Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Ulu öndərə həsr olunmuş tədbir

 

Böyütmək üçün seçinBakıdakı 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə birgə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Binəqədi  Rayon İcra Hakimiyyətinin nümayəndələri,   KİV təmsilçiləri və  digər şəxslər iştirak ediblər. Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin  həyat və siyasi fəaliyyətini əks etdirən  eksponatlarla, şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra iştirakçılar ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami Novruzov bildirib ki,  dərin zəkası, zəngin biliyi, qətiyyəti, ciddiliyi, daxili və xarici siyasətdəki uğurları, Azərbaycanın müstəqilliyi və bütövlüyünü qorumaq məharəti, elm, mədəniyyət, incəsənət və təhsilə göstərdiyi diqqəti, qayğısı Heydər Əliyevi ümummilli lider, müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır. Qeyd edib ki, o, hər zaman  xalq ilə nəfəs almış,  həyatının mənasını xalqına xidmətdə  görmüşdür.  Xalq da həmişə  Heydər Əliyevi sevmiş, onunla fəxr etmiş, onun siyasətini  dəstəkləmiş və etibarlı dayağına  çevrilmişdir,

Tədbirin aparıcıları  ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolu, siyasi fəaliyyəti haqqında fikir və  düşüncələrini uşaq təbiətinə xas olan səmimi,  ülvi hisslərlə söyləyiblər. Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını deyən şagirdlər  ölməz şəxsiyyətin təhsillə bağlı dediyi qiymətli fikirləri də mərasim iştirakçılarının diqqətinə çatdıraraq əbədiyaşar liderin müəllimlərə  yüksək ehtiramla yanaşdığını bildiriblər.  Onlar ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarının onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar. Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən də ətraflı söz açan aparıcılar Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.

Sonra  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov  çıxış edərək ömrünü, taleyini, bütün varlığını xalqına bağışlayan əvəzolunmaz şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolu, misilsiz xidmətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.  Qeyd olunub ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir. 

Digər çıxış edənlər ümummilli   lider,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  həyat və fəaliyyətindən, zəngin irsindən söz açıblar. Tədbirdə vurğulanıb ki, Azərbaycan  xalqı çox xoşbəxtdir ki,  onun Heydər Əliyev kimi  dünya miqyasında  sayılıb-seçilən  ümummilli lideri var.  Ulu öndərin əziz xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. Çünki Heydər Əliyevin  bütün dövrlərdəki  fəaliyyəti Vətənə sevgi, xalqa məhəbbət nümunəsidir. Azərbaycanın  dövlət müstəqilliyinə  nail olmaq və onu möhkəmləndirmək  ulu öndərimizin amalı olmuşdur. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu olduğu  müstəqil Azərbaycan isə gündən-günə inkişaf edərək  çiçəklənəcəkdir.

Sonda şagirdlər  yazıçı Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı" əsərindən bir parçanı nümayiş etdiriblər.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov