Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Çempion tələbə birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək

 

Böyütmək üçün seçin Naxçıvan Dövlət Universitetində bu yaxınlarda boks üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatının qalibi və universiteti təmsil edən digər iştirakçıları ilə görüş keçirilib. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Rektor tələbə boksçuları təbrik edərək vurğulayıb ki, bu nəticə idmançı tələbələrə stimul verəcək,  onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacaq.

Universitetin müəllimi, boks üzrə idman ustası, çempion Tayfur Əliyevin məşqçisi Valeh Əlixanov çempionat haqqında məlumat verib. Bildirib ki, ilk dəfə böyüklər arasında yarışda iştirak edən 17 yaşlı boksçu Tayfur Əliyev (56 kq)  4 döyüşü tam üstünlüklə başa vurub, yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirib. Tələbə boksçu finalda Fövqəladə Hallar Nazirliyinin idman klubunun boksçusu, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Tayfur Əliyev çempionatda ən yüksək texnikalı boksçu üçün təsis olunmuş "Qızıl əlcək" mükafatının da qalibi olub. Fərəhləndirici haldır ki, çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.

Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri  Məmmədəli Rəhimov universitetin idman uğurlarına nəzər salıb.

Boks üzrə Azərbaycan çempionu Tayfur Əliyev qələbə sevincini bölüşüb, yarışların gərgin və inadlı mübarizə şəraitində, güclü rəqiblərlə keçirildiyini  bildirib, universitet rəhbərliyinə, məşqçilərinə minnətdarlıq edib.

Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çempion Tayfur Əliyevi və onun məşqçisi Valeh Əlixanovu pul mükafatı və hədiyyələrlə təltif edib, çempionatın iştirakçısı olan digər tələbələrə hədiyyələr  təqdim olunub. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov