Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Azərbaycan Dillər  Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Azərbaycan Dillər Universitetidir 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]

Böyütmək üçün seçinAzərbaycan SSR Xalq Komissarları Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul edib. Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında V.İ.Lenin adına APİ-nin xarici dillər fakültəsi 1941/1942-ci tədris ilindən Pedaqoji Xarici Dillər  İnstitutuna çevrilib.

 1959-cu ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq" barədə qərar qəbul edib. Respublika Maarif Nazirliyinin həmin qərarların icrası ilə əlaqədar olaraq 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirilib. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrilib. Hazırda ali təhsil ocağında təhsilin bütün pillələri üzrə tədris aparılır. Universitetdə 5 fakültə üzrə 3479 ödənişli, 2509 nəfər isə dövlət sifarişi ilə təhsil alır. 2014-cü ildə məzunların sayı 1107 nəfər olub. 2014-2015-ci tədris ilində universitetə qəbul olan tələbələrin sayı 1630 nəfərdir. Onlardan 150 nəfəri magistratura pilləsində təhsil alır. 2014-cü ildə universitetin məzunlarından magistr adını qazananların sayı isə 45 nəfərdir. 92 nəfər 600-dən yuxarı bal toplayıb, 2 nəfər Prezident təqaüdü alır. Universitetdə 53 nəfərə "Gələcəyin müəllimi" təqaüdü verilir ki, onlardan 15 nəfəri filologiya və jurnalistika, 38 nəfəri isə pedaqoji fakültənin payına düşür. Universitetdə 739 nəfər müəllim-professor heyəti çalışır. Onlardan 32 nəfəri elmlər doktoru, 178 nəfəri fəlsəfə doktoru, 26 nəfəri professor, 100 nəfəri dosentdir. Ötən il universitet əməkdaşlarının xarici jurnallarda 56 məqaləsi dərc olunub. Ali təhsil ocağına 2000-ci ildən professor Səməd Seyidov rəhbərlik edir. 

Maddi-texniki baza və İKT

Böyütmək üçün seçinAzərbaycan Dillər Universiteti üç tədris binası və iki yataqxanadan ibarətdir. Ötən il ali təhsil ocağının 15-ə yaxın auditoriyası proyektorlarla,  tərcümə otaqları bütün lazımi avadanlıqlarla təmin edilib. Yeni kompüter avadanlıqları alınıb. Korpuslar arasında Fibel optik xətt ilə intranet şəbəkəsi mövcuddur. Daxili infrastrukturun idarə olunması serverlər vasitəsilə həyata  keçirilir. Müasir avadanlıqlarla (kompüter, proyektor) təchiz olunmuş auditoriyalar və konfrans zalları tələbə və müəllimlərin ixtiyarına verilib. ADU-nun akt zalında yerləşən, eyni zamanda 6 dilə tərcümə edə bilən "Bosch" simsiz sinxron tərcümə sistemi mövcuddur. Bundan başqa, ali təhsil ocağında birbaşa videokonfransların, onlayn tədbirlərin, məsafədən təhsilin keçirilməsi üçün 3 ədəd DVC (Digital Video Conference system) avadanlıqları (1 ədəd Tandberg, 2 ədəd Polycom) var. Bu tədris ilinin əvvəlində universitetdə TV studiya yaradılıb. Burada əsasən jurnalistika fakültəsinin tələbələri ixtisaslarının praktik tərəflərini öyrənəcəklər. İnformasiya Resurs Kompleksində yerləşən və TVADU  adı ilə fəaliyyət göstərən studiyada müxtəlif verilişlər, müsahibələr və tədbirlər hazırlanır və onlar http://tvadu.az portalı ilə bütün dünyaya yayımlanır.   Yaxın zamanda TV studiyadan təkcə əsas korpusda yox, həm də digər korpuslarda olan tələbələr də yararlanacaq. Həmçinin TV studiya vasitəsilə distant təhsil həyata keçiriləcək.

2015-ci ildə ADU-da "Elektron universitet" yaradılması nəzərdə tutulur.  Bütün universitetin daxili idarəetməsi və tədris prosesi "Elektron universitet" vəsitəsilə həyata keçiriləcək (tələbələrin qiymətləri, təhsil haqlarının onlayn ödənişi, arayışlar, mühasibatlıq, HR  və s.)

Böyütmək üçün seçinHazırda yataqxanada qalan tələbələr üçün internet xətti çəkiləcək. 

İmtahan sessiyası 

ADU-da imtahan prosesi bütün fakültələrdə yazılı aparılır. Bütün bu prosesləri kurikulum və keyfiyyətə nəzarət departamenti həyata keçirir. Bu ildən şəffaflığı daha yaxşı təmin etmək üçün bütün yoxlama zallarına kamera qoyulub. İmtahanların nəticəsi tələbənin növbəti imtahan gününə qədər elan olunur. Nəticələrindən narazı qalan hər bir tələbənin haqqı var ki, apelyasiyaya müraciət etsin. "Bakı-2015" birinci Avropa Oyunları ilə əlaqədar olaraq imtahan sessiyalarının vaxtı azaldılıb. Buna görə  ADU-da qış semestrinin əvvəlindən başlayaraq artıq yaz imtahan sessiyasına da hazırlıq gedir. Qeyd edək ki, universitetin 1200-ə yaxın tələbəsi artıq bu oyunların təşkilində könüllü olaraq iştirak etməyə cəlb olunub.  

ASAN kart 

Böyütmək üçün seçin2014-cü ilin fevral ayında ADU və ASAN xidmət arasında memorandum imzalanıb. ASAN xidmətlə əməkdaşlıq nəticəsində tələbə biletləri və ADU-nun əməkdaşlarının iş vəsiqələri hazırlanır. Bu tədris ilindən başlayaraq həmin proses həyata keçirilir. Artıq I kursda təhsil alan 1700-dən çox bakalavr və magistr tələbəyə, həmçinin 1000-ə yaxın işçiyə ASAN xidmət vasitəsi ilə kartlar verilib. Universitet korpuslarının girişində xüsusi aparatlar quraşdırılıb. Tələbələr və işçilər universitetə gələndə və gedəndə kartı yaxınlaşdırıb giriş və çıxışlarını göstərəcəklər. Sistem yaxın zamanda işə salınacaq. Bu kartın üstünlüyü ondadır ki, onun daxilində xüsusi çip var. Yaxın gələcəkdə bu kartla yeraltı və yerüstü nəqliyyatdan istifadə edilməsi planlaşdırılır. Əgər razılıq əldə edilərsə tələbələr təqaüdlərini də bu kart vasitəsilə alacaqlar. Təqaüd almayan tələbələr karta pul ödəmələri edə biləcəklər. Tələbə yeməkxanasında ödənişləri nəğd yox, kartlar vasitəsilə həyata keçirilməsi də planlara daxildir. Eyni zamanda kart vasitəsi ilə universitet kitabxanalarına giriş-çıxış mümkün olacaq. Hətta M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə danışıqlar gedir ki, onların kartı əvəzinə tələbələr bu kart vasitəsilə kitabxananın xidmətlərindən istifadə etsinlər.   

Kitabxana 

Böyütmək üçün seçinKitabxana 1948-ci ildə APİ-nin kitabxanasından köçürülən 7000-ə qədər kitab və 4 işçi ilə fəaliyyətə başlayıb. Hazırda kitabxanada 518715 nüsxə kitab var. Kitabxananın modernləşdirilməsində 2006-ci ildə EKSON Mobil Əməliyyat Şirkəti tərəfindən keçirilən müsabiqənin qalibi kimi ayrılan 14 min ABŞ dolları müəyyən rol oynayıb. Həmin vəsait hesabına Azərbaycanın bir çox ali məktəb kitabxanalarında tətbiq olunan AİY (avtomatlaşdırılmış işçi yeri) İRBİS-64 sistemi alınıb. Kitabxanadakı kataloqların elektron variantını hazırlamaq prosesi üzərində ciddi iş aparılır və 2006-cı ilin ikinci yarısından kitabxanaya alınan kitabların hamısı, fonddakı retro kitablar isə tədricən İRBİS-64 sistemi əsasında işlənməyə başlanıb. Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazaları yaradılması sahəsində də iş aparılır. İRBİS-64 sisteminin tətbiqini daha  da sürətləndirmək məqsədilə kitabxananın bütün şöbələrində avtomatlaşdırılmış işçi yerləri (AİY) təşkil, onların hamısı kompüterlərlə təmin edilib.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərin "Biblioqrafiya"sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərlərinin biblioqrafiyası Azərbaycan və rus dillərində 2 cilddən ibarət hazırlanıb nəşriyyata təqdim edilib.  

Kitabxana İnformasiya Mərkəzi (KİM) 

Böyütmək üçün seçinKİM kitabxananın nəzdində fəaliyyət göstərir. Onun məqsədi maariflənməni dəstəkləmək, təlim və tədqiqatda üstün olmaqdır. Universitetin informasiya ehtiyaclarını qarşılamaq, tələbələrin, tədqiqatçıların informasiya və axtarışlarına kömək etmək üçün müasir informasiya texnologiyaları sahəsində liderliyini saxlamaqdır. Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirməkdir. Kitabxana İnformasiya Mərkəzi bir çox beynəlxalaq konfrans və sərgilərdə iştirak edib. Bunlara 2012-ci ildə Azərbaycan fondunun elektron kataloqa köçürülməsinin başa çatdırılması, 2013-ci ildə Kitabxana İnformasiya Mərkəzinin yeni strukturda fəaliyyəti, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi yarmarkasında, 2014-ci ildə "ADA" Universitetində kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi mövzusunda I beynəlxalq elmi konfransda və keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakını nümunə göstərmək olar.

KİM oxucularına bir çox xidmətlər də göstərir. Belə ki, onların  müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasının qayğısına qalır. Oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir. Şöbədə işin bütün mərhələləri 2006-cı ildən İRBİS-64 sistemi əsasında aparılır. Kitabxana fondunu Azərbaycan və xarici dillərdə zəruri çap məhsulları ilə təmin edir. Bölmədə oxucu sorğusu əsasında ən çox istifadə olunan kitabların, dövri mətbuatın, dissertasiyaların elektron versiyaları yaradılır və surəti çıxarılır.

Böyütmək üçün seçinKitabxananın bir neçə zalı var.

Dövriyyə  zalında ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri açıq rəf üsulu ilə yerləşdirilib. Eyni zamanda yeni alınan ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir .

Kompüter zalında elektron resurslardan, lokal şəbəkədən istifadə təşkil olunur. Onun yaradılması nəticəsində istifadəçinin kitabxananın lokal şəbəkəsində elektron resurslardan istifadə imkanları artıb. Burada EBSCO, BİONE, JSTOR, EMERALD, ELSEVİER kimi məlumat bazalarından istifadə olunur.

Bundan başqa, 2015-ci ildə kitabxanda bir çox işlərin görülməsi nəzərdə tutulub. Kitabxanalarda ümummilli lider Heydər Əliyev irsinin elektron resursların köməyi ilə təbliği, kitabxanaya qeydiyyat işinin təşkili və yeni gələn oxuculara kitabxana, soraq-biblioqrafiya aparatından istifadə qaydaları haqqında tövsiyələrin verilməsi, kitabxanalarda elektron mühitin yaradılması və elektron resurslardan istifadə, kitabxanaların avtomatlaşdırılması əsas inkişaf istiqamətlərdir. 

Dil Xidmətləri Mərkəzi 

Azərbaycan Dillər Universitetinin nəzdində Dil Xidmətləri Mərkəzi ötən il yaradılıb. Azərbaycanda ilk dəfə olaraq 20 əcnəbi dilin  tədrisi, bütün növ şifahi və yazılı tərcümə, xaricdə təhsil və səyahət xidmətlər sırasındadır. Universitetdə çalışan, uzun illər ölkədə və bir çox xarici ölkələrdə təcrübə qazanmış professor-müəllim heyəti ən son innovativ tədris üsullarından istifadə edərək tədris prosesini təşkil edir. Kursları uğurla bitirənlər sertifikatla təltif olunurlar.

Mərkəzdə tədris olunan dillər bunlardır: yerli və xarici vətəndaşlar üçün Azərbaycan dili, ümumi ingilis dili, biznes yönümlü ingilis dili, IELTS, TOEFL, ingilis dilində akademik yazı və oxu dərsləri, rus dili, alman dili, fransız dili, italyan dili, ispan dili, Norveç dili, yapon dili, Çin dili, Koreya dili, hind dili, ərəb dili, ivrit dili, İndoneziya dili, Qafqaz dili.

Həmçinin mərkəzdə nüfuzlu universitet və kolleclərdə bakalavriat və magistratura pillələrinə qəbul və sənədləşmə işi ilə bağlı konsultasiyalar keçirilir, hər şənbə IELTS sınaq imtahanları və əcnəbi müəllimlərlə danışıq klubları təşkil olunur.

ADU-nun təhsil və nəşr sahəsində dünyaca məşhur Pearson şirkəti ilə əməkdaşlığının nəticəsi olaraq yalnız bu mərkəzdə EDI Cert TEFL - "İngilis dili müəllimləri üçün beynəlxalq sertifikat" layihəsinə start verilib. Təlimlərin sonunda müəllimlər 100-dən çox ölkədə tanınan və həmin ölkələrdə asanlıqla yüksək səviyyəli işlərlə təmin oluna biləcəkləri beynəlxalq dərəcəli sertifikat əldə edəcəklər.

Dil Xidmətləri Mərkəzi müxtəlif Avropa ölkələrində fəaliyyət göstərən yay və qış məktəblərinə tələbə və əməkdaşların göndərilməsini təşkil edir. Buraya ötən yay Londonda və Avstriyanın Vyana şəhərində təşkil olunan dil kursları (alman, ingilis və fransız dilləri üzrə) da daxildir.

Mərkəzdə həmçinin viza dəstəyi, aviabiletlərin təşkili və yaşayış yeri ilə təmin olunma üzrə fəaliyyət göstərən turizm bölməsi də var.

Dil Xidmətləri Mərkəzində ADU-da dərs deyən müəllimlər qeydiyyatdan keçiblər. Sifariş olarsa bank sistemindən istifadə edilərək həmin müəllimlər mərkəzə işçi kimi dəvət olunur. Əməkhaqqı da müqavilə ilə tənzimlənir.  

SABAH qrupları 

Hazırda ADU-nun SABAH qruplarında 55 tələbə təhsil alır.          Bu qruplar üçün ayrılan 5 auditoriyanın hamısı ən son texnologiyalarla təmin olunub.

Tələbələr üçün mütəmadi olaraq müxtəlif seminarlar, tədbirlər, rəsmi şəxslərlə görüşlər təşkil olunur. Bölgələrdən gələn və maddi imkanı zəif olan tələbələr SABAHın yataqxanasında yerləşdiriliblər.         

Tələbələrə stimul olaraq əlavə "SABAH təqaüdü" də verilir. Qeyd edək ki, həm ödənişsiz,  həm də ödənişli əsaslarla təhsil alan tələbələrin təqaüd almaq hüququ var.

Hazırda SABAH qruplarında 13 müəllim fəaliyyət göstərir. Onların əksəriyyəti ADU-nun müxtəlif kafedralarının əməkdaşlarıdır. SABAH qruplarında dərslər yeni metodlarla təşkil olunur.  

Elmi tədqiqat işləri 

ADU-da 14 müxtəlif istiqamətdə elmi tədqiqat işi aparılır. Bu işlərə həm müəllimlər, həm də tələbələr cəlb olunur. Ayrı-ayrı kafedralarda araşdırılan elmi tədqiqat işlərinin nəticələri respublikamızın müvafiq ali məktəblərində və fakültələrində tədris prosesinə tətbiq olunur, eyni zamanda universitetin müvafiq fakültələrində həm bakalavriat, həm də magistratura pillələrində geniş işlədilməklə, müxtəlif istiqamətli dissertasiya işlərinin yazılmasına zəmin yaradır. ADU-nun Böyük Elmi Şurası yeganə qurumdur ki, ona 4 indeks (ixtisas) verilib. Dissertasiya Şurasında 18 tədqiqatçı işini müdafiə edib ki, onlardan da 2-si elmlər doktoru proqramı üzrə tədqiqat işini yerinə yetirəndir.

Tələbələr Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədqiqat işləri götürürlər. Universitetdə təhsil alan 850 nəfərdən çox tələbə TEC-ə üzvdür. Hər il elmi tədqiqat işi aparan tələbələrin 150-dən çoxuna fəxri fərman verilir. Elmi tədqiqat işlərində tələbələr 24 müxtəlif bölmə üzrə çalışırlar. Hər bölmə üzrə bir super tələbə seçilir. Bunda məqsəd universitetdən beynəlxalq konfranslara tələbə göndərməkdir. Aprel ayında TEC-in böyük konfransı keçiriləcək.

2014-cü ilin oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində  "Postmodern dövründə təməl dəyər kimi" adlı bölməsinin təşkili,  xarici qonaqların dəvət olunması, forumun həyata keçirilməsi məsələləri universitet kollektivinin iştirakı ilə baş tutub. Bundan başqa,  "Xarici dillərin tədrisinin aktual problemləri", "XXI əsr mədəni paradiqması multimədəni aspektdə" respublika elmi-praktik konfransları keçirilib. Universitetin 16 tələbəsi dünyanın müxtəlif ölkələrində keçirilən tələbə elmi cəmiyyətlərinin konfranslarında (Rusiyada, İspaniyada, Gürcüstanda, Makedoniyada) müxtəlif səpgili elmi tədqiqat işləri ilə çıxış edib.

2015-ci ildə universitetdə struktur dəyişiklikləri davam etdirilərək  "Magistratura və Doktorantura Departamenti"nin təşkil edilməsi nəzərdə tutulur. Magistratura və doktoranturanın bir departamentdə fəaliyyət göstərməsi onların tədris prosesinin yaxşılaşdırılması, nəzarətin asanlaşmasına, keyfiyyətin yüksəlməsinə və mobilliyin  həyata keçirilməsinə əsaslı imkan yaradacaq. Həmçinin gələcəkdə planlaşdırılır ki, bütün kafedralardan xarici jurnallarda elmi məqalələr dərc olunsun. 

Beynəlxalq əlaqələr 

Hazırda ADU-da fəaliyyət göstərən 20-yə yaxın mərkəz universitetin müxtəlif ölkələrlə əlaqələrinin qurulmasında Beynəlxalq Əlaqələr Ofisinə kömək edir. Universitet dünyanın 15-dən çox ölkəsinin 23 müxtəlif ali məktəbi ilə ikitərəfli əlaqələr qurub. 2010-cu ildə ADU Azərbaycanda ilk dəfə olaraq TEMPUS layihəsinin koordinatoru olub. Bu layihə başa çatdıqdan sonra daha bir TEMPUS layihəsinin (FLEPP) koordinatoru seçilib. Bu layihələrin nəticələrindən SABAH qruplarının tədris proqramlarından istifadə olunur. Bundan başqa, ABŞ-ın Dövlət Departamenti və Amerika Təhsil Şurası ilə əməkdaşlıq da Azərbaycan dilinin əcnəbilərə öyrədilməsində yeni təcrübənin əsasını qoyub. Bu proqram çərçivəsində yay semestri ərzində ABŞ-dan gələn vətəndaşlar Azərbaycan dilini və mədəniyyətini intensiv şəkildə öyrənirlər.

ADU bakalavr səviyyəsində Avropa universitetləri ilə ikili diplom layihəsinin əsasını qoyub. Böyük Britaniyanın Esseks Universiteti ilə həyata keçirilən ikili diplom (2+2) layihəsi ikinci kursu razılaşdırılmış kriteriyalara cavab verərək bitirən tələbələrə bu ali təhsil ocağında təhsillərini birbaşa davam etdirmək imkanı açıb.

Bu təcrübə magistr pilləsi üzrə də həyata keçirilir.  ADU koordinatoru olduğu TEMPUS (RITSA) layihəsi çərçivəsində Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun sinxron tərcümə sahəsində magistr diplomunun delokalizasiyası proqramını həyata keçirməyə başlayıb.  Bu layihənin nəticəsində tələbələr magistr pilləsinin iki ilini ADU-da tamamlayaraq İTİRİ-nin diplomuna sahib olurlar. Daha uğurlu nəticə göstərən tələbələr isə təhsillərinin ikinci ilini İTİRİ-də davam etdirərək magistr dərəcəsini əldə etmək imkanı qazanırlar.

Bundan başqa, İtaliyanın Perucia Universiteti və Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində 2007-ci ildən bu günə qədər ADU-nun 3 müəllimi və 31 tələbəsi italyan dili, peşə hazırlığı və s. kurslarda iştirak ediblər.

Koreya Hankuk Universiteti (HUFS) ilə bağlanan ikitərəfli əməkdaşlıq müqaviləsi nəticəsində 2007-ci ildən bu günə qədər HUFS-dan ADU-ya 5, ADU-dan HUFS-a 15 tələbə təhsil almağa göndərilib.

Universitetdə 2013-cü ildən fəaliyyət göstərən Çin mərkəzi Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 2014-2015-ci tədris ilində universitetin 3 əməkdaşı staj keçmək üçün Çinə göndərilib.

ADU, həmçinin, Norveçin Oslo və Aqder universitetləri ilə mütəxəssis hazırlığı, bu ölkədə təşkil edilən yay məktəblərində müəllimlərin ixtisasartırma və tələbələrin yay kurslarında iştirakı məqsədi ilə sazişlər imzalayıb. Bu sazişlər çərçivəsində universitetin 4 tələbəsi Norveçdə təhsil alaraq Norveç dili və Norveçşünaslıq ixtisasları üzrə məzun olub. Hazırda isə 6 tələbə Oslo və Aqder universitetlərində magistr pilləsi üzrə təhsillərini davam etdirir. Bundan başqa, ADU-nun doktorantları da elmi staj keçmək üçün Norveçə səfər edirlər. 2008-ci ildən bu günədək 64 tələbə və 19 müəllim yay məktəbi kurslarında iştirak edib.

ADU-nun tələbələri Polşa, Böyük Britaniya, Hindistan, İndoneziya, Malayziya, İsrail və s. kimi dövlətlərin universitetlərində də təhsillərini davam etdirirlər. 

Universitet həm də beynəlxalq proqramlarda mobilliyi ilə seçilir. Hazırda universitet ERASMUS-un 4 layihəsinin-ALRAKİS II, BACKİS, EMBER və HERMES-in iştirakçısıdır.

2013-2014-cü tədris ilində ALARKİS II proqramı çərçivəsində 9 bakalavr tələbə Avstriya, Almaniya, İtaliya, Çexiya, Hollandiya, 1 magistr, 1 doktorant  tələbə isə Belçikaya göndərilib.

BACKİS proqramı çərçivəsində 2013-2014-cü tədris ilində 4 bakalavr, 1 magistr tələbə və 1 universitet əməkdaşı Belçika, Hollandiya, Çexiya və Estoniyaya göndərilib.

2014-2015-ci tədris ilində 8 bakalavr və 3 magistr tələbə Polşa, Estoniya və İspaniya universitetlərinə daxil olub. Həmçinin 7 bakalavr, 2 magistr və 1 doktorant tələbə Almaniya, İsveç, Estoniya və İspaniyaya, 2 bakalavr tələbə isə Bolqarıstan və Yunanıstana göndərilib.

Bundan başqa, ECDL (European Computer Driving Licence - Beynəlxalq Kompüter Səviyyə ölçmə sertifikatı) sertifikatlarını almaq üçün ADU-da ECDL kurslarından qeydiyyatdan keçib, təlimlərdə iştirak edib və imtahan vermək lazımdır.  Qeyd edək ki, ECDL Sertifikatları bütün Avropada tanınır. 

İKT Mərkəzi COMOLTE (Consortiumfor Modern LanguageTeacherEducation) layihəsində bir çox Avropa universitetləri ilə bir yerdə işləyir və onlara texniki dəstək göstərir. TEMPUS-un proqramlarından olan COMOLTE  məsafədən təhsil üçün nəzərdə tutulan layihədir.  

Tələbə Gənclər Təşkilatı

 ADU-nun Tələbə Gənclər Təşkilatı 2005-ci ildən fəaliyyət göstərir. Onun tərkibində "Diplomat", "Debat", "İncəsənət", "Vətənpərvərlər", "Kitab" klubları var. Bu yaxınlarda bir tələbənin təklifi ilə "Şahmat" klubu yaradılması istiqamətində işlərə başlanılıb. TGT-nin təxminən 2000-dən çox üzvü var. Yeni tədris ilində "Debat" klubu Bakı Debat Forumunun rus bölməsi üzrə qalibi olub. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Mənim təhsilim, mənim gələcəyim" kampaniyasında ADU-nun Tələbə Gənclər Təşkilatı təhsildə göstərdiyi aktiv fəaliyyətə görə "Təhsil açarı" mükafatına layiq görülüb. TGT sosial layihələrdən də geri qalmır. Belə ki, təşkilatın üzvləri daim uşaqlar və qocalar evinə qonaq gedirlər. Hazırda TGT-nin əsas işi "Bakı-2015" birinci Avropa Oyunları üçün tələbələrin maarifləndirilməsi yönündə fəaliyyət göstərməkdir. 

İnformasiya Resurs Kompleksi 

İnformasiya Resurs Kompleksi (İRK) Azərbaycan Respublikası Prezidentinin maliyyə dəstəyi ilə 2008-ci ildə yaradılıb. Kompleks on aktiv mərkəz və digər müxtəlif fəaliyyət növlərindən ibarətdir. Məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin dünya ali təhsil məkanına inteqrasiyasına yardımçı olmaq, İRK vasitəsilə Azərbaycan təhsil sisteminin dünya standartlarına uyğun inkişafına xidmət etməkdir. Strategiyası milli səviyyədə qlobal informasiya cəmiyyəti quruculuğuna yardımçı olmaq elm və mədəniyyətin informasiyalaşdırılması proseslərini himayə etmək və bu sahədə maarifləndirici fəaliyyət göstərməkdir. Universitetin gələcəkdə şəhərciyinin salınması planlaşdırılır. Həmin şəhərcikdə kompleksin daha da genişlənməsi nəzərdə tutulub. Kompleksin 5000-ə yaxın daimi istifadəçisi, 15 minə yaxın kitabı var. Keçən il kompleksdə yenidənqurma və təmir-bərpa işləri aparılıb. TV studiya və Amerika Uşaq Mərkəzi yaradılıb. Kompleksdə bütün xidmətlər ödənişsizdir.

Bakı Amerika Mərkəzi İnformasiya Resurs Kompleksi yaranan gündən fəaliyyət göstərir. Dünyanın 145 ölkəsində fəaliyyət göstərən Amerika mərkəzlərindən biridir. Mərkəz ABŞ səfirliyi tərəfindən dəstəklənir və maliyyələşdirilir. Burada əsasən ABŞ səfirliyinin layihələri, seminarlar və təqdimatlar keçirilir. Mərkəzdə həmçinin könüllü kimi də fəaliyyət göstərmək olar. Amma bunun üçün müsahibədən keçmək lazımdır.

Mərkəz 8 nazirlik, 9 məktəb, 21 universitet, 35  yerli və xarici kompaniya ilə əməkdaşlıq edir. Partnyor məktəblər bəzən gəlib dərslərini burada keçirlər. Mərkəzdə təxminən 5000-dən çox kitab toplanıb. Müxtəlif mövzularda olan bu kitabların əksəriyyəti ingilis dilindədir. Kitablar 20 gün müddətində evə verilir, amma bunun üçün istifadəçi kartı olmalıdır. Lakin bir nüsxəli kitablar evə verilmir. O kitablardan yalnız mərkəzdə istifadə etmək və surətini çıxarmaq olar. Həmçinin mərkəzdə ingilis dili bacarıqlarını yoxlayan imtahanlara hazırlıq üçün test materialları var. Mərkəzdə kompüter zalı da mövcuddur. Mərkəz həftənin 2-6-cı günləri fəaliyyət göstərir. Müəllimlərin bir çoxu dərslərini burada keçir. Hər gün mərkəzdə CNN kanalı vasitəsilə kim istəsə dünya xəbərlərini izləyə bilər. Bundan əlavə, mərkəz bütün yaş kateqoriyaları üzrə danışıq klubları təşkil edir. Müəllimlər həm yerli, həm də xaricidir. Danışıq klublarına qeydiyyat ildə bir dəfə, əsasən payız aylarında aparılır. ABŞ səfirliyi bir ay əvvəl "Fifty stars" (50 ulduz) layihəsinə start verib. Mərkəzdə ayda iki dəfə psixoloq tərəfindən cəmiyyəti narahat edən mövzular müzakirə olunur. Təlim hər kəs üçün açıqdır. Mərkəzdə həmçinin ingilis dili müəllimləri və ingilis dili müəllimi olmağa hazırlaşan tələbələr  üçün vebinarlar təşkil olunur. ABŞ səfirliyi hər il "Getting to now to USA" adlı təhsil proqramı təşkil edir. Hər kəs üçün açıq olan bu layihədə ABŞ-a dair mövzular müzakirə olunur. Mərkəzdə həmçinin Azərbaycan və Amerika bayramları keçirilir.

Mərkəzin üstünlüklərindən biri isə dünyanın bir çox bahalı elmi bazalarına abunə olmasıdır. Belə ki, mərkəzə daxil olub bütün elmi bazalardan pulsuz istifadə etmək mümkündür. Mərkəzdə həmçinin Amerikanın elmə aid ən məşhur qəzet və jurnalları da var ki, bunları da evə götürüb oxumaq olar. ABŞ-da təhsil, təqaüd proqramları ilə də bağlı istənilən informasiyanı mərkəzin əməkdaşlarından öyrənmək mümkündür.

Uşaq Amerika Mərkəzi keçən il yaradılıb. Burada məktəbəqədər yaşlı uşaqlar üçün danışıq klubları təşkil olunur və müxtəlif bayramlar keçirilir. Mərkəzdə ingilis dilində uşaqlar üçün ədəbiyyatlar toplanıb. Valideynlər istifadəçi kartı əldə edib uşaqları üçün kitablar götürə bilərlər.

Britaniya Mərkəzində isə 27 dildə kitab tapmaq mümkündür. Bu mərkəzin də öz kitabxanası var və kompüterlərlə təmin olunub. Kompleksdə ümumi 15 min kitab varsa onun, təxminən, 10 mini Britaniya mərkəzinin payına düşür. British Council-in mərkəzlə əməkdaşlığı çərçivəsində onların kitabları ayrıca bir bölmədə toplanılıb. Həmçinin BP-nin mərkəzə hədiyyə etdiyi neft, qaz və enerji sahəsinə dair kitablardan texniki sahədə təhsil alan tələbələr də istifadə edir.  Bu mərkəzdə ingilis və rus dillərində DVD-lərdən də istifadə etmək olar. Həm də xaricdə təhsil proqramları ilə bağlı broşürlər də var.

Türk Xalqlarının Folklor Mərkəzinin əsas missiyası türk xalqlarının folklorunu tanıtmaqdır. Bununla bağlı istənilən məlumatı bu mərkəzdən əldə etmək olar. Bundan əlavə, türk xalqlarının mədəni irsini qorumaq üçün müxtəlif tədbirlər, sərgilər və festivallar da keçirilir.

Əcnəbi Xalqların Folklor Mərkəzində Avropa və Amerika xalqlarının folkloru toplanıb. Burada toplanan əşyalar təmsil olunduqları ölkənin nümayəndələri və səfirliklər tərəfindən mərkəzə hədiyyə edilib. Mart ayında mərkəzdə "Əl işləri" sərgisi keçiriləcək. Bu sərgiyə 5 təhsil müəssisəsi cəlb olunub.

İnnovasiyalar Mərkəzi dünya təhsil sistemində aparılan innovativ tədbirlərin öyrənilməsi, Azərbaycanda tətbiqi və təbliği ilə məşğul olur. Burada əsasən informatika dərsləri keçilir. Elmi bazalardan maraqlı məqalələr seçilir, dərc olunur və mərkəzdə olan lövhələrə vurulur ki, tələbələr informatika dərsləri ilə yanaşı yeni məlumatlar da əldə etsinlər.

Elektron Resurs Mərkəzi üç bölmədən ibarətdir: elektron kataloqlaşdırma, elektron komplektləşdirmə və elektron kitabxana. ADU-nun və digər təhsil müəssisələrinin (Universitet, kollec, məktəb, lisey və s.) fəaliyyət istiqamətləri, elmi tədqiqat işlərinin mövzularına müvafiq informasiya təminatı həyata keçirilir.  ADU-nun elmi nəşrlərinin tam mətnli məlumat bazalarının hazırlanması və dünya informasiya məkanına çatdırılması bu mərkəzin işidir.  Kompleksdə olan bütün resurslar elektron kataloqda öz əksini tapır, ondan sonra birbaşa mərkəzlərdə yerləşdirilir. Mərkəz həmçinin elektron kitabxananı da tərtib edir. Təxminən 17 mindən çox elektron kataloqda baza yerləşdirilib. Elektron kitabxanaya daxil edilən kitabların müəllifləri ilə ikitərəfli müqavilə imzalanır.

TV studiya keçən il açılıb. Jurnalist tələbələr burada təcrübə keçirlər. Dünyanın müxtəlif yerləri ilə canlı əlaqə saxlayıb, müzakirələr aparmaq mümkündür. Həmçinin müxtəlif qısametrajl filmlərin çəkilişinə də icazə verilir.

Məlumat - Sorğu Mərkəzində dünya standartlarına uyğun müasir məlumat - biblioqrafiya xidmətinin göstərilməsi həyata keçirilir (müxtəlif etibarlı elektron və ənənəvi mənbələrdən istifadə).  

Fotolar: Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov