Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Qardaş ölkənin ali təhsil sistemi ilə tanışlıq təəssüratlarım

 

Türkiyə təcrübəsindən faydalanmaq nə kimi səmərə verər 

Telman CƏFƏROV,
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor
 

Böyütmək üçün seçin Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, universitetlər üçün kampusların yaradılması, dövlət büdcəsi vəsaitindən istifadə olunmadan ali təhsil müəssisələrində məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması nəzərdə tutulur.

 Ötən təqvim ilinin sonlarında Türkiyə təhsil sistemi və universitetləri ilə tanışlıq məqsədilə qardaş ölkədə səfərdə olmuş Azərbaycan dövlət ali təhsil müəssisələrini təmsil edən heyətin tərkibində mən də var idim. İki həftəlik kursda iştirakımız barədə Təhsil Nazirliyinə geniş hesabat verilmişdir. Ali təhsil işçilərinin xarici təcrübədən bəhrələnməsi məqsədini güdən bu vacib tədbirə görə bir daha Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü çatdırır və bu cür ezamiyyələrin davamlı olacağına inanıram. Açığı, başqa yolumuz yoxdur. Orta və ali təhsilimizin yeni relslər üzərinə qoyulması istiqamətində ölkə rəhbərliyi, eləcə də Təhsil Nazirliyi tərəfindən ciddi addımlar atılıb, qanunvericilik bazası yaradılıb. Son bir neçə il ərzində imzalanmış təhsil qanunvericiliyi aktlarının hamısını sadalamaq niyyətim olmasa da, ali təhsil sisteminin təkmilləşdirilməsinə və yenidən qurulmasına ünvanlanmış bir-iki sənədin adını çəkmək istəyirəm: "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", "Ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsi", "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları". Bu sənədlər təhsil tariximizin, pedaqoji təcrübə, ənənə və reallıqlarımızın, gələcəyə baxışlarımızın nəticəsi kimi dəyərləndirilsə də, eyni zamanda, Bolonya prosesinin  və Avropa Kredit-Transfer sisteminin ölkəmizdə adekvat şəkildə dəyərləndirilməsi və tətbiqini hədəf götürməyə şərait yaradıb. Biz israrla ali təhsilimizdə innovasiyaların, yeni yanaşma və pedaqoji texnologiyaların tətbiqinə çalışırıq. Yeni təfəkkür köhnə, stereotipləşmiş metod və yanaşmaları sıxışdırmağa çalışır. Təhsildə nəsillərin və baxışların əvəzlənməsi prosesi və mübarizəsi sezilir. Ən çətin və gərgin proses yeni ictimai şüurun və fikrin formalaşması ilə bağlıdır. Düzdür, hələ 90-cı illərin sonunda ulu öndər Heydər Əliyevin müəllifliyi ilə başlanmış üçmərhələli təhsil islahatları (orta təhsil pilləsində), ölkə rəhbərliyinin bu prioritet sahəyə daimi qayğısı, son bir-iki il ərzində təhsil sisteminin idarəçiliyində açıq müşahidə olunan şəffaflıq, yeni təşkilati, maliyyə-təsərrüfat və inzibati mexanizmlərin tətbiqi öz bəhrəsini verməkdədir. Aydındır ki, qısa müddət ərzində təhsil sistemində sıçrayışlar mümkün deyil. Burada insan amili var, təfəkkür amili var. Tərbiyə edənlərin və tərbiyə olunanların nəsil dəyişməsi amili var. Elmi-pedaqoji, ideoloji yanaşmaların əvəzlənməsi amili var. Görün, biz öz təhsilimizi azərbaycançılıq məfkurəsi üzərində qurmaq yolunda neçə illər sərf etmişik. Dərsliklərimizi neçə kərə dəyişməli olmuşuq? Fənn kurikulumlarının tətbiqi, ənənəvi tədrisdən bilik, bacarıq və vərdiş aşılayan təhsilə mərhələli keçid bu proseslərin labüdlüyünü dərk edən orta məktəb müəllimlərimizin fədakarlığı hesabına mümkün olur. Qarşıda orta təhsilimizi onikiillik sistemə keçid gözləyir ki, bu da təhsildə təkcə yeni strukturlaşma modeli  yox, həm də yeni dərsliklər, əlavə maddi-texniki baza və təchizat sistemi, elmi-pedaqoji və sosial-psixoloji yanaşmalar tələb edir. Bu, təkcə ölkənin insan potensialından, elmi-pedaqoji irsindən və resurslarından, təlim-tədris bazasının mövcudluğundan və s. asılı deyil, xarici - regional və beynəlxalq amillər var, ölkəmizin geosiyasi mövqeyi, Qarabağ amili və s. var.

Açığı, bu təəssüratları məqalə şəklində ifadə etmək niyyətim yox idi. Amma bu günlərdə orta məktəb müəllimlərinin bir qisminin əməkhaqqının və dərs yükünün artırılması ilə bağlı Prezident tərəfindən imzalanan sərəncam və Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli digər bir sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiqi məni fikirlərimi təhsil ictimaiyyəti ilə bölüşməyə sövq etdi. Bəzi təhsil işçiləri, elə özlərini təhsil ekspertləri adlandıranlar da, hansısa faizlərdən danışırlar, respublikanın bütün təhsil işçilərinin əhatə olunmadığından gileylənirlər, yalançı ictimai rəy yaratmağa çalışırlar, bu addımın əsl mahiyyətini dərk etmirlər. Bəli, mən bir təhsil işçisi olaraq, bu sərəncamı da beynəlxalq təcrübəyə əsaslanan, təhsil işçilərinin professional səviyyəsinin artırılmasının stimullaşdırılmasına yönələn ilk addım hesab edirəm. Bu, dönüş mərhələsi, sosial-psixoloji baryerin dəf edilməsi yolunda start verilən ciddi və vacib bir  kampaniya və layihənin başlanğıcıdır. Qoy məktəbdə işləyən hər kəs öz pedaqoji ustalığının və biliyinin artırılması, yeni şəraitdə tədris metodikasını və texnologiyaları mənimsəmənin qaçılmazlığı və bununla yanaşı maddi rifahının yaxşılaşmasının reallığı barədə düşünsün. 30 ilə yaxın pedaqoji təcrübəm deməyə imkan verir ki, uğurlarımızla yanaşı, orta və ali  məktəblərimizdə bugünkü tədrisdəki problemlərin həllinin müəllim professionallığından və onun vətəndaş mövqeyindən asılılığı danılmazdır. Fikirlərimin qardaş ölkənin təhsil sistemi ilə tanışlıq təəssüratları ilə üst-üstə düşməsi də adi fikir assosiasiyası deyil. Türkiyənin ali və orta məktəblərində, təhsilə cavabdeh icra, bələdiyyə, vəqf orqanlarında görüşlər və təqdimatlar, mənimlə birgə Türkiyə universitetlərinə ezam edilmiş azərbaycanlı mütəxəssislərin professionallığı, təhsilimizə yeni məzmun gətirmək əzmi, qardaş ölkədə təhsilimizə və tərəqqimizə  nikbin və real münasibət aşağıdakı fikirlərimi əminliklə  söyləməyimə imkan verir:

1. Türkiyə təhsil sistemi və universitetləri ilə (eləcə də digər Avropa ölkələri təcrübəsi ilə)  tanışlıq proqramı dövlət və hökumət səviyyəsində təhsil islahatları ilə bağlı qəbul olunmuş sənəd və həyata keçirilən tədbirlərin ruhu və məzmunu ilə həmahəng olmaqla, Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin inkişafı strategiyasının tərkib hissəsidir və bu tədbirlərin mərhələli və sistematik şəkildə davam etdirilməsi arzu ediləndir.

2. Ankarada altı dövlət və vəqf (özəl) universiteti, eləcə də Təhsil Nazırliyi, Yüksək Öyrətim Komitəsi, təhsilin idarə olunması ilə bağlı olan TUBİTAK, SETA və s. bu kimi təşkilatların fəaliyyəti ilə yaxından tanışlıq göstərdi ki, qonşu və qardaş Türkiyə Cümhuriyyətində, bu ölkənin təhsil dairələrində milli-mədəni və ideoloji maraqlarımıza uyğun gələn yüksək etik-əxlaqi-insani, elmi-mədəni bir təhsil mühiti və inzibati-təşkilatçılıq  strukturu mövcuddur. Türkiyə təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası (Avropa Birliyi Bakanlığının fəaliyyəti də nəzərə alınmaqla) və vaxtilə Amerika təhsil sistemi təcrübəsindən qazanılmış təcrübənin milli relslər üzərində yüksəldilməsi prosesi ciddi nəticələr verməkdədir. Belə ki:

- tələbələrin seçimi və universitetə daxil olduqdan sonra bakalavr və magistr təhsil  pillələrində bilik və bacarıqlarının qiymətləndirməsi modeli, doktorantura proqramlarının icrası mexanizmləri, professor-müəllim heyətinin seçilməsi, elmi-pedaqoji fəaliyyət və əməyinin qiymətləndirilməsi obyektiv və motivasiyalı sistem təəssüratı doğurur;

- istənilən Türkiyə universitetinin əsas məramı vəsaitin texnologiyalara və insan zəkasına yatırılmasından ibarətdir;

- Türkiyə universitetləri ciddi elmi-pedaqoji kollektivlər, sənaye-istehsalat-xidmət kompleksləri (texnoparklar), innovativ, inteqrativ və kreativ şəbəkələr, gənc və yaşlı nəsillərin müştərək uğurlu fəaliyyətini əxz etdirən sosial meqapolislər (şəhər içində şəhər) kimi formalaşmışdır;

- Türkiyə universitetləri (Bilkənt, Ankara, Hacettepe, Qazi, Orta Doğu Texniki universitetlərinin) mükəmməl təhsil-təlim standartları və normativləri, Bolonya təsisatları tələblərinə cavab verən məzmun, forma və strukturlar əsasında fəaliyyət göstərir;

- açıq (məsafədən, distant) təhsil sahəsində Türkiyənin müəyyən uğurları göz qabağındadır (Anadolu Universiteti timsalında). Bu sahədə Türkiyə təcrübəsindən yararlanmamız alternativsizdir. Söhbət müvafiq texniki dəstəkdən, ilkin mərhələdə uyğun ixtisaslar üzrə proqram və dərsliklərdən istifadədən və əlçatan təhsil xidmətlərindən gedir. Yəni, qiyabi təhsil formasından imtina etmək istəyən Azərbaycanın distant təhsildə ondan xeyli öndə olan Türkiyə təcrübəsindən yararlanması məqsədəuyğundur. Distant təhsilə keçid məsələsi həm də gənclərimizin həyat tərzində müşahidə olunan bir sıra sosial və məşğulluq problemlərinin həlli deməkdir, yəni gənclərimizin sosial şəbəkələrdən və internet resurslardan məqsədli istifadəsinə, öz vaxtının və enerjisinin düzgün sərf olunmasına çalışmalıyıq.

- Türkiyənin açıq (distant) təhsil resurslarından istifadənin mümkünlüyü, bir tərəfdən, dillərimizin (təfəkkürümüzün də) yaxınlaşmasına və bir-birinə uyğunlaşmasına xidmət edən amildirsə, digər tərəfdən də, məsafədən təhsilə başlayacağımız ilkin mərhələdə bu ölkənin əksər tədris resurslarından istifadəyə şəraitin mövcudluğu deməkdir. Qardaş xalqlarımızın gündən-günə yaxınlaşdığı bir zamanda bu, çox vacib məsələdir.

- universitet fəaliyyətinin şəffaflığını, monitorinq və qiymətnləndirilməsini, görülən və perspektivdə nəzərdə tutulan işlərin təqdimatını əks etdirən etibarlı mexanizmlər var;

- tələbə və müəllimlərin, texniki personalın maddi-sosial şəraitinin yaxşılaşdırılması, universitetlərin cəmiyyətə açıq olması və davamlı inteqrasiyası (məsələn, texnoparklarda start-uplar və s.), universitetlərə münasibətdə məqsədli vergi siyasəti diqqət çəkir;

- Türkiyənin müxtəlif bölgələrində qurulmuş Bilim mərkəzləri, universitetlərin ərazisində fəaliyyət göstərən müstəqil məktəblər, məslək və təmayül liseyləri və s. universitetlərin orta məktəblər, elmi mərkəz və institutlarla sıx əlaqəsinə sübutdur;

- türkiyəli həmkarlarımızla müzakirə və mükalimələr, fikir mübadiləsi göstərir ki, onların da bizim təhsil sisteminə dərin marağı var. Problem və özəlliklərimizi anlayır, təhsil sistemlərimiz arasındakı fərqlilikləri bilirlər. Türkiyə universitetlərinin daha çox üfüqi (əsasən Amerika modeli), Azərbaycan universitetlərinin isə şaquli (Rusiya modeli) istiqamətində inkişaf və formalaşması barədə təsəvvürlərimiz eynidir. Qarşılıqlı və bərabərhüquqlu faydalı əməkdaşlığın yolları onları da maraqlandırır. Təhsilimizin yeni relslər üzərində qurulması ilə bağlı onlar tərəfindən irəli sürülən tövsiyə və reseptlər ağlabatandır (Anadolu və Hacettepe universitetləri) və s.

3. Fikrimizcə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş 5 istiqamət və "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası imkan verir ki, məhz universitetlərin inkişafı ilə bağlı yaxın zamanlarda böyük və hərtərəfli Dövlət Proqramı həyata keçirilsin. Yəni kampusların yaradılması ilə yanaşı, Azərbaycan universitetlərinin daha çox Amerika, Avropa və eləcə də Türkiyə modelində inteqrasiyası və yenidən formalaşması məsələsinə baxılsın. Güclü və müasir universitet güclü və müasir orta təhsil sistemi, güclü iqtisadiyyat, müasir təfəkkürə və yanaşmaya malik mütəxəssislər, milli və bəşəri dəyərlərə, sivil sosial-ictimai münasibətlərə söykənən cəmiyyət və s. deməkdir.

4. Tanış olduğumuz universitetlərin formalaşmış özünü təqdimetmə mexanizmləri diqqəti çəkir. Yəni istiqamətləri, ixtisasları, fənn bölümlərini, mütəxəssislər bankını, proqram və sillabusları, standartlar məcmusunu özündə cəmləşdirən toplular universitetlər haqqında tam və dolğun təsəvvür yaradır. Bu, təkcə reklam, marketinq, reytinq əhəmiyyətli yox, həm də universitet fəaliyyətinin qurulması, koordinasiyası və planlaşdırılması üçün faydalıdır.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın 1-ci bölməsində ölkə ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, 3-cü bölmədə universitetlər üçün kampusların yaradılması, 5-ci bölməsində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması nəzərdə tutulur. Ali təhsilin strateji inkişafı və perspektivlərinə ünvanlanmış bu prioritetlər, eləcə də məktəbəqədər, ümumi orta və peşə təhsili, əlavə və ömürboyu təhsil sahəsində icra olunacaq tədbirlər Azərbaycanımızın siyasi və iqtisadi qüdrətindən, azərbaycançılıq, ümumbəşəri, multikultural ideya və dünyagörüşlərindən doğan qətiyyətli addım və niyyət kimi qarşılanmalıdır. Bu Fəaliyyət Planı hamımız üçün qürur mənbəyi və ölkəmizin gələcəyinə dərin inamın təntənəsidir. Fikrimizcə, bu tədbirlərin həyata keçirilməsində qardaş Türkiyə təcrübəsi bizə gərəkli olacaq. Təhsil sahəsində ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin intensiv şəkildə davam etdirilməsinə önəm verməliyik.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov