Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Nəzərə çatdıraq ki, əvvəllər bu sahəyə maraq bir o qədər   olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Bu baxımdan məsələni "Azərbaycan müəllimi" qəzeti də daim diqqətdə saxlayır, müxtəlif vaxtlarda peşəkar psixoloqların rəy və təklif yönlü yazıları qəzetimizdə dərc olunur.

Bəs görəsən, orta məktəblərimizdə çalışan  psixoloqlar öz vəzifə funksiyalarını  necə  yerinə  yetirirlər?  Şagirdlərə yetərincə   psixoloji  xidmət  göstərə bilirlərmi?  Suallarımıza  cavab  tapmaq  məqsədilə  paytaxtda  yerləşən  bir  sıra   orta məktəblərdə olduq, psixoloqlarla söhbətləşdik.  

Şəhla Həmzəyeva,

285 nömrəli tam orta məktəbin psixoloqu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixologiya fakültəsini bitirmişəm. Daha çox uşaqlarla şəxsi-profilaktik söhbətlər edirəm. Vaxtaşırı psixoloji testlər keçirirəm. Bu gün VII sinifdə qız-oğlan münasibətləri mövzusunda şagirdlərə geniş məlumat vermişəm. Görülən işlərlə bağlı qeydiyyat jurnallarımız var. Çətin tərbiyə olunan uşaqlarla bağlı zəruri məlumatlar və siniflərdə müxtəlif mövzularda apardığım söhbətlər bu jurnalda qeyd olunur. Bizdə psixoloq sözü hələ də tam mənası ilə dərk edilmir. Bəzi valideynlər uşaqlarının psixoloqa müraciət etməsini qəbul etmirlər. Düşünürəm ki, bu işdə bizə valideynlər daha çox kömək etməlidir.

 Yeganə Vəliyeva,

213 nömrəli məktəb-liseyin psixoloqu

1997-ci ildə Bakı Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişəm. İşlərimi illik və aylıq iş planı əsasında qururam. Əsasən  4 istiqamətdə- profilaktika, konsultativ, diaqnostika və korreksiya işi aparıram. Məktəbimizdə 700 nəfərə yaxın şagird oxuyur. Onların hər birinə demək olar ki, yaxından bələdəm. Uğursuz ailələrdən olan uşaqların xüsusi qeydiyyatını aparıram. Onlarla daha sıx-sıx görüşür, psixoloji yardımlar edirəm. Səmimi olaraq demək istəyirəm ki, məktəbimizdə dəcəl uşaqlar var. Amma demək olar ki, çətin tərbiyə olunan uşaq yoxdur. Şagirdlərlə yanaşı, məktəbin müəllimləri və valideynlər ilə də geniş əlaqələrimiz var. Bundan başqa, yeri gəldikdə müəllimlərə də psixoloji yardımlar göstərirəm. Düşünürəm ki, bu da çox vacib amildir. Axı müəllim də insandır. Onun da problemləri var. Problemi olan müəllim təbii ki, keyfiyyətli dərs deyə bilməz. Bu baxımdan pedaqoji kollektiv də daim nəzarətimizdədir. Profilaktik söhbətlərə xüsusi yer ayırıram. Uşaqların keçid dövründə onlarla daha həssas davranmaq lazımdır. Bu baxımdan istər qızlarla, istərsə də oğlanlarla xüsusi profilaktik söhbətlərimiz olur. Şagirdlərə peşə və ixtisas seçimində yaxından kömək edirəm. Bəzən şagirdlər peşə seçimi zamanı valideynlərin təzyiqinə məruz qalır. Belə olduqda həm şagird, həm də valideynlə söhbət edir, məsələnin həlli yollarını tapırıq.

 Həqiqət Ələkbərova,

129 nömrəli tam orta məktəbin psixoloqu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixologiya fakültəsini bitirmişəm. Bundan başqa, BPKİYİ-dən psixologiya üzrə birillik yenidənhazırlıq kursu keçmişəm. Məktəbimizdə psixologiya ilə bağlı müxtəlif treninq və tədbirlər keçirilir. Bu tədbirlər zamanı rayonumuzun psixoloqları ilə müxtəlif mövzularda müzakirələr aparırıq. Düşünürəm ki, psixoloq məktəbdə həm çətin, həm də məsuliyyətli işdir.  Məktəbimizdə "Psixoloq" adında divar qəzeti buraxırıq. Bu qəzet vasitəsilə şagirdlər arasında maarifləndirmə işini təşkil edirik. Sinif saatları zamanı şagirdlərlə profilaktik söhbətlər edirəm. Çətin tərbiyə olunan şagirdlər xüsusi nəzarətdədir. Bundan başqa, I siniflərə uşaqlar yeni gələrkən onlara xüsusi yardım göstəririk. Çünki uşaqların bəziləri məktəbə bağçadan gəlmir ki, bu da  birincilərin adaptasiya dövrünü çətinliklə keçirməsinə səbəb olur. Bu baxımdan sinif rəhbərləri ilə işimizi daha sıx şəkildə qururuq. Bundan başqa, məktəbə yeni təyin olunan müəllimlərə də xüsusi psixoloji yardımlar göstərirəm. Məktəbimizdə psixoloq üçün xüsusi otaq var. Söhbətləri bu otaqda aparıram. Şagirdlərin psixoloji durumunu öyrənmək üçün xüsusi testlərimiz də mövcuddur. Bu teslər vasitəsilə şagirdin durumu müəyyənləşir və lazımi zaman keçdikdən sonra yenidən test olunaraq hər hansı bir irəliləmə və ya geriləmə olduğu müəyyən olunur. Bütün bunlar qeydiyyat jurnallarında öz əksini tapır.

Araşdırmalarımızdan məlum oldu ki, orta məktəblərimizdə psixoloji işin təşkili əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Psixoloqlarımız Təhsil Nazirliyi tərəfindən keçirilən müxtəli treninq və məşğələlərdə iştirak etməklə öz peşəkarlıq səviyyələrini artırırlar. Lakin psixoloji işin təşkili ilə bağlı bir çox problemlər də mövcuddur. Müşahidələrimiz göstərdi ki,  1000 nəfərdən çox müəllim-şagird kollektivi olan məktəblərdə cəmi 1 nəfər psixoloqun olması səmərəlilik baxımdan yetərli deyil.  

 

Məktəb psixoloqlarının başlıca vəzifələri

* Məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqu uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir. O, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyənləşdirərək onları ibtidai təhsil pilləsindən ümumi orta, tam orta təhsil pillələrinə və peşə məktəblərinə keçərkən psixoloji müayinə etməli, müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlamalıdır. Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meyilli olan uşaqları, habelə ümumi və xüsusi istedadlı uşaqları üzə çıxarmalıdır. Alkoqolizmin, narkomaniyanın, cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparmalıdır.  

* Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərə və tərbiyəçilərə məsləhətlər verir; təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı uşaqlara məsləhətlər verir. Pedaqoji şuranın iclaslarında, metodbirləşmələrdə, ümumməktəb və valideyn yığıncaqlarında iştirak edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov