Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

"Qadın və uşaqların naləsi dəhşətli idi"

 

Kəlbəcərin işğalı ilə bağlı şahidlərin təəssüratları 

Niyazi RƏHİMOV, "Azərbaycan müəllimi" 
[email protected]
 

Azərbaycanın qədim yaşayış məskənlərindən biri Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalından artıq 22 il ötüb. Zəngin təbii ehtiyatları, müalicəvi mineral suları, buz bulaqları, uca dağları, gözoxşayan çiçəklərlə bəzənmiş dağ çəmənlikləri, nadir ağaclı meşələri ilə canlı təbiət muzeyi olan Kəlbəcərdən didərgin düşən  yerli əhali respublikamızın dörd bir yanına səpələnmişdir. Hər gün vətən həsrəti, vətən nisgili ilə yaşayan kəlbəcərlilər ümidlərini üzmür, doğma dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözləyirlər. Rayonun işğal ildönümü ərəfəsində Kəlbəcər təhsil işçiləri ilə söhbətləşməyi, onların təəssüratlarını öyrənməyi özümüzə borc bildik.


Mirzə Kərimov,
Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin direktoru 

Kəlbəcərdə yerli əhalinin yaxşı tanıdığı şəhər 1 nömrəli orta məktəbdə direktor işləmişəm. Kəlbəcər şəhər 1 nömrəli orta məktəbi, onun fəaliyyəti ilə tanış olan insanların adından deyə bilərəm ki, bu təhsil ocağı respublikanın öndə gedən məktəbi kimi yaddaşlarda qalıb. Axırıncı dəfə işğaldan bir gün əvvəl - aprelin 1-də məktəbə getdim. Ermənilərin atdığı mərmi məktəbimizin bir küncünü tamamilə dağıtmışdı. Bu mənzərə mənə çox pis təsir etmişdi və əfsuslar olsun ki, doğma məktəblə vidalaşmalı olduq. Çox təəssüf ki, müvəqqəti olsa da, belə bir bölgəni itirmişik.

1993-cü ilin aprel ayının 2-si mənim ömrümü sanki yarıda qoyan bir gün kimi həyatıma daxil olub. Həmin gün Kəlbəcər şəhərindəki vertolyot meydançasındakı əhalinin köçürülməsi, dəhşətli ab-hava heç vaxt yaddan çıxan deyil. Erməni hərbçiləri şəhərin Ermənistanla sərhəd hissəsində Qara Qaya adlanan yüksəklikdən top və qrad qurğularından arası kəsilməyən atəşlər edirdilər. Əhali rayondakı vertolyot meydançasına yığışmışdı və çarəsiz insanların köçürülmə prosesi gedirdi. Aprel ayının 2-si günü meydançadakı qadın və uşaqların naləsi ağlasığmaz və dəhşətli idi. Həmin anlar indi də tez-tez yada düşür,  yuxularımda gözümün qabağında öz dəhşəti ilə canlanır.

Rayonumuz işğal olduqdan sonra müxtəlif yerlərə səpələndik. Çətinliklə də olsa məktəblərimizi bərpa etdik. Bu gün Bakının Nəsimi rayonunda yerləşən məktəbimiz bir çox uğurlara imza atıb. Məzunlarımız yüksək ballar toplayaraq ali məktəblərə daxil olur. Çalışırıq ki, Kəlbəcərdə qoyduğumuz 1 nömrəli məktəbin ənənələrini burada da davam etdirək.

Bütün kəlbəcərlilər kimi mən də doğma torpaqlarımızın işğaldan azad olması gününün yaxınlaşdığına inanıram. Bu inam ordan doğur ki, güclü ordumuz, yüksək tərəqqi yolunda olan dövlətimiz, öz xalqına arxalanan İlham Əliyev kimi Prezidentimiz - Ali Baş Komandanımız var.

 


Məhin Mikayılova,
Kəlbəcər rayon 117 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  
 

Mən Kəlbəcərin çörəyi, suyu ilə böyümüşəm. Elə əmək fəaliyyətimə də anadan olduğum Nadirxanlı kəndində başlamışam. İşğal gününə qədər də həmin məktəbdə işləmişəm. Qulu Xəlilovun bir sözü var: "Əgər Azərbaycanı  bir qızıl üzüyə bənzətsələr onun brilliant  qaşı Kəlbəcərdir". Doğrudan da Kəlbəcər əsrarəngiz təbiəti olan bir yerdir.

Ermənilər elan edilməyən müharibəyə başlayana qədər biz çox dinc yaşayırdıq. Müharibə dövründə isə nə qədər ağır şəraitdə yaşasaq da hər bir çətinliyə dözürdük. Beş il mühasirə şəraitində yaşadıq, amma bir gün də olsun işimizi dayandırmadıq. Daim müəllimlər, yuxarı sinif şagirdləri əsgərlərin yanında olurdu. Heç kəsin xəyalına da gəlməzdi ki, bir gün Kəlbəcəri tərk edəcəkdir. Əgər məndən soruşsalar ki, sənin ən ağır günün hansıdır, fikirləşmədən cavab verərəm, Kəlbəcərdən çıxdığım gün. Kəndin 2-3 km yaxınlığında müharibə gedirdi, ancaq heç kəs kəndi tərk etmək istəmirdi. Amma bizim üçün nə qədər çətin olsa da Kəlbəcəri tərk etmək məcburiyyətində qaldıq. Əhali müxtəlif rayonlara paylandı. Biz də Bakıya gəldik. Çox çətinliklərlə qarşılaşdıq, ancaq hər çətinliyə dözdük və bu gün Kəlbəcərə qayıtmağı səbirsizliklə gözləyirik. Hazırda Kəlbəcər rayon 117 nömrəli  məktəbdə işləyirəm. Şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə edir, onlara Kəlbəcər haqqında xatirələrimizi danışır, torpaqlarımızın qaytarılacağını deyirik. Bəzən şagirdlərimiz sual verir: "Müəllim, bəs nə vaxt?". Biz bu suala "o gün uzaqda deyil" deyirik.

 

 

 


Şəfi Murtuzayev, 
Kəlbəcər rayon  20  nömrəli tam  orta  məktəbin   direktoru 
 

Kəlbəcərin Zivel kəndində böyüyüb boya-başa çatmışam. Elə həmin kənddə də pedaqoji fəaliyyətə başlamışam. Zivel  kəndində  1992-ci ilə qədər məktəbimiz  natamam orta  tipli  idi.  Hər  gün  kəndin  üstündən erməni  vertolyotlarının uçmasına baxmayaraq,  kənd camaatı  öz zəhmətləri  hesabına  bir neçə sinif otağı tikib, həmin  məktəbin  orta  məktəb  statusu almasına  nail  oldular.  Lakin cəmi  bir  il orta  məktəb  kimi  fəaliyyət  göstərən bu  tədris ocağı öz  məzunlarına  attestat  verə bilmədi. Biz öz doğma kəndimizdən, məktəbimizdən didərgin düşmək məcburiyyətində qaldıq. Həmin günləri ürək ağrısı ilə xatırlayıram. Biz çox çətinliklə də olsa doğma torpaqlarımızdan aralı düşdük. Lakin buna baxmayaraq daim həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayırıq. İşgaldan sonrakı dövrlərdə bir çox çətinliklərlə üzləşmişik. İlk illər bizim üçün daha çətin idi. Belə ki, yeni yaşayış yerlərinə öyrəşə, adaptasiya ola bilmirdik. Lakin bu çətinliklərə sinə gərməyə çalışırıq.  Vətənə qayıtmağın yolunu təhsildə, elmdə, inkişafda görürük. Bu məqsədlə Azərbaycanımızın  digər  bölgələrində kəlbəcərli şagirdlər üçün məktəblər  təşkil olunub  ki, o  məktəblərdən  biri  də  hazırda Abşeron  rayon  Xırdalan  şəhərində  fəaliyyət   göstərən 20  nömrəli Kəlbəcər  rayon tam  orta  məktəbidir.  Həmin  məktəbin  fəaliyyət  göstərməsi  üçün  vaxtı  ilə  müəyyən  çətinliklərimiz  olsa  da, yeni  məktəb  binası  tikildi,  şagirdlərin  yaxşı  təhsil  almaları  üçün  hər  cür  şərait  yaradıldı.  Bunun  nəticəsində  bir  çox  nailiyyətlərimiz,  uğurlarımız  olub. Lakin  bizim  ən  böyük  arzumuz cənab Prezidentimiz, Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  doğma  Kəlbəcərimizi azad edib ora  qayıtmaqdır.

 

 

 


Kamil Əsədov,
Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbin direktoru
 

Soyuq mart ayının sonları idi. Kəndimizin camaatı vəhşi ermənilərdən canlarını qurtarmaq üçün Murov dağını keçməli idi. Çətinliklə də olsa biz Murov dağını aşdıq. Amma bu bizim üçün  həyat yolu deyildi. Bu yol bizi həsrətə, nisgilə aparırdı. Artıq 22 ildir ki, bu gəldiyimiz yolla geri qayıda bilmirik. Lakin bütün bunlara baxmayaraq sabaha ümidlə baxırıq.

Yaxşı yadımdadır, dərs ilinin axırıncı rübü idi. Bütün müəllimlər kimi mən də IV rübün başlamasını səbirsizliklə gözləyirdim. Amma bu belə olmadı, həmin dərs ilimiz də bütün ümidlərimiz, arzularımız kimi yarımçıq qaldı. Sonra isə respublikanın müxtəlif yerlərində məskunlaşdıq. Bizim kimi məktəblərimiz də diyar-diyar gəzdi. 1993-cü ildə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 12 nömrəli Kəlbəcər rayon tam orta məktəbi təşkil edildi və sentyabrdan orada yeni şagird və müəllim kollektivi ilə işə başladıq. Sonra isə yerimizi Bülbülə qəsəbəsinə dəyişdik.

Həyat mübarizə meydanıdır deyirlər, biz də bütün çətinliklərə sinə gərib öz şagirdlərimizin təhsil almasına çalışırıq. Yüksək nəticələr əldə etmişik.1994-cü ildən indiyə qədər Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbin 11-ci sinfini 137 nəfər şagird bitirib attestat alıb. Bunlardan 80 nəfəri ali təhsil müəsisələrinə qəbul olunub, təhsilini başa vurmuşdur. Kəlbəcərli şagirdlər qaçqınlıqdan əvvəlki ənənəni saxlayaraq təhsilə böyük maraq göstərirlər. Ali təhsil alan məzunlarımızdan hazırda 5 nəfər müəllim bizimlə çiyin-çiyinə çalışır.

Möhtərəm Prezidentin siyasi xəttini dəstəkləyirik və ümid edirik ki, onun apardığı siyasət nəticəsində torpaqlarımız azad olacaqdır. Biz Kəlbəcərə qayıdıb, 1993-cü ilin yarımçıq qalmış IV rübünü orada bərpa edəcəyik. Buna inanırıq!

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov