Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Xocalım, ay Xocalım

 

(Kompozisiya) 

Ya rəbb, bu nə dəhşət, nə  fəlakət?

Ya  rəbb, bu nə vəhşət, nə zəlalət?

Yox  kimsədə  insafü-mürüvvət,

İblisəmi  uymuş  bəşəriyyət?

Hüseyn Cavid 

Biri var idi, biri  yox  idi, axar-baxarlı, başı ağ çalmalı, həyatın hər səhnəsinin şahidi, dünənini keçmişlərə fəxarətlə  gömən, bu günləri inamla salamlayan, sabahlara ümidlə göz dikən dağların  qoynunda  Xocalı  adlı bir cənnətməkan var  idi. Qarabağın sinəsindən   pərvazlanan  bu ocaq yerində  hər  səhər  göylərin nazlı gözəli günəş  təbəssümü ilə insanları yuxudan oyadar, həyat  öz axarı ilə davam edərdi.

Günlərin bir günü...

Bu dağların qoynunda yaşıl bir kənd  varıydı,

Əlvan saray, güllü bağ, gen aynabənd, varıydı,

Neçə dodağı şəkər, söhbəti qənd  varıydı,

Neçə incəbel  gözəl, zülfü kəmənd  varıydı.

Yoxdu, daha nağıldı,

İtdi, batdı, dağıldı.                                                

Mənim şirin qafiyəm, mənim üçcə hecalım,

Xocalım, ay Xocalım.

Bu  füsunkar  məkanın  üstünü qara  buludlar  aldı. İşıqlı sabaha doğru can atan qədim azəri yurdu erməni qəsbkarlarının iştahına, hərisliyinə qurban oldu. Hansı işğalçı belə gözəlliyin əsiri olmaz? Lakin  azğın,  bədnam qonşularımızdan başqa, yəqin, heç kim  həsəd apardığı füsunkarlığın  qənimi olmaz. Bu xəbislik, şübhəsiz, onlara, balayanların törəmələrinə xas ola bilərdi. Məhv etdilər Xocalımı. Sildilər yer üzündən elimin bir parçasını. İtib-batan diyarımız! Qəlbi yaralı torpağımız! Nə deyək ki,yaralarına məlhəm olsun. Nə söyləyək ki, dərya qədər dərdindən bir damla götürə bilək.

Quruyub cadar olmuş dodaqlara nə deyim?

Kəsilmiş biləklərə, barmaqlara nə deyim?

Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?  

Tanrı rəva bilməsin mən bu dərdlə qocalım,

Xocalım, ay Xocalım!

Xocalı faciəsi XX əsrin ən ağır faciəsidir. Vorfolomey gecəsitək dəhşətli idi tariximizin bu günü, bu səhifəsi. Sinəsinə vurulan bir yaranın  acısı, sızıltısı hələ sızım-sızım sızıldarkən, gizildərkən, 20 Yanvar dəhşəti qəlblərdə, yaddaşlarda göynəyərkən yeni bir soyqırımı yaşadıldı xalqıma. Ermənilər bu soyqırımı düşünülmüş, planlı şəkildə   həyata  keçirmişlər. Bu əməliyyatı erməni faşistləri "Asala"terror təşkilatı ilə birlikdə, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayı  ilə birləşərək  təşkil etmişlər.

Ağzından alov çıxan silahlar yedi səni,

İştahalar, nəfslər, tamahlar yedi səni.

Bağışlanmaz,yuyulmaz günahlar yedi səni.                    

...Heç Allah  götürərmi qisasımı  gec alım?

Xocalım, ay Xocalım!

Gözlərini  qan  tutmuş  ermənilər  quduzlaşmış  rus əsgərləri ilə birləşərək sənə divan tutdular. Əlin  heç yana çatmadı, səsini kimsə eşitmədi. O gün dağ da, daş da  bu terrora üsyan etdi. Axan çaylar bu acıya hönkürə-hönkürə ağı dedi. Əsən yellər ağı içində qıvrılan yurddaşlarımın ahını, amanını dünyaya çatdırmağa çalışdı. Yağan yağışlar murdar quldurların  izlərini yuyub aparmağa can atdı. Göylərdən  ələnən qar  çöllərdə, düzlərdə donaraq ölənlərin  kəfəni oldu.

Töküldülər üstünə quduz kimi, ac kimi,

Şumladılar yer kimi, qırdılar ağac kimi.

Dağıtdılar çöllərə əsir, yalavac kimi.

Səni qaldırammasam başım üstə tac kimi,

Tarixin yaddaşında  çətin qalxım, ucalım,

Xocalım, ay Xocalım!

Aylarla mühasirədə qaldıqda,  səsin  ərşə dayananda  dayağın olmadı  sənin. İmdad diləyən  bu  çağırışı  eşitmədilər. Gözlənən  təhlükəni  hiss etdilərsə də, düşmənin burnumuzun ucunda olduğunu anlasalar da, marığa yataraq hücuma  fürsət  axtardığını bilsələr də, laqeydlikdən, idrakı  sönüklərin   xəyanətkarlığından, biganəliyindən, qorxaqlığından heç nə  etmədilər. Yanan çırağının sönməsinə rəvac verdilər. Gözlərindən axan qanlı göz yaşlarına inanmadılar, silmədilər. Yardımına yetişmədilər.    

Xocalının işğalı  zamanı 7000-dən çox əhalinin bir gecədə  613 nəfəri, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın xüsusi  amansızlıqla qətlə yetirilmişdir.

Yağılar  gəlirdi  dizləri  qanlı,

Ağızları  qanlı, sözləri qanlı...

Bir  gəlin  qaçırdı  dizləri  qanlı,

Bir  gəlin  qaçırdı  dağlara  sarı.

"Şəhidlər"  mahnısı

Xocalıda 8  ailə tamamilə  məhv edilmiş, 25 uşaq  iki  valideynini,130 uşaq bir valideynini itirmişdir.

Xocalı  soyqırımında  500-ə qədər adam yaralanmışdır. Onların  76-sı uşaqdır. 1275 nəfər girov  götürülmüş,150 nəfər itkin    düşmüşdür. Nə idi günahı onların? Suçu  türk olmaları idi. Xocalıda güllələnmiş  4 aylıq çağanın günahı azərbaycanlı olması idi. Analarımız ağılarını bu dəfə həmin  çağaya da, əlində məktəb çantası ilə qətl edilən balaca məktəbliyə də, qırmızı xonçası qaraya boyanan  gəlinə də, ayaqyalın, düşmən gülləsindən qaçaraq şaxtanın buz pəncəsində həyata gözlərini yuman  gənc oğlana da, körpəsi qarnında süngülənən  anaya da, qoca və xəstə  olduğundan, qaça  bilmədiyindən evində yandırılaraq qətlə yetirilən ağsaqqala da, onlardan da  betər günə  qalan Xocalıya oxudular...

Duz basdılar yarana,

Layla, Xocalım, layla.

Düşdün  gülləbarana

Layla, Xocalım, layla. 

 

Daş  üstə daşmı qaldı?

Salamat başmı  qaldı?

Gözümdə yaşmı qaldı?

Layla, Xocalım, layla.    

Neçə illərdir Xocalısız yaşayırıq. Amma necə?! Qulağımızda qaçqınların naləsi,  üstümüzdə şəhidlərin ruhu, qəlbimizdə Vətənın yarası.. Hər il  26 fevral yaxınlaşanda özümüzü günahkar hesab edirik.  Xocalını düşmənlərdən xilas edə bilməmişik. Şəhid ruhlarının  narahatlığını duyuruq. Onların  intizarını, incikliyini  hiss edirik.

Şəhidlərin,qaçqınların

Üstümüzdə min ahı var.

Çatdığımız bu nöqtədə

Hamımızın günahı var!   

Əldən getdi yurd-yuvamız,

Necə dözdük bu dərdə biz?

Qaytarmaqçün haqqımızı

Əl açmayaq namərdə biz...

("Heyratı"  sədaları  altında " Qalx  ayağa, millət"  mahnısı  oxunur).

Vətən oğulları, qalxın ayağa,

Vətənin dağları sizi çağırır.

Əsir düşmüş gəlinləri, qızları,

Yaşıl yaylaqları sizi çağırır.  

 (Əsgər marşı oxunur)

Bu gün bizim ümidsizliyə  qapanmağa  haqqımız yoxdur. Artıq   Azərbaycanın güclü ordusu var. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi  ilə  Çingiz  qeyrətli, Mübariz ürəkli oğullarımızın torpaqlarımızı qaytaracağı gün uzaqda deyil.

Gün o gün olsun ki, qurtarsın  dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən intiqam, qisas,

Torpaq  nəfəs  alıb dincəlsin  bir  az... 

("Yaşa, Azərbaycan"  mahnısı  oxunur)

 

Ayna MƏHSİMOVA,
Qax şəhər N.Allahverdiyev adına  2 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov