Son
illər ölkəmizdə ümumi təhsil sahəsində aparılan məzmun
islahatlarının nəticəsi olaraq meydana gələn yeni
dərslik komplektləri cəmiyyətimizdə ümumən müsbət
qarşılansa da onlardan, eləcə də digər dərsliklərdən
giley-güzarlar da eşidilməkdədir.
Müəllimlərin bir çoxu yeni dərslikləri təqdir edib onlar
haqqında müsbət fikirlər səsləndirsələr də bəziləri
əksinə, dərslikləri qaneedici saymır, onların çətin
olduğunu, şagirdlərin səviyyəsinə uyğun gəlmədiyini
söyləyirlər. Dərsliklərin bəzilərinin mükəmməl
olmadığını, onlarda müəyyən səhvlərə, qüsurlara yol
verildiyini, hətta müəlliflər də etiraf edirlər. Məhz bu
səbəbdəndir ki, dərsliklər son illər cəmiyyətdə ciddi
müzakirə obyektinə çevrilib. Aparılan müzakirələr isə
sonda bu qənaətlə yekunlaşır: yeni dərsliklər daha
mükəmməl hazırlanmalı, mövcud olanlar isə
təkmilləşdirilməli, onlara ünvanlanan haqlı iradlar yeni
nəşrlərində nəzərə alınmalıdır. Dərslik məsələsini
təhsil islahatlarının ən prioritet istiqamətlərindən
biri sayan Təhsil Nazirliyi artıq son iki ildə bu sahədə
bir sıra ciddi addımlar atıb. Dərsliklərin hazırlanması
və tətbiqi prosedurlarında dəyişikliklər edilib.
Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibi
formalaşdırılıb, dərsliklərin monitorinqini aparmaq,
müəllimlərin dərsliklər haqqında fikirlərini, irad və
təkliflərini öyrənmək üçün işçi qrupları yaradılıb.
Qəzetimiz də bu mövzunu daim diqqətdə saxlayır, bu
həssas məsələ ilə bağlı düzgün ictimai rəyin
formalaşmasına çalışır. Bu nömrəmizdən etibarən
başladığımız yeni layihədə də məqsəd məhz müəllimlərin
ayrı-ayrı dərsliklər haqqındakı fikirlərini öyrənib
onları redaksiyamıza dəvət olunmuş müəlliflərə
çatdırmaqla dərsliklərin təkmilləşdirilməsinə kömək
göstərməkdir. Bu məqsədlə redaksiyamızın əməkdaşları
Bakı şəhərinin ən yaxşı ümumtəhsil müəssisələrindən
sayılan Bakı Avropa Liseyində, 132-134 nömrəli təhsil
kompleksində, 6 nömrəli məktəb-liseydə və "Elitar"
gimnaziyada olub burada çalışan tanınmış ibtidai sinif,
Azərbaycan dili və ədəbiyyat, tarix, fizika müəllimləri
ilə görüşüblər. Müəllimlərin ibtidai siniflər üçün "Riyaziyyat",
eləcə də "Azərbaycan dili", "Tarix", "Fizika"
dərslikləri barədə fikirləri, irad və təklifləri
öyrənilərək ümumiləşdirilib. Bu günlərdə adıçəkilən
dərsliklərin müəlliflərindən Nayma Qəhrəmanova, Rafiq
İsmayılov, Hafiz Cabbarov və Mirzəli Murğuzovla
redaksiyamızda görüş keçirilib və onlar müəllimlərin
dərsliklərlə bağlı fikirlərinə, irad və təkliflərinə
münasibət bildiriblər. Nəzərə çatdıraq ki, redaksiya
müxtəlif formatda belə müəllim-dərslik müəllifi
diskussiyasının mütəmadi olaraq keçirilməsini
planlaşdırıb. Aşağıda ayrı-ayrı dərslik müəlliflərinin
qaldırılan məsələlərə münasibətini dərc edirik.
Müəllimlərin irad və təklifləri
Aygün Məcidova,
Bakı Avropa Liseyinin ibtidai siniflər üzrə direktor
müavini:
- Dərslikdəki mövzuları uşaqlar çox çətin qavrayır,
verilən çalışmalar onların yaş dövrünə uyğun deyil.
Çalışmaların sualları çox qəliz qoyulur. Ev
tapşırıqlarında şagirdlərə kömək edən ali təhsilli
valideynlər belə II-III siniflərdə çətinlik çəkirlər.
Yeni dərslə əvvəlki dərslər arasında bağlılıq, əlaqə
demək olar ki, yoxdur və ya çox azdır. Statistika və
ehtimal məzmun xətti üzrə mövzular çox ağırdır.
Gülnarə Gülməmmədova,
Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi:
- IV sinif "Riyaziyyat" dərsliyində çalışmalar
sistemsizdir. Məsələlərin suallarını uşaqlar dərindən
dərk etmirlər.
Esmira Ağayeva,
"Elitar" gimnaziyanın ibtidai sinif müəllimi:
- Çətin mövzular olduqca çoxdur. I sinifdə
elektron saatlarla bağlı mövzu var. Bu yaşda şagirdlər
hələ gecə vaxtı ilə gündüz vaxtını bir o qədər dərk edə
bilmirlər.
IV sinif
dərsliyində onluğa və yüzlüyə qədər yuvarlaqlaşdırma
mövzusu ilə bağlı cədvəllərdə aydınlıq yoxdur.
Raziyə Ağayeva,
132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif
müəllimi:
- Dərsliklərdə keçilən mövzuların təkrarı yoxdur. Nəzərə
almaq lazımdır ki, sinifdə olan şagirdlərin qavrama
qabiliyyəti eyni deyil. Bir neçə mövzudan sonra
ümumiləşdirici suallar verilir. Lakin uşaqlar üçün
onları yada salmaq çətin olur.
Südabə Səfixanova,
132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif
müəllimi:
- "Riyaziyyat" dərsliklərinin müəllifi - Nayma
Qəhrəmanovanın dediyinə görə, bizim adıçəkilən
dərsliklər dünyanın inkişaf etmiş ölkələrinin
dərsliklərinə uyğun hazırlanıb. Müsbət təcrübənin bizim
dərsliklərimizə tətbiqini alqışlayırıq, ancaq onlar
hazırlanarkən Azərbaycan uşaqlarının düşüncə tərzi,
qavrama qabiliyyəti, yaş xüsusiyyətləri nəzərə
alınmalıdır. Dərsliklərə salınmış məntiqi suallar
valideynlərin özlərini belə çaş-baş salır, onlar bizə
müraciət edirlər. IV sinif "Riyaziyyat"dərsliyi
şagirdlərdə çətinlik yaradır. Məntiqi tapşırıqlar
onların bilik və bacarığına uyğun deyil. Elə mövzular
salınıb ki, əslində onların yuxarı sinifdə keçilməsi
daha məqsədəuyğundur.
Elnarə Xəlilova,
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin
ibtidai sinif müəllimi:
- Mən I, II, III siniflər üçün "Riyaziyyat"
dərsliklərindən çox razıyam. Burada verilən tapşırıqlar
düşündürücü, inkişafetdiricidir. Ənənəvi dərsliklərdən
müsbət mənada çox fərqlənir. Ancaq IV sinfin "Riyaziyyat"
dərsliyi şagirdlər üçün çox çətindir. Məntiqi
tapşırıqlar uşaqların yaşına uyğun deyil.
İradə Cəlalova,
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin
ibtidai sinif müəllimi:
- IV sinfin "Riyaziyyat" dərsliyinə elə məntiqi
suallar salınıb ki, onlar nəinki 5-6-cı sinif, hətta
7-ci sinif şagirdi səviyyəsində həll oluna biləcək
tapşırıqlardır. IV sinif şagirdi tək, müstəqil olaraq o
sualları həll edə bilmir.
Xuraman Şabani,
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin
ibtidai sinif müəllimi:
- IV sinif şagirdini, məncə, bu qədər yükləmək olmaz.
IV sinif "Riyaziyyat" dərsliyində "Tam hissə modeli"
mövzusu var ki, həmin sinif şagirdinin mənimsəyə
biləcəyi bir mövzu deyil.
Kəmalə Yusufova,
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin
ibtidai sinif müəllimi:
- Rus bölməsi üzrə ibtidai siniflər üçün hazırlanmış "Riyaziyyat"
dərsliklərinin tərcüməsindən narazıyam. Burada verilən
tapşırıqlarda cümlələr səhv tərcümə olunub, üslub
səhvləri misal və məsələlərin həllində çətinlik
yaradır.
Nayma Qəhrəmanova,
ibtidai siniflər üçün "Riyaziyyat" dərsliklərinin
müəllifi
Öncə
qəzetinizin dərsliklərin müzakirəsi ilə bağlı belə bir
təşəbbüsünü alqışlayıram. Məhz paytaxtın
sayılıb-seçilən məktəblərinin tanınmış müəllimlərinin
dərsliklərimizlə bağlı fikirlərini, təkliflərini
öyrənməyiniz, redaksiyada keçirilən bugünkü görüşümüzdə
onları bizə təqdim etməyiniz təqdirəlayiqdir. Mən
burada iştirak edən dərslik müəllifləri adından belə
bir mövzunu diqqətdə saxladığına görə qəzetin yaradıcı
kollektivinə təşəkkürümü bildirirəm.
Keçək konkret riyaziyyat dərslikləri ilə bağlı
müəllimlərin fikirlərinə. Bizim olduqca savadlı,
peşəkar, öz işinə yaradıcı yanaşan riyaziyyat
müəllimlərimiz var. Təbii ki, onlar riyaziyyatı çox
gözəl bilirlər və riyazi bacarıqların nə olduğunu da
yaxşı anlayırlar. Amma təəssüf ki, hələ də bəzi
müəllimlərimiz şəxsiyyətyönümlü təhsilin tələblərinə
uyğun olaraq lazımi fəaliyyətləri riyazi məzmunla
birləşdirməkdə çətinlik çəkirlər.
Müəllimlərin riyaziyyat dərslikləri ilə bağlı
fikirləri, irad və və təklifləri ilə tanış olduqdan
sonra özüm üçün onları qruplaşdırdım. 1-ci qrup bu
dərsliklərdən tamamilə narazı olanlardır. Məsələn, Bakı
Avropa Liseyinin müəllimləri dərsliklərdəki mövzuları
uşaqların çox çətin qavradığını, əsasən də riyaziyyat
dərsliklərində verilən çalışmaların uşaqların yaş
səviyyəsinə uyğun olmadığını bildirirlər. Onlar habelə
çalışmaların suallarının çox qəliz qoyulduğunu, ev
tapşırıqlarında şagirdlərə kömək edən ali təhsilli
valideynlərin belə II, III siniflərdə çətinlik
çəkdiklərini, bundan başqa, yeni dərslə əvvəlki dərslər
arasında bağlılığın, əlaqənin demək olar ki, olmadığını
və ya çox az olduğunu, statistika və ehtimal məzmun
xətti üzrə mövzuların çox ağırlıq təşkil etdiyini qeyd
edirlər.
Gəlin məsələyə müqayisəli baxaq. Bakı Avropa Liseyində
(həmçinin bir çox məktəblərdə) bizim riyaziyyat
dərsliklərimizlə yanaşı, sırf akademik yanaşma ilə
hazırlanmış Rusiya dərsliklərindən də istifadə olunur.
Təsəvvür edin, Qeydmanın və Petersenin II, III
siniflərdə keçilən dərsliklərində 3, 4 suallı məsələlər
var. Sual oluna bilər, necə olur ki, real həyatdan uzaq
akademik tərzdə qoyulmuş məsələləri Avropa Liseyinin
şagirdləri həll edə bilirlər, amma oyunlarla,
manipulyativ məşğələlərlə dəstəklənən məntiqi suallara
cavab verməkdə çətinlik çəkirlər? Təəssüf ki, iradda
konkret nümunə yoxdur. Yalnız ümumiləşdirilmiş fikir var.
Mən bir nümunə deyim. Məsələn, biz dərslikdə vurma
əməlinə aid misallar verərkən yalnız hesablama
bacarıqlarını formalaşdırmağı məqsəd qoymuruq, seçmə,
qruplaşdırma, təxminetmə kimi bacarıqları da əhatə edən
fəaliyyətləri əlavə edirik. Məsələn, bir tapşırıqda
deyilir ki, əvvəlcə hasilin 3000-dən kiçik olduğu
misalları seçib həll edin. Bizim qoyduğumuz bu tip
suallar yaradıcı düşüncəni formalaşdırmağa yönəlib. Biz
uşaqları fərqli yollarla düşündürmək istəyirik. Bir çox
hallarda müəllimlər o düşündürücü, məntiqi suallara
metodiki yanaşmanı düzgün tapmadıqlarından yəqin ki,
bu cür suallar yaranır. Təbii ki, mən müəllimlərin
hamısını nəzərdə tutmuram.
Dərslər arasında əlaqənin olmadığı fikri haradan
yaranır? Bu da ənənəvi dərsliklərə alışqanlıqdandır.
Həmin dərsliklərdə bir dərsdə bütün məzmun xətləri üzrə
tapşırıqlar verilirdi. Bu halda konkret bacarıqların
öyrədilməsindən və qiymətləndirməsindən söhbət getmirdi.
Təsəvvür edin ki, 1-ci sinifdə biz 20 dairəsində
toplama-çıxma öyrədirik. Bu əməlləri müxtəlif
müstəvilərdə seçdiyimiz fəaliyyətlərlə öyrədirik.
Məsələn, bir dərsdə toplamanı mərtəbə blokları ilə, 2-ci
dərsdə ədəd oxu üzərində, 3-cüdə irəliyə sayma kimi
öyrədirik, başqa bir dərsdə isə şəkil çəkməklə. Bütün
bu dərsləri əlaqələndirən toplama əməlidir, hər bir
şagirdin öyrənmə müxtəlifliyi var. Fəaliyyətlərin
müxtəlifliyi daha çox şagirdə öyrənmə şəraiti
yaratmaqla məntiqli düşüncə tərzi formalaşdırmağa imkan
verir.
Statistika və ehtimal məzmun xətti üzrə mövzulara
gəldikdə isə bu bizim üçün yenidir, lakin inkişaf etmiş
ölkələrdə ibtidai siniflərdə uyğun standartların
tədrisi sahəsində əsaslı təcrübə var, bizim dərsliklər
də beynəlxalq təcrübə əsasında işlənmişdir.
Akademik ruhda yazılmış ənənəvi dərsliklərdəki
tapşırıqları adi məktəblərdə sinifdə 4-5 şagird həll
edir. Bunlar da anadangəlmə riyazi təfəkkürü olanlardır.
Biz isə deyirik bütün şagirdləri müzakirəyə, fəaliyyətə
cəlb edən tapşırıqlar yerinə yetirilsin ki, zəif
şagirdlərdə də riyazi təfəkkür yaransın və inkişaf etsin.
Biz qoyduğumuz fəaliyyətyüklü tapşırıqlar sayəsində daha
çox sayda şagirdin yaradıcı düşünmə qabiliyyətli
olmasına nail olmaq mümkündür. Bax, problem də burdan
yaranır. Müəllimlər deyir şagirdin riyazi təfəkkürü
yoxdursa, məntiqi tapşırıqları necə etsin? Biz isə
deyirik, siz şərait yaradın, şagird müzakirədə, oyunda
iştirak etsin və riyazi təfəkkürü yaransın. Bunun üçün
beynəlxalq təcrübələrə söykənən lazımi metodiki
yanaşmaları müəllim üçün vəsaitdə veririk.
132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif
müəllimlərindən biri dərsliklərimizin dünyanın inkişaf
etmiş ölkələrinin dərsliklərinə uyğun hazırlanması ilə
bağlı mənim söylədiyim fikirləri qeyd edir, bunu
alqışlamaqla yanaşı, dərsliklərimizdə Azərbaycan
uşaqlarının düşüncə tərzini, yaş xüsusiyyətlərinin
nəzərə alınmadığını bildirir. Mən buna xüsusi münasibət
bildirmək istəyirəm. Bu çox əhəmiyyətli məsələdir.
Burada məsələnin kökündə uşaqların məktəbə nə dərəcədə
hazırlıqlı gəlməsi durur. Bildiyiniz kimi, uşaqların
məktəbəhazırlıq dövrü 4-6 yaşı əhatə edir. Artıq,
bildiyimə görə, Təhsil Nazirliyi tərəfindən
məktəbəhazırlıq təhsil proqramı hazırlanmışdır. Bunun
uğurla reallaşdırılması çox mühümdür. Bu məsələyə bütün
dünyada xüsusi diqqət yetirilir. Belə ki, indi dünyada "Bir
nəfər də məktəbəqədər təhsildən kənarda qalmamalıdır"
şüarı çox populyardır. Bizdə də məktəbəqədər təhsillə
əlaqədar bir sıra müəssisələr açılır. Ancaq çox təəssüf
ki, bunlarla bağlı beynəlxalq təcrübə nəzərə alınmır.
Məktəbəhazırlıq qruplarına gələn 5-6 yaşlı uşaqlara I
sinif dərslikləri əsasında hesablamalar, oxumaq
öyrədilir. Ancaq bütün dünyada uşaqların həmin hazırlıq
dövrü təbiəti, özünü və ətraf aləmi dərk etməkdən keçir.
Məsələn, bizim məktəbəhazırlıq dövründə olan və ya daha
kiçikyaşlı uşaqlarımızın bir çoxu, demək olar ki,
saymağı bacarırlar, rəqəmləri tanıyırlar. Ancaq onların
qarşısına 7 limon qoyub, onu saymasını istəsək, səhv
sayacaqlar: 2-ci limona çatanda 3, 5-ci limona çatanda
10 deyəcəklər. Çünki beyinlərində sürətlə sayır və
söylədikləri hər bir ədədin limona aid olduğunu müəyyən
edə bilmirlər. Məktəbəhazırlıq dövrü üçün tədris
resurslarının düzgün müəyyənləşdirilməsi çox
əhəmiyyətlidir.
Hər ilin mart ayında Bolonyada (İtaliyada) uşaq
kitabları sərgisi keçirilir. Həmin sərgidə nümayiş
etdirilən kitablar arasında bağçada istifadə olunan
tədris resursları ilə yaxından tanışlıq, düşünürəm ki,
ümumi işimiz üçün olduqca faydalı olardı.
Bir sıra müəllimlərin yuvarlaqlaşdırma ilə bağlı iradı
var. Onlar yuvarlaqlaşdırmanın yuxarı sinfə aid
olduğunu söyləyirlər. Amma bu, təxminetmə kimi mühüm
həyati bacarıqlar üçün bir vasitədir. Bizim ibtidai
təhsil pilləsi üçün kurikulumda da bu bacarığa geniş yer
verilir və onun ibtidai siniflərdə tədrisinə aid
çoxillik beynəlxalq təcrübə var. Vurma və bölmə, toplama
və çıxma əməllərində hasili, qisməti, cəmi, fərqi şagird
təxmini olaraq qiymətləndirməyi bacarmalıdır. Şagird
75-i 17-yə bölmək üçün 80:20-dən istifadə etməyi
bacarmalı və qismətin təxminən 4 olduğunu başa
düşməlidir. Bu, şagirdə dəqiq qisməti tapmağa da kömək
edir.
Daha sonra, bir çox müəllimlər vurma-bölmə əməllərinə
aid misalların azlıq təşkil etdiyini bildirirlər.
Əslində isə bu tapşırıqlar kifayət qədərdir.
Dərsliklərdə daha çox əməllərin mahiyyəti üzərində
qurulmuş məntiqi düşüncə formalaşdıran tapşırıqlara yer
verilmişdir.
2-ci qrup kimi ümumiləşdirdiyim müəllimlərin, demək
olar ki, hamısı IV sinif "Riyaziyyat" dərsliyinin və
buradakı məntiqi sualların şagirdlər üçün çətin olduğunu
bildirirlər. Mən müəllimlərin bu fikri ilə razılaşıram.
Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Doğrudan da, adıçəkilən dərsliyin səviyyəsi bir az
yuxarıdır, çünki oraya yeni yanaşmalar çox daxil edilib.
Məsələn, tənlik qurmaqla məsələ həlli bacarıqlarını
formalaşdırmaq üçün fərqli üsul - "Tam hissə modeli"
adlandırdığımız və dünyada qəbul edilən bir modeli
daxil etmişik. Burada artıq uşaq məsələnin mətnindən
ayrılmır, çünki məsələnin mətni ilə riyazi gedişlər
arasında birbaşa bağlılıq var. Onu da qeyd edim ki,
adıçəkilən model mütərəqqi müəllimlər tərəfindən də çox
dəstəklənir.
Bu il IV sinif "Riyaziyyat" dərsliyi yenidən nəşr
olunacaq və deyilənlərin müəyyən hissəsini də nəzərə
alacağıq.
Digər bir müəllim I sinifdə elektron saatların
öyrədilməsi ilə bağlı iradını bildirir. I sinifdə
elektron saatların göstəricisini oxuma bacarıqları yer
alır. Lakin çətinlik törədən bu deyil. Əsas çətinlik,
məsələn, 2-ci sinifdə şagirdin saat 14:00-ın gündüz
saat 2 olmasını müəyyənləşdirmə bacarığıdır. Biz müəllim
üçün vəsaitdə bu bacarıqların ilboyu valideynlərin
köməyilə formalaşdırılmasını nəzərdə tuturuq və bu
bacarıqlara 3-cü, 4-cü siniflərdə də geniş yer
ayrılır. İndiyə qədər bizim dərsliklərdə saat sistemli
şəkildə öyrədilmirdi. O valideyn ki, uşağına saatı
öyrədirdi, həmin uşaq saatı bilirdi. Biz isə bu gün
şagirdə saatı riyazi bacarıqlar müstəvisindən öyrədirik.
Müəllimlərin riyaziyyat dərslikləri ilə bağlı
iradlarından biri də keçilən mövzuların təkrarının
olmamasıdır. Qeyd edilir ki, sinifdə olan şagirdlərin
qabiliyyəti eyni deyil. Bu irada cavab olaraq bildirim
ki, təkrarların olmamasının obyektiv səbəbləri var.
Çünki dərsliklə bağlı bizə verilən bəlli bir həcm var.
Məsələn, tutaq ki, 128 səhifəlik bir dərslik hazırlamalı
və burada kurikulum standartlarını reallaşdırmalıyıq.
Həmin həcmdə dərsliyə ancaq hər bir standart üzrə 1-2
saat ayırmaq olur. Bəlkə də səhifələrin sayı çox
olsaydı, biz deyilənləri nəzərə alardıq. Dərsin izahına
geniş yer verərdik, nümunə üçün həll edilmiş misal və
məsələlərin, təkrar üçün tapşırıqların sayını
artırardıq. Şagirdin ev tapşırığı olaraq və ya tətil
zamanı təkrar etmək imkanı olardı. Amma, dediyim kimi,
biz müəyyən bir həcmə bağlıyıq, o mənada təkrarları
müəllimlərin istədikləri səviyyədə verə bilmirik.
Mən çox sevinirəm ki, müəllimlərimizin istər dərs
prosesinə, istərsə də keçilən mövzularla bağlı yanaşmaya
münasibəti dəyişməkdədir. Onlar təlim prosesinə daha
yaradıcı yanaşırlar, uşaqlarla düzgün işləməyə
çalışırlar. Yeni kurikulumlar də məhz müəllimlərdən
fərqli metodiki yanaşmalar tələb edir.
Müəllimlərin arasında I, II, III sinif "Riyaziyyat"
dərsliklərini bəyənənlər, burada verilən tapşırıqların
düşündürücü və inkişafetdirici olduğunu söyləyənlər də
çoxdur. Mən buna sevinirəm.
Dərsliklərdə tərcümə ilə bağlı problemlərin, üslub
səhvlərinin olması faktları da mövcuddur. Təbii ki,
bunlar tədricən aradan qaldırılacaq.
Bu gün müəllimləri xüsusilə narahat edən IV sinif "Riyaziyyat"
dərsliyi ilə bağlı sonda bir daha onu vurğulamaq
istərdim ki, biz dərsliyin üzərində yenidən işləyirik,
həm Təhsil Nazirliyi tərəfindən aparılmış
araşdırmaların, həm də TQDK tərəfindən aparılmış
monitorinqin nəticələrini, eləcə də ayrı-ayrı
müəllimlərin qeydlərini nəzərə alacağıq.
Müəllimlərin irad və təklifləri
Gülzar Ramazanova,
Bakı Avropa Liseyinin fizika müəllimi:
- VI-VII siniflər üçün yeni kurikulumlarla
hazırlanan dərslikləri bəyənirəm. Lakin düşünürəm ki,
dərsliklər dəyişəndə həmin fənnə uyğun yeniliklər də
əlavə olunmalıdır. Dərsliklərdə bəzən riyaziyyatla
fizikanın tədrisində paralellik gözlənilmir. Məsələn,
VIII sinifdə "kosmik sürət" mövzusu var. Orda kökalmadan
istifadə olunur. Ancaq mövzunu keçərkən VIII sinif
şagirdləri hələ kökalmanın nə olduğunu bilmirlər.
Bundan başqa, ümumdünya cazibə qanununu keçərkən Yer
kütləsinin həcmini hesablamaq lazım gəlir, lakin məlum
olur ki, uşaqlar riyaziyyatda hələ bu hesablama üsulunu
keçməyiblər. Düsturlarda səhvlər, təriflərdə
uyğunsuzluqlar var.
Hikmət Mehtiyev,
132-134 nömrəli təhsil kompleksinin fizika müəllimi:
- VI sinif "Fizika" dərsliyi məni bir müəllim
kimi qane edir. Ancaq hər bir mövzudan sonra uşağın
verilən biliklərin daha yaxşı mənimsəməsi üçün lazım
olan keçilənlərin təkrarı yoxdur. VII sinif "Fizika"
dərsliyində də öyrənilənlərin təkrarına yer veilməyib.
Məsələ həllinə çox az yer verilir. VIII sinif "Fizika"
dərsliyi qaneedicidir. IX sinif "Fizika"
dərsliyini ən yaxşı yazılan dərslik hesab edirəm.
Gələcəkdə bu kitab yenidən işlənərsə burada keçilən
mövzu ilə bağlı şəkillərin olmasını istərdim. X sinif
"Fizika" dərsliyindən, açığı deyim, şagird,
ümumiyyətlə, heç nə anlamır. O elə bil sırf müəllim
üçün yazılan bir kitabdır. XI sinif "Fizika"
dərsliyində mövzuların yeri dəyişikdir. Ardıcıllıq
gözlənilməyib. Məsələn, əvvəlcə Kulon qanunu, sonra
elektrik sahəsi, daha sonra Lorens qüvvəsini
keçməliyik. Burada tam tərsinədir.
Solmaz Əskərova,
Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-
liseyin fizika müəllimi:
- VII sinif "Fizika" dərsliyinin səviyyəsi məni
qane edir. IX sinif "Fizika" dərsliyində bəzi
mövzularla bağlı mətnlər daha anlaşıqlı, əhatəli
olsaydı, düşünürəm ki, şagirdlər tərəfindən daha asan
qavranıla bilərdi. X sinif "Fizika" dərsliyi
sadələşdirilməlidir.
Zöhrə Bədəlova,
"Elitar" gimnaziyanın fizika müəllimi:
- VIII sinif dərsliyində düsturlar, texniki səhvlər var.
Təriflər əvvəlki illərdəkindən fərqlidir. Şəkillər və
qrafiklər üzrə düsturlara da çox rast gəlinir.
Riyaziyyat proqramı fizikadan geri qalır. Bu baxımdan,
məsələlərin həllində çətinliklərlə üzləşirik.
Nina Əhmədova,
Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-
liseyin rus bölməsinin fizika müəllimi:
- VII sinif "Fizika" dərsliyi çox yaxşıdır. IX
sinif "Fizika" dərsliyinin dili çox çətindir. Bu
dərslik elmi dildə yazılıb. Tərcüməsində problemlər var.
Elə mövzular var ki, onlar ali məktəbdə keçilməlidir.
XI sinif "Fizika" dərsliyi qaneedicidir. Ancaq
burada keçilən mövzuya uyğun nümunələr azlıq təşkil edir.
Professor Mirzəli Murğuzov,
"Fizika" dərsliklərinin müəllifi
Kurikulumdan
əvvəlki ənənəvi dərslikləri yazmazdan qabaq fizikadan
müəlliflər qrupu bölgələrə gedərək müəllimlərlə görüşüb,
dərsliyin proqramını ətraflı müzakirə etmişlər. Belə
görüşlər həm də paytaxtın bütün rayonlarında
keçirilmişdir. Bu görüşlərin çox böyük faydası oldu,
ümumi işimizin nəticəsinə müsbət təsir göstərdi.
Məlumdur ki, fizika bir təbiət elmi kimi müasir
təbiətşünaslığın konsepsiyasını müəyyən edir. Dünyanın
fiziki və təbii elmi mənzərəsinin, digər təbiət və
humanitar elmlərin konsepsiyasının hazırlanmasında
xüsusi əhəmiyyətə malikdir. XX əsrin sonlarında,
ümumiyyətlə, elmdə böyük dəyişikliklər baş vermişdir.
Müəlliflərin əsas vəzifəsi bu yenilikləri ümumiləşdirib
üzə çıxarmaq, təhsilə yeni məzmunda "Fizika"
dərsliklərinin gətirilməsinə nail olmaq idi.
Fizikanın məktəblərdə tədrisi üç üsulla həyata keçirilir.
Nəzəri və eksperimental məsələlərin öyrənilməsi və
həmçinin məsələ həlli. Əsas məqsəd sadə, şagirdlərin
başa düşəcəyi dildə yazmaq, daha çox həyati məsələlərə
yer vermək və uşaqlarda fizikaya maraq oyatmaq idi.
Bütün bunları edərkən elmin müasir nailiyyətlərindən
bəhrələnmək əsas məqsəd idi. Ənənəvi dərsliklərdən
kurikulum əsasında hazırlanan dərsliklərə keçərkən
təsvirdən çox uşaqların hadisələrin iştirakçısına
çevrilməsinə diqqət yetirilmişdir. Bu məqsədlə VI
sinifdə daha sadə təcrübələr təklif olunmuşdur.
Beləliklə, uşağın "Fizika" fənninə həvəs və marağı
ənənəvi dərsliyə nisbətən artmışdır. Bütün bunlar fənn
müəllimləri ilə mütəmadi əlaqədə olmaqla həyata
keçirilmişdir. Dərsliklərin yüksək səviyyədə olması üçün
Təhsil Nazirliyi, TQDK və fənn müəllimlərinin rəy və
təklifləri xüsusi rol oynamışdır. Müəlliflər adından
onlara öz təşəkkürümü bildirirəm.
"Azərbaycan müəllimi" qəzetinə göndərilən bəzi iradlara
münasibət bildirmək istəyirəm.
Riyaziyyat və fizikanın tədrisində paralelliyin
gözlənilməsi ənənəvi dərsliklərdən yeni dərsliklərə
keçdikdə nəzərə alınmışdır.
X
sinif mövcud "Fizika" dərsliyinin çətinliyini nəzərə
alaraq bu sinif üçün kurikulum əsasında yazılacaq yeni
dərsliyin xeyli sadələşdirilməsi planlaşdırılır.
"Hər bir mövzudan sonra keçilənlərin təkrarı yoxdur"
iradına münasibət bildirmək istəyirəm. Nə ənənəvi
dərsliklərdə, nə də kurikuluma uyğun hazırlanmış yeni
dərsliklərdə haqlı olaraq təkrarçılığa yol verilməyib.
Müəllim dərsi qurarkən biliyin möhkəmləndirilməsi
məqsədi ilə əvvəl keçilən mövzuların təkrarına da xüsusi
yer ayıra bilər.
"VII sinif "Fizika" dərsliyində məsələ həllinə çox az
yer verilir" iradına cavab olaraq deyim ki, dərsliyin
həcminə müəyyən məhdudiyyətlər qoyulduğundan məsələ
həllinə kifayət qədər yer ayırmaq mümkün olmur. Müəllim
əlavə vəsaitlərdən istifadə etməklə bu problemi istəyinə
uyğun həll edə bilər.
"XI sinif dərsliyində mövzuların yeri dəyişikdir"
iradına cavab olaraq deyim ki, XI sinif dərsliyində
mövzuların yeri dəyişik deyildir. Belə ki, IX sinifdə
elektrik sahəsi, maqnit sahəsi və onların
xarakteristikaları çox ətraflı verildiyi üçün XI sinifdə
bu mövzu "Elektrik yükü və ekektromaqnit sahəsi" adı
altında ümumiləşdirilmişdir.
Həmçinin "XI sinif dərsliyinin çox sadə olması və
proqramı tam əhatə etməməsi" iradına cavab olaraq deyə
bilərəm ki, XI sinif dərsliyi həqiqətən çox sadədir və
həcmi kiçikdir. Bu onunla əlaqədardır ki, dərslik
yazılarkən tədris planında fizika fənninin tədrisinə
həftədə bir saat yer verilmişdi. Dərslik nəşr olunduqdan
sonra isə fizika fənninin tədrisinə həftədə 2 saat yer
ayrıldı. Bu problem yeni dərsliklər yazılarkən nəzərə
alınmalıdır.
"IX sinif "Fizika" dərsliyinin dili çox çətindir"
iradına gəldikdə deyə bilərəm ki, bu dərsliyin dilində
heç bir problem görmürəm. Digər müəllimlər IX sinif "Fizika"
dərsliyi haqqında yüksək fikir söyləmişlər.
Belə müzakirələrin tez-tez keçirilməsinin tərəfdarıyam.
Müəllimlərlə dərslik müəllifləri arasında körpü
yaratdığı üçün "Azərbaycan müəllimi" qəzetinin
kollektivinə təşəkkür edirəm. Bu müzakirələrin ümumi işə
müsbət təsir edəcəyini düşünürəm.
Müəllimlərin irad və təklifləri
Gülnarə Gülməmmədova,
Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi:
- Azərbaycan dilinin qrammatikasına çox az yer verilir.
Müəlliflər əsasən öz mətnlərini dərsliklərə
yerləşdirirlər. Dahi şairlərimizin, yazıçıların
yaradıcılığına çox az yer verilir. IV sinif
"Azərbaycan dili" dərsliyi ancaq mətnlərdən ibarətdir.
Çalışmalar yoxdur. Qrammatikaya, demək olar ki, yer
ayrılmayıb.
Nəsrəddin Şəfiyev,
132-134 nömrəli təhsil kompleksinin Azərbaycan dili
və ədəbiyyat müəllimi:
- "Azərbaycan dili" dərsliklərində mətnlərin sayı
çoxdur. Elə bil "Ədəbiyyat" dərslikləridir. Dil
qayda-qanunlarıı öyrətməkdən çox, ensiklopedik məlumat
kitablarını xatırladır.
Əminə Səfərova,
Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli
məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi:
- Bütövlükdə yeni kurikuluma uyğun hazırlanmış
"Azərbaycan dili" dərsliklərindən razıyam. Lakin məni
qane etməyən müəyyən məsələlər də var. Məsələn, VII
sinif "Azərbaycan dili" dərsliyində mətnlərin həcmi
çox böyükdür. Dil qaydalarının öyrədilməsində
pərakəndəlik var, ardıcıllıq gözlənilməyıb. Çalışmalar
isə, əksinə, çox azdır. VIII, IX, X, XI siniflərin
"Azərbaycan dili" dərslikləri həddindən artıq qrammatik
qaydalarla yüklənib.
Mənsurə Ağakişiyeva,
Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli
məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi:
- V sinif "Azərbaycan dili" dərsliyində elə
mövzular var ki, onlar səthi işlənilib, mətnlərin həcmi
böyükdür.
Nəsib Musayev,
"Elitar" gimnaziyanın Azərbaycan dili və ədəbiyyat
müəllimi:
- VI sinif "Azərbaycan dili" dərsliyinə xüsusi
iradım var. Dərslikdə cəmi 4-5 tapşırıq var. O da aşağı
səviyyədə. Mövzular hamısı nağıldı. Axı biz dil keçirik.
"İxtiralar və kəşflər" bölməsini uşaqlar çox çətin
qavrayır. Bununla yanaşı şagirdləri düşündürən
tapşırıqlar da var.
Böyükxanım Sadıqova,
"Elitar" gimnaziyanın Azərbaycan dili və ədəbiyyat
müəllimi:
- V sinif "Azərbaycan dili" dərsliyindəki mətnlər
çox mürəkkəbdir. İsimin hallarına bir saat vaxt verilib.
Bu çox azdır. Ardıcıllıq gözlənilmir. Belə ki, isimin
halları qurtarır, sifətin dərəcələri başlayır, sonradan
yenə isimə keçilir. Düzəltmə isimlər, ümumiyyətlə,
yoxdur.
Pərvanə Xanməmmədova,
Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli
məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi:
- VII sinif "Azərbaycan dili" dərsliyində yazılı
çalışmalara yer az verilib. Azərbaycan bölməsinin VIII
və X sinif "Azərbaycan dili" dərslikləri isə məni qane
edir.
Aynur Dadaşova,
132-134 nömrəli təhsil kompleksinin Azərbaycan dili
və ədəbiyyat müəllimi:
- VI sinif "Azərbaycan dili" dərsliyində
qramatikaya çox az yer verilir və verilənlər də bəsit
şəkildədir. Mətnlərə olduqca geniş yer verilib, ancaq
tapşırıqlar çox azdır.
Rafiq İsmayılov,
"Azərbaycan dili"
dərsliklərinin müəllifi
Mən
də, öz növbəmdə, sizin ayrı-ayrı məktəblərdə
müəllimlərlə görüşərək onların dərsliklərlə bağlı
fikirlərini, təklif və rəylərini, müəyyən iradlarını
biz müəlliflərə çatdırmağınızı təqdir edirəm.
Çalışacağam ki, hər bir fikir söyləyən müəllim mənim
dediklərimdə öz cavabını tapsın.
Əvvəla, onu qeyd edim ki, son 1 il ərzində həm
regionlarda, həm də Bakıda müəllimlərlə çoxlu
görüşlərimiz olub. Həmin görüşlərdə, eləcə də Təhsil
Nazirliyi və TQDK-nın xətti ilə aparılan
monitorinqlərdə bir sıra irad və təkliflər göstərilib.
Qeyd olunanlar arasında elmi, texniki, dil- üslub və s.
məsələlərlə bağlı iradlar var ki, bunların da içərisində
qəbul etdiklərim çoxdur.
Söylənilənlərə münasibətimi bildirərkən öncə onu qeyd
edim ki, ayrı-ayrı faktlarla bağlı iradlarla, əsasən,
razılaşmalı oluruq. Ancaq konsepsiya ilə bağlı fikir
bildirən müəllimlərin bir əlində dərslik olanda, bir
əlində də kurikulumu tutmasını istəyərdim. Yəni
"müəllif niyə belə yazıb" deyənlərdən xahiş etmək
istərdim ki, özlərinə "kurikulumda bununla bağlı nə
yazılıb" sualını da versinlər. Belə olsa, onlar bir çox
sualların cavabını tapacaqlar və bəzi iradlar aradan
qalxacaq.
Müəllimlərin "Azərbaycan dili" dərslikləri ilə bağlı
qeyd etdikləri iradların çoxu dil qaydalarının azlığı
ilə bağlıdır. Bəziləri isə mətnlərin çoxluğundan
şikayətlənir, bu mənada bizim dərsliklərin daha çox
ədəbiyyat dərsliklərinə oxşadığını bildirirlər.
Beləliklə, bir çoxları istəyir ki, mətnlər azalsın, dil
qaydaları çoxalsın. Hətta bir müəllim öz iradında
bildirir ki, "biz dilçilik keçirik, ədəbiyyat yox". Amma
nəzərə almaq lazımdır ki, bu gün dilin tədrisində dil
qaydaları son məqsəd deyil, nitq bacarıqlarına
yiyələnmək üçün vasitədir. Kurikulumun tələbinə görə,
dilçiliyi elə səviyyədə öyrətməliyik ki, o, dinləmə,
danışma, oxu və yazı bacarıqlarının inkişafına kömək
etsin. Qaldı ki, mətnlərin çoxluğu və böyüklüyü ilə
bağlı iradlara, nədənsə müəllimlərdə belə bir fikir
formalaşıb ki, "Azərbaycan dili" dərsliklərindəki
mətnlərdə öz əksini tapmış faktoloji materiallar
sonradan qiymətləndirmə obyekti olacaq. Tutaq ki, biz
dərsliyə Makedoniyalı İsgəndər haqqında mətn salmışıq
və orada tarixlər, faktlar var. Lakin həmin tarixlər və
faktlar yalnız tarix dərsliyində qiymətləndirmə obyekti
ola bilər. Azərbaycan dili fənnində isə uşaqlardan
verilmiş müəyyən vaxt çərçivəsində həmin elmi-kütləvi
mətni oxuyub qavramaq tələb olunur. Bunun üçün çoxlu oxu
texnikası təklif edilir.
Məlum olduğu kimi, bir çox ölkələrdə dil və riyaziyyat
fənlərindən buraxılış, bəzi hallarda isə qəbul
imtahanları keçirilir. Bu ona görədir ki, dil fənnində
uşağın yiyələndiyi bacarıqlar bütün fənlərdə öz təsirini
göstərir. Bu bacarıqlara dərindən yiyələnmiş insan,
adətən, digər fənlərdə də uğurlu olur. Dil fənni yalnız
dilçiliyi öyrətmir, həm də intellekti artırır.
Müəllimlərin qeydlərində bəzən ziddiyyətli fikirlərə də
rast gəlmək olur. Məsələn, VI sinif "Azərbaycan dili"
dərsliyi ilə bağlı fikir söyləyən müəllim bir tərəfdən
mövzuların hamısının nağıl olduğunu, digər tərəfdən isə
həmin dərslikdə "İxtiralar və kəşflər" bölməsini
uşaqların çox çətin qavradıqlarını deyir.
Müəllimlər dil qaydalarının verilməsində pərakəndəliyin
olduğunu qeyd edirlər. Bu cür iradlar isə ənənəvi
proqramdan irəli gələn stereotiplərlə bağlıdır. Bəli,
ənənəvi proqramda V sinifdə fonetika və leksikanı, VI
sinifdə isim, sifət, sayı, VII sinifdə feli, köməkçi
nitq hissələrini və s. keçib qurtarırdıq. İndi isə belə
deyil. Kurikulum qrammatik kateqoriyaların təqdimatında
yaş səviyyəsinin nəzərə alınmasını tələb edir. Ona görə
də hər bir nitq hissəsinə aid sadə kateqoriyaları aşağı
siniflərdə, nisbətən mürəkkəb kateqoriyaları isə yuxarı
siniflərdə tədris etmək lazım gəlir. Məsələn, ismin
halları haqqında ümumi məlumat V sinifdə,
qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik hal isə VI
sinifdə təqdim olunur. Bu həm də keçilmiş nitq
hissələrinin növbəti siniflərdə təkrarlanmasına xidmət
edir. Müəllimlər isə bunu sistemsizlik kimi izah etməyə
çalışırlar.
V sinif "Azərbaycan dili" dərsliyi ilə əlaqədar düzəltmə
isimlər haqqında məlumat verilməməsinə irad bildirilir.
Bu da uzun illər ərzində formalaşmış stereotiplərdən
biridir. Müəllimlər istəyirlər ki, bir dərslikdə müəyyən
nitq hissəsi haqqında bütün məsələlərə nöqtə qoyulsun.
Halbuki V sinifdə, ümumiyyətlə, söz yaradıcılığı
haqqında, növbəti siniflərdə isə müxtəlif nitq
hissələrinin, o cümlədən ismin quruluşca növləri
haqqında məlumat verilir.
Müəllim tərəfindən irad kimi səsləndirilən "Azərbaycan
dili dərsliklərində mətnlərin sayı çoxdur, elə bil
ədəbiyyat dərslikləridir" fikri də, məncə, kurikulumun
tələblərinin nəzərə alınmamasından irəli gəlir.
Təhsilini kurikulum əsasında quran ölkələrin
əksəriyyətində "Ədəbiyyat" fənni IX sinifdən keçilir. O
vaxta qədər ədəbiyyat üzrə müəyyən bacarıqlar, məsələn,
janrlar, bədii ifadə vasitələri və s. haqqında
məlumatlar elə dil fənnində öyrədilir. Bizdə isə ayrıca
ədəbiyyat fənni də var. Ona görə də biz dərslik yazarkən
ədəbiyyat dərsliklərinin də yazıldığını diqqətdə
saxlayırıq. "Azərbaycan dili" dərsliklərində dünya
ədəbiyyatı nümunələrinin və elmi-kütləvi mətnlərin daha
çox yer alması da bu faktla bağlıdır.
Mətnlər də, sadəcə, bilik və ya zövq almaq üçün verilmir.
Onlar şagirdlərdə nitq bacarıqlarını inkişaf etdirməyə
xidmət edir. "Çiy" halda götürülmüş çox az mətn var ki,
bu bacarıqları, standartları reallaşdırmağa imkan versin.
Ona görə də çox zaman mövcud mətnləri yenidən işləməyə
və ya yeni mətn yazmağa məcburuq. Yalnız bu halda
şagirdlərin yaş, intellektual və maraq səviyyəsini
nəzərə almaq, pedaqoji prinsipləri gözləmək mümkündür.
Bəzən mediada valideynlər, hətta müəllimlər "filan
dərslik bərbaddır" kimi ifadələr işlədirlər.
Ümumiyyətlə, yaxşı olardı ki, dərsliklə bağlı fikir
söyləyərkən bu cür emosional sözlərdən uzaq olaq, daha
çox konstruktiv fikir söyləyək və onu arqumentlərlə
əsaslandıraq. Əslində, dərsliklərimizdə şagirdlərə
aşılamaq istədiyimiz əsas bacarıqlardan biri də elə
budur.
Biz dərslik müəllifləri çalışırıq ki, dərslikdəki
materiallar uşaqlarda təfəkkürün inkişafına xidmət etsin,
onların beyinləri lazımsız biliklərlə yüklənməsin. Bu,
kurikulumun tələbidir. Bu tələblərə uyğunlaşmaq
müəllimlərdən gərgin əmək tələb edir. Onlar
unutmamalıdırlar ki, son məqsəd məzmun standartlarıdır,
dərslik bu standartları reallaşdırmaq üçün bir
vasitədir.
"Azərbaycan dili" dərsliklərimizi növbəti il üçün
hazırlayarkən bəzi mətnlərin uşaqların yaş səviyyəsinə
uyğun olaraq seçilməsi məsələsinə baxmağı, bir sıra
mətnlərin ağırlığı ilə bağlı müəllimlərin fikirlərini
nəzərə almağı düşünürük. Ancaq "dil qaydaları
çoxalmalıdır, mətnlər azaldılmalıdır" fikri ilə qətiyyən
razılaşmaq olmaz.
(Ardı gələn sayımızda)
Hazırladılar: Yusif Əliyev,
Niyazi Rəhimov,
Samirə Kərimova,
fotolar: Rəşad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi" |