Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Azərbaycan təhsili: uğurlar, perspektivlər

 

Böyütmək üçün seçinSon illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə təhsilin inkişafı və modernləşdirilməsi, qloballaşmanın getdikcə genişləndiyi və dərinləşdiyi  bir şəraitdə yüksək rəqabət qabiliyyətinə malik təhsil sisteminin yaradılması istiqamətində mühüm işlər görülür, islahatlar həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər haqlı olaraq ölkə ictimaiyyəti tərəfindən təqdir olunur və təhsilin inkişafına göstərilən diqqət və qayğı kimi qiymətləndirilir. Biz də "Azərbaycan müəllimi" qəzeti olaraq, təhsil sistemində görülən işləri, tətbiq olunan yenilikləri diqqətdə saxlayır və onların geniş ictimaiyyətə çatdırılmasına səy göstəririk. Son 2 ildə təhsilimizdə atılan bir sıra inkişafyönümlü addımlardan və əldə olunan uğurlardan bəhs edən statistik məlumatları  oxuculara təqdim edirik.

* Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və ölkə Prezidentinin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"təsdiq olunub.

* Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib.

* 2013-cü il dekabrın 14-də Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib.

Böyütmək üçün seçin* Ölkə Prezidentinin tapşırığı əsasında orta məktəbləri bitirən şagirdlərin hamısına attestatın verilməsi barədə Təhsil Nazirliyinin təklifi Hökumət səviyyəsinə çıxarılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 may tarixli Qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Bu qərara əsasən, XI sinfi bitirən 90 mindən çox məzunun hamısına attestat almaq imkanı yaradılıb.

* Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri qəbul olunub.

* Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb.

* Bu ildən I siniflərə qəbulun yeni sistemi tətbiq olunur. Belə ki, Təhsil Nazirliyinin 27 fevral 2015-ci il tarixli əmri ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinə, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalara 2015-2016-cı tədris ili üçün I sinfə şagird qəbulunun ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə  həyata keçirilməsinə başlanıb.

Böyütmək üçün seçin* Bu ilin martında Bərdə rayonunda istifadəyə verilən regional "ASAN xidmət" mərkəzində "ASAN məktəb" bölməsi fəaliyyətə başlayıb. Bölmə əsasən I siniflərə yeni qaydada qəbulu həyata keçirəcək.

* Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinə başlanılıb.

* 2014-2015-ci tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 "Sağlam təhsil sinfi" fəaliyyət göstərir.

* Fizika-riyaziyyat və informatika təmayüllü liseydə şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasını təşkil etmək məqsədilə informatika üzrə Olimpiada Mərkəzi açılıb.

Böyütmək üçün seçin* 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub.

* "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları"na müvafiq olaraq 2014-cü ildə işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.

* Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.

* Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq istəyənlər üçün müsabiqəyə start verilib.

Böyütmək üçün seçin* Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin ibtidai sinif müəllimlərinin əməyini stimullaşdırmaq və peşəkarlığını yüksəltmək üçün "Təməl" təqaüd proqramına start verib.

* Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.

* Təhsil nazirinin əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq edilib.

* 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində "Qarabağın tarixi" adlı fakültativ kursun tədrisinə başlanılıb. Ölkənin ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslər tədris olunur.

* 50 pilot ümumi təhsil müəssisəsinin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

* Təhsil Nazirliyinin "Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi" layihəsinə start verilib.

* Bu il ilk dəfə olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək.

* Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 10 medal qazanıblar.

* Təhsil Nazirliyi tərəfindən Elektron Tədris Resursları Portalı (www.e-resurs.edu.az) istifadəyə verilib. Portalda böyük həcmdə tədris və təlim materialları (www.e-derslik.edu.az; www.e-test.edu.az; www.video.edu.az; www.e-telim.edu.az; www.e-sinif.edu.az) bir mənbədə cəmləşdirilib. Təhsil Nazirliyinin dərsliklər üzərində müəlliflik hüququnu əldə etməsi elektron resursların yaradılması işinə böyük təkan verib.

* 2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.

* Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə 7 ədəd "Hyundai County" markalı avtobus verilib.

* 2014-cü ildə təhsil müəssisələrinə 6000 ədəd kompüter, 3000 ədəd notebook, 1377 ədəd elektron lövhə, 700 ədəd proyektor verilib, 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub.

* Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib.

* Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd "Renault Logan" markalı nəqliyyat vasitəsi verilib.

* İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan "Müasir Azərbaycan Peşəkarları" layihəsi həyata keçirilir.

* İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirmək məqsədilə "Liderlik və idarəetmə" təliminə başlanılıb.

* "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.

* Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri qəbul olunub.

* "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" qəbul edilib.

* Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq ali məktəblərdə təhsil alan, xüsusi istedadı və təlim uğurları ilə fərqlənən tələbələrdən ibarət SABAH qrupları yaradılıb. 7 ali məktəbdə 34 ixtisas üzrə bu qruplarda 755 tələbə təhsil alır. Ehtiyacı olan 200-ə yaxın tələbə yataqxana ilə təmin edilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib.

* 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanıb.

* Təhsil Nazirliyi tərəfindən "Gələcəyin müəllimi təqaüdü" təsis edilib. Təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunub.

* Azərbaycan Dövlət İqtisad Univeristeti dünyanın qabaqcıl universiteti hesab olunan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək.

* Ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədilə "Universitet qrantı" müsabiqəsinə start verilib.

* 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Müsahibələr nəticəsində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

* Dövlət Proqramı çərçivəsində indiyədək 3185 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Onlardan 1360 nəfəri son 2 il ərzində dünyanın nüfuzlu ali məktəblərinə göndərilib.

* Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı İslahat Proqramı hazırlanıb.

* Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqələri keçirilib.

* Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq yaradılacaq  "Təhsil" onlayn televiziyası layihəsi çərçivəsində "61" oyun-viktorinanın nümayişinə başlanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov