Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Kurikulum təhsilimizə nə verir?

 

Böyütmək üçün seçinNiyazi RƏHİMOV, "Azərbaycan müəllimi"
[email protected]
 

2008-2009-cu tədris ilindən ölkəmizdə yeni kurikulumların tətbiqinə başlanılıb. 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın  tərkib hissəsi olan kurikulum islahatı bu gün də mərhələli şəkildə həyata keçirilir.  Yaxın keçmişə nəzər saldıqda görürük ki, bu addım Azərbaycan təhsilində ilk nəticəyönümlü kurikulumların tətbiqi kimi mühüm əhəmiyyət daşıyır. Lakin xeyli müddət keçməsinə baxmayaraq, ölkəmizin təhsil ictimaiyyəti və valideynlər arasında kurikulum islahatları  ilə bağlı  fikirlər  hələ də birmənalı deyil. Məsələnin aktuallığını nəzərə alaraq təhsil işçilərinə, mütəxəssislərə və valideynlərə "Kurikulum təhsilimizə nə verir" sualını ünvanladıq.

 


Ənvər ABBASOV,
T
əhsil Problemləri İnstitutunun direktor müavini Kurikulum Mərkəzinin rəhbəri, dosent
 

Yeddi ilə yaxındır ki, respublikamızda yeni təhsil proqramları (kurikulumları) tətbiq olunmaqdadır. Əslində yeni kurikulumlar dedikdə mahiyyət etibarı ilə müasir kurikulumlar, bütövlükdə yeni məzmun və təhsil texnologiyaları başa düşülür. Eyni zamanda yeni dərslik komplektləri, eləcə də yeni təhsil resursları yada düşür.

Yeni kurikulumların yaradılması müasir pedaqoji elmin uğurlarından biri kimi dəyərləndirilir. Artıq müasir zamanda ənənəvi sistem qlobal inkişaf tendensiyasına cavab verə bilmir. Ona görə də şagird şəxsiyyətinin inkişafına yönəlmiş təhsil standartları, yeni təlim strategiyaları meydana gəlmişdir. Eləcə də müasir pedaqoji elmin ən yeni uğurlarından biri kimi şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin yaradılması işinə başlanılmışdır. Şagird inkişafını izləməyə imkan verən qiymətləndirmə texnologiyalarının yaradılması ölkəmizdə ilk dəfədir ki, həyata keçirilir.

Yeni kurikulumların yaradılması və tətbiqi təhsilə humanist və demokratik yanaşmanın bariz nümunəsidir. Bu konsepsiyanın nəzərə alınması ilkin olaraq ümumi təhsildə inteqrasiyanın həyata keçirilməsinə imkan yaratmışdır. Ümumtəhsil fənlərinin sayı azaldılmış və onların məzmunu minimum biliklərə söykənən bacarıq və qabiliyyətlərlə zənginləşdirilmişdir.

Bu gün müəyyən tədris resurslarımızda bəzi yüklənmələr nəzərə çarpsa da, onlar təfəkkür məktəbinin qurulması istiqamətində atılmış ilkin addımlar kimi dəyərləndirilməklə, islahı gözlənilən və mümkün olan reallıqdır.

Yeni təhsil kurikulumlarının tətbiqi müasir məktəbin fəallıq mexanizmi kimi başa düşülür. Təlim prosesində iştirak edən bütün şagirdlər bu mexanizmin yaratdığı imkandan istifadə etməklə fəaliyyət göstərir, çevik və mobil təfəkkür əməliyyatlarını həyata keçirə bilirlər. Onların tənqidi və yaradıcı fəaliyyətləri üçün geniş imkanlar açılmış olur. Şagirdlər sərbəst düşünə bilmək, axtarışlar aparmaq, müəyyən qənaətlərə gəlməklə qərarlar qəbul edərək fəal dərsin moderatoruna, aparıcı qüvvəsinə çevrilirlər.

Yeni kurikulumlar müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından da geniş əhəmiyyət daşıyır. Onlara əsasən işini quran müəllimlər özlərinin tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə, eləcə də texnologiyalar seçməkdə, yaxud onları müvafiq qaydada hazırlamaqda daha müstəqil olurlar.

Kurikulumların tələbinə əsasən valideyn və məktəb arasında münasibətlərin yenidən qurulması kimi mühüm pedaqoji hadisənin verilməsi müşahidə olunur. Maraqlı olan əsas tərəflərdən biri kimi  onlar təhsilin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik bir ab-hava gətirirlər. Daha konkret mənada kurikulumlar şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq onların məhsuldar fəaliyyətini tənzimləyir.


Asif CAHANGİROV,
təhsil eksperti

Müasir dövrdə "Kurikulum" anlayışı təhsilalanların öz həyatının müəyyən bir dövrü ərzində mənimsəyəcəyi, keçəcəyi təlim kursu barədə cəmiyyət, dövlət və təhsil müəssisələri arasında razılaşdırılmış yanaşma kimi başa düşülür. Kurikulum təhsilin əsaslarını və məzmununu, təlimə ayrılan vaxt çərçivəsində onların öyrədilmə ardıcıllığını müəyyən edir, təhsil səviyyəsi və pilləsindən, təhsil müəssisəsinin tipindən asılı olaraq,   tətbiq ediləcək metodlar, tədris və təlim resursları, qiymətləndirmə də daxil olmaqla tədris-təlim prosesinin və müəllim fəaliyyətinin xüsusiyyətlərinə aydınlıq gətirir. Bu baxımdan, 2000-ci illərin əvvəlindən başlayan ümumtəhsil məktəbi üçün kurikulum islahatı çox əhəmiyyətli və vacib idi. Bu, Azərbaycan təhsili tarixində mühüm bir addım idi.

Ümumiyyətlə, tamamilə yeni yanaşmalara əsaslanan  təhsil innovasiyalarının,  hər  hansı  bir yeniliyin həyata keçirilməsi həmin prosesə cəlb olunanlar tərəfindən heç də həmişə birmənalı qarşılanmır, bəziləri hətta ciddi müqavimət də göstərir, cəmiyyətdə müəyyən çaşqınlıq yaratmağa çalışır. Elə bunun nəticəsidir ki, bəzən ictimaiyyət arasında kurikulum islahatının təhsilimizi inkişafdan ləngitdiyi barədə fikirlər də söylənilir.

 İlk növbədə deyim ki, kurikulumlar dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur və müsbət nəticələr verir. Bir sıra amillərlə bərabər burada ən mühüm məsələ kurikulumun tətbiqinə  bilavasitə məsul olan müəllimlərin yetişdirilməsi və ixtisasartırması, onların mükəmməl hazırlığının təmin olunmasıdır.

  Əlbəttə, kurikulumu yüksək səviyyədə mənimsəyən bacarıqlı, səriştəli müəllimlərimiz kifayət qədərdir. Müşahidələrim, araşdırdığım  müəllim  təcrübələri  göstərir ki, kurikuluma ciddi yanaşanlar, onun fəlsəfəsini aydın dərk edənlər həmişə uğur qazana bilirlər. Lakin bununla yanaşı, kurikulumun mahiyyətini dərindən dərk etməyən, artıq bir yük kimi qəbul edən, onu "kurikulum proqramı" adlandıran  müəllimlərimiz, məktəb direktorlarımız da az deyildir.

Kurikulum tədris-təlim prosesinə yaradıcı yanaşmanı tələb edir. Bir çox ölkələrdə milli kurikulum və dövlət təhsil standartları əsasında hər bir məktəb tərəfindən özünün fənn kurikulumlarını tərtib etməsi adi bir haldır.  Bizim məktəblərdə isə doqmatik yanaşma hökm sürür, Təhsil Nazirliyinin təsdiq etdiyi fənn kurikulumları son nöqtəsinədək olduğu kimi tətbiq olunur. Nədənsə müəllimlərimiz  mövcud standartlar  gözlənilməklə öz dərslərinin şagirdlərin  xüsusiyyətlərinə uyğun planlaşdırılmasına çevik yanaşmadan çox ehtiyatlanırlar.

Kurikulumun uğurlu tətbiqi məktəb rəhbərlərindən əhəmiyyətli dərəcədə asılıdır.  Əfsuslar olsun ki, kurikulumun  tətbiqinə formal bir tədbir kimi yanaşan məktəb direktorlarına  tez-tez rast gəlinir. Rəhbərlik qarşısında kurikulum islahatını sözdə tərifləsələr də, belə direktorlar əməli  işlərdə müəllimlərə nəinki dəstək olmur, hətta yaradıcı müəllimlərin təşəbbüslərinə müqavimət də göstərirlər.

 Hamımız dərk etməliyik ki, kurikulum islahatı birdəfəlik aksiya yox,  inkişafda olan fasiləsiz bir prosesdir. Bununla əlaqədar kurikulumun hazırlanması və tətbiqi ilə bağlı məsələlər müntəzəm araşdırılmalı, mövcud çatışmazlıqlar üzə çıxarılmalıdır. Ölkənin inkişaf strategiyası, habelə müəllim və mütəxəssislərin, ictimaiyyətin, dövlət qurumlarının rəy və təklifləri də kurikulum islahatı üçün münbit mənbələrdir. 

Zaman keçdikcə yeni yaradılacaq kurikulumların  bəhrəsini daha aydın görəcəyimizə ümid edirəm.


Vidadi BAĞIROV,
təhsil eksperti

Təhsilin-məktəbin  cəmiyyət qarşısında öhdəlikləri var. Bu öhdəliklərin  mahiyyətini ümumiləşdirərək sadə şəkildə belə deyə bilərik ki, məktəbin vəzifəsi cəmiyyətdə şüurlu surətdə, normal şəkildə yaşaya, işləyə və cəmiyyəti inkişaf etdirə biləcək vətəndaşlar-şəxsiyyətlər yetişdirməkdir. Bu isə o deməkdir ki, cəmiyyətdə baş verə bilən hər bir əsaslı dəyişikliklər, deyək ki, ictimai-siyasi formasiyaların, istehsal münasibətlərinin dəyişməsi, texnologiyaların yenilənməsi və s. təhsilə-məktəbə, onun məzmununa və fəaliyyətinin yönlərinə, yanaşmalara təsir edir. Azərbaycan da müstəqillik əldə etdikdən sonra özünü açıq bir cəmiyyət elan etmiş, dünyaya inteqrasiyaya üstünlük vermişdir. Əlbəttə ki, belə olan təqdirdə də təbii olaraq təhsilin məzmunu yenilənməli, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edilməli idi. Ədalət naminə deyək ki, bu illər ərzində xeyli işlər görülmüş və görülməkdədir, müəyyən nəticələr də əldə olunmuşdur və güman edirik ki, Dövlət Strategiyasında nəzərdə tutulanlar da reallaşdırıldıqca nəticələr daha qabarıq şəkildə görünəcəkdir. Lakin burada müəyyən çatışmazlıqların olması da başadüşüləndir. Bunların zaman-zaman aradan qalxacağını düşünürəm.

Artıq bir neçə ildir ölkəmizdə kurikulum tətbiq edilir. Amma cəmiyyətdə onunla bağlı birmənalı fikir tam bərqərar olmayıb. Əlbəttə, bunu da təbii saymaq olar, çünki insanların mütləq əksəriyyətinin ailələrində məktəblilər var və onlar bu prosesdə istər-istəməz fikir söyləyirlər. Kimlərsə məsələni yanlış anladığından, kimlərsə bu yeniliyi qəbul edə bilmədiyindən, kimlərsə də ənənəvi yoldan inadla çəkilməməsindən fərqli fikirlər səsləndirirlər. Yeniliklər müəyyən mənada bu proseslərlə müşayiət olunur. Amma burada  bir məqam bizi daha çox düşündürməlidir. Heç kəsə sirr deyil ki, kurikulumun tətbiqinin əsas hərəkətverici qüvvəsi müəllimdir. Ancaq müəllimlərin də hamısı bu prosesə lazımi dərəcədə və lazımi peşəkarlıqla qoşulmurlar. Bu da cəmiyyətin gözündən yayınmır və narazılıqların əsas hissəsi də buradan qaynaqlanır. Bu müəllimlərin simasında yeni kurikulum  məzmununun həddən ziyadə mücərrədləşdirilməsi və şagirdləri daha çox məşğul etməsi kimi təqdim edilir. Təsəvvür edin ki, bəzi hallarda birinci sinif şagirdləri müəllimlər tərəfindən əlavə hazırlığa (repetitorluğa) cəlb edilir. Valideynlərə  ciddi şəkildə aşılanır ki, uşaqlarla evdə həddən çox oxuyub -yazmaq gərəkdir. Əslində müəllim bununla guya ki, proqramın mənimsədilməsindəki məsuliyyətini və əziyyətini bölüşmüş olur.  Bütün bunlar  yeni kurikulumun ruhuna zidd olmaqla, valideynlərdə yeni kurikulumun repetitorluğun "cavanlanlaşdırılması"  və uşaqların çox yüklənməsi fikrini formalaşdırır. Ona görə də yeni kurikulumla bağlı işlər davam etdirilməli və imkan düşən hər bir məqamda müəllim peşəkarlığının artırılmasına ciddi diqqət yetirilməlidir. Bundan başqa, cəmiyyət artıq bu prosesi qəbul etməlidir. Düşünürəm ki, kurikulum təhsilin məzmununa, təhsilverən və təhsilalanların ümumi təfəkkürünün inkişafına təkan verdi.


Nərminə İSMAYILOVA,
Bakıdakı 201 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

20 ildən artıqdır ki, ibtidai sinif müəllimi işləyirəm. Bu müddət ərzində bir çox siniflərim olub. Təbii ki, ənənəvi təhsil sistemində də çalışmışam, hər iki dövrdə çalışan bir müəllim kimi deyə bilərəm ki, kurikulumun imkanları daha böyükdür. Ötənilki buraxılışıma tamamilə yeni təlim üsulları ilə dərs keçmişəm. Etiraf edim ki, ilk illər müəyyən çətinliklərlə qarşılaşsam da əzmkarlıqla yeni təlim üsullarını öyrənməyə çalışdım.  Kurikulum təlimlərində standartların məzmununu dərk etmək, məzmunu bilik və bacarığa ayırmaq, biliyin idrakın hansı mərhələsində olduğunu müəyyən etmək, həmçinin bu bacarıqları şagirdlərdə inkişaf etdirmək üçün məntiqi, tənqidi və yaradıcı tapşırıqlar hazırlamaq kimi məsələlərdə müəyyən təcrübələrə yiyələndim. Demək olar ki, artıq əvvəlki çətinliklərimiz yoxdur. Düşünürəm ki, get-gedə təcrübəmiz daha da artır.

Müəllim həmişə axtarışda, yeniliklərlə yaxından tanış olmalıdır. Bu, hər dövrə aiddir. Yaxşı müəllim dərsi günün tələblərinə uyğun qurmalıdır. Kurikulumun tələbləri də məhz bunlardan ibarətdir. Bəzi müəllimlər axtarışdan, inkişafdan qaçdıqlarına, özlərini əziyyətə verməməyə görə yeni təlim üsulları haqqında müəyyən əsassız fikirlər söyləyirlər. Lakin mən bir fikri bildirmək istərdim ki, hər dövrdə müasir tədris və təlim metodları mövcud olub və bu həmişə də olacaqdır. Çünki əgər bu gün dünyamız sürətlə inkişaf edirsə bu, təhsil sahəsində də özünü mütləq büruzə verməlidir. Axı dünya elə təhsil, elm sayəsində inkişaf edir. Bu baxımdan, biz də daim inkişafda olmalı, yeniliklərə müsbət yanaşmalıyıq.


Amənə KƏRBALAYEVA,
201 nömrəli tam orta  məktəbin tarix müəllimi

Artıq neçə illərdir ki, ölkəmizin təhsil məkanında islahatlar  ardıcıl və sistemli şəkildə təhsilin müxtəlif pillə və səviyyələri nəzərə alınmaqla həyata keçirilir. Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə inteqrasiya olunması zəruri şərt kimi diqqət mərkəzində saxlanılır.

2010-cu  ildən Təhsil Problemləri İnstitutunda yaradılmış tarix fənni üzrə işçi qrupunun üzvüyəm. Tarix fənn kurikulumunun tətbiqi ilə bağlı məsələləri daha dərindən öyrənmək, bu sahədə daha çox bilgilər əldə etmək üçün işçi qrupunun iclaslarında iştirak edir, həmkarlarımla fikir mübadiləsi aparır, təhsildəki yenilikləri daha dərindən öyrənməyə çalışıram. Bu illərdə tarix müəllimi olaraq  mənim fəaliyyətimdə hansı dəyişikliklər baş vermişdir?

Məlum olduğu kimi, təhsildə innovasiyaların tətbiq edilməsi, qazanılan təcrübələrin təhlil olunması, nöqsan və çatışmazlıqların səbəblərinin araşdırılıb aradan qaldırılması, yaxşı nəticələrin öyrənilib yayılması inkişafa aparan strategiyalardır. Mən müəllim kimi müasir zamanda bu məsələlərin çox aktual və vacib olduğunu aydın dərk etməklə onları zəruri tələblər kimi öz fəaliyyətimdə nəzərə almağa çalışdım. Kurikulumun sirlərinə dərindən yiyələndiyim üçün təlim prosesini yeni texnologiyalar zəminində qurmaqla daha effektli iş nümunələri əldə etməyə nail oldum. Eyni zamanda özümün pedaqoji fəaliyyətimə tənqidi yanaşmaqla onu daha səmərəli təşkil etməkdə uğurlar qazandım. Mənim müasir kurikulumlar əsasında qurduğum dərslər özünün maraqlılığı ilə şagirdlərin təlim fəallığının artmasına təsir göstərdi.

Təcrübəmdə belə qənaətə gəlmişəm ki, pedaqoji prosesin qurulmasında müəllim innovasiyalara, yeni texnologiyalara münasibətdə daim açıq olmalı, onu qəbul etmək, özünün süzgəcindən keçirmək və lazım olduğu təqdirdə tətbiq etmək əzmində olmalıdır. Bu işin yerinə yetirilməsində yaradıcı və yenilikçi olması həmişə onun köməyinə gəlir. Yeni kurikulumların tətbiqi prosesində müəllim sanki bu prosesə sövq olunur.


Nizami HEYDƏROV,
Bakıdakı  245 nömrəli tam orta məktəbin tarix müəllimi

Yenilikdən heç vaxt çəkinməmişəm. Pedaqoji fəaliyyət zamanı dəfələrlə bu proses davam edib. Yaxşı yadıma gəlir, keçən əsrin 90-cı illərinin axırları idi. Soros fondu respublikaya çoxillik təhsil proqramı olan "Debat"ı gətirdi. Proqrama qoşuldum. İlk dəfə proqramla tanış olduqdan sonra ağlıma gələn fikir "bu texnologiyadan sinifdə necə istifadə edə bilərəm" fikri oldu. O dövrdə "İctimaiyyat" dərsi keçilirdi. Dərslikdə real və ideal sosializmdən danışılırdı. Sinifdə uşaqları iki qrupa böldüm. Qrupun biri ideal sosializmi, digəri isə real sosializmi müdafiə etməli idi. Özü də ki, yalnız dərslikdəki materialdan istifadə edərək məni inandırmalı idilər. Hər qrupdan bir nəfər olmaqla iki-iki şagirdləri yazı taxtasına dəvət etdim. Əvvəllər mövzuya başdansovdu yanaşan şagirdlər indi məni inandırmaqdan ötrü materialın hər hansı bir xirdalıqlarından da istifadə etməyə çalışırdılar. Bir sözlə, sakit oturan sinif canlandı. Zəng səslənəndə şagirdlərin birinin digərinə dediyi söz yaddaşıma həkk oldu "baxarsan, gələn dərsdə mövzunu xırdalıqlarına qədər oxuyub gələcəyəm. Sən görərsən!". Deməli, adi yarış əhvalı şagirdlərdə maraq oyatmışdı. Düşünürəm ki, bu kimi yeniliklər təhsilimizdə canlanma yaratdı.

Sonralar Kurikulum Mərkəzi yarandı. Fəal müəllimlər ora toplandı. Müxtəlif fənlərdən standarltar tərtib olundu, dövlət sənədinə çevrildi. Hazırda yeddi ildir ki, məktəblərdə yeni islahat həyata keçirilir. Hesab edilir ki, kurikulum sənədlərini öyrənməklə, təlimləri keçib sertifikat almaqla, bir-iki iş üsulunu əzbərləməklə iş bitir. Sən daha yeni müəllimsən, müasir təlimə hazır şəxssən. Əslində elə deyil. Bütün bunlar yeni təhsilə girişdir. Sən gərək müəllimlik peşəsinə münasibətini dəyişəsən, şagirdlərə münasibətini dəyişəsən. Şagird üçün gərək sən avtoritet olasan, daha avtoritar yox. Onlar tərəfindən seviləsən, onları dərk edəsən, anlayasan. Onlara dost, yoldaş olasan. Yaşından asılı olmayaraq, onlar öz dərdlərini səninlə bölüşələr. Səmimi olasan, yalan danışmayasan. Təmizkar olasan, onlar üçün liderə çevriləsən. Onlar üçün yeni dünyanın adamına çevriləsən. Axı sən dünyanı dəyişmək istəyirsən. Əgər dünyanı dəyişdirmək istəyirsənsə özünü dəyiş. Bu baxımdan kurikulum da biz müəllimlərə yeni təfəkkür, yeni yanaşma üsullarını tətbiq etdi. Zaman keçdikcə kurikulumun əhəmiyyəti daha dərindən hiss olunacaq.


 Ülviyyə ƏHMƏDZADƏ,
valideyn

Sürətlə dəyişən, inkişaf edən, qloballaşan cəmiyyətimizdə təhsil proqramı da müasir tələblərə uyğun olaraq proqressivləşməlidir. Oğlum, Əhmədzadə Ramiz Ramin oğlu 7 oktyabr 2007-ci il təvəllüdlüdür. O, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsabiqədən uğurla keçərək təhsilinə başlamışdır. Hazırda Ramiz Nəsimi rayonu E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə əməkdar müəllim Afət Allahverdiyevanın sinfində oxuyur.

Hələ ilk günlərdən kurikulumların adət etdiyimiz dərs proqramından nə qədər fərqli olduğu aydın görünürdü. Kurikulumun övladımın oxu və riyazi vərdişlərinin yaranmasında, məntiqi və yaradıcı təfəkkürünün formalaşmasında müstəsna rolu vardır. Ramizin öyrəndiyi riyazi bilikləri həyatda tətbiq etməyi , kompüter texnikasından istifadə etməyi, müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları əlamətlərinə görə fərqləndirməyi, müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi, sinif yoldaşları ilə ünsiyyət qurmağı, onlarla əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi məni bir valideyn kimi çox fərəhləndirir.

Sinif müəlliminin tez-tez təşkil etdiyi müxtəlif yönümlü müsabiqələrin onlarda sağlam rəqabət ruhunun formalaşmasını və eləcə də təhsil fəaliyyətinin səmərəliliyini artırır. Bununla yanaşı, Ramizin tapşırılan işi və ya yaradıcılıq tələb edən işləri müstəqil şəkildə yerinə yetirməyi, daha çox mütaliə edərək söz ehtiyatını artırmağı, kompüter texnikasından istifadə edərək informasiya toplama bacarığı onun təhsilə həvəslə yanaşmasının göstəricisidir.

Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı müasir dövrdə övladlarımızın müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına yönəlmişdir.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov