadan aparılan
islahatlarda heç bir uğurlu nəticə əldə etmək mümkün
deyil, buna görə də ölkəmizdə müəllim hazırlığı yüksək
səviyyədə həyata keçirilir. Müəllim hazırlığı pedaqoji
kollec və məktəblərdə, ali pedaqoji məktəblərdə,
internaturada, pedaqoji kadrların ixtisasının
artırılması və yenidən hazırlanması müəssisələrində,
magistraturada, doktoranturada öz həllini tapmaqdadır.
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunda 2013/14 və 2014/15-ci tədris illərində
alimlik dərəcəsi almaq üzrə aparılan qəbul
imtahanlarının və müsahibələrin nəticələri indiki dövrdə
güclü kadrların yetişmələrinə sübutdur və bu problem
ölkəmizdə aparılan konfrans, simpozium, konqreslərdə və
s. özünü əks etdirir.
XXI əsrdə həqiqətən yüksək keyfiyyətli müəllimlik
peşəsinin necə formalaşdırılması problemləri qarşıda
duran mühüm məsələlərdən biridir. Dünya ölkələrinin
təhsil sistemində böyük dəyişikliklər, yeniləşmələr
gedir və fundamental biliklərin inkişaf problemləri və
perspektivləri müzakirə olunur. Göstərilən problemlərin
həllində bizim ölkəmizin də iştirak etdiyini qeyd etmək
olar.
Təhsil sistemində aparılan islahatlar öz inkişafını
davam etdirir və təlim prosesinin mərkəzində dayanan,
mühərrik hesab olunan müəllim isə özlüyündə qalır,
müəllimin rolu yüksəlir, onda peşəkarlıq keyfiyyətinə
olan tələblər artır. Yaxın 10-15 ildə yaşlı müəllimlərin
üçdə ikisi pedaqoji fəaliyyətini davam etdirmək
qabiliyyətində olmayacaq. Buna görə də müəllim
hazırlığının müasir tələblərə görə yeni təlim
texnologiyalarından istifadə olunması və müəllimlik
peşəsinin formalaşdırılması aktual problem kimi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin diqqət
mərkəzindədir. |