Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

"Vətənə yaxşı mütəxəssis kimi dönməliyəm"

 

Avstraliyanın Macquariye Universitetinin tələbəsi  Rüstəm  Əkbərli ilə söhbət  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Rüstəm  Fəxrəddin oğlu Əkbərli  1990-cı il sentyabrın 1-də Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini  həmin rayonun M.F.Axundov adına 1 nömrəli məktəbində alıb. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.  Daha sonra Türkiyə Cümhuriyyətinin təşkil etdiyi təqaüd proqramı müsabiqəsini uğurla keçərək   İstanbul Universitetində təhsilini davam etdirib.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Sidney şəhərində yerləşən Macquariye Universitetində beynəlxalq biznes və beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alır. Beləliklə də rubrikamızın budəfəki qonağı Rüstəm  Əkbərlidir. 

 

Orta məktəb illəri 

Orta məktəb illərindən humanitar fənlərə üstünlük  vermişəm  və təhsilimin ilkin  güclu bazası üçün Yardımlı rayonunun 1 nömrəli orta məktəbinin müəllimlərinə borcluyam. Öz növbəmdə, müəllimlərin mənə göstərdiyi bu etimada layiq olmağa çalışmış və orta məktəbi əla qiymətlərlə bitirmişəm. Məktəbdə oxuduğum illərdə rayon səviyyəsində keçirilən  bir çox ictimai tədbirlərdə fəal iştirak etmişəm. Musiqiyə xüsusi həvəsim olduğu üçün Yardımlı rayon musiqi məktəbində tar aləti üzrə təhsil almışam. Orta məktəb illərindən ən böyük arzum respublikanın qocaman və nüfuzlu təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində və xaricdə güclü təhsil sisteminə malik olan universitetdə oxumaq olub.   

Universitet həyatı   

Məhz orta məktəbdə aldığım güclü təhsil mənə sonradan  Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasi üzrə ali təhsil almağıma imkan yaratdı. Orta məktəbdə oxuduğum kimi universitetdə də əla qiymətlərlə oxuyub ali məktəbi fərqlənmə diplomu ilə bitirdim. Eyni zamanda universitet tələbə təşkilatının üzvü olaraq kütləvi  tədbirlərdə aparıcı rol oynamışam.  Bakalavr təhsili müddətində bir  sıra beynəlxalq təlim və seminarlarda iştirak etmiş, təhsilimi və dünyagörüşümü artırmaq üçün bu təlimlərin əvəzsiz rol oynayacağına inanmışam. Məhz bu səbəbdən tələbə mübadiləsi proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarına səfər etmişəm və orada yaşayaraq öyrəndiklərimi bu sahədə atılan ilk addımım kimi qeyd edə bilərəm. 

Universiteti uğurla bitirdikdən sonra əmək fəaliyyətimə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində başlamışam. İşlədiyim müddətdə öz ixtisasıma uyğun olaraq bir sıra beynəxalq təşkilatların keçirdiyi təlim və tədbirlərdə iştirak etmişəm. Avropa Komissiyası tərəfindən Rumıniyada təşkil olunan "Gələcəyin iş adamları və beynəlxalq mədəni əlaqələr" təlimində iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişəm. Bununla yanaşı, Türkiyə dövləti tərəfindən təşkil olunan müsabiqədən uğurla keçərək Türkiyə Cümhuriyyətinin təqaüd proqramına qəbul edildim və təhsilimi İstanbul Universitetində davam etdirdim.  İstanbul Universitetində oxuduğum müddətdə Boğaziçi Universitetində keçirilən Marka Zirvə Toplantısı və  "Branding" təlimlərinə qatılmış və  müvafiq sertifikat əldə etmişəm. Bu ilin fevralında Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Komissiyası tərəfindən keçiriləcək tədbirdə iştirak edəcəyəm. 

"Dövlət Proqramında iştirak etmək qərarına gəldim" 

Təhsildə əldə etdiyim bütün bu nailiyyətlərlə kifayətlənməyərək  daha yüksək zirvələr qət etməyi qarşıma məqsəd qoymuşdum və bu fikrimi reallaşdırmaq üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda iştirak etmək qərarına gəldim. Avstraliyanın təhsil sistemi  və Sidneydə yerləşən Macquariye Universiteti beynəlxalq biznes və beynəlxalq münasibətlər ixtisası üzrə reytinq cədvəlində ön sıralarda olduğu üçün həmin universitetə müraciət edərək qəbul olundum. Sənədlərimi toplayaraq Təhsil Nazirliyinin müvafiq komissiyasına müraciət etdim. Müsahibə çox obyektiv və şəffaf keçirildi, digər tələbələrlə olduğu kimi, məni də diqqət və qayğı ilə qəbul edərək ixtisasıma uyğun  suallar verdilər. Təhsil Nazirliyinin veb səhifəsində qəbul olunmuş tələbələr siyahısında adımı görərkən sevincimim hədd-hüdudu yox idi. Müsahibənin  şəffaf və obyektiv keçirilməsində yaradılan şəraitə görə təhsil nazirimizə təşəkkürümü bildirirəm. 

Avstraliyada tələbəlik həyatı  

Ümumiyyətlə, Avstraliya cənub yarımkürəsində yerləşdiyi və iqlim şəraiti bizim ölkənin iqlim şəraitinin əksinə olduğu üçün tədris ili fevral ayında başlayıb noyabr  ayının sonunda bitir.  Dərslər çox səmimi, sərbəst  və özünə inam şəraitində təşkil olunub. Professor-tələbə münasibətinin səmimiyyəti dərsdənkənar özünü daha yüksək şəkildə büruzə verir. Məsələn, professorların tələbələri yeməyə dəvət etməsi, müəllimlərin tələbələrlə birgə dərsə velosipedlə gəlib-getmələri və s. Fənlərin seçimi və dərs cədvəlinin təşkili zamanı tələbələrin təklifləri nəzərə alınır. Dərslər tələbələrlə sorğu-sual və müəyyən hadisələrin  analizi və fikir mübadiləsi əsasında aparılır. Lakin dərslərin belə səmimi şəkildə təşkilinə baxmayaraq, professor-müəllim heyəti tədris prosesində çox ciddi və tələbkardir. Avstraliyanın təhsil sistemi öz mükəmməlliyi  ilə beynəlxalq səviyyədə tanındığı üçün universitetdə bizdən əlavə digər ölkələrdən-Almaniyadan, İtalityadan,  Cənubi Amerika ölkələrindən, Çindən və digər ölkələrdən gələn minlərlə tələbə təhsil alır. Oxuduğum universitetdə tələbələrin dərsləri daha yaxşı mənimsəməsi və yüksək nailiyyətlər əldə etməsi üçün hər cür şərait mövcuddur. 126 hektar ərazini əhatə edən və yaşıllıqla əhatə olunmuş universitet şəhərciyində hər bir tələbənin yüksək təhsil alması üçün lazım olan bütün şərait yaradılmışdır. Buna 5 mərtəbədən ibarət kitabxana,  üçmərtəbəli  idman zalı, müxtəlif ölkələrin mətbəxini təmsil edən yeməkxana, oxu zalları ilə yanaşı istirahət otaqları, tamamilə elektronlaşmış universitet-tələbə məlumat mübadiləsi sistemi, hər bir tələbənin istənilən vaxt limitsiz olaraq  internetə sərbəst qoşulmaq imkanı və sair daxildir.

Oxuduğum universitetdə bir çox ölkələrdən tələbələrin olması Azərbaycan haqqında məlumatları daha çox insanla bölüşməyə şərait yaradır. Universitetdə hazırda təhsil aldığım ixtisas Azərbaycanı daha yaxşı tanıtmağım üçün öz müsbət töhfəsini verir.  Belə ki, dərs müddətində təqdimat mövzusu seçərkən Azərbaycanla, o cümlədən regionla bağlı aktual mövzulara üstünlük verirəm. Azərbaycanın Avstraliyadakı  səfirliyi tərəfindən Sidney şəhərində təşkil olunmuş tədbirlərdə digər azərbaycanlı tələbələrlə birgə fəal olaraq Qarabağ  həqiqətləri haqqında məlumat verilməsındə iştirak etmişik. İxtisasımla yanaşı, universitetdə  "Global Liderlik Proqramı" çərçivəsində təşkil olunan treninqlərdə iştirak etmiş və orada ölkəmiz haqqında məlumatları proqram iştirakçılarına çatdırmışam.  

Gələcək planlar 

Ən böyük arzum,  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq baş tutdu. Bu proqramın qəbuluna və minlərlə azərbaycanlı gəncə nüfuzlu xarici universitetlərdə təhsil almaq imkanı yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən də öz növbəmdə universiteti yüksək qiymətlərlə bitirmək, savadlı bir kadr kimi yetişərək ölkəmizin inkişafı naminə xidmət etməyi qarşıma məqsəd qoymuşam. Vətənə yaxşı mütəxəssis kimi dönməliyəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov