Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Bölgə xəbərləri

 

Tələbələr arasında bədii yaradıcılıq festivalı çərçivəsində seçim turu 

Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin  birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı" çərçivəsində Gəncə şəhəri üzrə seçim turu keçirilib.

Seçim turunda Azərbaycan Texnologiya,  Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət universitetlərinin tələbələri əsasən estrada, muğam, aşıq musiqisi, xor və müxtəlif rəqs nömrələri ilə bacarıqlarını nümayiş etdiriblər. Fərqlənən gənclər mayın 5-də Bakıda keçiriləcək yekun turunda iştirak etmək hüquqi qazanıblar.


AMİ-nin Zaqatala filialında silsilə tədbirlər başlayıb 

Azərbaycan Müəllimlər İnstitutunun  Zaqatala filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar  silsilə tədbirlər başlayıb. Mətbuat xidmətinin rəhbəri  Anara Əfəndiyeva tərəfindən  redaksiyamıza  daxil olan məktubda  bildirilib ki, filialın tədbirlər planı ilə təsdiq olunmuş lektoriya bu təhsil müəssisəsi rəhbərliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Lektoriyada iştirak edən professor-müəllim heyəti, tələbələr və  rayon təhsil  şöbəsinin nümayəndələri əvvəlcə salonda dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlara baxıblar. Mərkəzin bələdçiləri ulu öndərin Vətən qarşısındakı xidmətlərini əks etdirən fotostendləri xronoloji ardıcıllıqla  tamaşaçılara təqdim ediblər.

Sonra pedaqogika üzrə fəlsəfə doktoru Xəzəngül Babayeva   "Heydər Əliyev hər bir insanın qəlbində özünə abidə ucaldıb"   mövzusunda məruzə edib. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev planetin nadir və unikal idarəçilik qabiliyyətlərinə malik olan xarizmatik və dönməz lider kimi səciyyələndirilib.  

Sonda ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş  etdirilib.


Kürdəmir məktəbliləri  intellektual yarışın regional seçim turunun qalibi olub 

Kürdəmir Rayon Təhsil Şöbəsindən aldığımız  məlumatda  bildirilib ki,  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kürdəmir  Rayon İcra Hakmiyyəti və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Qələbəyə doğru" adlı intellektual yarışın regional seçim turu keçirilib.

Seçim turunda  Kürdəmir rayonu ilə yanaşı Şirvan şəhəri, Ağsu, Göyçay, Ucar, Sabirabad, Saatlı, Kəlbəcər, Hacıqabul rayonlarını təmsil edən dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər (biri sağlamlıq imkanları məhdud olmaqla) IX-XI sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. 3 saat müddətində davam edən yarışmada komandanın üzvləri onlara təqdim edilən sualları cavablandırmaqla özlərinin bilik, bacarıq və intellektual səviyyələrini nümayiş etdiriblər. Gərgin mübarizə şəraitində keçən seçim turunun qalibi - Kürdəmir rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komanda Bakı şəhərində keçiriləcək yarışmanın respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.   


Astara məktəbinin şagirdi beynəlxalq müsabiqədə "Gümüş priz"ə layiq görülüb 

Astara Rayon  Təhsil Şöbəsi  metodkabinetinin direktoru Adil Rzayev tərəfindən  redaksiyamıza  daxil olan  məlumata görə,  Dəniz Ümman oğlu Baxşızadə  şəhər 5 nömrəli tam orta məktəbində təhsil alır. Dəniz dərslərini yaxşı oxumaqla yanaşı, həm də təsviri sənətə böyük maraq göstərir. Rayonda və respublikada keçirilən rəsm müsabiqələrində daim iştirak edərək müxtəlif diplomlar alıb. Bu yaxınlarda da Beynəlxalq Kooperativ İttifaqı və Yaponiya kənd təsərrüfatının dəstəyi  ilə  Yaponiyada keçirilən XXII "Dünya Uşaq Rəsm Yarışması"nda iştirak etmək üçün Dənizin  "Pambıq yığma" adlı əsəri müsabiqəyə göndərilib. Sevindirici haldır ki, həmin müsabiqədə 85 ölkədən iştirak edən şagirdlər arasında şəhər 5 nömrəli tam orta məktəbin dərs əlaçısı və istedadlı şagirdi olan Dəniz Baxşızadə  "Gümüş priz"ə layiq görülüb. O, həm də   gələcəkdə XXIII  "Dünya Uşaq Rəsm Yarışması"nda iştirak etmək təklifini alıb.


Milli-mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə 

Ucar Rayon Təhsil  Şöbəsinin aparıcı məsləhətçisi  Yeganə  Süleymanova  tərəfindən redaksiyamıza  daxil olan  məlumatda  qeyd olunur ki,  şagirdlərin  milli-mənəvi və ümumbəşəri ruhda  tərbiyə olunması üçün tədbirlərin həyata keçirilməsi məqsədilə  "Fəaliyyət planı" tərtib edilib. Bu  "Fəaliyyət planı"nda "Milli bayramlarımızın milli dəyərlərin formalaşmasında rolu", "Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir", "Milli-mənəvi dəyərlər haqqında düşüncələr", "Dövlətçilik  hissi və milli-mənəvi dəyərlər sistemi", "Milli-mənəvi dəyərlər və Heydər Əliyev", "Gənclərin milli-mənəvi dəyərlər əsasında  tərbiyəsi"  və  sair  mövzular  planlaşdırılıb.  Ümumtəhsil  məktəblərində şagirdlərin milli-mənəvi dəyərlərə yiyələnməsi  istiqamətində onlara davamlı  təşkilati-pedaqoji köməkliklər göstərilir. Nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsi diqqətdə saxlanılır.


"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda "dəyirmi masa 

Böyütmək üçün seçinGöygöl Peşə Məktəbindən aldığımız məlumatda   bildirilir ki, ümummilli lider Heydər Əliyevin  anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur" mövzusunda   "dəyirmi masa" keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl rayon təşkilatının, Göygöl Rayon  Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəbin mühəndis-pedaqoji  işçiləri, təhsildə  və məktəbin  ictimai işlərində fəal  olan şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Qüdrət Nağıyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışdıqdan sonra videoçarx nümayiş etdirilib. Psixoloq Sevinc Hacıyeva "Bənzərsiz və əvəzsiz şəxsiyyət", gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Eyvaz Əkbərov  "Heydər Əliyev  silahlı qüvvələr və gənclərin hərbi-vətənpərvərliyi haqqında", fiziki  tərbiyə rəhbəri Təhminə Əliyeva "Heydər Əliyev Azərbaycan gəncliyinin qürur simvolu", müəllim Raisa Abdullayeva "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzularında çıxış ediblər. Şagirdlərdən  Şəhanə Həsənova, Jalə Bayramova və başqaları da diskussiyada fəal iştirak ediblər.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında keçirilən Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.


Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Təhsil İnstitutuna üzv qəbul olunub 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Beynəlxalq Təhsil İnstitutuna üzv qəbul olunub.

ADAU-nun  tədris işləri üzrə prorektoru Anar Hətəmovdan  aldığımız məlumata görə,  bu münasibətlə Amerika Birləşmiş Ştatlarında keçirilən təqdimat mərasimində universitetin nümayəndə heyəti də iştirak edib.

Beynəlxalq Təhsil İnstitutunun təşkilat rəhbəri Allan Goordman bildirib ki, 1919-cu ildə təsis olunan institut bir sıra uğurlu təhsil proqramları həyata keçirib. Bu proqramlarda iştirak edən məzunlardan 68 nəfəri Nobel mükafatına layiq görülüb.

Sonra A.Goordman təhsil institutuna üzvlüyə yeni qəbul olunmuş Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələrini təbrik edib, kollektivə beynəlxalq əlaqələrin genişləndirilməsində uğurlar arzulayıb.


"Regionlarda intellektual inkişafa dəstək" layihəsinə başlanılıb 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi rayonunda "Regionlarda intellektual inkişafa dəstək" adlı layihə həyata keçirilir.

Təhsil şöbəsindən   məlumat verilib  ki, layihənin əsas məqsədi region gəncləri arasında müxtəlif əyləncəli, məntiqi və intellektual yarışlar təşkil etməklə gənclərdə cəld və düzgün qərar qəbuletmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq, intellektual şəbəkələşmə prosesinə təkan verməkdir.

Layihə  şəhər üzrə 10 və 6 kənd tam orta məktəbini əhatə edir. İntellektual oyunlarda orta məktəblərin VIII-XI sinif şagirdləri iştirak edəcək. Hər məktəbdən seçim turuna 6 nəfərdən ibarət olan 4 komanda qatılacaq. Layihədə ümumilikdə 64 komanda iştirak edəcək ki, bunlardan da 16 komanda finala vəsiqə qazanacaq. İlk üç yeri tutmuş komandalar və iştirakçılar diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.


Lənkəranda xatirə turnirinin qalibləri mükafatlandırılıb 

Böyütmək üçün seçinLənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turniri keçirilib.

Təhsil şöbəsindən verilən məlumata görə, yarışların açılışından əvvəl şagirdlər, onların məşqçiləri və müəllimlər ulu öndərin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 

İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət turnirdə 100-ə yaxın şagird mübarizə aparıb.

Sonda qaliblərə diplom və hədiyyələr verilib. 

 

  Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov