Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

15 ilə 5000 kitab oxuyub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Rübabə Qasımova ilə söhbət 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]
 

Son günlər bir çoxları 26 yaşlı azərbaycanlının təqribən 5 min kitab oxumasından danışır. Tovuz sakini olan Rübabə Qasımovanı mən də tanımaq və onun kitablara olan sevgisindən danışmaq istəyirəm. Rübabə xanımla əlaqə yaradıram. Tovuzda olduğunu biləndə bir anlıq təəssüf hissi keçirirəm. Amma məni sevindirən məqam müsahibimin Bakıya gəlməsi barədə verdiyi məlumat olur:

- Hazırda Tovuzdayam, amma sabah "Gənc ədiblər" dərnəyinin görüşü və universitetdəki bəzi tədbirlərlə bağlı Bakıya gəlirəm.

- O zaman sizi redaksiyamızda gözləyirik, - deyirəm.

Budur Rübabə xanım artıq redaksiyamızın qonağıdır. Onunla əvvəlcə Tovuzdan, sərhəd bölgəsindəki məktəblərdən, təhsildən söhbət edirik. Müsahibim deyir ki, sərhəd bölgəsində yaşayan insanlar nə güllə səsindən, nə ermənidən, nə də başqa bir şeydən qorxurlar. Onlar belə qorxuları çoxdan geridə qoyub.

Razılaşmamaq mümkün deyil, dediklərində haqlıdır.

Müsahibimə sualları ünvanlamağa başlayıram.

- Rübabə xanım, sizi tanıyaq.

- Ədəbi aləmdə Rübabə Sahib kimi tanınıram. Azərbaycan Dövlət Pedaqoji Universitetinin, "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə magistrantıyam. Azərbaycan Yazıçılar Birliyinin  (AYB) üzvüyəm. Bir kitab müəllifiyəm. Əslən Tovuzdanam. Tovuz rayonu Elxan Məmmədov adına şəhər tam orta məktəbini bitirmişəm. Bakalavr təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində almışam. Müəllim olmaq uşaqlıq arzum olub. 11 yaşımdan əlimə qələm almışam, mənim üçün ədəbiyyatın və sənətin yeri başqadır. İşimlə əlaqədar olaraq Bakıda yaşayıram. Anam rayonda yaşadığı üçün ora tez-tez gedib-gəlirəm.

- Niyə müəllimliyi seçmisiniz?

- 5 yaşımdan müəllim olmaq istəyirdim. Həmişə "nəçi olacaqsan" sualına, "akademik olacağam" cavabını verirdim. Əslində müəllimlikdən müqəddəs bir peşə görmədim. Müəllimlərim o qədər humanist, qayğıkeş, diqqətcil olublar ki nəticədə mən müəllim ruhunda tərbiyələnmişəm. Artıq orta məktəbin son siniflərində bir müəllim nitqi ilə izah verirdim. Uşaqları çox sevirəm. Onlar  mənim üçün bir dünyadır. Onları öyrətmək, hər dəfə təbaşirli əllərlə çevrilib onların gülən gözlərini görmək bir ömrə dəyər. Və onlar üçün oxumuşam. Oxumuşam ki, dünyaya pəncərə kimi açılanda, ölkəmi təmsil edəndə millətim, xalqım qürur duysun (Bu an Məmməd Arazın şeirindən iki misra xatırlayır).

Vətən daşı olmayandan,

Olmaz ölkə vətəndaşı.

Vətənin daşı, torpağı, havası, suyu, hər şeyi olmağı bacarmalısan. Müəllim olmaq asandır, amma sənətinin fədaisi olmaq çətindir. Müəllimlərimin məni yetişdirdiyi, məndə həvəs oyatdığı kimi, mənim də şagirdlərimə bilik vermək, onları sevmək borcumdur.

- Biz sizi 5000 kitab oxuyan xanım kimi tanıdıq. Kitab oxumağa maraq hardan yarandı, ilk oxuduğunuz kitab hansı idi?

- Mən bir az nənə-baba uşağı olmuşam. Anamın ana tərəfi də müəllim olub. Anam ara-sıra yazan, ədəbiyyatı-sənəti sevən xanımdır. Həmçinin nənəm də. Mən körpə idim. Nənəm yaxşı şeirlər bilirdi. Oranın insanları əksərən sinədəftər olurlar. Körpəlikdən layladan daha çox şeirlərlə yatıb qalxmışam. Çox yaxşı yadımdadır, 3 yaşımdan sonrakı həyatım. Nənəm mənə təmsillər danışardı. Təbii ki, o zamanlar onların təmsil olduğunu bilmirdim. Mənim yatmağım üçün mütləq mənə hekayə və nağıllar danışardılar, ya da uzun bir şeir oxumalıydılar. Babam müəyyən əsərlərdən sitatlar gətirərdi. Beləcə tərbiyələndim, beləcə böyüdüm. 6 yaşım olanda nənəm "Koroğlu" dastanından "Həmzənin qıratı qaçırması" qolunu danışmışdı. Düşündüm ki, məktəbə gedib, yazıb-oxumağı öyrənən kimi, özüm oxuyacağam. Əlifbanı bitirən kimi nənəmdən ilk istəyim mənimlə birlikdə Koroğlu dastanını oxuması olub. Daha sonra nənəmin mənə danışdığı nağılları oxudum. Görüm nənəm mənə nəyi təhrif edərək danışıb? Uşaqlıqdan belə bir xüsusiyyətim var idi. Öyrənməyə çalışırdım ki, kim mənə nəyi səhv deyib, gedib özünə deyim. Nağıllardan sonra, "Dədə Qorqud" dastanını oxudum. Beləcə oxumaq istəyi, arzusu genişləndi.

- 5000 kitab oxumağınızın statistikasını necə aparmısınız?

 - Oxumaq mənim amalımdır. Və çox sürətli oxuyanam. Nəzərə alsaq ki, ilk kitab oxumağa başladığım zamandan 18-19 il keçir. Amma  ortalama olaraq 15 ilini götürürəm. Orta məktəbdə demək olar ki, bütün ədəbi əsərləri oxumuşdum. Biz oxuyanda ədəbiyyat fərqli tədris olunurdu. Hər dövrü ayrı-ayrılıqda öyrənirdik. Ədəbiyyatı ardıcıl və sistemli öyrəndiyimiz üçün əsərləri də elə oxuyurduq. Çox qəribədir ki, sinifdə 25 nəfərə yaxın şagird var idi. Müəllimlərim üçün yerim belə idi: Rübabə mütləq oxuyacaq və oxumalıdır. Bu tendensiya idi sanki.  Və mən də oxumasam günahkar sayılardım. 3-cü, 4-cü sinifdə oxuyanda nənəm Məmməd Araz, Hüseyn Arifdən şeirlər deyirdi. Mən də gedib o şeirləri tapıb oxuyurdum. Yaxşı xatırlayıram, 6-cı sinfi bitirmişdim "Qabusnamə"ni oxuyanda. Daha sonra "Tutinamə"ni, Nizam-əl-Mülkün "Siyasətnaməsi"ni oxudum. Hansı ki, bunlar orta məktəb səviyyəsində deyildi, bunları oxumaya bilərdim. Bəlkə də ailəmin mənə verdiyi təkan, onların məni düzgün istiqamətləndirməyi, düzgün mühitdə tərbiyələnməyim, ustad müəllimlərdən təhsil almağım, bütün bu amillər öz bəhrəsini verib. Artıq ali məktəbə gələndə bir oxuma vərdişi qazanılmışdı. Universitetdə müəllimlərimin mənə etimadı var idi. Slavyan ədəbiyyatından bizə dərs deyən, eyni zamanda elmi rəhbərim  Təranə Turan Rəhimli auditoriyaya girəndə deyirdi ki, Rübabə, bilirəm ki, bilirsən. O sözdən o qədər qorxurdum ki.

- Birdən bilmərəm, bunu düşünürdüz?

- Bəli, birdən  bilmərəm. O elə bir qorxu, vahimə idi. Əslində gözəl qorxu idi. Amma məsuliyyətli, yükü ağır idi. Demək olar ki, həm bakalavr, həm də magistr təhsilimin hamısı Axundov kitabxanasında (Mirzə Fətəli Axundov adına Milli Kitabxana) keçdi. Amma ali məktəbdə daha çox nəzəri ədəbiyyatlar oxudum, ədəbiyyatın nəzəri hissəsini, tənqidşünaslıq, dilçilik, türkologiya ilə bağlı kitablar oxudum. İmtahanlararası məsafələr az olduğuna görə sürətlə oxumalı idim. 5000 kitab oxumaq deyəndə, bunu tam olaraq müəyyənləşdirməmişəm. Sadəcə soruşdular və ifadə etdim ki, bir gündə nə qədər kitab oxuyuram. Hər gün 3 kitab oxuya bilmərəm.  Çünki ailə-məişət qayğılarımız, bundan başqa ictimai mövqeyim, işlərim var. 3 kitab oxuduğum vaxtlarım çox olub, 24 saatın 18-19 saatını dayanmadan oxumuşam. Gün ərzində 3 ədəd ingilis dilində kitab oxumaq çətindir, ağırdır. Tələbəlik vaxtı 3 kitabı çox rahatlıqla oxuya bilirdim, çünki işimin adı kitab oxumaq idi. 5000 kitab olmasını isə təxmini hesablamalara görə jurnalistlər dedi. Rayon kitabxanasında illərdir ard-arda ən aktiv oxucuyam. Bakıdakı kitabxanalarla mütəmadi işləyirəm. Magistr dissertasiyamda 82 ədəbiyyatdan istifadə etmişəm. 82 ədəbiyyatı iki aya oxudum. Tək oxuyan mən deyiləm, oxuyanlar var. Onların da üzə çıxarılmağa haqqı var.

- Xarici ədəbiyyatla aranız necədir? Daha çox kimləri oxumağı sevirsiniz?

- Son dövr ən çox sevdiyim Paulo Koelhodur.

- Hansı əsəri ilə sevdirdi özünü sizə?

- "Əl-Kimyagər", "Zahir"lə.

- "Kimyagər"in sonluğunda yenidən başa qayıtmaq diqqətinizi çəkdi?

- Heyrətləndirdi. Sənətkarın qüdrəti, məncə, odur. Həyat mənim üçün heyrətdir. Əgər heyrətlənmirəmsə, yaşamıram.

- Rübabə xanımın ən sevdiyi yazar kimdir?

- Ümumiyyətlə, sevirəmsə oxuyuram. Oxumadıqlarım var, açmışam kitabı, bir neçə səhifə oxumuşam və həmin səhifələrdə heç nə ifadə etmədiyini görmüşəm. Kitab məni çəkməyib. Sənətkarı ümumilikdə analiz edirəm. Bəzən bir misra sənətkarı yaşatmağa yetir. Bir bənddə əsər yaradanlar var. Bu mənada həyat idealım İsmayıl Şıxlı olub.

- Bəs İsmayıl Şıxlıdan sonra?

- Ondan sonra Mirzə Ələkbər Sabirin yaradıcılığını sevirəm. Çağdaş dövrdə İsi Məlikzadə, İsa Hüseynov, Bəxtiyar Vahabzadə...

- Onları sevməmək olarmı?

- Doğrudan da (sevdiyi yazarların adını sadalamağa davam edir). Məsələn, Nigar Rəfibəyli. O qədər həssas, o qədər həzin olub. Nigar Rəfibəyli qadınlığın ən üst nöqtəsində olan Azərbaycan xanımlarından biridir. Bunu biz Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə üçün də deyə bilərik. Onlar da mənim üçün əziz insanlardır. Ona görə ki, onlar bizim gənclərimizin, körpələrimizin tərbiyələnməsi üçün didaktik əsərlər yaradıblar. Məhsəti Gəncəvinin hansısa rübaisindən bir körpəyə nəsə öyrədə bilirəmsə bununla qürur duyuram.

- Neçə ildir, AYB-yə üzvsünüz?

- Bir il. Əslində hansısa birliyə üzv olmaq, tanınmaq, bunları sevmirəm. Oxumağım barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıldı.

- Çox qısa idi. Sadəcə 5000 kitab oxuduğunuz vurğulanırdı.

- Çünki özüm barədə danışmağı sevmirəm. Yəni ilk sizinlə belə açıq danışıram. Şou üçün oxumamışam ki. Tərifi sevmirəm, tənqidi sevirəm. Mən türk qızıyam. Oxumaq əzəli və əbədi vəzifə borcumdur. Mahmud Kaşğarlı "Divani lüğətit-türk" əsərinin əvvəlində Məhəmməd Peyğəmbərdən (s.a.s) bir sitat gətirir ki, türkün dilini öyrənin, çünki onun uzun sürən səltənəti olacaq. O ərəblərə, digər millətlər deyirdi ki, öyrənin. Mən  türkəm, bu cür gözəl Azərbaycan dilim var. Axıcı, rəvan, musiqili, ahəngdar.

- Və bu qədər gözəl əsərlərim var.

Başı ilə təsdiqləyir.

-Xarüqüladə yaradılmış sənət əsərləri. Əsərlərin dili necə gözəldir. Xarici ədəbiyyatlarda dilin dəb-dəbəsinə fikir verirlər. Deyirəm ki, Anarı əbədiyaşar edən bilirsiniz nədir? O qədər lakonik yazır. Az sözdə çox məna ifadə edir. Artıq dağın-daşın gözəlliyini tərənnüm etmir. Belə tərənnümlərə bir zaman ehtiyac var idi. Ötən əsrin ortalarında 60-cılar nəsli yarandı. Yenilikçi olmaqla yanaşı gördülər ki, ölkədəki qlobal şəraiti, insanların psixoloji yorğunluğu uzun əsərlərə marağı azaldır. Artıq onlara həcmi az, mənası geniş əsərlər lazımdır. Dilimizin gözəlliyi, imkanları belə əsərlər yazmağa imkan verirdi.

- Bu qədər çox oxumaq səhhətinizə problem yaratmır?

 - Təkcə ötən ilin son üç ayında 150-dən çox kitab oxudum. Təxminən dekabr ayının sonlarında səhhətimdə problem yaşadım. İki dəfə üst-üstə damaq əməliyyatı keçirdim. Üç ay əvvəldən güclü keyləşdiricilər vurdular. Təxminən bir ay yaddaş pozğunluğu yaşadım. Soyadım, ixtisasım yadımdan çıxdı. Evdən çıxıb evin yerini xatırlamadığım zamanlar oldu. Çox sağ olsun həkimlər, səhhətimdəki problemi aradan qaldırmağa çalışdılar. İndi də müayinə olunuram. Həddindən ziyadə oxumaq partlayış yaratmışdı. Beyni bu qədər də yükləmək olmaz. Amma sizə bir söz deyəcəyəm. Kitablar insanı günahlarından arındırır. İnsanı səhv etməyə qoymur. Hansı gün ki, özümü kitablara həsr edirəm, o gün qəlb qırmıram. Bir qıyğacı baxışla baxmıram, çox rahat oluram. Bunun üçün nəyə borcluyam? Kitablara.

- Sərhəd zonasında yaşayan biri kimi, güllə səslərində kitab oxuduğunuz zamanlar olub?

- Rayon mərkəzində yaşayıram. Ona görə o səslərdən bir az uzağam. Güllə səslərini eşitmək istəyim də olub, kəndə getmişəm. Amma mən gedəndə sakitlik olur həmişə.  Amma uşaqlığımı da xatırlayıram. Yeraltı səngərlərə girmişik, başımı qaldıranda güllələrin işığın görmüşəm.

- Siz nədən yazırsınız?

- Şairəm demək günah olar. Bu sözü ifadə etmək üçün cəsarətli deyiləm. Bəlkə 30 il sonra. Bu gün yeri gələndə qələmim kağıza toxunur. Lirik şeirlə başladım, sonra lirik-romantik şeirlər öz yerini ictimai şeirlərə, onlar da qəzələ verdi. Elə məqam gəldi ki, fikirlər məqalələrdə, esselərdə cəmləndi. Amma düşünürəm ki, elmi dərəcəmi artırmaq istəyən biri kimi mənim borcum şeiri yazmaqdan çox, onu tənqid etmək, təhlillər aparmaqdır.

- Siz deyirsiniz ki, telefonumu sataram, ac qalaram, kitab alaram. Belə bir fikir var ki, kitab oxuyanların sayı azalır. Necə düşünürsünüz, kitab oxumaq, onu sevmək üçün nə etmək lazımdır?

- Xatirə üzüyümü satıb, onun puluna 5 kitab almışdım. Kitab oxumaq, onu sevmək üçün ilk növbədə genetik amillər rol oynayır. Uşağın qanı, geni, daha sonra ailəsi və mühit. Bunlar birləşir və bir dairə yaradırlar. Sən o dairənin içində kitabla tərbiyələnmisənsə, elə onunla da qalacaqsan. Psixoloji durumu ağır olan insanlara kitab oxumaq məsləhət görürlər ki, onlar bir az sakitləşsin. Ən gözəl müalicə üsulu, mənəvi qidadır kitab.

- Yalnız kitab oxuyursunuz, yoxsa digər maraqlı məşğuliyyətləriniz də var?

- At sürməyi çox sevirəm. Xüsusilə də at sürəndə "Sarı gəlin"i, ya da "Dədə Qorqud"da Beyrəyin söylədiyi "İncə bellim"i oxuyuram. Tennis oynamağı, üzməyi sevirəm. Mən uşaqlıqdan ata Burla xatun, Selcan xatun, Sara xatun kimi minmək istəmişəm. At belində mahnı bəstələmişəm. Bir də mətbəxi, şirniyyatlar bişirməyi və anama yedirtməyi sevirəm.

- "5" ala bilmisiniz?

- Bəyənir. Amma anamdan "5" almaq çətindir. Məsələn, mən nə qədər oxusam, anam deyir ki, oxumalıdır da. Onun mətbəxinə girib, uğur qazanmaq çox çətindir. Ona "mətbəx şahzadəsi" deyirəm. Mənim yanımda olmasa da, "5" verdiyi vaxtlar olub.

- Gələcək planlarınız nədir?

- Əgər ömür vəfa etsə, ictimai reallıq arzularımla tərs mütənasib olmasa və mən bu əzmdə qala bilsəm, müəllim ömrü yaşamaq istəyirəm. Ensiklopedik bir bilik sahibi olmaq istəyirəm. Poliqlot (çox dil bilən) olmaq, dünyanı gəzmək, bütün dünyada Azərbaycandan bir iz qoymaq, Azərbaycanın elm məbədi olmasını görmək istəyirəm. Gözəl tələbələr yetişdirmək, onlar mənimlə qarşılaşanda, müəllimlərimə duyduğum sevgini mənə duysunlar istəyirəm. Gözəl bir ailə başçısı olmaq, ziyalı, müəllim tərbiyəsi ilə övlad yetişdirmək istəyirəm. Bu gün bu torpaq üstündə dururuqsa, minillər boyu qurub-yaradanlara borcluyuq. Bəs biz nə qoyacağıq, qarşıdakı minilliklərə?

- Sonları sevmirəm. Amma söhbətimizi yekunlaşdırmaq üçün nə demək istəyirsiniz?

- Son olaraq ifadə etmək istədiyim (xəyala dalır), bilirsiniz göydə Allah, yerdə anadır qibləgahımız. Kədərli olanda ana qoynuna sığınıb, zəif pıçıltı ilə Allaha yalvarırıq. Bunların hər ikisini bütünlüyü ilə dərk etmək, duymaq üçün bir vasitəçi var. O elmdir, ziya işığıdır. Elmin işığı isə kitablarla mümkündür. Kitabları oxuyanda düyünlər açılır. Düyünlər hər açılanda Allahla anamız arasında daha böyük bir vəhdət yarada biləcəyik. Sonluqda ana, Allah və insan ali varlığını bütünləşdirə bilərik. İnsan sonsuzluğun ta ötəsinə gedə bilər. Biz ona elmi aləmdə kamilliyin zirvəsi deyirik. Mən hər kəsə o zirvəyə nail olmağı arzu edirəm.

O zirvəni görmək hər birimizə nəsib olsun,-deyib, müsahibimə təşəkkür edirəm. Mənə kitabını hədiyyə edir. Diktofon sönür, amma bizim müzakirələrimiz bitmir. Çünki kitab elə bir dəryadır ki, sən yalnız onun bir damlasını əldə edə bilərsən. Dəryanı əldə etməyə isə zaman,  səbr və ən əsası kitaba olan sevgi lazımdır.  

Foto: Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov