Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Kitab oxumaq şagirdlərin əqlini və nitqini inkişaf etdirir

 

Şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması məqsədilə təhsil naziri Mikayıl Cabbarovun verdiyi məlum əmr məhz şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması  üçün müqayisəolunmaz bir zərurətdən irəli gəlmişdir. Əmr digər təhsil ocaqlarında olduğu kimi məktəbimizdə də çoxcəhətli tədbirlərə rəvac verilməsinə səbəb olmuşdur. Həm ibtidai sinif müəllimləri, həm də ədəbiyyat müəllimləri mütaliə ediləcək ədəbiyyatların siyahısını toplamağa, kitabxananın zənginləşdirilməsi işinə həvəs göstərməyə və tədbirlər keçirməyə başlamışlar.

Artıq əmrdə göstərilən istiqamətlər və hədəflər daha planlı işlər görməkdə bizə yardımçı olur. Bu məqsədlə tutduğumuz "Tədbirlər planı"  müzakirə edilmiş metodşurada və  metodbirləşmə iclaslarında vəzifələr, öhdəliklər və icra ediləcək işlər müəyyənləşmişdir. Şagirdlərin rəğbətləndirilməsi, Nobel mükafatına layiq görülmüş ədiblərin tanıdılması məsələləri də əmrdə diqqəti cəlb edən istiqamətlərdəndir.

Mütaliə mədəniyyəti insan amilində böyük rol oynayır. Şifahi və yazılı nitq şəxsiyyətin formalaşmasında mühüm  vasitələrdən  biridir. Şagirdlərin dünyagörüşünün formalaşmasında, onların cəmiyyət üçün əsl vətənpərvər və savadlı  vətəndaş  kimi yetişməsində mütaliə ölçüyəgəlməz rola malikdir.  Mütaliənin insan həyatında, formalaşmasında rolunu hamı yaxşı başa düşür. Mütaliəçi oxuduğu bədii ədəbiyyatdakı (əlbəttə bu ədəbiyyat bəşəri duyğuları, insanlığı, həyati gözəllikləri, vətənpərvərliyi özündə ehtiva edən ədəbiyyat olmalıdır) hadisələrin içərisinə girərkən obrazların hiss-həyəcanları ilə yaşadıqca, onların doğru və ya əksinə  mənasız ömür yolu  ilə tanış olduqca onlarda yaxşını pisdən, xeyiri şərdən, doğrunu yalandan ayırmaq  bacarığı formalaşır.

Azərbaycan dilinin fikri daha güclü, obrazlı və bədii şəkildə ifadə etmək imkanları çoxdur. Məhz bu imkanları əxz etmək üçün mütaliə gənclərə yardımçı olur, əslində sərrast nitqin formalaşmasında əsas vasitəyə çevrilir. Mən bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təklif edirəm ki, bu fənnin sinifdənxaric oxusunun siyahısının əvvəllər olduğu kimi, mövzunun axırında verilməsi və bu ədəbiyyatın mütləq oxudulması, onların şagirdlər tərəfindən nağıl edilərək, hətta o əsər haqqında inşa yazılması həyata keçirilərsə, çox gözəl effekt verər. Bəzi əsərlərin tamaşaya qoyulması, onların diskussiyalarının təşkil edilməsi, kütləvi məktəb tədbirlərinin keçiriməsi kimi daha mühüm vasitələr bu işdə böyük səmərə verə bilər.

Kiçik yaşlardan uşaqları bu işə cəlb etsək, o artıq vərdişə çevrilər. Ancaq  mütaliə ədəbiyyatı uşaqların yaşına və maraqlarına uyğun olmalıdır. Bədii ədəbiyyatdakı obrazlar, hadisələrin inkişafı uşaqları məlumatlandırdığı kimi, onların dünyagörüşünü də  zənginləşdirir. Bu onlarda təhliletmə, müşahidə,  insanı bir fərd kimi öyrənmək bacarığını artırır. Təklifim  odur ki, bu ədəbiyyatın elektron variantları hazırlansın. Əlbəttə, ədəbiyyatı alıb, oxuma texnikası daha önəmlidir. Ancaq əsrimiz bu vasitəni də tələb edir. Təbii ki, bütün bu arzularımızın həyata keçməsi sistemli şəkildə planlaşdırılmalıdır.  Bu işdə bizim Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun  dəstəyinə böyük ehtiyacımız vardır. 

Hicran QARABƏYLİ,
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov