Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Azərbaycan Texniki Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Azərbaycan Texniki Universitetidir 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
[email protected]

 

Böyütmək üçün seçinÖlkəmizin texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb. 1950-1955-ci illərdə universitetin fakültələri müxtəlif ünvanlarda yerləşən binalarda fəaliyyət göstərib. 1955-ci ildən bütün fakültələri əhatə etməklə universitet binasına köçüb. 1978-ci ildən etibarən AzTU-da SSRİ-nin müxtəlif respublikaları və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri üçün kütləvi mütəxəssis hazırlığına başlanılıb. 1991-ci ildən universitet indiki Azərbaycan Texniki Universiteti adını daşıyır. Hazırda universitet maşınqayırma, metallurgiya, informatika və kompüter texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat, mühəndis biznesi və digər sahələrdə mütəxəssis və elmi kadrlar hazırlayır. Universitetin 7 tədris binası var. Əyani şöbədə 10 fakültədə 33 ixtisas,  qiyabi şöbədə isə 5 fakültədə 6 ixtisas üzrə ümumilikdə 8693 nəfər tələbə təhsil alır. Universitetdə 136 nəfər əcnəbi tələbə var. 492 nəfər magistrin 417-si əyani, 75 nəfəri isə qiyabi təhsil alır. 2014-cü ildə Azərbaycan Texniki Universitetinin bakalavr səviyyəsini 1492 tələbə bitirib.  2013-2014-cü il məzunlarından 108 nəfəri magistr adını qazanıb. 2014-2015-ci tədris ilində universitetin bakalavr səviyyəsinə 2003 tələbə qəbul olunub. Universitetdə 634 nəfərlik professor-müəllim heyəti çalışır. 2014-cü ildə xarici jurnallarda professor-müəllim heyətinin 180 məqaləsi dərc olunub. 2000-ci ildən etibarən universitetin  rektoru, texnika elmlər doktoru, professor Havar Məmmədovdur.

 Maddi-texniki baza

Böyütmək üçün seçin  Universitet 7 tədris binasından ibarətdir. 2011, 2012 və 2013-cü illərdə AzTU-da əsaslı təmir-tikinti və abadlıq işləri həyata keçirilib. Təmir-bərpa işləri hazırda da davam etdirilir. Əvvəllər cəmi bir neçə kompüteri olan universitetə son illər 1000-dən artıq müasir kompüterlər alınıb, bütün dekanlıqlar, kafedralar, laboratoriyalar, şöbə və bölmələr zəruri cihaz və avadanlıqlarla təmin edilib.

Universitetin böyük idman sarayı var.  SSRİ dövründə, ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətdə olduğu ilk illərdə (1969-1972-ci illərdə) inşa edilib və istifadəyə verilən İdman sarayının tərkibində bədən tərbiyəsi kafedrası və idman klubu fəaliyyət göstərir.  İdman sarayı kompleks olaraq 8 (səkkiz) zaldan ibarətdir.

AzTU-da professor-müəllim heyətinin və digər əməkdaşların istirahətlərinin səmərəli təşkili  üçün universitetin Altıağac qəsəbəsində yerləşən tədris-təcrübə bazasında hər cür şərait yaradılıb. Burada ildə 300 nəfər əməkdaşın istirahət etməsi mümkündür.

Metallurgiya və metalşünaslıq kafedrasında müasir "Metalloqrafiya və struktur analizi" laboratoriyası yaradılıb. Laboratoriya üçün Almanyanın "Buehler" firmasından kobud və incə kəsici qurğular, müasir optik mikroskop, müasir mikrobərklik ölçən, metalloqrafik şlifin hazırlanması üçün avtomat press, avtomatik pardaxlayıcı və cilalayıcı qurğular alınıb. Laboratoriyada yeni istifadəyə verilən metalloqrafik mikroskop və mikrobərklik ölçən qurğuların hər birinə ayrılıqda xüsusi kameralar qoşulub. Proqram təminatı eyni zamanda onlayn rejimində strukturların və ölçmələrin nəticələrinin analiz olunmasına imkan verir və nəticələrin 3D formatında baxılmasına da imkan yaradır.

Böyütmək üçün seçinUniversitetin əksər kafedralarında interaktiv lövhə ilə təchiz olunmuş auditoriyalar vardır. Tədris prosesində  elektron vasitələrindən geniş istifadə edilir.

Elektrik təchizatı və izolyasiyası kafedrasında TEMPUS layihəsi çərçivəsində 9 kompüterdən ibarət şəbəkə yaradılıb.

Telekommunikasiya şəbəkələri və texnologiyaları kafedrasında ADSL texnologiyası ilə yüksək sürətli internetə qoşulmuş lokal kompüter şəbəkəsi bazasında hazırlanan ixtisaslar üzrə elektron tədris-metodik kompleksi yaradılıb. Bu kompleksə hər bir ixtisasa tədris olunan fənlər üzrə genişlənmiş proqram, əsas və əlavə ədəbiyyatların adları və URL-ünvanları, tədris-metodik kartaları, mühazirələrin mətnləri və prezentasiyaları, imtahan sualları və özünüyoxlama testləri, virtual laboratoriya işləri və onlara metodik göstərişlər daxil edilib.

Kafedrada müasir İKT avadanlıqları və proqramları ilə təchiz olunmuş 3 tədris laboratoriyası mövcuddur. AzTU-nun Texnoloji komplekslər və xüsusi texnika kafedrasında tədris prosesində yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisasartırma və yeni ixtisas alma, elmi nəricələrin kommersiyalaşdırılması və s. ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə Virtual Layihə-Texnoloji Tədris Mərkəzi (VLTTM) yaradılıb.

Böyütmək üçün seçinVLTTM-in bazasında AzTU Amerikanın HAAS Automation, İsveçrənin Abplanalp ingineering AG (HAAS) və Almaniyanın "R.&S. KELLERGmbH" şirkətləri arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin, o cümlədən də irihəcmli layihələr üzərində, real vaxt rejimində və vahid informasiya mübadiləsi standartları sistemində fəaliyyət göstərən virtual müəssisənin təşkili planlaşdırılır.

Universitetin professor-müəllim heyəti və tələbələri mərkəzdə istifadə edilən informasiya-kommunikasiya texnologiyaları vasitəsilə hüquqi baxımdan bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən də "HAAS Automation", "R.&S.Keller Gmbh", "Abplanalp Engineering AG" və digərləri mühəndis-texniki işçiləri və tələbələri ilə birlikdə virtual bir müəssisə təşkil edərək, real vaxt rejimində və informasiya mübadiləsinin vahid standartları daxilində birgə layihələr həyata keçirmək imkanlarına malikdirlər.

Maşınqayırma texnologiyası kafedrasında "Sprut", "Kompas", MASTER CAM, Pro/İngeneer kimi CAD/CAM proqramlarından tədris prosesində əyani vasitə kimi istifadə edilir.

Çoxəməliyyatlı dəzgahlarda texnoloji proseslərin kompüter layihələndirilməsi üzrə təcrübə almaq üçün kafedranın dosenti və 2 magistrantı Müdafiə Sənayesi Nazirliyinin Optika Mexanika İstehsal Birliyində 2 aylıq staj keçiblər.

Böyütmək üçün seçinBundan başqa, Avtomatika və idarəetmə kafedrasında  informasiya texnologiyalarına və kibernetikanın son nailiyyətlərinə əsaslanan zəngin laboratoriyalar yaradılıb və bu laboratoriyalar təyinatına görə bölünüb. 

"Elektron universitet" 

Elmin, texnologiyanın  və texnikanın prioritet istiqamətləri üzrə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən biri də universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi - "Elektron universitet"dir (EU).

"İT və proqramlaşdırma" kafedrası son illər universitetin lokal şəbəkəsinin və portalının yaradılmasını və idarə edilməsini həyata keçirir.

AzTU-da "Elektron universitet"  layihəsi  üzərində aktiv  tədqiqatlar  aparılır,  universitetin  hər  bir funksional bölməsi üzrə həmin bölməyə aid məsələləri avtomatlaşdırılmış rejimdə  həll  etmək imkanlarına  malik  alt-sistemlər  işlənir.  Funksional  alt-sistemlərin əlaqələndirilməsi  AzTU.edu.azindex  portalı vasitəsilə həyata keçirilir.  

Böyütmək üçün seçinAzTU-da www.aztu.edu.az portalı yaradılıb, portalda bütün kafedra və struktur bölmələrin elektron ünvanları yerləşdirilib.

Gəncləri xarici ölkələrin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəbləri haqda məlumatlandırmaq üçün xüsusi internet portal yaradılıb və "Elektron AzTU"nun "Beynəlxalq əlaqələr" alt-sisteminin ayrıca modulu kimi fəaliyyət göstərir.  Bu portalda dünyanın inkişaf etmiş 26 ölkəsinin ali təhsil sistemləri və aparıcı ali məktəblərinin internet ünvanları ilə yanaşı, xaricdə təhsillə bağlı respublikamızda qəbul olunmuş qərar və hüquqi-normativ sənədlərin elektron kitabxanası hazırlanaraq yerləşdirilib.

Sonuncu layihə ölkənin ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinə, onun informasiya təminatına həsr olunub. Bu məqsədlə "Qarabağ - Torpaq və insanlar" internet portalı hazırlanıb və portal Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Universitetdə son illərdə İKT sahəsində 4 beynəlxalq, 4 respublika konfransı keçirilib. 

Tələbənin məzun olmaq üçün verdiyi imtahanlar 

AzTU-da imtahanlar yazılı və kompüterdə test üsulu ilə həyata keçirilir. İmtahanlar universitetin İnformasiya-Tədris Mərkəzinin 120 yerlik və əsas binanın birinci mərtəbəsində yerləşən 44 yerlik kompüter zallarında aparılır. 

Yazılı imtahanların aparıldığı fakültələrdən biri  2012-ci ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılan "Xüsusi texnika və texnologiya" fakültəsidir ki, buraya qəbul dövlət sifarişi əsasında aparılır. Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında yaradılan fakültə nazirlik üçün kadrlar hazırlayır. Bundan əlavə, Avropa İttifaqının "Tempus"  layihəsi üzrə və Təhsil Nazirliyi tərəfindən yaradılan SABAH qruplarında imtahanlar universitetin Elmi Şurasının qərarına əsasən mərkəzləşdirilmiş şəkildə yazılı formada aparılır. Tələbələrdən 333 nəfəri imtahanı yazılı, digərləri isə kompüter vasitəsi ilə test üsulu ilə verir.

Obyektivliyin və şəffaflığın təmin olunması məqsədi ilə koordinator-nəzarətçilər qeyri-ixtisasdan seçilir. Yazılı imtahan verən tələbələr qiymətləndirmədən narazıdırlarsa, dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiyaya vermək hüququna malikdir. Tələbələrin şikayətlərinin dərhal araşdırılması, müraciətlərinə baxılması  məqsədi ilə  15 nəfərdən ibarət qərargah qrupu yaradılıb.    

Sabaha açılan SABAH 

Hazırda AzTU-nun SABAH qruplarında "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları sistemləri" və "Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə 41 nəfər tələbə təhsil alır. Bu qruplardakı tələbələrin hamısı akademik balı 61-dən yuxarı olanlardır. Müəllimlər də Təhsil Nazirliyində müsabiqədən keçərək seçilib. SABAH qrupları lazımi resurslarla tam təmin olunub. Onlar üçün resurs mərkəzi yaradılıb, daim internetdən istifadə edir. Bu qruplar müxtəlif bilik yarışmalarında iştirak edir, tanınmış insanlarla görüşlər keçirirlər. Bu ildən etibarən universitetin SABAH qruplarına 9 ixtisas üzrə qəbul aparmaq planlaşdırılır.  

Layihələrin İdarə Olunması və İnnovasiyalar Mərkəzi 

2014-cü il noyabrın 1-dən  Azərbaycan Texniki Universitetində (AzTU) "Layihələrin İdarə Olunması və İnnovasiyalar Mərkəzi" fəaliyyət göstərir. Mərkəzin rəhbəri Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzMPA) prezidenti İqbal Babayevdir. Mərkəzin yaradılmasının əsas məqsədi ölkədə layihə menecmenti üzrə beynəlxalq standartların və onun metodologiyasının tətbiq edilməsi, tələbələr ilə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi məqsədilə "məntiqi körpünün" yaradılması,  gənc alim və mütəxəssislərlə layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsidir.   2015-ci il  yanvarın 23-də mərkəzdə "İnformasiya-kommunikasiya texnologiyaları üzrə layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi" mövzusunda seminar keçirilib.  Tədbirdə İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr, aspirantlar, təcrübə keçən menecerlər iştirak ediblər. 

Elmi nailiyyətin əsasında elmi-tədqiqat durur 

Elmi-tədqiqat bölməsi AzTU-nun elmi-tədqiqat hissəsinin elmi-pedaqoji kadrların attestasiyasını, elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini və nəticələrinin istehsalatda və tədris prosesində tətbiq olunması haqqında hesabatların tərtibini, müzakirədən keçirilməsini, əməkdaşların elmi yaradıcılığını təşkil edən struktur bölməsidir. Bölmə öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktlarına, AzTU-nun Nizamnaməsinə, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş əsasnamələrə, Təhsil Nazirliyinin müvafiq əmrlərinə, Elmi Şuranın qərarlarına, rektorun əmrlərinə və öz əsasnaməsinə uyğun həyata keçirir.

Şöbə tərəfindən 2011-2015-ci illərdə universitetin 44 kafedra, 18 elmi-tədqiqat laboratoriyasında 86 problem, 129 mövzu, 170 iş, 653 mərhələ üzrə ETİ planı hazırlanaraq müvafiq kafedra iclaslarında, Koordinasiya və fakültə şuralarında, həmçinin universitetin Elmi Şurasında təsdiq edilib. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı elmi-texniki jurnalda çap olunur.

Universitetin 2011-2015-ci illər üçün elmi-tədqiqat işlərinin planına uyğun olaraq, Avtomatika və KT və Radiotexnika və rabitə fakültələrinin kafedralarında, həmçinin, "Nəqliyyatın və texnoloji proseslərin idarə olunmasının müasir problemləri", "Kompüter şəbəkələrinin və informasiya texnologiyalarının problemləri",  "Mexaniki sistemlərdə avtomatlaşdırma və idarəetmə" elmi-tədqiqat laboratoriyalarında bilavasitə İKT sahəsində -"Texniki sistemlərdə idarəetmə və informatika, avtomatlaşdırılmış idarəetmə sistemləri", "Radiotexniki qurğuların analizi və optimal sintezinin yeni üsullarının işlənməsi", "Azərbaycanda yeni texnologiyalar bazasında telekommunikasiya infrastrukturunun təşkilinin elmi-texniki əsasları" istiqamətləri üzrə 22 mövzuda elmi-tədqiqat işləri yerinə yetirilir.

Elektrodinamika və REV kafedrasında aparılan elmi-tədqiqat işlərindən alınan mühüm elmi nəticələr, yəni müasir ədədi üsulların analizi, ifrat yüksək tezlikli element və qurğuların hesablanması üçün yeni alqoritmlər, blok-sxemlər, qurğuların spesifik xüsusiyyətləri, riyazi modellərin qurulması, elektromaqnit sahələrinin əsas parametrlərinin təyin edilməsi və s. məsələlər informasiya texnologiyalarının bilavasitə tətbiqi ilə həyata keçirilir. Bu cür məsələlərin proqram təminatını yaratmaq üçün isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlıq edilir.

AzTU-da informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də elmi kadr hazırlığına xüsusi diqqət yetirilir.

AzTU-da fəaliyyət göstərən Dissertasiya Şurasında İKT sahəsində "Hesablama texnikasının və idarəetmə sistemlərinin element və qurğuları" və "Telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları" ixtisasları üzrə fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə edilir. Son illərdə bu ixtisaslar  üzrə 8 fəlsəfə doktorluğu dissertasiya müdafiə olunub və bir sıra iş müdafiə ərəfəsindədir. AzTU əməkdaşları həmçinin, AMEA-nın Kibernetika İnstitutunda da dissertasiya müdafiə ediblər.

Azərbaycan Texniki Universitetinin rektorunun xüsusi tapşırığı ilə universitetin əməkdaşları tərəfindən "Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sistemi" layihəsi hazırlanıb. Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən bəyənilib və onun reallaşdırılması üçün texniki və maliyyə (2 milyon dollar) dəstəyin göstərməsi üzrə Azərbaycan hökuməti ilə müqavilə bağlanıb. Layihənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsidir.  

Kitabxanaları 

AzTU-nun Əsaslı kitabxanası 1950-ci ildə yaradılıb. Hazırda kitabxananın 6 şöbəsi və bir neçə bölməsi var.

Kitabxanada olan 3 oxu zalından hazırda ikisi fəaliyyət göstərir. Biri müvəqqəti (təmirlə bağlı) bağlanıb. 2014-cü ildə kitabxananın fondu  525143 nüsxə təşkil edib. 2014-cü ildə 2661 nüsxə yeni kitab alınıb. 

Kitabxananın 55400 nüsxə jurnal fondu, 5 adda 20 komplekt qəzet fondu var. 2014-cü ildə Əsaslı kitabxananın oxucu kontingenti 8153 nəfər olub. Oxucu kartoçkası ilə  6415 tələbəyə xidmət edilib. 2014-cü il ərzində kitabxanaya   145500  nəfər oxucu gəlib. Kitabxanada kitabxanalararası (KAA) abonement də fəaliyyət göstərir. 2014-cü ildə KAA başqa kitabxanalardan oxucular üçün 11 nüsxə kitab gətirib və gələn sifarişlər üçün 5 kitab göndərib. AzTU elektron kitabxana və yeni informasiya texnologiyalarının istifadəçiləri və texnologiyalarının Beynəlxalq Assosiasiyasına üzv seçilib. 

Universitetdə  "İRBİS-64" kitabxana və informasiya proqramı tətbiq edilməyə başlanılıb. Kitablar internetə yerləşdirilib, əsasən latın qrafikası ilə yazılmış kitabların yerləşdirilməsinə üstünlük verilib. İRBİS-lə həmin saytda 500 nüsxə avtoreferat və 1000 adda kitab daxil edilib. Elektron kitabxana yaratmaq üçün rektorun daxili əmri ilə universitetdə müdafiə olunan və çap olunan dərsliklərin, monoqrafiyaların elektron variantı (diskləri) kitabxananın fondunda toplanır.

Kitabxananın elektron katoluqundan istifadə etmək üçün AzTU-nun "aztu.edu.az" saytından istifadə etmək olar.

MDB ölkələrinə humanitar yardım fondunun təşəbbüsü ilə elektron kitabxanadan ödənişsiz istifadəyə dair AzTU və "Nauçnoye elektronnoye biblioteka" (elibrary.ru) arasında kitabxanadan pulsuz istifadə haqqında 6182 saylı lisenziya anlaşması imzalanıb.

Dünya elektron kitabxanası http://community.ebooklibrary.org/?AffiliateKey%20=Azerbaijan1> kodundan pulsuz istifadə etmək imkanı yaradılıb.

Ümumdünya sorğu xidmətinin polpred.com Obzor SMİ kütləvi informasiya vasitələrinin portalı Rusiya və yaxın xaricin kitabxanalarının verilənlər bazasından rus dilində 1 il müddətinə ödənişsiz istifadə imkanı verir.

 Universitetin tələbə təşkilatları 

Azərbaycan Texniki Universitetində tərbiyə işləri "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və "Azərbaycan Gəncliyi Dövlət Proqramları"na uyğun olaraq tərtib edilmiş plan əsasında aparılır. Bundan əlavə, əlamətdar günlərlə bağlı müvafiq tədbirlər planı hazırlanaraq yerinə yetirilir. Milli bayramlar, anım günləri, müxtəlif maarifləndirici və tərbiyələndirici mövzularda tədbirlər keçirilir.

Məzunların işə düzəlməsinə yardım məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının "Dövlət qulluğuna kadrların seçilməsi" şöbəsinin əməkdaşlarının universitetdə yuxarı kurs bakalavr tələbələri və magistrlərlə görüşü təşkil edilir. Burada tələbələrin dövlət qulluğuna işə götürülməsi ilə əlaqədar məsələlərə aydınlıq gətirilir. Azərbaycan Prezident yanında Gənclər Fondunun məsul işçiləri ilə tələbələrin görüşü təşkil edilir. Bunun nəticəsi olaraq TGT (Tələbə Gənclər Təşkilatı) və universitetin bir sıra tələbələri fərdi olaraq qrantlar qazanıblar.

Ölkədə keçirilən beynəlxalq əhəmiyyətli sərgilərdə tələbələrin və əməkdaşların iştirakı təmin edilir.  Heydər Əliyev Mərkəzində "Kosmosa səyahət", "Səməni", "Müasir Azərbaycan incəsənəti" sərgilərində, eləcə də "Bakı Ekspo" sərgi və toplantı mərkəzində "Azərbaycan 10 ildə, sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası", "Təhsil və karyera", "BakuTel-2014" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları,  "Ətraf mühit üçün texnologiyalar", "Xəzər Beynəlxalq su texnologiyaları" sərgilərində yüzlərlə tələbə və əməkdaş iştirak edib. Gənc nəsildə ətraf mühitə qayğı hissini daha da gücləndirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları ilə tələbələrin görüşü keçirilib, universitetdə Tələbə Gənclər Təşkilatının nəzdində "Eko Klub" yaradılıb.

Tələbələrin intellektual səviyyəsini yüksəltmək məqsədi ilə mütəmadi olaraq fakültələrin komandaları arasında bilik yarışmaları keçirilir. Gənclər və İdman Nazirliyinin layihəsi olan "Mən Azərbaycanlıyam" ilk milli intellektual oyununda universitetin tələbələri aktiv iştirak edirlər. "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" mövzusunda tədbir keçirilib, gənc nəslin sağlamlığının qorunması və onların təhsil nailiyyətlərinin yüksəldilməsi üçün təkliflər paketi hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib. Bu təkliflərdən bəziləri artıq reallaşdırılıb.           

Tələbə  təşkilatlarının fəaliyyətinin daha da səmərəli qurulması istiqamətində bir sıra işlər görülüb. Azad Tələbə Həmkarlar İttifaqı nəzdində universitetin "Texniki oğlanlar" Şən və Hazırcavablar Klubu, "Bədii özfəaliyyət" dərnəyinin və rəqs ansamblının fəaliyyəti gücləndirilib. Bu kollektivlər universitetdə keçirilən tədbirlərdə aktiv iştirak edir, bayram tədbirlərində tələbələr üçün konsertlər verirlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii özfəaliyyət festivalında universitetin tələbələri 10 nominasiyada iştirak edib, uğurlu çıxışlar edərək 4 nominasiyada yekun konsertində təmsil olunub və diplomlara layiq görülüblər. Bunlardan ikisi I yer, biri isə II yerdir.

 Hər il fakültələrarası debat yarışmaları təşkil olunur. Lerik və Oğuz rayonlarında, Nabranda təşkil edilən "Heydər Əliyev və müasir Azərbaycan", eləcə də  İKT-yə həsr edilmiş yay və qış məktəblərində 15 nəfər fəal tələbə iştirak edib. "Rəhbərin yuxusu" adlı qısametrajlı film hazırlanıb. Şuşanın işğalı günü ilə əlaqədar tədbir keçirilib, film nümayiş etdirilib.

Tələbə Gənclər Təşkilatı 10 ilə yaxındır fəaliyyət göstərir. Uğurlu fəaliyyətinə görə universitetin Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "İlin Tələbə Gənclər Təşkilatı" adlandırılıb. Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Gənclər və İdman Nazirliyi, ATGTİ-nin birgə layihəsi olan cənab Prezidentə dəstək məqsədi ilə "Mənim Prezidentim" layihəsində AzTU TGT-nin fəal üzvləri layihənin klip çəkilişində və digər təbliğat işlərində təşkilatçı olub və layihədə fəal iştiraklarına görə sertifikatlarla təltif olunublar. Tələbə Gənclər Təşkilatının nəzdində "Turan" vətənpərvərlər, "Texnokrat-intellektual", "Naviqator-debat", "Conversation", "İnformasiya texnologiyaları", "Tələbə Gənclər Teatrı" və "Sinema" klubları aktiv fəaliyyət göstərir. Yeni ədəbi-bədii yaradıcılıq və şahmat, dama klubları yaradılıb. Ekologiya ilə bağlı "Mən necə ətraf mühitdə yaşamaq istərdim" adlı inşa müsabiqəsində metallurgiya fakültəsinin 1-ci kurs tələbəsi Gülmirə Məmmədova 2-ci yerə layiq görülüb. Həftənin altıncı günləri sosial günlər layihəsi çərçivəsində "Sinema Klub" pulsuz film nümayişləri təşkil edir.

"Nə? Harada? Nə zaman" klubu təsis olunub, "Breyn-rinq" intellektual oyunları təşkil edilib. I Bakı mədəni intellektual oyununda AzTU-nun komandası iştirak edərək III yeri tutub.

 Universitetin idman həyatı 

Tərbiyə işindəki əsas istiqamətlərindən biri də tələbələrin və əməkdaşların sağlamlığının qorunması, zərərli vərdişlərdən uzaq olmaları üçün müəyyən tədbirlərin görülməsidir. Bununla əlaqədar müxtəlif idman yarışları təşkil edilir. Hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş ümumuniversitet spartakiadaları keçirilir. Çox maraqlı və gərgin idman mübarizəsi şəraitində keçirilən yarışlar kollektivin böyük marağına səbəb olur. Qaliblər medallarla, kubok və diplomlarla təltif olunurlar. Bu yarışların nəticələrinə görə universitetin yığma komandaları formalaşdırılaraq ali məktəblər arasında keçirilən ümumrespublika spartakiadasında iştirak edir.

Ali məktəblər arasında keçirilən spartakiadada tələbələrdən ibarət badminton və yunan-Roma güləşi üzrə komandalar çempion olublar. Voleybol komandası ikinci yeri, həndbol və cüdo komandaları III yeri tutublar.

Hər il universitetin 6 idman növü üzrə yığma komandası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi "Sağlamlıq" adlı respublika spartakiadasında iştirak edir. Nazirliyin müxtəlif idarələri arasında keçirilən bu yarışlarda ali məktəblər içərisində yalnız AzTU iştirak edir. Bir sıra professional idmançıların da iştirak etdiyi bu spartakiadada ümumkomanda hesabında universitet III yeri tutub.

Bir sıra tələbələr güləş, qaydasız döyüş, otüstü xokkey, həndbol, voleybol və s. idman növləri üzrə respublika yığma komandalarının  üzvləridirlər.

Hava və Ekstremal İdman Növləri Federasiyası ilə əməkdaşlıq çərçivəsində universitetdə müvafiq klub yaradılıb ki, bu da gənclərdə sağlam düşüncə və dözümlü xarakter formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir. 

Beynəlxalq əlaqələri 

Universitet BMT, UNESCO, TRASEKA və digər beynəlxalq təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif dövrlərdə universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil alıb və hazırda təhsil almaqda davam edirlər.

Azərbaycan Texniki Universitetində həyata keçirilən "Erasmus Mundus EMİNENCE-Ali Təhsildə Əməkdaşlıq vasitəsilə Qonşu Şərq Ölkələrinə İnteqrasiyası" adlı layihədə universitetin mühəndis biznesi və menecment fakültəsinin II kurs tələbəsi Nigar Mustafayeva və avtomatika və kompüter texnikası fakültəsinin II kurs tələbəsi Elmar Abbasov iştirak edərək xaricdə təhsil hüququnu əldə ediblər. Hazırda sözügedən iki tələbə öz təhsillərini İsveçrənin Malmo və İtaliyanın Torino Texniki universitetlərində təqaüdlə təhsillərini davam etdirməkdədir.

Tələbə mübadiləsi çərçivəsində Almaniyanın Zigen Universitetinin tələbəsi Cəlal Əmiraslanov 2012/13-cü tədris ilinin payız semestrində maşınqayırma fakültəsinin tələbələri ilə birlikdə 551 "a" qrupunun tərkibində "Materialşünaslıq" və "Nəzəri mexanika" fənlərindən, 550  "a" qrupunun tərkibində Elektrotexnika fənnindən dərslərdə iştirak edib və tədris semestrinin sonunda həmin fənlərdən müvafiq kreditləri toplayaraq təhsilini davam etdirmək üçün Zigen Universitetinə geri dönüb.

Fakültənin təşəbbüsü ilə AzTU ilə Almaniyanın Lauzitç Ali Məktəbi - Hochschule Lausitz arasında Alman Akademik Mübadilə Xidmətinin (AAMX - DAAD) Şərq əməkdaşlığı proqramı çərçivəsində əməkdaşlıq əlaqələri davam etdirilir.

Azərbaycan Texniki Universiteti və Fransa Xarici İşlər Nazirliyinin Paris Tech Universitetinin birgə layihəsi çərçivəsində universitetin doktorantı Vüsal Hüseynov Parisin 6 saylı universitetinin "Chimie-ParisTech" İnstitutunda ("Groupe de Metallurgie Structurale" bölməsində) professor Frederik Primanın rəhbərliyi altında elmi tədqiqat işləri yerinə yetirməkdədir.

Layihənin yekununda doktorant Parisdə və Bakıda elmi tədqiqat işlərinin yekunlarına dair (fransız, ingilis və Azərbaycan dillərində) dissertasiya işini müdafiə edərək hər iki ölkənin yerli qanunvericiliyində nəzərdə tutulmuş elmi dərəcələri təsdiq edən diplomla təmin ediləcək. 

Beynəlxalq layihələr  

Azərbaycan Texniki Universiteti müxtəlif fondlarla yaratdığı sıx əməkdaşlıq çərçivəsində müxtəlif müsabiqələrdə  iştirak edir və bunun nəticəsi olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən elan edilən müsabiqədə "Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sistemin Yaradılması"  adlı layihəsi ilə qalib gələrək qrant  qazanıb və hazırda onu uğurla həyata keçirir.

TEMPUS proqramı çərçivəsində 2001-ci ildən başlayaraq Azərbaycan Texniki  Universiteti Avropanın bir sıra universitetləri ilə birgə artıq 3 layihə yerinə yetirib.

TEMPUS IV proqramı çərçivəsində yeni layihə hazırlanıb və baş qərargaha təqdim edilib. Layihənin əsas məqsədi Azərbaycan, Gürcüstan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığını Avropada qəbul olunan metodikalarla həyata keçirməkdir. Bu məqsədlə əvvəlcə hər üç ölkənin milli xüsusiyyətləri, mehmanxana işinin menecmentinə qoyulan tələblər araşdırılacaq və bunun əsasında konsepsiya hazırlanacaqdır.  Daha sonra təhsil kreditləri, modullar, fənn proqramları, dərsliklər və s. yenidən işlənəcəkdir. Bütün bunlarla yanaşı, tədris kontentləri, distant təhsil üçün baza, ikili diplomların verilməsi üçün lazımi şərait araşdırılacaq.

Azərbaycan Texniki Universiteti ERASMUS MUNDUS proqramı üzrə EMİNENCE-I layihəsinin qalibi olub. Avropa  Şərq  Tərəfdaşlıq  Universitetləri  üçün  nəzərdə  tutulan təqaüd proqramında İtaliya, İsveç, Fransa, Polşa, Portuqaliya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Azərbaycandan 20 universitet iştirak edir, bu layihənin yerinə yetirilməsi 2012-2016-cı  illəri əhatə edir. Təqdim  olunan  layihədə  müəyyən  olunan  müddətdə  Belarus, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ölkələrinin ali məktəblərinin tələbələri bakalavr,  magistr, doktorantura və elmlər doktoru pillələri üzrə Avropa Tərəfdaşlıq Universitetlərində təhsil alması və Avropa Şərq Tərəfdaşlıq Universitetlərinə Avropa Birliyi ilə əməkdaşlıq edən universitetlərdən müəllim - tələbə heyətinin  mübadiləsi  nəzərdə tutulur.

"Mövlanə" Mübadilə Proqramına qoşulmaq üçün Türkiyənin müvafiq universitetləri ilə müəyyən protokol çərçivəsində müqavilələr bağlanmalıdır. Azərbaycan Texniki Universitetinin artıq Türkiyənin 5 universiteti ilə 5 il müddətinə bu proqram çərçivəsində əməkdaşlıq müqavilələri var.

"Mövlanə" Mübadilə Proqramına qatılmaq istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr, müəllimlər isə bir tədris ilində ən azı 1 həftə, ən çoxu 3 ay Türkiyənin universitetlərində oxumaq və dərs demək imkanına malik olacaqlar. Həmçinin Türkiyə universitetlərinin tələbə və müəllimləri də bu proqram çərçivəsində  Azərbaycan universitetlərində həmin müddətdə fəaliyyət göstərə bilərlər.

Azərbaycan Texniki Universitetinin Almaniyada yaşayan və çalışan məzunu bu ölkədə Nanotexnologiya sahəsində ən güclü mütəxəssis olduğunu sübut edib.

Həmyerlimiz Yaşar Musayev 2006-cı ildən Almaniyanın məşhur Şefler firmasında çalışır. O, 7 il bundan əvvəl həmin şirkətdə baş elmi işçi kimi fəaliyyətə başlayıb. Hazırda o, nanotexnologiyanın istehsalata tətbiqi məsələləri ilə məşğul olan bölməyə rəhbərlik edir. Onun fəal iştirakı və təşəbbüsü ilə şirkətdə Sənaye Texnikumu adlanan bir qurum yaradılıb. İyirmidən çox alim və mütəxəssis burada Yaşar Musayevin rəhbərliyi ilə elmi araşdırmalar aparır, laboratoriya sınaqları keçirirlər.   Y.Musayev  hazırda maşın və mexanizmlərdə çox yüklənmiş hissələrin yeyilməyə davamlılığının artırılması, sürtünmənin azaldılması imkanlarını araşdırır.  Bu  sahədə  yeni  texnologiyalar Almaniya kimi sənayesi inkişaf etmiş bir  ölkənin  büdcəsində  8 faizə   qədər  itkinin  qarşısını  almağa imkan verəcəkdir. Almaniya dövləti həmyerlimizin rəhbərlik etdiyi araşdırmaları dəyərləndirərək müvafiq dövlət proqramı qəbul edib. Yaşar  Musayev  eyni  zamanda  Erlangen-Nürnberq  Universitetində elmi işlərə rəhbərlik edir. O, həmçinin Nürnberq ətrafında yaşayan azərbaycanlıları birləşdirən  Xəzər Təhsil və Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədridir.  

Fotolar: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov