Dünyaya
göz açan hər bir insanın öz tale yolu vardır. Bunun üçün
insanın ağlı, zəkası, düşüncəsi, həyatın tələblərini və
gedişatını dərindən dərk edib qarşıya qoyduğu məqsəd və
amalına nail olmaq uğrunda bütün əqli, fiziki
qabiliyyətini səbr, dözüm və təmkinlə sərf etməsi
həlledici şərtdir. Bütün bunlara əməl etməyi bacaranlar
taleyin daşlı-kəsəkli yollarında istədiklərinə nail olur,
arzularının yüksək zirvəsinə ucalırlar.
Belə insanlardan biri də Azərbaycan ziyalıları sırasında
öz mövqeyi və dəyərli şəxsiyyət dəst-xətti olan,
tanınmış alim, astrofizika üzrə Azərbaycanda ilk
fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq
Astronomiya İttifaqının üzvü, əməkdar müəllim, professor
Rəhim Əyyub oğlu Hüseynovdur.
Onun ömür yolu çox rəngarəng, acılı-şirinli,
kədərli-sevincli anlarla dolu olmuşdur. Rəhim müəllimin
ömür kitabını vərəqlədikcə həyatının səhifələri
gözlərimiz önündə canlanır. O səhifələr ki, alimin
uşaqlıq illərindən başlayaraq kamillik zirvəsinə qədər
keçdiyi tale yollarını işıqlandırır, həyatın əsl
mənasını bizə aydınlaşdırır.
Rəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa
şəhərində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarından ötən
əsrin 30-cu illərinin - o amansız aclıq dövrünün
yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm
orta, həm də ali təhsili almaq üçün, sözün həqiqi
mənasında, böyük çətinliklərə sinə gərməli olub.
Vaxtında məktəbə getmək imkanı olmadığı üçün balaca
Rəhim ondan 3 yaş böyük qardaşının kitablarından
istifadə etməklə təhsilini evdə aldı, "biliyini" isə
evdə böyüklər yoxlayıblar. 1933-cü ilin payızında ailəsi
ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza
malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli
natamam orta məktəbin yüksək hazırlığına görə birbaşa IV
sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini
əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib.
1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin
il imtahansız Azərbaycan Dövlət Universitetinin (ADU)
fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə
universiteti fərqlənmə diplomu ilə bitirib.
Aspiranturada oxumaq üçün universitetdə saxlanılan
R.Hüseynov elə 1946-cı ilin yayında Azərbaycan Elmlər
Akademiyası və Azərbaycan Dövlət Universitetinin
respublikamızda gələcək Astrofizika Rəsədxanası üçün
əlverişli yerin seçilməsi məqsədi ilə birgə elmi
ekspedisiyanın iştirakçısı olub. 1953-cü ildən
fəaliyyətdə olan Pirqulu Astronomiya stansiyasında
(1956-cı ildən Astrofizika Rəsədxanası) "Günəş fizikası"
şöbəsinə rəhbərlik edən R.Hüseynov, eyni zamanda
Rəsədxana direktorunun elmi hissə üzrə müavini təyin
olunub. Rəsədxana yaranan ili onun baş planında nəzərdə
tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda
sifariş olunan Üfüqi Günəş Teleskopu adlanan müasir
teleskop alınaraq qurulub və işə salınıb. Bu işlərdə
R.Hüseynov çox əmək sərf edib və əlbəttə ki, bununla həm
də özünün çoxdankı arzusuna çatıb. Rəsədxanada əvəzçi və
tam ştatda işlədiyi 20 ildən çox müddətdə bu elm
ocağının yaranması və inkişafında Rəhim müəllim əlindən
gələni edib.
Qeyd etmək yerinə düşər ki, 1957-ci ildə Yerin ilk süni
peyki buraxılan ərəfədə R.Hüseynov bu peyki müşahidə
etmək məqsədilə universitetdə xüsusi stansiyanın
yaradıcısı, rəhbəri və əsas aparıcısı olmuşdur. Rəhim
müəllim 1953-cü ildə astrofizika üzrə respublikamızda
ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru
elmi dərəcəsi alan alimdir. Rəhim Hüseynovun elmi
istiqaməti "Astrofizika və radioastronomiya", "Günəşin
radio - optik şüalanma xüsusiyyətləri və relyativist
elektronların Günəşin məhəlli maqnit sahələrində
şüalandırması", "Günəşin alışmalarının ilk mərhələsində
güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi", "Planetar
dumanlıqların əsas parametrlərinin təyini üsulları"
olmuşdur.
Onun elmi tədqiqat nəticələri Günəşin radioşüalanmasının
interpretasiyası ilə məşğul olan məşhur dünya
astrofiziklərindən Şklovski, Pikelnerin və başqaları
aldıqları nəticəyə müəyyən mənada düzəliş kimi
qiymətləndirilmişdir. Günəş radioşüalanmasının yaranma
mexanizmini öyrənən ilk alimlərdən biri R.Hüseynov
olmuşdur.
Rəhim müəllim 1969-cu ildən Beynəlxalq Astronomiya
İttifaqına üzv seçilib. O, bu ittifaqın ABŞ-da,
Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarının
iştirakçısı olub. Baş Astronomiya (Pulkovo)
Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva,
Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya,
Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və
müəssisələrində çoxsaylı elmi məruzələr edib.
Astronomiyanın kütlələr arasında təbliğində də onun
çoxtərəfli xidməti vardır. 1975-ci ildə Azərbaycan
Dövlət Universitetində təşkil olunmuş astrofizik
kafedrasına 17 il professor R.Hüseynov rəhbərlik
etmişdir. 1992-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət
Universitetinin professoru vəzifəsində işləmişdir. Ona
2000-ci ildə "Azərbaycan Respublikasının əməkdar
müəllimi" fəxri adı verilmişdir. 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.
65 illik elmi-pedaqoji fəaliyyətində professor
R.Hüseynov 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi
kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün
dərsliklərin müəllifi olmuşdur.
Bir alim kimi professor R.Hüseynovu səciyyələndirən əsas
cəhətlər onun tədqiq etdiyi prosesləri dərindən və
dəqiqliyi ilə dərk etməsi, məqsədyönlülüyü, yüksək
məsuliyyət hissi, özünə və onunla birgə çalışmış
əməkdaşlara qarşı tələbkar olması idi. O, xalqını,
vətəni Azərbaycanı çox böyük məhəbbətlə sevirdi.
R.Hüseynov böyük alim olmaqla yanaşı, həm də qayğıkeş
ailə başçısı idi. Onun yeganə övladı - oğlu Fərhəng
Hüseynov görkəmli bəstəkar idi. Respublikanın "Əməkdar
artisti" fəxri adına layiq görülmüşdür. Fitri istedada
malik olan bəstəkar Fərhəng Hüseynov 2010-cu ilin
əvvəlində 60 yaşında gözlənilmədən vəfat etdi. Bu itki
Rəhim müəllimi həddindən artıq sarsıtdı. Ondan bir neçə
il öncə sevimli həyat yoldaşını itirmişdi. Taleyin ağır
zərbəsi bu müdrik insan tərəfindən mətanətlə
qarşılandı. Yüksək ünsiyyət mədəniyyətinə malik olan
R.Hüseynov olduqca sadə və təvazökar, humanist,
xoşniyyətli, nəcib, xeyirxah insan idi, adamlara mənəvi
dayaq olmaq, çətinə düşənə yol göstərmək onun gündəlik
həyat norması idi.
Bu nadir keyfiyyətlər onu tələbələrinin, həmkarlarının,
qohum-qonşularının, tanıyanların sevimlisinə çevirmişdi.
Rəhim Əyyub oğlu Hüseynov 2012-ci il avqustun 21-də
ömrünün 88-ci ilində dünyasını dəyişdi. Onun vəfatı
elmimiz və xalqımız üçün böyük itki oldu.
Rəhim müəllimin
həyat yolu gənc nəslə örnək ola
bilər.
Cəfər QULUZADƏ,
BDU-nun astrofizika kafedrasının müdiri,
fizika-riyaziyyat elmləri
doktoru,
professor |