Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Bölgə xəbərləri

 

Sumqayıtda Gənclər Günü qeyd edilib 

Sumqayıt şəhər 10 nömrəli  peşə liseyinin direktoru   Filman İsmayılov tərəfindən redaksiyamıza göndərilən məktubda bildirilir ki, liseydə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə ulu öndər  Heydər Əliyevin gənclərə göstərdiyi qayğı və diqqət önə çəkilib.

Sonra  liseyin ictimai işlərində fəal iştirak edən, nizam-intizamı və dərslərində müvəffəqiyyətləri ilə fərqlənən  69-cu qrupun şagirdləri və istehsalat təlimi ustası Tamara Baydullayeva pul mükafatı ilə mükafatlandırılıb. Eyni zamanda qrup üzrə bir neçə şagird  isə  Fəxri diplomla da  təltif edilib.


Məktəblilər zabit heyəti ilə görüşüblər 

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri    Ş.Əhmədova tərəfindən  redaksiyamıza  daxil  olan məktubda  bildirilir ki, R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində  "N" saylı  hərbi  hissənin  rəhbər  zabit  heyəti  ilə  şagirdlərin görüşü keçirilib. Görüşdə "Gənclərdə hərbi-vətənpərvərlik hisslərinin  aşılanması"  mövzusunda  məruzələr  dinlənilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə" tədbirləri çərçivəsində rayon məktəbləri arasında Debat turniri keçirilib və H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbi turnirin qalibi olub.


Samuxda voleybol üzrə rayon birinciliyi başa çatıb 

Rayon təhsil şöbəsindən  redaksiyamıza  daxil olan  məktubda  qeyd edilir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 2 nömrəli orta məktəbin komandası I,  Ziyadlı kənd orta məktəbinin komandası II,  Qarayeri qəsəbə 1 nömrəli orta məktəbinin komandası isə III yerə çıxıblar. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qalib komandaların üzvlərini təbrik edərək yarışın kubokunu, diplom və qiymətli hədiyyələri onlara təqdim edib.


Məktəbdə narkomaniyaya həsr olunmuş tədbir 

Oğuz rayonunun Yaqublu kənd tam orta məktəbinin  müəllimi  Rüxsarə Muğumovanın  redaksiyamıza  göndərdiyi məktubda bildirilir  ki, məktəbdə Oğuz Rayon Polis Şöbəsinin rəhbərliyi və şöbənin aidiyyəti əməkdaşlarının iştirakı ilə narkomaniya, erkən nikah, ekstremizm və onların doğurduğu təhlükələrə həsr olunmuş  maraqlı tədbir keçirilib. Tədbirin əsas məqsədi ondan ibarət olub  ki, gənclərimiz narkomaniya, erkən nikah və ekstremist cərəyanların doğurduğu təhdidləri aydın dərk etsin və onlardan uzaq olsunlar.

Qonşu Zərrab kənd məktəbinin müəllim və şagirdlərinin, o cümlədən kənd sakinlərinin  iştirak etdiyi bu tədbirdə narkomaniya, erkən nikah və ekstremizmin insanların sağlamlığı və cəmiyyət üçün çox ciddi fəsadlara səbəb olduğu qeyd edilib, uşaqların hüquq və vəzifələri haqqında ətraflı çıxışlar olub.

Sonda hüquq-mühafizə işçiləri tərəfindən şagird, müəllim və kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.


Məktəblilər ümummilli liderin irsini öyrənirlər 

Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün ümummilli liderimizin zəngin irsinin öyrənilməsi məqsədilə növbəti "açıq dərs" keçirilib.

Yevlax Rayon Təhsil Şöbəsindən  bildirilib ki, "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda keçirilən "açıq dərs"də Xaldan kompleks tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Rayonun qabaqcıl tarix müəllimləri tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi, dövlətimizin qorunması və möhkəmləndirilməsində xidmətləri barədə geniş məlumat verilib.

Şagirdlər ümummilli liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıb, ulu öndərlə bağlı eksponatlarla, fotoşəkillər və kitablarla tanış olublar.

Mayın sonunadək davam edəcək "açıq dərs"lərdə rayonun 40 ümumtəhsil məktəbindən 1085 nəfər XI sinif şagirdi, həmçinin Ağdam və Kəlbəcər rayonlarının Yevlaxda fəaliyyət göstərən 8 köçkün məktəbinin şagirdləri iştirak edəcəklər.


Xaçmazda "açıq dərs"lər keçirilib 

Xaçmaz  rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən növbəti "açıq dərs"in iştirakçıları rayonun Mürşüdoba və Müşkür kənd tam orta məktəblərinin XI sinif şagirdləri olublar.

Xaçmaz Rayon Təhsil Şöbəsindən bildiriblər ki, "açıq dərs"ə qatılan 40 şagirdə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında mühazirələr oxunub.

Ötən ilin noyabr ayından başlayan dərslərə bu vaxtadək Xaçmaz rayonunun ümumtəhsil məktəblərində təhsil alan 1522 şagird qatılıb. Eyni zamanda, Xaçmaz şəhərindəki 2 nömrəli tam orta məktəbdə yaradılmış Heydər Əliyev adına İdeoloji Mərkəzdə, eləcə də Xudat şəhərindəki Heydər Əliyev Muzeyində də "açıq dərs"lər keçirilib.

Daha sonra "açıq dərs"də Xaçmaz şəhərindəki 1 nömrəli tam orta məktəbin tarix müəllimi Bəxtiyar Əmirli müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ulu öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Şagirdlər dərs prosesində ümummilli liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin  hər iki dövrünü əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıblar. Şagirdlər üçün dahi rəhbərin yorulmaz fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.


"Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır" mövzusunda "açıq dərs" 

Lerik rayonunun Heydər Əliyev Mərkəzində 3 nömrəli tam orta məktəbin XI sinif şagirdləri üçün  "Heydər Əliyev müasir Azərbaycanın  qurucusu və memarıdır"  mövzusu üzrə "açıq dərs" keçirilib. Dərsdən əvvəl müəllimlər və şagirdlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dərs zamanı  şəhər 2 nömrəli məktəbin tarix müəllimi, Lerik  RTŞ-nın metodisti Qafur Xosiyev  Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, dövlət quruculuğu sahəsində gördüyü işlərdən söz açıb.

Sonra məktəblilər Heydər Əliyev şəxsiyyəti, ulu öndərin Azərbaycan xalqının həyatında qoyduğu silinməz izlər, milli mənafeyə əsaslanan məqsədyönlü siyasəti haqqında müəllimlərindən və dərsliklərdən əldə etdikləri biliklərini nümayiş etdiriblər.

Tədbir diskussiya şəklində başa çatıb.

 

 


Ağstafada xalq şairi Hüseyn Arifin 90 illik yubileyi keçirilib 

Ağstafa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyevdən aldığımız  məktubda  bildirilir ki, A.Abdullayev adına 2 nömrəli şəhər tam orta məktəbində xalq şairi  Hüseyn Arifin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev çıxış edərək  bildirib ki, şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.  Doğma Azərbaycan təbiətinin möhtəşəm gözəlliyinə vurğunluq onun poeziyasında bədii təcəssümünü tapmışdır.

Tədbirdə söz alan Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri Barat Vüsal  bildirib ki, Hüseyn Arif təbiəti bu qədər sevdiyi üçün onu çox qayğıkeşliklə qorumağa çağırırdı. Şairin fikrincə, təbiət ona zülm edənlərdən öc alır, bunun aqibəti acı olur.  Söz ustadının bu ruhda düşüncələri bu gün ekoloji tərbiyə üçün nə qədər ibrətamizdir.

Şairlərdən Mustafa Rasimoğlu, Saqif Qaratorpaq və digərləri  H.Arifin yaradıcılıq yoluna bir daha nəzər salaraq onunla bağlı xatirələrini söyləyiblər.

Görkəmli şair haqqında xalq şairləri Mirvarid Dilbazi, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, xalq yazıçısı İsmayıl Şıxlı və digər ziyalıların fikirlərini  şagirdlər tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 


Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə fənn aylığı  elan edilib 

Şuşa  şəhər 3 nömrəli tam orta məktəbin direktoru  Elmira Əliyevanın  redaksiyamıza  göndərdiyi məlumatda  bildirilir ki,  təhsil müəssisəsi 1992-ci ildən Bakıdakı  Q.Abbasov adına  284 nömrəli tam orta məktəbin binasında  fəaliyyət göstərir. Məktəbdə 200-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə  29 müəllim   məşğul olur.

Bu günlərdə Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə fənn aylığı  elan edilib.  Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə  "Azərbaycan dili haqqında görkəmli şəxsiyyətlərin fikirləri"  və  "Səməd Vurğunun yaradıcılığı" mövzularında bilik yarışı keçirilib.  Məqsəd şagirdlərin intellektual səviyyələrini öyrənmək və dünyagörüşlərini genişləndirməkdir.

Yarışda VII-X sinif şagirdləri ayrı-ayrı komandalarla  iştirak ediblər. Bilik yarışında VII sinfin   "Zirvə" komandası qalib gəlib. Şagirdlərdən Elnurə Talıblı, Elcan Vəliyev, Zeynəb Zeynalova, Seymur Əlizadə  yarışda fəal iştirak  ediblər.

Eyni zamanda məktəbin  Azərbaycan dili və ədəbiyyat  müəllimi Səmayə Abdullayevanın rəhbərliyi ilə   IX sinif şagirdləri Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət  Milli Kitabxanasına ekskursiyaya gediblər.  Burada şagirdlər  kitabxananın şöbələri ilə   yaxından  tanış olublar.


Cəlilabad Rayon Təhsil Şöbəsində şagirdlər və fənn müəllimləri ilə görüş olub 

Cəlilabad Rayon Təhsil Şöbəsinin  metodkabinet müdiri N.Babayev redaksiyamıza göndərdiyi  məktubda bildirir ki,   respublika fənn olimpiadaları təşkilat komitəsinin qərarı ilə respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər müəyyənləşdirilib. Həmin şagirdlər və onların fənn müəllimləri ilə RTŞ-da görüş keçirilib və qarşıda duran vəzifələrdən danışılıb.

Qalib şagirdlər RTŞ-da və Cəlilabad şəhər 1 və 8 nömrəli məktəb-liseylərində, eləcə də  şəhər 2 nömrəli və Göytəpə şəhər 1 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən olimpiada mərkəzlərində keçirilən tədbirlərə cəlb ediliblər.

Olimpiada mərkəzlərində keçirilən məşğələlərin cədvəli təsdiqlənib və məktəb rəhbərlərinin nəzərinə çatdırılıb.

Məqsəd qalib şagirdləri Respublika mərhələsinin yarımfinal turuna daha mükəmməl hazırlamaq və nəticədə məktəblilərin fənn olimpiadalarının final mərhələsində və 47-ci Beynəlxalq Kimya Olimpiadasının yekununda maksimum nəticələr  göstərməsinə nail olmaqdan  ibarətdir. 

Səhifəni  hazırladı:
Şakir CƏFƏROV, "Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov