Bu
günlərdə Bakıdakı 314 nömrəli tam orta məktəbdə
"Qəhrəmanlar ölmürlər" mövzusunda tədbir keçirilib. Öncə
tədbirin yuxarı sinif şagirdlərindən olan aparıcıları
qonaqları salamlayıb və məktəbin həyətində təşkil
olunmuş mərasimə dəvət ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vidadi
Dəmirov vətənpərvərlik mövzusunda tədbirlərin bu təhsil
ocağında tez-tez keçirildiyini deyib. Bildirib ki,
bütün xalqımız kimi 314 nömrəli məktəbin pedaqoji
kollektivi və şagirdləri də ulu öndər Heydər Əliyev
ideyalarına daim sadiqdirlər və Vətən torpaqlarının
düşməndən azad olunması üçün döyüşməyə hər an
hazırdırlar.
Sonra meydan məktəbin X-XI sinif şagirdlərinin
ixtiyarına verilib. Onlar göstərdikləri maraqlı idman
nümunələri və hərbi təlim məşqləri ilə bir daha sübut
ediblər ki, Azərbaycanın böyüməkdə olan gənc nəsli gücü,
iradəsi, savadı və bacarığı ilə düşməni hər an məhv
etməyə qadirdir. Şagirdlər bildiriblər ki, dövlətin
ərazi bütövlüyünün mövcudluğu ordunun gücündan, əsgər və
zabitinin mənəvi-psixoloji hazırlığından asılıdır.
Xalqımız arxalandığı ordusunu həmişə ucalarda görmək
istəyir və onunla fəxr edir.
Çıxış edənlər belə tədbirlərin təhsil ocaqlarında
keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Onlar şagirdlərin nümayiş etdirdikləri hərbi idman
hərəkətlərini çox bəyəndiklərini bildirərək Milli
Qəhrəman Mübariz İbrahimovun rəşadətindən danışıblar.
Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında
ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq,
vətənpərvərlik duyğularını tərənnüm edən şeir və
nəğmələr səsləndirilib. Şagirdlər xalqımızın igid
oğulları kimi vətənpərvər olacaqlarına, təhsildə,
ictimai həyatda daim uğurlar qazanacaqlarına and
içiblər. |