Hər
dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk
növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür.
Belə müəllimlərdən biri də 1972-ci ildə ali məktəbi
bitirərək hazırda Ağcabədi şəhər M.F.Axundov adına 3
nömrəli məktəb-liseydə fizika müəllimi işləyən Fazil
Alıyevdir.
Fazil müəllim sözün əsl mənasında müəllimdir. Bu adın
böyüklüyünü və məsuliyyətini yaşaya-yaşaya ömür sürmək
hər kəsə qismət deyil. Müəllim sözünü ucuzlaşdıranlara
qarşı Fazil müəllim kimi insanların həyatı və peşə
sevgisi layiqli nümunədir. Onu eşitmək, duymaq, onunla
həmsöhbət olmaq adama ucalıq gətirir. Çünki Fazil
müəllim bütün həyat idealını, arzularını, gəncliyini,
müdrikliyini, bir sözlə, şagirdlərinə böyük sevgisini bu
sənətdə - müəllim sənətində tapıb...
Onun işlədiyi məktəbdə şagirdlərdən tutmuş, direktora
kimi Fazil müəllim haqqında nəsə soruşmaq istəsən,
ağızdolusu şirin sözlər, hörmətli kəlmələr eşidərsən.
Onu bu mərtəbəyə halal zəhməti və ürəyinin odu
gətirib. "Mənim ən böyük mükafatım şagirdlərimin mənə
olan məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu
baxışları mənim üçün hər şeydir", - deyən Fazil müəllim
peşəsini ürəkdən sevir və böyük həvəslə çalışır.
O, 1982-ci ildə "Baş müəllim", 2007-ci ildə Azərbaycan
Respublikası "Qabaqcıl təhsil işçisi" döş nişanı və
müxtəlif adda diplom və fəxri fərmanlarla təltif olunub.
İş təcrübəsi respublikada geniş yayılıb. Dərs dediyi
şagirdlərdən elmlər namizədi və elmlər doktoru olanlar
da var.
Fazil Alıyev yaxşı müəllim olmaqla bərabər, həm də gözəl
ailə başçısıdır. Onun 3 övladı və 2 nəvəsi var. Bu gün
F.Alıyevin həyatı, işi gənc müəllimlərə örnəkdir. O,
sənətini, ailəsini, uşaqları sevir. Bir sözlə, həyatı
sevir. Elə bu sevgilər yaşadır Fazil müəllimi!
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |