Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

İbtidai təhsil və qiymətləndirmə

 

Oruc  MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

İbtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi məsələsi pedaqoji ictimaiyyət qarşısında duran mühüm məsələlərdən biridir. Bu günlərdə  Rusiyanın Təhsil İnstitutunun Treninq Mərkəzində təşkil olunmuş  vebinar  ibtidai təhsilin keyfiyyətinin  qiymətləndirilməsi kimi mühüm məsələyə  həsr edilib.   "Uçitelskaya qazeta"nın məlumatına əsasən, tədbirdə seçilmış region kimi   Rusiya Federasiyasının Krasnoyarsk vilayətində  ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində  görülmüş işlərdən və əldə olunmuş təcrübədən danışılıb.  Krasnoyarsk vilayəti Təhsilin Keyfiyyətinin  Qiymətləndirilməsi Mərkəzinin analitik-metodiki işlər üzrə direktor müavini Lyubov Ryabinskinin məlumatına görə, 2010-cu ildən regionda ibtidai təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin yaradılması ilə bağlı işlər aparılır.  Sistemin yaradılmasında məqsəd federal təhsil standartlarının  tələblərinə uyğun olaraq təhsil sahəsində baş verən yeniliklərlə  müəllimləri tanış etmək olub. İlk vaxtlarda layihədə onlarla təhsil müəssisəsi iştirak edib, indi isə onların sayı  yüzlərlədir. 

İlkin mərhələdə ibtidai məktəblərdə təhsilin qiymətləndirilməsini həyata keçirməyə imkan verən qiymətləndirmə alətlərinin yaradılmasına  başlanılıb. 2010-2014-cü illərdə  I-III siniflərdə ilkin və yekun diaqnostik qiymətləndirmənin  sınaqdan keçirilməsi və tətbiqi  aparılıb.  Tədqiqat gedişində çox yaxşı  nəticələr  əldə olunub.   Layihənin sınağının aparılması və onun seçilmiş məktəblərdə reallaşması yekun nəticələrə təsir edib. Layihə  şəhər statuslu məktəblərdə təhsil alan uşaqları  əhatə edib.  Tədqiqat gedişində məlum olub ki, məktəblilər baza biliklərindən üstün olan bilik nümayiş etdiriblər.  Onlardan yalnız  üçdə-biri fənlərin mənimsənilməsi zamanı  düşünmə qabiliyyəti nümayiş etdirə biliblər. Beləliklə də ibtidai siniflərdə fənlərin tədrisi gedişində bir sıra problemlər qeydə alınıb.  Layihənin gələcəkdə  daha çox məktəbi əhatə etməsi ilə bu problemlərin sayı da arta bilər. 2014-cü ildə Treninq Mərkəzi  ilk dəfə olaraq pilot məktəblərin  IV  siniflərində  yekun diaqnostika aparıb.  Ötən ildən 2 il üçün nəzərdə tutulmuş "Təhsilin keyfiyyətinin idarə olunması" (alt-layihə "Dəstəkləyici qiymətləndirmə") layihəsinin reallaşdırılmasına başlanılıb.  Hazırda ibtidai təhsilin keyfiyyətinin  qiymətləndirilməsi mərhələləri bütün tədris ilini  əhatə edir: sentyabr-oktyabr aylarında birincilərin məktəb həyatına adaptasiyası və ümumi inkişafı üzrə, mart-aprel aylarında isə I-III siniflərin riyaziyyat və rus dili üzrə yekun qiymətləndirilməsi aparılır.  İbtidai siniflərin məzunları aprel ayında rus dili, riyaziyyat, ətraf mühit fənləri üzrə fərdi nailiyyətlərin qiymətləndirilməsindən keçirlər.  İstifadə olunan  alətlərin siyahısında  göründüyü kimi, Treninq Mərkəzi  kifayət qədər geniş spektrə malik qiymətləndirmə vasitələrindən istifadə edir.  Bütün bunlar,  bir qayda olaraq,  müəllimlərin təcrübəsini  zənginləşdirir  və  onlara təhsil mühitinə müxtəlif tərəflərdən  baxmağa imkan verir. Sınaq mərhələsində  müəllim qiymətləndirmə prosesində istifadə olunan alətlərə adaptasiya olunur, onu maraqla öyrənir.  Müəllimlər bu mərhələdə hər hansı məsuliyyət daşımır,  görülən işlərin keyfiyyəti ilə əlaqədar və nəyisə dəyişmək barədə   hər hansı qərar qəbul etmir.  Problemlər o vaxt yaşanır ki, bu cür yoxlama işləri  kənardan gəlir və müəllimlərin qənaətinə görə, bunlar mənfi haldır və ona nəzarət etmək məqsədi daşıyır.   Bundan əlavə, yeni -yeni diaqnostik  metodlar yaradıldığından  müəllim onları öyrənməli və onlarla işə uyğunlaşmalıdır.  Bütün bunlar müəllimdən  vaxt  və  qüvvə tələb edir.  İşlərin uğurla davam etməsi üçün müəllim tam əmin olmalıdır ki, bu cür  tədqiqatın nəticələri kimisə  cəzalandırmaq  yox,  ona kömək etmək məqsədi daşıyır.

Tədbirdə bildirilib ki, təhsilin keyfiyyətinin  qiymətləndirilməsi sistemi tədqiqat nəticələri üçün imformasiya məhsulunun yaradılmasını tələb edir.  Yerli təhsiliidarəetmə orqanları arayış şəklində ilkin diaqnostikanın ümumiləşdirilmiş,  eləcə də IV siniflərdə yekun yoxlama işlərinin  nəticələrinin təhlilinə dair hesabat əldə edir. Yerli təhsiliidarə orqanları ilkin diaqnostikanın ümumiləşdirilmiş nəticələrini alır. Onlar təhlil edilir və  yerli təhsiliidarə orqanlarının öz səviyyəsində həll edə biləcəyi problemlər  ayırd olunur.  Eyni zamanda IV siniflərdə yekun yoxlama işlərinin nəticələrinə dair məlumatlar hazırlanır.

Məktəb diaqnostikanın nəticələrinə dair ən müxtəlif materialların  paketini  alır.  Diaqnostikanın hər bir növü  (başlanğıc, I-III, IV  siniflər üçün yekun)   ibtidai sinif  şagirdlərinin fərdi profilləri və siniflər üçün müxtəlif variantları,  onların nailiyyətlərinin dəyişməsini  müqayisəli şəkildə göstərir. İnformasiya məhsullarının bu cür  geniş spektri  bu mərhələdə belə əsaslandırılıb ki, məktəbin özünün gələcəkdə tədris prosesini korrektə edə bilməsi üçün zəruri informasiyaya ehtiyacı var.

Diaqnostikanın yeni formaları ilə  necə işləmək mühüm əhəmiyyət kəsb edir. Müəllimlərin ixtisasartırma  proqramları  da böyük rol oynayır ki, burada onlar  təhsilin keyfiyyətinin  qiymətləndirilməsi üzrə yeni metodları öyrənirlər. Son nəticədə təhsil prosesinin  bütün iştirakçıları arasında dəqiq əlaqənin qurulması yalnız təhsilin keyfiyyətcə təkmilləşməsinə və inkişafına xidmət  göstərəcək.    

"Uçitelskaya qazeta"dan

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov