Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Təhsilin modernləşməsi, elektron təhsil

 

Bahar İSMAYILOVA,
Azərbaycan Müəllimlər  İnstitutunun  Zaqatala  filialının əməkdaşı, əməkdar müəllim
 

Böyütmək üçün seçinTəhsil sisteminin başlıca vəzifələrindən biri ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"  ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutur. 

Sənədin "Strateji hədəflər və tədbirlər"  bölməsində  distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması əsas məqsədlərdən biri  kimi  qeyd  olunmuşdur.

Distant təhsilin (DT) texnologiyalardan istifadə, tədrisin açıqlığı, iqtisadi səmərə, məsafə, zaman məhdudiyyətinin olmaması, təhsilin kütləviliyi, əhatəliliyi, elastiklik, keyfiyyətli təhsilə əlyetərlik, əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı və s. kimi  üstünlükləri vardır. İstədiyi yerdə, özü seçdiyi vaxtda təhsil almaq təhsilalanlara vərdiş etdikləri şəraitdə qalmağa, həyat ritmini saxlamağa, fərdi tədris qrafikini hazırlamağa imkan verir. Müxtəlif səbəblərə görə (yaş, cəmiyyətdə tutduğu mövqeyi, vəzifə, kompleksləri və s.) tanınmadan distant öyrənmək mümkündür.

Müasir texnologiyaların tətbiqi nəhəng elektron kitabxanalardan istifadə etməklə tədrisin keyfiyyətinin yüksəldilməsinə,  vahid tədris mühitinin yaradılmasına (bu məsələ korporativ  təlimlərdə xüsusilə aktualdır) şərait yaradır.

DT daha individual xarakter daşıyır, daha elastikdir, dinləyicilər ayrılıqda hər hansı dərsə təkrar-təkrar qayıda,  öyrənməyə ehtiyac duymadıqları bölmələri öyrənməyə bilərlər. Dinləyici tədris materialını təkcə sessiya müddətində deyil,  bütövlükdə tədris prosesi zamanı öyrənir, yəni məqsəd imtahan vermək deyil, materialı mənimsəməkdir (öyrənən imtahan  prosesinə özündə olan zəiflikləri aşkara çıxarmaq kimi baxmalıdır). Bu da dərin biliklərin qazanılmasını təmin edir. Belə öyrənmə sistemi təhsilalanı müstəqil məşğul olmağa, özünüöyrətmə, özünütəkmilləşdirmə bacarıqları qazanmağa məcbur edir. Təcrübə  göstərir ki, DT alan tələbə daha müstəqil, mobil və məsuliyyətli olur.

DT-in çatışmazlıqları öyrənənlər və öyrədənlər arasında birbaşa canlı ünsiyyətin olmaması, praktik məşğələlərdə çatışmazlığın hiss olunmasıdır. Distant tədrisi reallaşdıran tədris müəssisələrinin çoxunda axşam və ya istirahət günlərində əyani məşğələlər də keçirilir. Bu məşğələlər məcburi deyil, amma təhsilalanların praktik bacarıqlarının formalaşması üçün çox faydalıdır. Tədris müəssisələri sırasında istirahət günlərində öyrənənlərin qrup işini təşkil etmək üçün qısa (iki-üç günlük) "gəzən"  məktəblərdən də istifadə olunur.

Ümumtəhsil məktəbləri, AMİ Zaqatala filialının müəllimləri və  təhsilalanlar arasında keçirilən sorğunun nəticələrindən  məlum olur ki, bir çox fənlərin (kimya, fizika, biologiya və s.) tədrisində müxtəlif yollardan (Skayp proqramından, qabaqcıl  müəllimlərin müxtəlif mövzular üzrə hazırladıqları elektron tədris vəsaitlərindən, maraq kursları, dərnəklər və s.) istifadə  etməklə sadə formada distant dərslər keçmək təhsil ocaqlarında keyfiyyətin yüksəlməsinə çox böyük təsir edə bilər (indi  məktəblilərin, tələbələrin əksəriyyəti qrup şəklində Skayp proqramından istifadə edir).

Müasir dövrdə televiziya vasitəsilə ikitərəfli "açıq dərs"lər (xüsusilə kimya, fizika dərsləri, laboratoriya işləri, reaksiyaların aparılması və s.)  keçirmək, canlı bağlantı ilə sorğu aparmaq, diskussiya təşkil etmək də faydalı ola bilər. Dərsdə verilən  tapşırıqların  cavabını e-mail vasitəsilə verilişə göndərmək olar.

Bir çox məktəblərdə kimya dərsində praktik işlərin yerinə yetirilməsi, reaksiyaların aparılması üçün lazımi şərait, təchiz olunmuş laboratoriya yoxdur. Maddi-texniki bazası olan məktəblərin qabaqcıl müəllimlərinin dərsinin elektron  versiyası hazırlanıb disk şəklində yayılma imkanı yaradılsa, müəllim və şagirdlərimiz çox sevinər. Belə dərslərin TV ilə yayımı da  arzulayanlara onu əldə etmək, diskə yazmaq imkanı yarada bilər.

Neçə illərdir respublikamızda dövlət səviyyəsində, müxtəlif layihələr çərçivəsində Azərbaycan  cəmiyyəti üçün son dərəcə aktual olan bu məsələnin tədqiqi, müzakirəsi, Azərbaycanda tətbiqinin müxtəlif aspektlərinin işıqlandırılması, bu istiqamətdə aparılan islahatlara vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məsələləri  ilə  bağlı  bir çox  işlər görülür. 

Ümumtəhsil məktəblərində yeni təhsil proqramının (kurikulum) tətbiqi ilə bağlı fənn müəllimləri 10 günlük kurslarda iştirak edir, dərslərini fəal (interaktiv) təlim metodlarından istifadə edərək qururlar. Ali məktəblərdə (müəllim hazırlığı istiqamətində fəaliyyət göstərən) işləyən müəllimlərin əksəriyyəti tədris prosesini müasir tələblərə uyğun qurmaqda çətinlik çəkirlər. Tələbələrə məqsədəuyğun olaraq seçilmiş şəkillər, animasiyalı, audio-video materiallarla zəngin təqdimatlar, elektron tədris vəsaitlərindən (ETV), interaktiv təlim metodlarından istifadə etməklə mühazirələrin oxunması, seminarların keçirilməsinin dərsin maraqlı, canlı qurulması, tələbələr tərəfindən mövzunun daha yaxşı mənimsənilməsi, tələbənin XXI əsrin müəllimi kimi formalaşmasına çox böyük köməyi ola bilər. Bu günün tələbəsi bir və ya bir neçə ildən yeni təhsil proqramının tələbləri ilə dərs keçmiş şagirdlərlə işləməli olacaq, ona görə də tələbənin ali məktəbdə bu istiqamətdə hazırlanması çox gözəl nəticələr alınmasına kömək edə bilər.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Əsl mütəxəssis zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır".  Neçə  ildir ki,  Zaqatala Tədris Mərkəzi ilə əməkdaşlıq etməklə müxtəlif layihələr, müsabiqələr, beynəlxalq konfranslarda iştirak etməklə bəzi işlər görməyə çalışmış, müəyyən nəticələr almağa nail olmuşuq. 2008-ci ildən elektron təhsillə bağlı bir sıra müsabiqələrdə iştirak edir və qalib yerlər tuturuq.

Ötən dərs ilində Təhsil Nazirliyinin keçirdiyi "İctimai təşəbbüslərin dəstəklənməsi" layihəsinin qalibi olaraq 40 nəfər müəllimə elektron tədris resurslarının  hazırlanması ilə bağlı 4 aylıq təlim keçdik, "İnnovativ müəllimlər qrupu" yaradıldı, müəllimlər informativ, praktik işlərlə bağlı və qiymətləndirmə vəsaiti kimi istifadə olunacaq elektron resurslar  hazırladılar, "Elektron təhsil" müsabiqəsinə qoşuldular. Bu il yenə həmin müsabiqənin qalibi olduq və 10 nəfər innovativ ibtidai sinif müəllimi və məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçilərinə məşğələləri müasir dövrün tələblərinə uyğun qurmaq, tədrisyönümlü cizgi filmləri hazırlanmasını öyrətmək məqsədilə 4 aylıq təlimlər keçirəcəyik.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov