Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Gəncə Dövlət Universiteti

 

Qəzetimizin yeni layihəsi olan "Mənim universitetim"in budəfəki hədəfi Gəncə Dövlət Universitetidir  

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]
 

Qısa arayış 

Böyütmək üçün seçinGəncə Dövlət Universiteti  Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına ikiillik Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. 1943-cü ilin payızından Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyət göstərib. 2000-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilməklə Gəncə Dövlət Universiteti yaradılıb.  Hazırda universitetdə 8 fakültə, 13 şöbə fəaliyyət göstərir. Bakalavriat səviyyəsində əyani şöbədə 40 ixtisasda 5111, qiyabi şöbədə 7 ixtisas üzrə 601, magistratura səviyyəsində isə 394 nəfər olmaqla bütövlükdə  6106 tələbə təhsil alır.  Bakalavriat səviyyəsində 5712 tələbədən 1286 nəfəri dövlət sifarişi, 4426 nəfəri ödənişli, magistratura səviyyəsində isə 394 nəfərdən 138-i dövlət sifarişi, 256 nəfəri isə ödənişli əsaslarla təhsil alır. 2014-cü ildə respublikanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanları nəticəsində universitetin məzunu olan 132 nəfər bakalavr magistr adı qazanıb. Tələbələrdən 21 nəfəri Təhsil Nazirliyi tərəfindən təsis edilmiş "Gələcəyin  müəllimi" təqaüdünə layiq görülüb. Universitetdə 16 professor, 14 elmlər doktoru, 146 dosent, 181 fəlsəfə doktoru,  606 nəfər tədris - köməkçi heyət çalışır. Son ilin statistikasına görə, universitetdə 540 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru dərəcəsi, 3 nəfər professor, 5 nəfər dosent elmi adı alıb. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 1 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub. Universitetə 2014-cü il martın 7-dən kimya elmləri doktoru, professor Yusif Yusibov rəhbərlik edir.  

Böyütmək üçün seçinAzərbaycanın ali təhsil müəssisələri arasında xüsusi yeri və mövqeyi olan Gəncə Dövlət Universiteti son illər geniş inkişaf yoluna düşərək bir sıra diqqətçəkən uğurlara imza atıb.  

Universitetin mövcud maddi-texniki bazası keyfiyyətli təhsil almağa imkan verir 

Təbii ki, tələbə üçün önəmli olan təhsil aldığı universitetdə yaradılan yaxşı şəraitdir. Bu baxımdan GDU-da vəziyyət normaldır və keyfiyyətli təhsilə zəmanət verir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və 4 tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün  universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Bütün təhsil müəssisələrində olduğu kimi, burada da nəzərdə tutulan təmir-tikinti  və abadlıq işləri yüksək keyfiyyətlə həyata  keçirilib və bu işlər davam etdirilir. Tədris binalarında təmir - bərpa işləri  başa çatdırılıb. Binaların daxili istilik sistemi bütövlükdə yenisi ilə əvəz olunub. 28 noyabr 2014-cü ildə isə kimya kafedrasında üzvi və bioloji kimya laboratoriyasının açılış mərasimi olub. Burada üzvi və bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkün olacaq. Zoologiya kafedrasında 1 laboratoriya, botanika kafedrasında 2 laboratoriya, kimya kafedrasında 3 laboratoriya mebellə tam təchiz olunub və avadanlıqlarla  təmin edilib.

Böyütmək üçün seçin2015-ci ildə fizika və kimya kafedralarında yeni elmi-tədqiqat laboratoriyalarının açılışı planlaşdırılır. Fizika kafedrasında açılacaq laboratoriya alternativ enerji mənbələrinin elmi problemlərinin araşdırılmasına xidmət edəcək. Kimya kafedrasında açılacaq laboratoriya isə "Problem laboratoriya" olacaq. Bu laboratoriyanın əsas məqsədlərindən biri suyun kimyəvi analizidir.

Tədris prosesində yeni informasiya texnologiyalarından  geniş istifadə edilir. Bu məqsədlə universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilib. Yeni kompüter avadanlıqları, ağıllı lövhələr və s. alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Aztelekom" tərəfindən bütün korpuslara "Fiber optik kabel"in çəkilişi həyata keçirilib.

Universitetin 4 yataqxanası var. Ancaq həmin yataqxanalarda qaçqınlar yerləşdirildiyindən tələbələr o binalardan yararlana bilmirlər. Hazırda qaçqınlar təzə tikilən binalara köçürülsə də, hələ ki, onlar tələbələrin istifadəsinə verilə bilməz. Yaxın vaxtlarda yataqxana binalarının standartlara uyğun olaraq təmir edilməsi əsas məqsədlərdən biridir. 

Yeni layihə - "Açıq dərs"lər 

Böyütmək üçün seçinTədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur. Artıq  layihənin icrası ənənəvi şəkil alıb. İlk dəfə olaraq biologiya-kimya fakültəsində botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Novruzovun  biologiya müəllimliyi və biologiya ixtisası üzrə  II kursunda "Taxıllar fəsiləsi" mövzusunda "açıq dərs"i keçirilib. "Açıq dərs"də Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi və həqiqi üzvü, əməkdar elm xadimi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin kimya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Nazim Yusifov, Azərbaycan Texnologiya Universitetinin iaşə məhsullarının texnologiyası və turizm kafedrasının müdiri, biologiya elmləri doktoru Əhəd Nəbiyev, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndəsi, orta məktəblərdən ixtisas müəllimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Semestr imtahanları şəffaf keçirilir 

Böyütmək üçün seçinUniversitetdə tədris prosesinin ən mühüm atributlarından  biri olan semestr imtahanlarının təşkili və keçirilməsində də yeniliklər tətbiq olunur. Bu yeniliklər əsasən imtahanların şəffaflığının və aşkarlığının təmin olunması yönündə atılan addımlardan ibarətdir. 2014-2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında  imtahanlar iki formada keçirilir: yazılı və kompüterdə test üsulu ilə. Test üsulu ilə verilən imtahanlarda testlərin sayı konkret olaraq hər biri bir bal olmaqla 50-dir. Dörd səhv  bir düz cavabı hesabdan çıxarır.

İmtahanların rahat, problemsiz keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 fakültəni, magistratura və qiyabi şöbəni əhatə edən imtahanlar üçün 8 otaq ayrılıb. 200 kompüterin quraşdırıldığı bu otaqlarda gün ərzində  1600 tələbə imtahan verə bilir.

Test sualları imtahana bir gün qalmış bunkerdə hazırlanır. Müəllimlər bunkerə dəvət olunur, bazaya yüklənmiş mühazirələr əsasında 50 sual tərtib edilir və imtahan vaxtı məxfiliyi qorunmuş həmin test sualları cavablandırılmaq üçün tələbələrə çatdırılır.

Böyütmək üçün seçinGəncə Dövlət Universitetində imtahanların təlimata uyğun keçirilməsi, qiymətləndirmədə obyektivliyə tam əməl olunması, şikayətlərin operativ təhlil edilib  nəticələndirilməsi  məqsədilə Apelyasiya komissiyası və İmtahan qərargahı fəaliyyət göstərir. İmtahan qərargahının sədri dosent Murad Vəliyevin məlumatına görə, əvvəlki imtahan sessiyası ilə müqayisədə  bu tədris ilinin qış imtahan sessiyasında narazılıqlar və şikayətlər çox azalıb. Düzdür, müraciət də, az da olsa narazılıq da var. Bunlar  sualların tərtibində texniki qüsurlara yol verilməsi ilə bağlıdır. Hər bir tələbənin müraciəti nəzərdən qaçırılmır, operativ surətdə araşdırılır, tələbə haqlıdırsa, şikayəti onun xeyrinə həll edilir. Bütün müraciətlər növbəti imtahan sessiyalarının təşkili və keçirilməsi işlərini təkmilləşdirməyə müsbət təsir göstərir. Bunların nəticəsidir ki, imtahanlar mütəşəkkil qaydada aparılır və yekunlaşdırılır. Tələbələr bir nəfər kimi imtahan prosesinə qoyulan tələblərə yüksək səviyyədə əməl edir, hətta imtahanları sanki bilik yarışmasına çevirirlər. 

Beynəlxalq əlaqələr 

Böyütmək üçün seçinUniversiteti tanıdan amillərdən biri onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur.

Universitetdə "Elektron universitet" layihəsi reallaşdırılıb. Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" universitetin təhsil və inzibati işlərin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürüb. İki milyon manatdan artıq vəsait tələb edən işi həmin təşkilat könüllü olaraq təmənnasız yerinə yetirəcək. Bunun üçün ilkin hazırlıq mərhələsi yekunlaşıb. Bu otaq gələcəkdə "Koreya mərkəzi" olacaqdır. Mərkəzdə həmçinin tələbələrin Koreya dilini öyrənmələrinə imkan yaradılacaq.

GDU Türkiyənin "Mövlana" mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.

Böyütmək üçün seçinMəhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti  ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət, Sumqayıt Dövlət, Texniki universitetləri, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri institutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.

Universitet Avropa Şurasına daxil olmayan dövlətlərdə ali təhsilin inkişafına, Bolonya prosesinin reallaşmasına kömək məqsədilə yaradılmış və Avropa Şurasının layihəsi olan "TEMPUS", bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə xidmət edən "ERASMUS" proqramında iştirak edir. 2013-2014-cü tədris ilində iki tələbə "ERASMUS"dan bəhrələnib. Lakin 2014-2015-ci tədris ilində onların sayı 10 nəfərə çatıb. Həmin tələbələr İtaliyada, Fransada, Polşada və Finlandiyada bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirəcəklər. Tələbələrdən biri isə Finlandiyada bir semestr təhsil alıb.

Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə də əlaqələr var. Alman dili kafedrasının müdiri Vüsalə Kərimovanın təşəbbüsü ilə bu semestrin imtahanlarını alman mütəxəssisləri qəbul ediblər. İmtahanlarda uğurlu nəticə əldə etmiş tələbələr Almaniyanın ali məktəblərində kurslarda olacaqlar. Bundan əlavə, universitet kurikulum sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədi daşıyan "CURDEUS", beynəlxalq əlaqələrin təkmilləşdirilməsi və yenidən qurulmasına xidmət edən "UNİVİA", əlil tələbələrin təhsilə cəlb edilməsi məqsədilə yaradılmış "ESVİDİP" layihələrində də yaxından iştirak edir. "CURDEUS" layihəsi çərçivəsində artıq müəllimlər Polşanın Lodz, Hollandiyanın Leyden universitetlərində və Portuqaliyanın Dövlət  Universitetində mübadilə keçiblər.

Universitetin xarici əlaqələrinin genişləndirilməsi bu il də diqqət mərkəzindədir. 2014-cü ildə Fransanın Reyms Şampan-Arden və Yuxarı Elzas universitetləri ilə imzalanan müqavilələr çərçivəsində tədbirlər bu ildən həyata keçiriləcək. Müqavilə əsasında qarşılıqlı elmi konfransların keçirilməsi, elmi əsərlərin nəşr etdirilməsi və müəllim, tələbə mübadiləsi nəzərdə tutulub. Bu isə universitetin əməkdaşlarının, tələbələrinin daha yüksək bilik əldə etmələrinə, elmi-tədqiqat işlərini gücləndirmələrinə, yeni tədris metodlarının mənimsənilməsinə, pedaqoji təcrübənin artması nəticəsində pedaqoji ustalığın da təkmilləşməsinə imkan verəcək. Universitetin TEMPUS proqramı çərçivəsində qoşulduğu layihəyə əsasən Beynəlxalq əlaqələr şöbəsinin genişləndirilməsi nəzərdə tutulub. Qərb zonasında ilk dəfə əlil tələbələr üçün mərkəz açılacaq, onlar ali təhsil almaq imkanına malik olacaqlar.

Universitet "ERASMUS+" proqramı çərçivəsində bir çox layihələrə qoşulub.  Həmin layihələrə bu yaxınlarda Avropa Şurasında baxılacağı gözlənilir. 

Müəllimlərin xarici nəşrlərdə 160 elmi məqaləsi dərc edilib 

- Universitetdə aparılan elmi tədqiqatlar və yeniliklər diqqəti cəlb edir. Elmi-tədqiqat işlərinin təşkilinə xüsusi fikir verilir. Bu məqsədlə Universitet Tələbə Elmi Cəmiyyətinin iş planına uyğun olaraq hər il elmi-tədqiqat işlərinə xüsusi marağı olan istedadlı tələbələrin elmi konfranslarda, Respublika olimpiadalarında iştirakı təmin edilir.

Belə ki, universitet və Respublika elmi konfranslarında çıxış edən tələbələrin elmi-tədqiqat işləri müvafiq illər üzrə Respublika Elmi Konfranslarının materiallarında və hər il çap olunan Gəncə Dövlət Universiteti "Tələbə və magistrantların elmi konfransının materialları" məcmuələrində işıq üzü görür.

Ali məktəb tələbələrinin tədris olunan fənlərə marağını artırmaq, həmin fənlər üzrə onların hazırlıq səviyyəsini müəyyən, istedadlı tələbələri aşkar etmək məqsədi ilə hər il keçirilən  olimpiadalarda Gəncə Dövlət Universitetinin tələbələri də yaxından iştirak edirlər.  Ötən tədris ilində 43 nəfər tələbə Respublika olimpiadalarında fəal iştirak edib. Onlardan 1 nəfər biologiya ixtisası üzrə II yeri, 2 nəfər  (1 nəfər kimya, 1 nəfər biologiya ixtisası üzrə)  III yeri tutub, 1 nəfər isə ingilis dili ixtisası üzrə  IV yeri tutaraq həvəsləndirici mükafata layiq görülüb. Universitetdə 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir biologiya və kimyanın aktual problemləri", "Əsrin müqaviləsi" adlı konfrans, "Riyaziyyat və İKT-nin tətbiq sahələri.Yeni tədris texnologiyaları" adlı beynəlxalq konfrans keçirilib. 29 dekabr 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbə və magistrantların elmi konfransı təşkil olunub. Elmi konfransda 30-dan çox tələbə və magistrant təhsil aldıqları ixtisasa uyğun elmi biliklərini və axtarışlarının nəticələrini nümayiş etdirib. Universitetin əməkdaşlarının, tələbə və magistrantların təkcə 2014-cü ildə respublikamızın nəşrlərində 592, xarici nəşrlərdə isə 160 elmi məqaləsi dərc edilib. Bununla yanaşı 2 monoqrafiya, 5 dərslik, 7 dərs vəsaiti, 62 proqram və metodik göstəriş işıq üzü görüb. Görkəmli yazıçı, əməkdar jurnalist, 40 kitabın müəllifi, Gəncə Dövlət Universitetinin  "Yüksəliş" qəzetinin redaktoru Qərib Mehdiyevə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Fəxri doktoru diplomu və "Altun yıldız" medalı verilib.

Elmi-tədqiqat işlərində də dönüş yaradılacaq. Gəncə Dövlət Universiteti Azərbaycanın qərb regionunda yerləşir. Əlbəttə, bu regionun müxtəlif məsələlər üzrə elmi tədqiqi daha səmərəli olar. Bu baxımdan da kafedraların beşillik elmi-tədqiqat işlərinin sırf qərb regionunun tədqiqinə həsr edilməsi qərara alınıb. Bu il universitetdə elmi konfransların keçirilməsi ənənəvi olaraq davam etdiriləcək. May ayında ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçiriləcək elmi-praktik konfrans "Kimya-biologiyanın müasir problemləri"nə həsr olunacaq. Oktyabr ayında müstəqilliyimizin ildönümü münasibətilə " Qafqaz tarixinin aktual problemləri" adlı ikinci elmi konfrans Beynəlxalq səviyyədə keçiriləcək və xarici dövlətlərdən alimlər dəvət olunacaq.

Son bir ildə əməkdaşların impakt-faktoru olan xarici jurnallarda 6 məqaləsi çap olunmuşsa, 2015-ci ildə bu tip məqalələrin sayının artırılması gözlənilir. Universitetin rəhbərliyi tərəfindən  həmin məqalə müəlliflərini həvəsləndirmək məqsədilə mükafatlandırılmaları nəzərdə tutulub.

Magistrlərin elmi işlərinin də kafedraların elmi-tədqiqat işlərinə uyğunlaşdırılması nəzərdə tutulub. Bu həm kafedraların elmi-tədqiqat işlərinin aparılmasına yardımçı olacaq, həm də onların elmi tədqiqata maraqlarının artmasına, gələcəyin alimləri kimi yetişmələrinə imkan yaradacaq. 

Tələbələrin ən çox olduğu yer - universitet kitabxanası 

Tələbələrin bilik əldə etməsi üçün universitetin zəngin kitabxanası olmalıdır. GDU-da belə bir kitabxana mövcuddur. Kitabxananın ümumi fondu 590815 nüsxə təşkil edir. Bunlardan 362693-ü kitab, 71273-ü jurnal, 228122-si qəzetdir. Kitabxanada 362693 nüsxə ədəbiyyat saxlanılır. Bunlardan 50670-i elmi, 125987-si dərslik və dərs vəsaiti, 64122-si bədii, 121914-ü isə ictimai-siyasi ədəbiyyatdır. Kitabxananın qiraət zalı daim tələbələrlə dolu olur. 

Universitetin və tələbələrin həyatında  önəmli rol oynayan tələbə təşkilatı 

Əsasən gənclərdən ibarət olan universitet tələbələrinin ictimai fəallığının artmasında, onlarda liderlik keyfiyyətlərinin formalaşmasında tələbə-gənclər təşkilatlarının böyük rolu var. GDU-da güclü tələbə təşkilatı mövcuddur. Universitetdə keçirilən tədbirlərin böyük əksəriyyətinə TGT təşkilatçılıq edir. 2014-cü il dekabrın 21-də  Tələbə Gənclər Təşkilatının və biologiya-kimya fakültəsinin birgə həyata keçirdiyi "Biz və onlar" adlı xeyriyyəçiliyi özündə əks etdirən layihə yekunlaşıb. Belə ki, müəllim və tələbələrin  iştirak etdikləri  xeyriyyə konsertindən əldə olunan vəsaitin hamısı yalnız uşaq evlərinə yardıma sərf olunub.

GDU-nun tələbələri həmçinin müxtəlif mövzularda keçirilən bilik yarışlarında, müsabiqələrdə də iştirak edib, fərqlənirlər. Tələbələrin uğur qazandığı belə intellektual yarışmalardan biri də "Mer kuboku-2014"-dür

Gənclər və İdman Baş İdarəsi və Gəncə İntellektual Klubun təşkilatçılığı ilə ilk dəfə keçirilən "Mer kuboku-2014" adlı "Nə? Harada? Nə zaman?" intellektual oyununda əsas məqsəd tələbələrin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və s. olub.

İntellekt yarışında Gəncə şəhərinin ali təhsil məktəblərini əhatə edən 20 komandanın 140 nəfər iştirakçısı mübarizəyə qoşulub. Üç mərhələdə keçən bu yarışda müəyyən vaxt çərçivəsində hər mərhələsində 12 sual olmaqla, ümumilikdə 36 suala cavab tapmaq lazım gəlib.  Qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.

Yarışda iştirak edən Gəncə Dövlət Universitetinin "Eidon" komandası komandalar arasında ən yüksək göstəricilərə sahib olub  və  I yeri əldə edib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Gəncə şəhərində ilk dəfə keçirilən və bundan sonra mütəmadi keçirilməsi qərara alınan "Mer kuboku-2014" adı altında "Nə? Harada? Nə zaman?" intellektual oyununda qalib gəlmiş komandanın üzvlərini-Royal Hüseynovu (komandanın kapitanı), Fikrət Fərhadlını, İbrahim Salayevi, Royal Məcidlini (iqtisadiyyat fakültəsinin IV kurs tələbələri), Nürəddin Hüseynovu ( fizika və texniki fənlər fakültəsinin tələbəsi) və Şövkət Orucovanı ( xarici dillər fakültəsinin tələbəsi) qəbul edib, universitetin şərəfini qoruduqları üçün onlara təşəkkürünü bildirib və mükafatlandırıb. 

Kim sevirsə idmanı... 

GDU-da tələbələrin idmanın müxtəlif növləri üzrə hazırlaşmaları üçün də hər cür şərait yaradılıb. Şübhə yoxdur ki, onların lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də vacibdir. Son vaxtlar şəhər və Respublika yarışlarında, olimpiadalarda qazanılan nəticələr tam qaneedici olmasa da, müsbət nəticələr kimi qiymətləndirilə bilər. İdman gününə həsr edilmiş yarışlarda, Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr edilmiş spartakiadada, aprel-may aylarında idmanın müxtəlif növləri üzrə ali təhsil müəssisələrinin Respublika spartakiadasında qız və oğlanlardan ibarət komandalar uğur qazanıblar. Voleybol üzrə qızlardan ibarət komanda respublika üzrə IV yerin sahibi olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Respublika üzrə ali məktəb əməkdaşları arasında keçirilən spartakiadada universitetin  stolüstü tennis komandası II yerə, futzal komandası III yerə, dama komandası  isə IV yerə layiq görülüb. Respublikada ali məktəb tələbələri arasında keçirilən çempionatda cüdo üzrə  Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman ixtisasının IV kurs tələbəsi Səbuhi Bağırov   I yerə sahib olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov