Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Yaradıcılıq

 

 

 

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

 

 

Ey Vətən

Çoxdan itirdiyim o sevdalı quş,

Tapıbdı ruhumu, səndən oxuyur.

Daha mənlik deyil o dağ, o yoxuş,

Ömür çeşnisini qəmdən toxuyur.

 

Vətənsiz yaşamaq varmış qədərdə,

Səngiməz tufanlar uçur başımdan.

Mənə ömrüm boyu yarmış kədər də,

Özgənin baharı keçir qışımdan.

 

Bu qəriblik hər zərbədən betərdi,

Haqqın nəfəsinə yollar açıla.

Öz içimdə hey çəkirəm bu dərdi,

Nə ola boynuma qollar açıla.

 

Vətən oğlu nərə çəkə qoşuna,

Hər kəs gedib obasına buluna.

Əlim dəyə ana yurdun daşına,

Sığal çəkəm tikanına, koluna.

 

Şöhrətinə kim qalxacaq, qoy olsun!

Təltifini kim alacaq, sözüm yox.

Yurd yerində büsat olsun, toy olsun,

Bu dünyadan umduğum yox, gözüm yox.

 

Yollarının tozu olum, ey Vətən!

Bazarçayı, Göbəkdaşı görüm mən.

Qızın olum, yazın olum, ey Vətən!

El-obanı, yar-yoldaşı görüm mən.


Həsrət
Şuşalı dostlarıma

 

Gül-çiçəyin tayasına,

Bir baş vuram gülə-gülə.

Ərimgəldi qayasına,

Yolum düşə bilə-bilə.

Bu gəlişdən uça həsrət,

Naçar qalıb qaça həsrət,

Cıdır düzü oylaq ola,

Qırxqız yenə yaylaq ola,

Yollar dönüb yaylıq ola,

Göz yaşımı silə-silə,

Ürəyimdən köçə həsrət.

Dərdli günlər qəfil itə,

Vətənsizlik məndən ötə,

Əllərim Şuşaya yetə,

Qəribliyi gilə-gilə,

Məndən çəkib içə həsrət.


Emin PİRİ,
Prezident təqaüdçüsü

 

 

 

 

 

Sağ qalan varmı?!..

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

Hər əsgər tabutu

bir ağ gəlinliklə köçər...

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

 

Soba yanında

gecə yarısı bir qız

məktub yazır səngərə.

anasının yarıyuxulu

"qızım yatmamısan?"

sualına diksinib

"üşüyürəm, ana

odun atıram sobaya"...

 

Daha

gecələri oyaq qalmağa

soba yanında

məktub yazmağa,

yalandan üşüməyə

sobaya odun atmağa

ehtiyac yoxdu...

səngərdən qıvrıla-qıvrıla

boğuq səsi gəlir

tağım komandirinin:

kimsə sağdı?!


Ayağım özümdən qeyrətli çıxdı

 

Çiçək açırdı

torpağa basdırılan

minalar

toxunanda ayaqlar.

çiçəklər yara açırdı

yaralar

anaların yuxusuna qaçırdı.

yuxular qara xəbərin

ardınca qaçırdı.

 

Qəlbinə qara xal düşən qızların

gözünün altından

öpüş yerini

səhər eşitdiyi xəbərlər yuyar.

evli xanımlar

yatağında yox,

torpaqda

əriyçün dərin yer salar.

 

...O da cəbhədəydi

mərmilər qucaqlamışdı

sağ ayağının addımını.

arxada can verən

addım səsinə

qayıdıb

itmiş ayağını aldı əlinə.

Bir vaxt sevgilisinə

gül verən əllər

bugün nə aparacaqdı?!

 

cəbhədə qalan sağ ayağının

təqaüdünü də

sol ayağı alıb xərcləyir!

 

danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı.


Rübabə SAHİB,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı

 

 

 

 

 

 

Balam

(Ana duyğuları)

Güllər cilvələndi sən doğulan gün,

Gülümsədi göydə ulduzlar, ay, gün.

Süd qoxudun, laylalarım dil açdı

Dünyamı dəyişdin, bala, büsbütün.

 

Gözlərin kömürdü, dodaqların qan,

Kirpiklərin saçaq, qaşların qaytan,

Eynilə özümdür hey deyir atan,

Dünyamı dəyişdin, bala, büsbütün.

 

Gülüşün könlümdə sevgi barıdır,

Baxışın evimin  qaymağ, balıdır,

Səninçün əsirəm hamı halıdır,

Dünyamı dəyişdin, bala, büsbütün.

 

Mələksənmi, ay canımın parası,

Saçın boyağıdır gözün qarası,

Hay-küyündü dərdlərimin çarası,

Dünyamı dəyişdin, bala, büsbütün.

 

Rübabəyəm, həyat dolu marağım,

Səsin, qığıltındır varım, növrağım,

"Ana" deyişindir gücüm, dayağım,

Dünyamı dəyişdin, bala, büsbütün.


Bayatılar

 

Bahar gəlib vətənimə,

Bacalarda ovqat yanır.

Doğmalaşır qardaş-bacı,

Bir ocaqda daldalanır.

 

Gəlin olubdur səməni,

Qızıl kəməri belində,

Ruzi-bərəkət gətirir,

Müqəddəs tellərində.

 

Qapı pusur  qız-gəlinlər,

Çıxıblar qulaq falına.

Niyyət edir gələn yaza,

Yetişsinlər amalına.

 

Atalar manqal başında,

Kəbab çəkir, şərbət açır.

Analar süfrə bəzəyir,

Balalara qucaq açır.

 

Qəhqəyə, gülüşə bax,

Bənzəyir şərqi səsinə.

Oddan atılır uşaqlar,

Bir-birinin bəhsinə.

 

Süfrələrdə şəkərbura,

Şamlar yanır hər obada.

Kəlbəcər, Şuşa, Qarabağ,

Bayram istəyir orada.

 

Şadlanıram səndə Vətən,

Mübarək yazın, Novruzun.

Əmin-amanlıq içində,

Gəlin olsun hər bir qızın.


Elbəyi MAQSUDOV,
Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor

 

 

 

 

 

 

Vətəndir 

Sevdim ümmanların dərinliklərin,

Sonsuz səmaların ənginliklərin,

Vəsf etdim dünyanın gözəlliklərin

Özüm də bilmədim axı nədəndir?

Hər gözəl şerimin ətri Vətəndir.

 

Əzablı yolları keçənlər bilər,

Köhnə yurdun qədrin köçənlər bilər.

Ayrılıq dərdini çəkənlər bilər.

Bülbüllər gül üçün necə ötəndir?

Qürbətdə bir gülün ətri Vətəndir.

 

Aldanma heç zaman mala, dövlətə,

Nə quru bir ada, şana, şöhrətə

Ömrünü bağışla elə, millətə

Dünyanın hər işi gəlib gedəndir

Sərvət də, qeyrət də, şan da Vətəndir.

 

Məni o torpaqlar yandırıb yaxır,

Alışan qəlbimdə  şimşəklər çaxır.

İçimdən şəhidlik qanları axır.

Sevgisiz bir ürək ruhsuz bədəndir

Sevgim də, ruhum da ancaq Vətəndir!


Firəngiz QULİYEVA,
müəllim

 Müqəddəs and yerimsən

Təbəssümün qaçan gündən,

Ağı qonub dodağına.

Gözlərimi açan gündən,

Üzündə dərd gördüm ana.

Saçın qarlı dağın başı,

Bulaqlar gözünün yaşı,

Əlin məscid, ocaq daşı,

İzn ver, üz sürtüm ana.

Sənin neçə "kaş"ların var,

Sənin necə "kas"ların var,

Yanağında yaşların var,

Dərdin mənim dərdim, ana.

Xan Arazım, sən  Kürümsən,

Ocağımsan, həm pirimsən,

Müqəddəs bir  and yerimsən,

Sənə könül verdim, ana.


 

Əziz MUSA,
Cəbrayıl rayonundakı  V.Hüseynov adına
Daşkəsən tam orta məktəbin  direktor müavini

 

 

 

 

 

Bilmədim

Qəfil gəldi gələn boran, gələn qar,

Bircə anda itdi dostluq, etibar,

Aralığı aldı həsrət, intizar,

Mən dağlarla vidalaşa bilmədim.

Ruhum, qəlbim nalə çəkdi, ağladı,

Zalım düşmən yolu, izi bağladı,

Qəzəbindən Araz coşdu, çağladı,

Mən dağlarla vidalaşa bilmədim.

 

Yetim qaldı o məskənlər, o yerlər,

Qanla doldu neçə-neçə yəhərlər.

Dağıdıldı, viran oldu qəbirlər,

Mən dağlarla vidalaşa bilmədim.

 

Qarı düşmən kəsdi bəndi, bərəni,

Duman tutdu karvan keçən dərəni,

Bu mənzərə göynətdi hər görəni,

Mən dağlarla vidalaşa bilmədim.

 

Mən göylərə açdım o gün əlimi,

Bu haqsızlıq qırdı onda belimi,

Ayrılanda qəhər boğdu dilimi,

Mən dağlarla vidalaşa bilmədim.

 

Aralığı həsrət, hicran alsa da,

Bu ayrılıq ağır, acı olsa da,

Mənim canım o yerlərdə qalsa da,

Mən dağlarla vidalaşa bilmədim.

 

Bu dərd məni gecə-gündüz üzür hey,

Gözüm hələ o yerləri gəzir hey,

Heç bilmirəm ürək necə dözür hey,

Mən dağlarla vidalaşa bilmədim.

 

Əziz Musa günaha yaz bu dərdi,

Yurd-yuvasız ömür sürmək hədərdi,

Mənim dərdim vallah dünya qədərdi,

Mən dağlarla vidalaşa bilmədim.


Tut ağacı

 

Xoş gördük, xoş gördük ay tut ağacı,

Əhvalın necədi, a doğma qardaş.

Mənim dost, sirdaşım, həyat ağacı,

Gəlmişəm səninlə görüşə bir baş.

 

Varını yoxunu bizə vermisən,

Bir dayaq olmusan çətində bizə,

Həmişə dibində bizi görmüsən,

Kölgəlik olmusan sən nəslimizə.

 

Yayda tut yemişik, payızda bəhməz,

Quru budağından ocaq çatmışıq,

Altında səmavar qaynadıb nənəm,

Yanında böyüyüb boya çatmışıq.

 

Barını verdikcə fərəhlənmisən,

Babamın, nənəmin çörək ağacı,

Bizimlə birlikdə çox qəmlənmisən,

Bərəkət ağacı, gərək ağacı.

 

Neçə budağından beşik asmışıq,

Hana düzəltmişik şah budağından,

Olmusan həyətə bəzək, yaraşıq,

Yəqin ki, o günlər çıxmaz yadından.

 

Baxıram yamanca qocalmısan sən,

Səndən uzaqdadı tay oğul, uşaq,

Bu həyət-bacada tək qalmısan sən,

Mən də darıxmışam, gəl qucaqlaşaq.


Mehrəli QULİYEV,
Xaçmaz rayonundakı  Bostançı
kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

 

 

 

 Qısa təmsillər

Lovğalıq

Lovğa pişik tullanıb

Özünü pələng sandı.

Köpəyi görən kimi,

Tez ağaca dırmandı.

          

Asılı qələm

Pencəyin üst cibində,

Qələm gəzdi, öyündü.

...Mürəkkəbi qurtardı,

Artıq əşyara döndü.

 

Başqasının hesabına

Dəvənin ayağında

Səfər etdi qarışqa.

Dedi: - Bu qədər yeri

Kim gəzib məndən başqa?!

 

Qeybət

Məclisdə soğan dedi:

-Sarımsaq acıdildir,

Acı sözü qəlbimdən

Getmir gör neçə ildir!

 

Yağışdan çıxıb...

Baltanın əvəzinə

Meşəbəyi mişardı,

Ağaclar böyrü üstə

İndi səssiz aşırdı.

 

Tağ unuduldu

Vaxtında su verildi,

Qulluq edildi tağa,

Qarpız şişdi, yetişdi,

Tağ salındı tapdağa.

 

Dənizi görəndə...

Dağ çayı kükrəyərək

Özünü qaxdı, çaxdı.

Dənizə qovuşarkən

Bacardıqca lal axdı.

 

Kölgə

Kölgə öz sahibini

Hər addım izləyirdi.

Kölgənin əməlini

Kölgələr gizləyirdi.

 

Ehtiyatlı kenquru

Kenquru balasını

Qoynunda gəzdirərək

Deyir: - İgidin malı

Göz qabağında gərək.

 

Güzgü gileyi

Güzgü deyirdi: - Hər kəs,

Məndə görür özünü.

Gəl ki, görə bilmirəm

Heç vaxt özüm-özümü.

 

Qurd baxışı

Bir gün qurd maskalanıb

Qoyun cildinə girdi.

Onun qurd olduğunu

Baxışları bildirdi.

 

Qayğanağın gileyi

-"Çox tez bişirəm" - dedi

Qayğanaq ona-buna -

"Bəs nə üçün düşmürəm

Rekordlar kitabına?!".

 

Yalqız  əsa

Evdəki qocaları

Yola salmışdı əsa,

Artıq gərək deyildi

O bu evdə heç kəsə...

 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
[email protected]
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov