Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Bakı Dövlət  Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Bakı Dövlət Universitetidir 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]

Böyütmək üçün seçinBakı Dövlət Universitetini 1919-cu ildə  Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti təsis edib və ölkəmizin ilk ali təhsil ocağıdır. 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırılıb, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradılıb. 1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başlayıb. Universitetin müxtəlif illərdə adı dəyişdirilsə də, 1999-cu ildən etibarən Bakı Dövlət Universiteti kimi fəaliyyətini davam etdirir. Ali təhsil ocağı fəaliyyət göstərdiyi dövr ərzində  yüz əlli minə yaxın mütəxəssis, o cümlədən dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi  Asiya, Latın Amerikası,  Afrika ölkələri üçün yüzlərlə ixtisaslı kadr hazırlayıb. Hazırda universitetin humanitar və sosial elmlər, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində bakalavriat səviyyəsində 60 ixtisas, magistratura səviyyəsində 199 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.  Təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən bakalavriat, magistratura və doktorantura səviyyələrində 600-ə yaxın xarici tələbə də təhsil alır. Universitet tələbələrinin təlim-tərbiyəsi ilə 125 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti məşğul olur ki, onlardan 32 nəfəri AMEA-nın həqiqi və müxbir üzvü, təxminən 300-ə qədəri elmlər doktoru, professor, 1000-ə yaxını fəlsəfə doktoru, 600-dən çoxu dosentdir.  Elmi işçilər və köməkçi heyətlə birlikdə bu gün BDU-da 3 mindən çox əməkdaş çalışır.  2014-cü ildə universitetdən 4000-ə yaxın tələbə məzun olub. 2014-2015-ci tədris ilində BDU-ya 4269 bakalavr, 600-ə yaxın magistr qəbul olunub. BDU məzunlarından təxminən 800-ü 2014-cü ildə magistr adını qazanıb.  Hazırda BDU-da 1500-dən çox magistrant, 700-dən çox doktorant və dissertant təhsil alır. 2014-2015-ci tədris  ilində respublika üzrə cəmi 300 nəfər  "Gələcəyin müəllimi" təqaüdü alır ki, onların  da 142-si (47%) BDU-nun tələbəsidir. Universitetə 1999-cu ildən Milli Məclisin deputatı,  akademik, kimyaçı alim Abel Məhərrəmov rəhbərlik edir. 

Maddi-texniki baza 

Böyütmək üçün seçinSon illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində müxtəlif işlər görülüb. BDU-nun 4 tədris korpusu, 2 elmi-tədqiqat institutu, 80-ə yaxın elmi-tədqiqat və tədris laboratoriyası fəaliyyət göstərir. Hazırda  ali təhsil ocağının 2 yataqxanası istifadədədir. Digər yataqxanalar sökülüb və yeni, müasir yataqxana kompleksinin inşası nəzərdə tutulur.

Universitetin Quba şəhərində tədris-təcrübə və istirahət mərkəzi fəaliyyət göstərir.  8 hektar ərazisi olan tədris-təcrübə və istirahət mərkəzinin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılıb. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı, 300 nəfərlik böyük akt zalı, professor-müəllim heyəti üçün nəzərdə tutulmuş 2-3 otaqdan ibarət 5 VİP mənzil var. 200 nəfərlik yeməkxana müəllim-tələbə heyətinə xidmət edir. Mərkəzdə yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb. Bundan əlavə, tədris-təcrübə və istirahət  mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarla təchiz edilmiş tədris auditoriyaları təşkil olunub.

Böyütmək üçün seçinQubadan başqa universitetin Altıağac tədris-təcrübə bazası da var. 1990-cı ildən fəaliyyət göstərən bazada 2001-ci ildə əsaslı təmir işləri aparılıb.

BDU-nun tərkibində həmçinin "Gənc istedadlar" liseyi var. 2007-ci ildən fəaliyyət göstərən liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Liseydə təlim-tədris bir növbədə, Azərbaycan və rus dillərində aparılır.

Universitetin ayrıca poliklinikası var. Burada professor-müəllim heyəti, əməkdaşlar və tələbələrə 22 həkim, 20 tibb bacısı xidmət göstərir.  

Gələcək alimlər SABAH qruplarında  

2014-2015-ci tədris ilindən BDU-da savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları fəaliyyət göstərməyə başlayıb. BDU-da 12 ixtisası əhatə edən SABAH qruplarında 249 tələbə təhsil alır. Fizika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi, kimya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, geologiya, coğrafiya, coğrafiya müəllimliyi, tarix və tarix müəllimliyi ixtisasları üzrə xüsusi tərtib olunmuş tədris planları əsasında təhsil alan tələbələr müasir avadanlıqlarla təchiz olunmuş auditoriya və laboratoriyalarda dərs keçirlər. Eyni zamanda kimya və beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrində SABAH qrupunun ingilis bölməsi də fəaliyyət göstərir. SABAH qruplarının koordinasiyasını təmin etmək məqsədi ilə universitetdə SABAH Mərkəzi yaradılıb. Mərkəz tərəfindən Azərbaycan gənclərinə yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək vermək məqsədilə tələbələr üçün mütəmadi olaraq konfranslar, görüşlər, yerli və əcnəbi müəllimlərin mühazirələri təşkil olunur, əmək bazarı ilə daimi bağlılıq yaradılması üçün biznes nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"lar keçirilir. 

Böyütmək üçün seçinİmtahan sessiyasının təşkili  

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində (əyani və qiyabi şöbələr üzrə) imtahanlar, bir qayda olaraq, yazılı formada həyata keçirilir, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və ya test üsulu ilə aparılır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və Qərargahın nəzdində universitet üzrə "Qaynar xətt" yaradılır. Bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılır. Qərargahın sədri sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər verir. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları yaradılır. 

Kitabxana 

Universitetdə  ümumi kitab fondu 3 milyon nüsxəyə yaxın Elmi kitabxana var. 4 korpusun hər birində kitabxananın filialları fəaliyyət göstərir. 5 abonement, 14 oxu zalı, 30 kabinet kitabxanası olan Elmi Kitabxana dünyanın 15 ölkəsinin 30 universiteti ilə kitab, jurnal və qəzet mübadiləsi aparır. Elmi-tədqiqat laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi işinə başlanıb, elektron kataloq yaradılıb. Kitab, jurnal və qəzet fondunun böyük hissəsi elektron kataloqa salınıb.

 Elmi-tədqiqat Böyütmək üçün seçin

Bakı Dövlət Universitetində 2014-cü ildə 81 istiqamətdə 156 problem və 200-ə qədər mövzu üzrə 1000-dən çox elmi-tədqiqat işi aparılıb. İl ərzində 130-a qədər kitab və monoqrafiya, 200-dən çox dərslik və dərs vəsaitləri, 2600 elmi məqalə və 1400-ə qədər konfrans materialı, tezisi çap olunub.

Professor-müəllim heyətinin maddi-rifah halının yüksəldilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir. BDU Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əməkhaqlarının artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əməkhaqları artırılıb. Hazırda dekanların əməkhaqları 1400, kafedra müdirlərinin 1200, professorların 1000, dosentlərin isə 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin  3 minədək əməkdaşına şamil edilib. Bundan əlavə, Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əməkhaqqı  diferensasiya yolu ilə müəyyən qədər artırılıb.

Gənc Alimlər Şurası gənc alim və tədqiqatçıların elmi-tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, onların respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştirakına şərait yaradır. AMEA-nın ayrı-ayrı institutları, həmçinin digər ali təhsil müəssisələri və elmi təşkilatlarda fəaliyyət göstərən gənc alimlər şuraları ilə əlaqə yaradır, birgə tədbirlər keçirir. BDU-da respublikanın və xarici ölkələrin elm və tədris müəssisələrində elmi tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübələri öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını, tətbiqini reallaşdırır.

Böyütmək üçün seçinAzərbaycan Respublikası müstəqillik qazandıqdan sonra BDU-da təhsildə yüksək göstəricilər əldə etmiş və ictimai işlərdə fərqlənən tələbələr üçün adlı təqaüdlər - Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya  Məmmədov, Həsən Əliyev, Zeynalabdin Tağıyev, Məmməd Xələfov, Məmmədəmin Rəsulzadə, Murtuz  Ələsgərov və b. adına adlı və xüsusi təqaüdlər təsis olunub.

 Universitetin institut və mərkəzləri 

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu 1991-ci ildə yaradılıb. İnstitutun əsas tədqiqat obyekti "dinamik proseslər, idarəetmə və iqtisadi sistemlərin riyazi modelləşdirilməsi, aktual nəzəri, tətbiqi məsələlərin həlli və informasiya resurslarının hazırlanması" problemidir. İnstitutun əməkdaşları İngiltərənin "Gordon and Breach" nəşriyyatında "Optimization of Linear Control Systems Analytical Methods and Computational Algorithms" adlı monoqrafiyanı nəşr etdiriblər. İnstitutda 2002-ci ildən başlayaraq ildə iki buraxılış olmaqla "Applied and Computational Mathematics" adlı beynəlxalq elmi jurnal nəşr olunur. Dünyanın 12 ölkəsindən görkəmli riyaziyyatçı alimlər həmin jurnalın redaksiya heyətinə daxildirlər. İnstitutda bir çox layihələr həyata keçirilir. Xarici universitetlərlə elmi əlaqələr genişlənməkdə və möhkəmlənməkdədir.

Böyütmək üçün seçinFizika Problemləri Elmi-Tədqiqat İnstitutu 2005-ci ildə BDU-nin fizika fakültəsindəki "Yarımkeçiricilər fizikası", "Kvant kimyası", "Amorf təbəqələr fizikası", "Bərk cisim elektronikası", "Makromolekul məhlullarının fiziki-kimyası", "Molekulyar biofizika", "Yüksək enerjilər fizikası", "Maye kristallar", "Günəşin Fraunhofer spektri" və "Ozon generatorları" elmi-tədqiqat laboratoriyalarının bazasında yaradılıb. Burada BDU-nun kafedralarının müəllimləri, tələbə və magistrləri, aspirant və dissertantları elmi-tədqiqat işləri aparır, ayrı-ayrı sahələr üzrə təcrübə keçirlər. İnstitutda "Elektronika üçün perspektivli olan material və strukturların alınması və tədqiqi", "Bioloji proseslərin molekulyar təşkilinin fiziki əsasları", "Yüksək enerjilər fizikası", "Bioloji sistemlərin təşkilinin fiziki-kimyəvi əsasları" istiqamətləri üzrə tədqiqatlar aparılır və bu mövzular ətrafında mütəmadi olaraq seminarlar keçirilir. Əməkdaşların əldə etdikləri nəticələr mötəbər elmi jurnallarda çap olunub, ABŞ, Fransa, İtaliya, Türkiyə, Rusiya, İran, Pakistan və s. kimi ölkələrdə keçirilmiş beynəlxalq konfrans, simpozium və seminarlarda dəfələrlə məruzə edilib.  İnstitutun İngiltərənin İmperial Kolleci və Durham Universiteti, Almaniyanın Boxum, Regensburq, Vuppertal, Kayzerslautern universitetləri, Fransanın Ecole Polytechnique Məktəbi və Nüvə Tədqiqatları İnstitutu, Moskva Dövlət Universitetinin "Molekulyar biologiya və bioüzvi kimya" kafedrası, Rusiya EA-nın Yüksək Enerjilər Fizikası İnstitutu, Türkiyənin İstanbul və Erciyez universitetləri, İran İslam Respublikasının "Riyaziyyat və Fizika" İnstitutu, Sankt-Peterburq Fizika Texniki İnstitutu, AMEA-nın Fizika və Radiasiya Problemləri İnstitutları ilə elmi əməkdaşlıq əlaqələri var.

Yunus Əmrə İnstitutu 2012-ci ildə yaradılıb. Təhsil və tədris fəaliyyətləri ilə yanaşı, elmi tədqiqat və tətbiqlərini icra etməkdədir. İnstitut  türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi məqsədi ilə tədqiqatlar aparmaq, fərqli təşkilatlarla əməkdaşlıq edərək elmi işləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif qəzet və jurnallar vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədinə nail olmaq üçün müxtəlif fəaliyyətlərə imza atır. Yunus Əmrə İnstitutu habelə türk dili, tarixi, mədəniyyəti və musiqisi sahəsində bacarıqlı alim və tədqiqatçıların yetişməsinə kömək etməyi, sertifikat proqramları ilə təhsil və tədris işlərini reallaşdırmağı əsas hədəf kimi götürür. Həmçinin hər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər Nazirliyi ilə birlikdə Türk dili Yay Məktəbləri çərçivəsində Azərbaycandan Türkiyəyə tələbə göndərir. Bu layihə çərçivəsində tələbələr Türkiyədə davamlı olaraq türk dili kurslarına qatılmaq imkanı əldə edir və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən mədəniyyət gəzintilərində iştirak edirlər. Proqram ödənişsizdir, proqrama qatılan tələbələrə 250 dollar təqaüd verilir.

Konfutsi İnstitutu 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılan - Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzidir. İnstitutun yaradılmasının təşəbbüsçüsü  Çin hökuməti  nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olub. İş partnyoru isə BDU ilə möhkəm iş əlaqəsi olan ÇXR-in ən tanınmış universitetlərindən biri Anxoy Universitetidir. Artıq iki universitet arasında "Təhsil əməkdaşlığı  haqqında  memorandum" və "BDU ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi  İnstitutunun yaradılması haqqında saziş " imzalanıb. Dördüncü ildir ki, fəaliyyət göstərən Mərkəzin hazırda müxtəlif elm və təhsil müəssisələrində 8 filialı açılıb.

Nanoaraşdırmalar mərkəzi. 2004-cü ildə Bakı Dövlət Universiteti ilə o zaman bu sahə üzrə dünyanın qabaqcıl elmi mərkəzlərindən hesab edilən Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. 2005-ci ildə "Nanoaraşdırmalar mərkəzi" yaradılıb, bir il sonra- 2006-cı ildə isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə "Nanomaterialların kimyəvi fizikası" kafedrası açılıb və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanılıb. Universitetdə nanotexnologiya istiqamətində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi və beynəlxalq qrant layihələri hesabına müasir avadanlıqlar və cihazlar alınıb.  Belə ki, son illərdə Furye spektrometri, tədris üçün atom qüvvət mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq üçün İNTECRA PRİMA atom qüvvət mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı,  xromatoqraf, kütlə spektrometri, ultrabənövşəyi spektroskop, atom adsorbsiya analizatoru, rentgen difraktometri, skanedici elektron mikroskopu, istilik fiziki spektroskopiya avadanlıqları alınıb. Universitetdə nanotexnologiya istiqamətində aparılan tətbiqi xarakterli fundamental elmi tədqiqat işləri dünyanın və ölkəmizin bir sıra istehsal müəssisələrində sınaqdan çıxarılaraq uğurla tətbiq edilir.

Yüksək Texnologiyalar Mərkəzi 2014-cü ildə BDU Elmi Şurasının qərarı əsasında yaradılıb. Eyni zamanda Azərbaycandan kənarda yaşayan elm adamlarını bir araya gətirmək, onları Azərbaycana tanıtmaq və bu elm adamları vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan elmini dünyaya çatdırmaq məqsədi ilə BDU-da virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi yaradılıb və artıq müxtəlif xarici ölkələrdə yaşayan 7 elm adamı bu mərkəzdə virtual olaraq işə qəbul edilib.

Universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülüb, ayrıca  İnformasiya Texnologiyaları Mərkəzi  (İTM) yaradılıb. Bu gün 20 elmi-tədris sinfini, 4 imtahan zalını özündə birləşdirən İTM ən müasir kompüter avadanlıqları və proqram vasitələri ilə təchiz olunub. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılıb və həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsilə internetə çıxışı təmin olunub. Universitetin lokal şəbəkəsi özündə 1200-dən çox kompüteri birləşdirərək, onların hər birini sürətli internet xətti ilə təmin edir.

Mərkəzin əsas məqsədlərindən biri də Azərbaycan təhsilinə Bolonya Bəyannaməsinin prinsiplərinin tətbiqində professional köməkliyin göstərilməsi, habelə informasiya texnologiyalarının istifadəsi ilə tədris prosesinin və təhsilin idarəedilməsi üçün virtual universitetin və e-kontentin yaradılmasıdır. Hazırda mərkəzdə tyutor hazırlığı və multimedia vəsaitlərinin yaradılması üzrə ixtisaslaşmış kadrlar fəaliyyət göstərir. 2008-ci ildən etibarən kurslarda Azərbaycanın digər təhsil ocaqlarını da əhatə etməklə 221 tyutor hazırlanıb.

Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər üzrə kreditlərin yerinə yetirilməsinə, distant təhsilin tətbiqinin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə 2010-cu ildə BDU Elmi Şurasının qərarı əsasında Tədris Elektron Mərkəzi yaradılıb.

Karyera Mərkəzi Bakı Dövlət Universiteti tələbələrinin gələcək karyera qurmalarında yardımçı olmaq məqsədi ilə yaradılıb. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin universitetlə sıx əməkdaşlığı bu işin reallaşmasına müsbət təsir edir. Belə ki, həmin müəssisələrin məsul əməkdaşları mütəmadi olaraq universitetdə tədbirlər təşkil edir, müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatlar verirlər. "Karyera Planlama Mərkəzi" bölməsində Bakı  Dövlət Universitetində təşkil olunan bütün bu tədbirlər və iş elanları barədə ətraflı informasiyalar əksini tapır. Bu imkanlardan yararlanmaq istəyən müəssisələr BDU-da iş təklifləri ilə bağlı tədbirlər təşkil edə bilir və ixtisaslarına uyğun işlə təmin olunmaq istəyən tələbələrimiz bu xidmətdən faydalanırlar.

Koreya Mərkəzi. Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi 2008-ci ilin dekabrın 17-də Koreya dövlətinin birbaşa dəstəyi ilə xarici və daxili rəqəmsal sistemləri hərtərəfli təmin etmək məqsədilə yaranan KADO-nun (Korean Agency for Digital Opportunities and Promotion) yardımı ilə açılıb.  2012-ci ilin may ayında Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun Bakı Dövlət Universitetinə səfəri zamanı Mərkəzin yenilənməsinə dair müqavilə imzalanıb. Yenilənmə işlərinə mərkəzin kompüter sisteminin əvəzlənməsi, videokonfrans və virtual universitetin yaradılması daxil edilib. Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenilənmə prosesindən sonra açılışı  2012-ci  ilin avqust ayında keçirilib.

Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində Seminar-room, İT training laboratory və internet lounge fəaliyyət göstərir. İT Training Laboratory 90 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. İnternet lounge room isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir. Mərkəz KADO-nun birbaşa dəstəyi ilə fəaliyyət göstərir.

Rus  Mərkəzi "Rus dünyası" Fondu tərəfindən dünyanın aparıcı beynəlxalq təhsil və tədris strukturları ilə birgə yerinə yetirilən beynəlxalq mədəniyyət layihəsidir.   "Rus dünyası" Fondu tərəfindən BDU-da açılan Rus Mərkəzinin məqsədi rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olunması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə imza atmaqdır.

Abay Mərkəzi. 2011-ci ilin may ayında  qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətə başlayıb. Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılıb. Mərkəzin məqsədi Azərbaycan və Qazaxıstan arasında mədəni və sosial əməkdaşlığın inkişafına yardım göstərmək, Qazaxıstanın mədəniyyəti, tarixi ilə tanış olmaq istəyənləri lazımi materiallarla təmin etməkdir. Mərkəzin əsas fəaliyyət sahəsinə mədəni və sosial tədbirlərin keçirilməsi daxildir. 

Muzeylər 

Heydər Əliyev muzeyi 1997-ci ildə ulu öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fakt və sənədlər saxlanılır.

Universitetin tarixi muzeyi özü ilə yaşıddır. Təxminən 1920-ci ildə fəaliyyətə başlayan muzeydə görkəmli ictimai-siyasi xadimlər, alimlər haqqında sənədlər və fotomateriallar saxlanılır. 2010-cu ildə Azərbaycanın ilk ali təhsil ocağının tarixini hərtərəfli tərənnüm etmək məqsədi ilə muzeydə yenilənmə işlərinə başlanılıb və o daha da zənginləşdirilib. Muzeydə 17 fakültənin hər birinə ayrıca sahə ayrılıb.

Faydalı qazıntılar muzeyi Geologiya fakültəsi yarandığı gündən etibarən akademik Mirəli Seyidəli oğlu Qaşqayın və professor Əziz Həmzə oğlu Əsgərovun təşəbbüsləri ilə yaradılıb. İlk dövrlərdə 500-ə yaxın eksponatı olan muzeyin hazırda eksponatlarının sayı 6000-i keçib.

Tələbələrin geologiya və geologiya mühəndisliyi ixtisaslarına dərindən yiyələnmələri üçün bu muzeydə mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir.

Həmin ekspozisiyalar ölkənin Göygöl, Qazax, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir filiz rayonlarını təmsil edir, xüsusilə Naxçıvan Muxtar Respublikasının ərazisində olan faydalı qazıntı yataqlarından götürülmüş nümunələr öz əksini tapır.

Təkamül təlimi muzeyi Zaqafqaziyada ilk və yeganə, keçmiş Sovetlər birliyində isə bu sahədə mövcud olan bir neçə muzeydən biridir. Bu muzey ali məktəblərdə "Təkamül təlimi" fənninin zəngin əyani vasitələr əsasında tədrisinə xidmət edir.

Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə - bir tərəfdən birhüceyrəlilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər necə baş verdiyini hərtərəfli dərk etməyə imkan verir.

M.Hüseynov adına Arxeologiya və etnoqrafiya muzeyi 1976-cı ildə tələbələrin arxeologiya və etnoqrafiya sahəsində dünyagörüşünü genişləndirmək məqsədilə yaradılıb. Muzeydə Azərbaycanın bütün tarixi inkişaf mərhələləri maddi mədəniyyət nümunələri əsasında öz əksini tapıb. Muzey 2 hissədən ibarətdir: arxeologiya bölməsi və etnoqrafiya bölməsi.

Velosiped idman muzeyi Bakı Dövlət Universitetində 40 ilə yaxındır ki, fəaliyyət göstərir. Muzey velosiped tarixinə aid olan materiallar və velosipedlə bağlı hadisələrlə zəngindir. Muzeydə Leonardo da Vinçinin ilk modelindən ən son unikal və bahalı modellərə qədər velosipedlər təqdim edilib. Eyni zamanda muzeydə velosiped idmanı ilə məşğul olan məşhur insanların fotolarından ibarət stend də hazırlanıb. Burda Napoleon Bonapart, Lev Tolstoy, Mark Tven, Emil Zola, Ernest Heminquey, Konstantin Tsiolkovski və sair adlara rast gəlmək olar. Muzeydə dünyanın böyük velosipedçiləri olan Tomas Simpson, Bernard Hinault, Viktor Suhoruçenkov, Fausto Koppi, Fred Rommelberg, Francesco Moser, Rick Van Loi, Federico Martin Bamontes, Bernard Renaud, Eddie Merkes və sair haqqında geniş məlumat əldə etmək olar. 

Beynəlxalq əlaqələr 

Bakı Dövlət Universiteti dünyanın 70-dən çox ölkəsinin 300-dən artıq universiteti və elmi müəssisələri ilə əməkdaşlıq edir. 1991-ci ildən Avrasiya, 1996-cı ildən Xəzəryanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa,  2010-cu ildən  Qafqaz Universitetləri assosiasiyalarının üzvüdür. Artıq dördüncü ildir ki, BDU "QS World University Rankings" reytinqinə görə dünyanın 20 min universiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın 2000 ən yaxşı universitetinin siyahısına daxil edilib. Ötən il BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb. Reytinq siyahısına Azərbaycan universitetlərindən yalnız BDU düşüb.

"QS" təşkilatı 2014-cü il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinq cədvəlində universitet 39.4 balla Çexiyanın Palacky-Olomous Universiteti ilə 72-73-cü yerləri bölüşdürüb.

BDU Avropa Birliyinin layihələri - TEMPUS-TASİS, ERASMUS MUNDUS, Erasmus+, türkdilli ölkələri əhatə edən "Mövlanə" Mübadilə Proqramı və DAAD-ın proqramlarında, Koreya, Yaponiya Fondlarının, Konfutsiya İnstitutunun layihələrində iştirak edir, tələbə-müəllim mübadiləsi aparır.

Son illər Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində ümumi dəyəri 5-6 milyon ABŞ dolları olan 80-dən çox layihə həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bunların  50-dən çoxu Avropa Birliyi,  Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir. Elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya, fizika və riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Layihələr sırasında nonotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə  nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə isə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.

Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olub. Avropa Birliyinin TEMPUS layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə  qalib olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni ilin başlanğıcında biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.

Son illər universitet elminin və əldə edilən uğurların nümayişi və beynəlxalq aləmdə təbliği sahəsində "XXI əsr: ümidlər, çağırışlar" devizi altında keçirilən Beynəlxalq Humanitar Forumların da böyük əhəmiyyəti olub. Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə keçirilən 4 Bakı Beynəlxalq Humanitar Forumunun hər birinin bir "dəyirmi masa"sı Bakı Dövlət Universitetində təşkil edilib.   

Tələbələrin iş təcrübəsi  

BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, birgə elmi tədqiqatların aparılması məqsədi ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və institutları arasında əlaqələr gücləndirilib və birlikdə tədbirlər həyata keçirilib. Elm-təhsil-istehsalat əlaqələrinin qurulması istiqamətində bir sıra istehsalat birlikləri-Müdafiə Sənayesi Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, "BP" və digər şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub.

Son illər Bakı Dövlət Universitetində tələbələrin nəzəri biliklərlə yanaşı, dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl-tədris təcrübələri imkanları da genişləndirilir. BDU-nun tələbələri hər il tədris planına və tədris qrafikinə uyğun olaraq tədris və istehsalat təcrübələrində iştirak edirlər.

İstehsalat təcrübələri də müqavilə əsasında müəyyən edilmiş baza müəssisələrində aparılır. İstehsalat təcrübələrində hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, biologiya, kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, kitabxanaçılıq-informasiya, coğrafiya, geologiya və b. fakültələrin tələbələri iştirak edirlər. Biologiya fakültəsinin tələbələri Coca-Cola şirkətində, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Dövlət Neft Şirkətinin elmi-tədqiqat laboratoriyalarında istehsalat təcrübəsi keçirlər. Mexanika ixtisası üzrə təhsil alanlar üçün təcrübələr BAKMİL Birgə müəssisəsində, kimya fakültəsinin tələbələri üçün Dərman Preparatları Zavodunda, Neft və Yanacaq İstehsalat Birliyində və Neftayırma zavodunda keçirilir. Biologiya və coğrafiya fakültələrinin tələbələri isə Altıağac və Quba Tədris-təcrübə və İstirahət mərkəzlərində təşkil olunan istehsalat təcrübəsində iştirak edirlər.   

Universitetdə dərnəklər  

Universitetlə yaşıd olan qurumlardan biri də onun klubudur. Müxtəlif formalarda fəaliyyət göstərən klub 1966-cı ildə universitetin əsas binası istifadəyə verildikdən sonra tam formalaşmış şəkildə, bədii özfəaliyyət ansamblı kimi işini davam etdirib. Klubda qızlardan və oğlanlardan ibarət instrumental və rəqs ansamblı, xor kollektivi, "Break dance" qrupu və dram dərnəyi fəaliyyət göstərir.  Hər yeni tədris ilində klub əməkdaşları birinci kursa daxil olan xüsusi istedadlı tələbələrin özfəaliyyətə cəlb olunması istiqamətində iş aparırlar. Klub həmçinin BDU-nun  akt zallarının və konfrans otaqlarının texniki təchizat  işlərini həyata keçirir, universitetin, o cümlədən Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən bütün əlamətdar tədbirlərdə, Gənclər və İdman Nazirliyinin "Tələbə baharı" və digər festivallarında, milli bayramlarda, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edir.

Rəqs ansamblı oğlanlardan və qızlardan ibarət 25 nəfərlik qrupla "Səda" adı altında fəaliyyət göstərir. "Səda" rəqs ansamblı universitet və respublika əhəmiyyətli tədbirlərlə yanaşı, dəfələrlə qastrol səfərlərində olub, o cümlədən Türkiyə Respublikasında festivallara qatılaraq diplom və müxtəlif mükafatlara layiq görülüblər. 

Tələbə Həmkarlar Təşkilatı  

Bakı Dövlət Universitetində bir neçə tələbə təşkilatı fəaliyyət göstərir. Universitetin ictimai həyatında yaxından iştirak edən bu təşkilatlar arasında Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) öz uğurlu fəaliyyəti ilə diqqəti cəlb edir.

BDU THİK-i ötən dövr ərzində dövlət gənclər siyasətinin əsas prinsiplərinin reallaşması istiqamətində kompleks tədbirlər həyata keçirib və bu gün də fəaliyyətini qeyd olunan istiqamətdə uğurla, məhsuldar formada davam etdirir.

BDU THİK-in və idman kafedrasının birgə təşkilatçılığı ilə start götürən "Fakültələrarası futbol çempionatı" keçirilir.

BDU THİK-nin tələbələrin asudə vaxtlarının səmərəli təşkili yönündə həyata keçirdiyi "Şənbə filmləri" layihəsi də  var ki, hər həftənin şənbə günü ölkə kinoteatrlarında olan yeni filmlər universitetin zallarında tələbələrə pulsuz nümayiş etdirilir. Bundan əlavə, əlamətdar günlərdə universitetdə müxtəlif əyləncəli gecələr (Party) də təşkil edilir. Bu tədbirlər tələbələrin daha da sosiallaşmasına xidmət edir. BDU THİK-nin milli-mənəvi dəyərlərin qorunması, adət-ənənələrin yaşadılması istiqamətində həyata keçirdiyi tədbirlərdən ən yaddaqalan "Novruz süfrəsi" milli müsabiqəsidir ki, bu müsabiqədə həm tələbələr milli ənənələri nümayiş etdirir, həm də qabiliyyətlərini sərgiləyərək birincilik uğrunda mübarizə aparırlar. 

THİK-in nəzdində fəaliyyət göstərən "Mənim Klubum" adlı intellektual klubun mütəmadi olaraq təşkil etdiyi intellektual oyunlar savadlı, bilikli, zəngin dünyagörüşünə malik tələbələrin müəyyənləşdirilməsi, onların mükafatlandırılması və beləliklə, tələbələrin elmə, təhsilə marağının artırılması məqsədi daşıyır.  THİK  tələbələrin sosial durumunun yaxşılaşdırılması, onlara istər maddi, istərsə də mənəvi dəstəyin göstərilməsi sahəsində də inamla iş aparır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov