Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Tələbələrimiz Harvard Universitetində tədbir keçiriblər

 

ABŞ-ın Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəçilik Məktəbində ilk dəfə olaraq "Azərbaycan: Qədim əlaqələr, gələcəyin diyarı" adlı mədəniyyət tədbiri keçirilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  çərçivəsində  ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəçilik Məktəbində ictimai siyasət ixtisası üzrə magistr təhsili alan Əlikram İsayev və Massaçusets Universitetinin tələbəsi Müşfiq Əmirovin birgə təşkilatçılığı ilə keçirilmiş mədəniyyət tədbirində ölkəmizin tarixi, adət-ənənələri və milli bayramımız olan Novruzla  bağlı məlumat verilib.  Tələbələrin təşəbbüsü və maddi dəstəyi ilə keçirilmiş tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini bir daha xarici auditoriyaya təqdim etmək, ölkənin zəngin irsini nümayiş etdirmək və eləcə də Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini xarici vətəndaşlara çatdırmaqdan ibarət olub. Tədbir çərçivəsində qonaqlara həmçinin 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları və onun əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilib. 

Tədbirdə Türkiyənin Bostondakı konsulu Ömür Budak, Azərbaycanın ABŞ-dakı (Vaşinqton) səfirliyinin nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər.  Azərbaycan Prezidenti İlham Əliyevin səfərləri nəticəsində bir çox sahələrdə, o cümlədən təhsil sahəsində ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın qurulduğu və son illər nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyi qeyd olunub. Tədbirin gedişində qonaqlara ölkəmizin  tarixi, müasir inkişafı, klassik  və  modern incəsənəti barədə videoçarxlar təqdim olunub.  Tədbirdə ümummilli lider Heydər Əliyevin ABŞ ilə əməkdaşlığa xüsusi önəm verdiyi, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov