Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Məktəb direktorunun neçə müavini olmalıdır?

 

Rusiyanın ayrı-ayrı məktəblərində aparılmış sorğular  bu sualın cavabını tapmağa imkan verib. "Uçitelskaya qazeta"nın məlumatına görə, cavablar heç də birmənalı qiymətləndirilə bilməz.  Voronej şəhərindən gimnaziya direktoru  Tatyana Bondarevanın sözlərinə görə,  müavinlərin  sayı  nə  qədər  çox olsa,  bir  o  qədər yaxşıdır.  Əgər məktəbdə mindən artıq şagird təhsil alırsa, müavinlərin çox olması  vacibdir.  Tədris hissə müdirinin  işinin  həcmi  nə qədər az olarsa,  o,  öz  vəzifəsinin öhdəsindən daha keyfiyyətlə gələ bilər.

İlk növbədə,  məktəb direktorunun  tədris işləri üzrə müavini olmalıdır,   yaxşı olardı ki, onlar  bir neçə istiqamət - təbiət-riyaziyyat,  humanitar, ibtidai məktəblər üzrə bir neçə nəfər olsunlar.  Tərbiyə işləri  üzrə  müavin və ona köməkçi  də lazımdır, əvvəllər  köməkçilər  pioner rəhbərləri adlanırdı.  İndi bu dərəcələri optimallaşdırırlar, amma onlarsız keçinmək  həm məktəb, həm də tədris hissə müdiri üçün çətindir.   Məktəb direktorunun  təsərrüfat işləri üzrə müavininin olması  da vacibdir, bu, ənənəvi vəzifədir.  Son illərdə İKT-nin inkişafı ilə əlaqədar olaraq  informasiya  texnologiyaları  və ya informatlaşdırma üzrə tədris hissə müdiri lazımdır.  Ayrı-ayrı məktəblərdə bu vəzifə müxtəlif cür adlandırıla bilər.

Novqorod vilayətindən kənd məktəbinin  direktoru Valentina Aleksandrovna qeyd edir ki, onun  təlim-tərbiyə,   tərbiyə işləri üzrə 2 müavini  var.  "Onlar mənim dayağım və dəstəyimdir.  Məktəbi əminliklə müəyyən  situasiyalarda tamamilə  onların ixtiyarına buraxa bilərəm.   Tam əmin ola bilərəm ki,  məktəbdə hər şey öz  qaydasında olacaq, həm  müəllimlər, həm də  uşaqlar məktəbin bütün planları barədə xəbərdar olacaq, həmişə olduğu kimi, bütün maraqlı müsabiqələrdə və tədbirlərdə iştirak edəcəklər.   Məktəbimiz kiçikdir, burada cəmi bir neçə on nəfər çalışır.  Ona görə də mənim müavinlərim  həm də  musiqi və rus dili və ədəbiyyatı müəllimləri kimi də  fəaliyyət göstərirlər.   Hesab edirəm ki,  bu, kiçik kənd məktəbinin pedaqoji heyətinin  optimallaşdırılması üçün yeganə çıxış yoludur". 

Petrozavodskdan xarici dillər təmayüllü məktəbin direktoru Yelena Mixiyevanın sözlərinə görə, müavinlərin sayı şagirdlərin sayından, məktəbin səviyyəsindən və xüsusiyyətlərindən asılıdır.  "Əgər maliyyə imkanı olsaydı, mən mövcud olan müavin vəzifələri ilə yanaşı, direktorun elmi-metodik işlər və informatlaşma üzrə müavinlərinin  təyin olunmasını da  təmin edə bilərdim", -deyə direktor bildirir. Yeri gəlmişkən,  təhlükəsizlik məsələləri üzrə direktor müavini  vəzifəsini  mən zərurət hesab etmirəm, bu vəzifə nə vaxtsa yuxarıdan bizə diktə olunub.

Leninqrad vilayətindəki  Priozersk Politexnik Kollecinin direktoru Qalina Şevçenkonun sözlərinə görə, direktor müavinlərinin  sayı  təhsilalanların sayından asılıdır. Əgər  təhsil müəssisəsində 250 nəfər təhsil alırsa, 2 direktor müavininin olması kifayətdir.  Əgər 250-400 nəfər təhsil  alırsa,  tədris işləri, tərbiyə, istehsalat, təsərrüfat fəaliyyəti üzrə  direktor müavinləri   lazımdır. Əgər  400 nəfərdən artıq  şagird təhsil alırsa, onda həm də şöbə müdirləri lazımdır.  "Lakin bu yalnız mənim fikrimdır.  Müəyyən olunmuş ştat normativləri mövcuddur ki, biz onlara əməl etməliyik.  Lakin  vəsait olduğu təqdirdə müavinlərin,  onların məvacib  və vəzifə maaşlarına əlavələrin təyin olunması  birbaşa direktorun  səlahiyyətləri daxilindədir". 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
"Uçitelskaya qazeta"dan 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov