Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Azərbaycan Dövlət Neft Akademiyası

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Azərbaycan Dövlət Neft Akademiyasıdır (ADNA) 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]
 

1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilib. 1918-ci ildə məktəb politexnikum adlandırılıb. 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edilib. 1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılıb. 29 may 1930-cu ildə "Azərbaycan Politexnik İnstitutu"nun adı dəyişdirilib və "Azərbaycan Neft İnstitutu" (ANİ) olub. Daha sonra  Azərbaycan Neft və Kimya İnstitutu (1959-1991), Azərbaycan Sənaye Universiteti (1991-1992) və Azərbaycan Dövlət Neft Akademiyası (1992-ci ildən) adı altında fəaliyyət göstərən akademiya neft-qaz və digər sənaye sahələri üçün mühəndis və elmi-pedaqoji kadrları hazırlayır. Hazırda Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bakalavriat səviyyəsində 7 fakültədə 34 ixtisas üzrə 7000 nəfər tələbə təhsil alır. 2014/2015-ci tədris ilində ADNA-ya bakalavriat səviyyəsinə 1655 nəfər tələbə qəbul olunub. 2014-cü ildə ADNA-nı bakalavriat səviyyəsi üzrə 1682 nəfər bitirib. Hazırda 4 nəfər Prezident təqaüdçüsü təhsil alır. ADNA-nın 1461 nəfər işçisi var. Onlardan 639 nəfəri professor-müəllim heyətidir. Bunlardan 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər müxbir üzvü, 64 nəfər elmlər doktoru, professor, 380 nəfər fəlsəfə doktoru, dosent, qalan hissəsi isə baş müəllim, müəllim və assistentlər, 139 nəfər elmi-hissənin, 683 nəfəri isə tədris-köməkçi heyət və inzibati-təsərrüfat hissəsinin əməkdaşlarıdır. Hazırda ali təhsil ocağına rektor əvəzi olaraq tədris işləri üzrə prorektor Vaqif Qurbanov rəhbərlik edir.

Maddi-texniki baza

Azərbaycan Dövlət Neft Akademiyasının üç tədris və bir yataqxana binası fəaliyyət göstərir. Əlliyə yaxın kafedra və həmin kafedralarda profillərə uyğun olaraq 120-yə qədər laboratoriya vardır. Dərs otaqları, dəhliz, laboratoriya, pilləkənlər və dam örtüklərində, 7 saylı yataqxanada, kafedralarda əsaslı və cari təmir işləri aparılıb. Təmir olunmuş kafedralar, laboratoriyalar və auditoriyalar yeni mebel dəstləri və parta, kompüter, proyektor, digər lazımi avadanlıqlarla təmin olunub. 2014-cü il ərzində 180 ədəd kompüter, 110 ədəd printer, 710 monitor, 35 proyektor, 85 noutbuk alınaraq istifadəyə verilib. Kafedralarda tədris üçün kompüter sinifləri yaradılıb, tədrisə müasir texnologiyanın tətbiqi məqsədilə 17 ədəd interaktiv lövhə kafedraların xüsusi auditoriyalarında quraşdırılıb, kompüter sinifləri və mühazirə otaqları proyektorlarla təchiz olunub. Videokonfransların keçirilməsi üçün nəzərdə tutulmuş auditoriya kompüter-proyektor, interaktiv lövhə ilə təchiz edilib və statik İP ilə təmin edilərək internet şəbəkəsinə qoşulub. Akademiyada server otağı yaradılaraq bütün kafedra və laboratoriyalar 30 Mb sürətlə fiber optik kabellə genişzolaqlı internet şəbəkəsinə qoşulub. Tələbələrin internetə çıxışını təmin etmək məqsədilə kompüter mərkəzi yaradılıb, statik İP ilə internet şəbəkəsinə qoşulan "Elektron" kitabxana yaradılıb, əsaslı kitabxana və oxu zalı Wİ-Fİ texnologiyaları internet ilə təmin edilib.

"Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin işini təmin etmək məqsədi ilə kompüter sinfi yaradılmış və internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda bu sistemin səmərəli işinin təmin edilməsi üçün "Elektron tədris" və "Qiymətləndirmə" mərkəzləri yaradılaraq müasir İKT avadanlıqları ilə tam təchiz edilib. ADNA əməkdaşlarının dərslik, dərs vəsaitləri, metodiki göstəricilərinin və s. nəşr edilməsi üçün mətbəə əsaslı təmir olunub, müasir rizoqraf və çap qurğuları ilə təmin edilib.

Böyütmək üçün seçinTədris prosesini müasir səviyyədə təşkil etmək məqsədilə kafedralara və elmi-tədqiqat laboratoriyalarına kimyəvi reaktivlər və yeni laboratoriya avadanlıqaları alınaraq istifadəyə verilib.

Biznes İnkubator Mərkəzi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyub. İnkubator mərkəzi öz rezidentlərinə ideyalarını biznesə çevirmək üçün xüsusi dizayn edilmiş inkubasiya proqramı təqdim edir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində, inkubator mərkəzi ilə birlikdə, layihə öz ideyasını addım-addım biznesə çevirir və inkubasiya periodunun sonunda artıq müstəqil şirkət kimi fəaliyyətə başlayır.

Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, fiziki sağlamlığını və idmanın kütləviliyini təmin etmək məqsədi ilə ADNA-da müasir standartlara cavab verən idman kompleksi fəaliyyət göstərir. İdman kompleksində basketbol, həndbol, voleybol və futbol meydançaları, o cümlədən güləş, tennis və trenajor zallar tələbələrin istifadəsinə verilib.

1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu yaradılıb. Əsas məqsədi texnika və kimya elmləri sahəsində fundamental, aktual elmi-tədqiqatların aparılması; onların nəticələrinin sənayedə və tədrisdə tətbiqi; ali məktəbin elmi, elmi-pedaqoji kadrlarının ixtisasının magistratura, doktorantura yolu ilə artırılması; tələbələrin, professor-müəllim heyətinin elmi işlərin yerinə yetirilməsinə cəlb edilməsi; ayrı-ayrı problemlər və texnikanın ən yeni nailiyyətlərinə əsaslanan təcrübi-konstruktor işləri aparmaq və texniki layihələr hazırlamaq; rəqabətə cavab verə bilən elmi-tədqiqat və tədris müəssisələri, firma və kampaniyalar ilə birlikdə beynəlxalq elmi-texniki əməkdaşlığı genişləndirmək olan ETİ yarandığı dövrdən bəri bu məqsədlərin əldə olunması istiqamətində səmərəli  fəaliyyət göstərir.

Böyütmək üçün seçinHazırda ETİ-də 11 problem laboratoriya fəaliyyət göstərir. Bunlar neft hasilatının texnika və texnologiyası; dəniz neft yataqlarının işlənməsi; maili və horizontal quyuların qazılmasının texnika və texnologiyası; neft hidravlikası; lay-karbohidrogen sistemlərinin qaz termodinamiki tədqiqatı; quruda və dənizdə neft avadanlıqlarının işinin etibarlılığı və səmərəliliyi; neft emalında kataliz; kimyəvi sensorlar və reagentlər; neft fizikası və kritik hadisələrin termodinamikası; yeni texnologiyaların yaradılması, yağlar və yağlı örtüklər laboratoriyalarıdır.

İmtahan sessiyası

İmtahanlar kameralarla təchiz edilmiş auditoriyalarda qarışıq qrup şəklində keçirilir. İmtahanı qrupların sayı qədər nəzarətçilər müşahidə edirlər. Nəzarətçilər imtahanda iştirak edən fakültə qruplarının müəllimləri deyil, başqa fakültələrdən olan professor-müəllim heyəti olur. İmtahana 2 saat vaxt ayrılır və biletlər 5 sualdan ibarət olur. Yazı işləri yoxlandıqdan sonra kodlar dekanlar, yaxud dekan müavinləri tərəfindən açılır. İmtahan komissiyasının yay imtahan sessiyasının keçirilməsi qaydaları haqqında verdiyi bildirişə əsasən, ADNA-da yay imtahan sessiyası mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. İmtahanın vaxtları və keçiriləcək auditoriya təyin olunaraq tələbələrə elan edilir. Suallar kafedralar qarşısında elan guşələrinə vurulur. İmtahanı aparacaq nəzarətçilər (professor-müəllim heyəti), qruplar məxfi saxlanılmaqla, hansı auditoriyada olacaqları haqqında məlumatlandırılırlar. Yazı işlərinin yoxlanması eyni vaxtda komissiya tərəfindən təyin olunmuş bir otaqda aparılır. Müəllimlər nəticəni yoxlayıb qurtardıqdan sonra işləri kodların açılması üçün ikinci komissiyaya təhvil verirlər. İkinci komissiya tərəfindən kodlar açılır və imtahanın nəticəsi İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinə (İKTM) təqdim edilir. Qeyd etmək lazımdır ki, tələbənin semestr ərzində topladığı bal da imtahana 10 gün qalmış İKTM-ə təqdim edilir və mərkəzdə fakültələrə təhkim edilmiş əməkdaşlar tərəfindən bazaya yerləşdirilir. Komissiya imtahanın nəticəsini İKTM-ə təqdim etdikdən sonra həmin nəticələr bazaya yerləşdirilir. İmtahanın qiymətindən narazı olan tələbələr apelyasiya şikayəti verə bilər. Bu zaman şikayətə apelyasiya komissiyası baxır və müvafiq qərar qəbul edir.

Kitabxana

Böyütmək üçün seçinADNA-nın kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin kitabxanasının bazasında təşkil edilib.  Hazırda kitabxananın kitab fondu 808219 nüsxədir və 5419 nəfər oxucusu var. Əsaslı kitabxana oxuculara diferensial şəkildə 6 abonement, 3 oxu zalı və 6 şöbə vasitəsilə xidmət gostərir. Nadir kitablar şöbəsi kitabxananın əsas fondunu təşkil edir. Fondda Azərbaycan, rus, türk dillərində olan köhnə və yeni çapdan çıxmış kitablar var. Kitabxanaya daxil olan bütun kitablardan bir və ya iki nüsxə mütləq həmin nadir kitablar fonduna verilir. Həmin kitablardan ancaq kitabxananın oxu zalında istifadə etmək mümkündür. Bu kitablardan professor-müəllim heyəti, tələbələr istifadə edirlər. Eyni zamanda, akademiyada müdafiə olunmuş və digər universitetlərdən daxil olmuş dissertasiyalar və avtoreferatlar da bu şöbədə mühafizə olunur. Fondda olan dissertasiya və avtoreferatların elektron kataloqu da tərtib olunub. Hazırda əsaslı kitabxana öz fondunda tarix, fəlsəfə, iqtisadiyyat, beynəlxalq əlaqələr, menecment, informasiya texnologiyalarının əsasları, nanotexnologiya, geologiya, geofizika, neft və qaz quyularının, yataqlarının axtarışı və kəşfiyyatı, petrologiya, minerologiya, kimya, sənaye ekologiyası, elektrotexnika, elektronika, avtomatika, neftin nəqli və saxlanılması, yanacaq-enerji kompleksi, elektron hesablama maşınları, proqramlaşdırma, tətbiqi riyaziyyat, elektrik stansiyaları, standartlaşdırma və keyfiyyətin idarə olunması, hidravlik intiqallar, neft-mədən mexanikası, əmək mühafizəsi, istilik elektrik stansiyaları, buxar və qaz turbinləri və s. ixtisaslarına dair XVIII əsrdən hal-hazıra kimi nəşr edilmiş ədəbiyyatı əks etdirir. Kitabxana 2010-cu ildən "İrbis-64" avtomatlaşdırılmış Elektron Kataloq və Elektron Kitabxanalar Şəbəkəsinə qoşulub. Həmin gündən etibarən kitabxananın fondunda olan bütun kitablar (Azərbaycan və rus dillərində) elektron kataloqa mərhələlərlə daxil edilir. Bu iş təzə və köhnə kitablarla bərabər aparılır. Elektron kataloqa texniki, bədii, ictimai-siyasi kitablar, dissertasiyalar, avtoreferatlar daxil edilir. Eyni zamanda dövri mətbuat, yeni qəzet məqalələri də elektron kataloq bazasına daxil edilir. ADNA əməkdaşlarının çap olunmuş kitablarının (662 adda) elektron versiyası kataloqlaşdırılıb və elektron bazaya daxil edildikdən sonra oxucuların istifadəsinə verilib. Artıq elektron kitabxananın kataloq bazasına 21 minə yaxın kitab, dissertasiya, avtoreferat, 4091 adda isə qəzet məqalələri daxil edilib. Bu günlərdə əsaslı kitabxananın internet saytı açılıb və elektron kitabxana üçün yeni proqram təminatı alınıb.

Elmi-tədqiqat işləri

Böyütmək üçün seçin2014-cü ildə elmi-tədqiqat işləri 9 əsas elmi istiqamətdə və 52 mövzunu əhatə edən tədqiqatlardan ibarət olub. Bu işlərin icrasına cəlb olunan əməkdaşların ümumi sayı 7935 nəfər olub. Ötən ilin sonunda isə 52 mövzu üzrə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatlarının  müzakirələri keçirilib. ADNA-nın 2014-cü ildəki elmi-tədqiqat fəaliyyəti haqqında hesabat və yerinə yetirilmiş elmi-tədqiqat işlərinin mühüm nəticələri çap olunub və elektron variantda Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilib. 2014-cü ildə ADNA   ARDNŞ  "Azneft"  IB  ilə dəyəri 40,0 min manat həcmində olan 1 təsərrüfat hesablı müqavilə bağlayıb. Ümumiyyətlə, ADNA-nın əməkdaşları 59 beynəlxalq və 29 respublika səviyyəli elmi konfransda iştirak ediblər. "Ali texniki məktəblərin xəbərləri" jurnalında 81 məqalə çap olunub. 2014-cü ildə ixtiraların patentləşdirilməsi üçün 7 (keçən il-2) təqdimat verilib və 4 (keçən il-2)  patent alınıb.

 Qeyd etmək lazımdır ki, 2014-cü və 2015-ci illərdə aprel ayında Bakıda Böyük Britaniyanın Confidence Capital şirkətinin ADNA ilə birlikdə təşkil etdiyi ənənəvi "Xəzər neft-qaz ticarət-nəqliyyat" beynəlxalq konfransı, 24-25 dekabr 2014-cü ildə "Xəzər neftqazyataq 2014" respublika səviyyəli elmi-praktik konfrans keçirilib. 2014-cü ilin iyun ayının 3-dən 6-dək Bakı Ekspo Mərkəzində Xəzər Neft Qaz sərgisi çərçivəsində akademiyanın tədris və elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən eksponatlardan ibarət stend nümayiş etdirilib və ADNA müvafiq sertifikatla təltif edilib. ADNA öz nümayəndələri ilə 2014-cü ilin iyun ayının 23-dən 24 -dək Qəbələ şəhərində keçirilən "5-ci Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq forumu - Azərbaycan-Rusiya: energetika sahəsində əməkdaşlıq. Nəticələr və perspektivlər" mövzusunda "dəyirmi masa"da iştirak edib. ADNA II Respublika müsabiqəsində "İlin patenti" nominasiyasında iştirak etmək üçün "Benzin fraksiyasından n-parafinlərin adsorbsiyası və onların izomerləşdirilməsi üsulu" adlı ixtiranın sənədlərini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinə təqdim edib və müsabiqədə müvafiq sertifikatla təltif olunub. AMEA-nın təşəbbüsü ilə respublikada ötən il 10-11 noyabr tarixlərində keçirilmiş "Bakı Elm Festifalı" çərçivəsində noyabrın 11-də festivalın ADNA üzrə bölmə iclası keçirilib və akademiyanın, eləcə də digər ali məktəb alimlərinin 20-dək məruzəsi dinlənilib.

Böyütmək üçün seçin2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun elan etdiyi "Universitet qrantı" müsabiqəsində iştirak etmək üçün ADNA əməkdaşları tərəfindən 6 layihə təklifi təqdim edilib. Digər tərəfdən, gənc tədqiqatçılar üçün elan olunmuş müsabiqəyə kimya-texnologiya fakültəsindən 1 layihə təqdim olunub. Bununla da ötən il təqdim olunmuş layihələrin ümumi sayı 22-yə çatıb.

2014-cü il noyabrın 21-dən 28-dək ADNA tələbələrinin Azərbaycanda "Sənaye ili"nə həsr olunmuş 63-cü elmi-texniki konfransı keçirilib. AMEA ilə TUBITAK arasında bağlanmış memorandum çərçivəsində Atatürk Universiteti və ADNA arasında əlaqələr yaradılıb və universitetlərin maraq dairəsinə daxil olan müştərək layihələrin işlənməsi barədə razılıq əldə olunub. İtaliyanın "Cezie" şirkəti tərəfindən elm və təhsil sahələrində əməkdaşlıq təklif edilib.

2014-cü ildə 6 elmi-tədqiqat işinin nəticələri bilavasitə tədris prosesinə və istehsalata tətbiq olunub. Elektron kitabxana fonduna hesabat ilində 78 adda material daxil olub. Bunlara dərsliklər, dərs vəsaitləri, laboratoriya işləri, metodik vəsaitlər, fənn proqramları, dissertasiyalar və avtoreferatlar daxildir.

Magistratura və doktorantura

Hazırda ADNA-da 31 ixtisas və 75 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir. Yerli ixtisas və ixtisaslaşmalarla yanaşı, TEMPUS və MBA proqramları çərçivəsində də magistr hazırlığı aparılır. 2014/2015-ci tədris ilində əyani şöbədə ümumilikdə 711 nəfər magistrant təhsil alır. Onlardan 48-i əcnəbi tələbədir. Beynəlxalq proqramlar üzrə təhsil alanların sayı 240 nəfərdir. 2013-cü ildən magistratura səviyyəsinə qiyabi şöbəyə qəbulun dayandırılmasına baxmayaraq, hazırda 138 magistrant qiyabi şöbədə təhsillərini davam etdirir. Beləliklə, əyani və qiyabi şöbədə təhsil alan magistrantların ümumi sayı bu gün 849 nəfərdir. Bununla bərabər 146 magistrant da hazırda akademik məzuniyyətdədir. 2014-cü tədris ilində ADNA-nın magistraturasını ümumilikdə ixtisaslaşmalar və beynəlxalq proqramlar üzrə (əyani və qiyabi şöbədə) 376 nəfər bitirərək magistr dərəcəsi alıb. Onlardan 145 nəfəri fərqlənmə diplomuna layiq görülüb. 2014/2015-ci tədris ilində ADNA-nın magistraturasına 73 ixtisaslaşma üzrə 399 nəfər qəbul olunub. ADNA-nın magistraturasına daxil olanların 176 nəfərini digər ali təhsil müəssisələrini bitirən bakalavr məzunlar təşkil edib. 2014/2015-ci tədris ilində ADNA-nın magistraturasına daxil olanlardan ən yüksək bal göstəricisi 136, MBA proqramına daxil olanların orta bal göstəricisi 115, TEMPUS (Ətraf mühit və neft sənayesi) proqramına daxil olanların orta balı isə 108 olub.

ADNA-nın magistrantları müxtəlif səviyyəli elmi-texniki konfranslarda mütəmadi iştirak edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika ali məktəbləri magistrantlarının elmi konfransında ADNA-nın 64 magistrantı iştirak edib. Həmçinin "Sənaye ili"nə həsr olunmuş 63-cü elmi konfransda 83 nəfər magistrant tezis-məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş respublika ali məktəbləri magistrantlarının may ayında nəzərdə tutulmuş XV konfransında ADNA-nın 73 nəfər magistrantının iştirakı gözlənilir.

Magistr hazırlığının səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə hazırda AMEA-nın neft-kimya prosesləri və Geologiya institutları ilə bağlanmış müqaviləyə əsasən təcrübələrin keçirilməsi, magistrlik dissertasiyasının hazırlanması kimi işlər aparılır. Uzun müddətdir ki, ADNA ilə Qazaxıstanın Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında bağlanmış müqaviləyə əsasən qazaxıstanlı magistrantların ADNA-da staj keçməsi davam edir. 2014-cü ildən Qaraqanda Texniki Universitetinin magistrləri də ADNA-da stajkeçməyə maraq göstərməyə başlayıblar. Ötən il Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin 21 nəfər magistrantı "Geologiya", "Neft-qaz işi", "Energetika", "Kimya texnologiyası" istiqamətləri üzrə ADNA-nın müvafiq ixtisas kafedralarında təcrübədə olublar. Bu ildə də Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin 16 magistrantı təcrübə keçib və sertifikat alıb. Magistratura səviyyəsində əməkdaşlıq ADNA-da xarici ölkə vətəndaşlarının təhsil almalarına marağı artırmaqdadır.

2014-cü ilin sonunda doktorantların sayı 67 nəfər olmuşdur. Onlardan 7 nəfəri əyani, 60 nəfəri isə qiyabi, 65 nəfər büdcə hesabına, 2 nəfər isə ödənişli əsaslarla təhsil alır. 2014-cü ilin sonunda əcnəbi doktorantların sayı 6 (4 - əyani, 2 - qiyabi) nəfər olub. Doktoranturanı bitirən əcnəbi doktorantların sayı 4 nəfərdir. 2014-cü ildə doktoranturanı 4 nəfər bitirib. 2014-cü ilin sonuna dissertantların ümumi sayı 65 nəfər olub. Xarici dissertantların sayı 1 nəfərdir.

2014-cü ildə elmlər doktoru proqramı üzrə dissertanturaya 4 ixtisas üzrə 7 nəfər (büdcə hesabına) təhkim edilib. Ötən il 18 fəlsəfə doktoru və 1 elmlər doktoru elmi dərəcəsi üzrə (15 texnika və 3 iqtisadiyyat sahəsində) dissertasiyalar müdafiə olunub. Bundan əlavə, ADNA-nın iddiaçıları kənar təşkilatların nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış şuralarda 1 texnika elmləri doktoru və 7 fəlsəfə doktoru elmi dərəcəsi üzrə (1 mexanika, 3 texnika, 1 yer elmləri və 2 kimya sahəsində) dissertasiyalar müdafiə ediblər.

Beynəlxalq əlaqələr

ADNA bu günə 21 ölkənin 59 ali məktəb və təşkilatı ilə ikitərəfli əməkdaşlıq haqqında müqavilə bağlayıb. Onların arasında Rusiyanın, Ukraynanın, Rumıniyanın, Qazaxıstanın, Çin Xalq Respublikasının neft-qaz profilli universitetləri geniş təmsil olunublar. Türkiyə Respublikası tərəfindən dəstəklənən "Mövlana" mübadilə proqramı çərçivəsində əməkdaşlıq edilən bir neçə ali məktəblərin sırasına Hatay vilayətinin Antakya şəhərində yerləşən Mustafa Kamal Universiteti də daxil olub. Bu proqramda iştirak üçün müraciət edən müəllimlər bir həftədən üç ayadək tərəfdaş universitetlərdə işləyə bilər, tələbələr üçün isə bir və ya iki semestr ərzində təhsil almaq imkanı yaradılır. Hər iki tərəf üçün bütün maddi xərcləri Türkiyə hökuməti öz üzərinə götürür. Belə ki, ötən ilin sentyabr ayında Atatürk Universitetinin dosenti Mine Alacalı "Mövlana" proqramı çərçivəsində geoloji-kəşfiyyat fakültəsinin kafedralarında bir həftəlik stajkeçmədə olub. 2015/2016-cı tədris ilində həmin məqsədlə Atatürk Universitetinə səfər etmək üçün iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin 2, geoloji-kəşfiyyat fakültəsinin 1 müəllimi müraciət edib.

Ötən il də ali təhsil ocağı Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universiteti, Şimali Qafqaz Federal Universiteti (Stavropol şəhəri), Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu, Ukraynanın Semen Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Çin Karamay Peşə-Texniki İnstitutu, ABŞ-ın Cənubi Dakota Mədənlər və Texnologiya Universiteti, "Autodesk Inc." və "Schlumberger" şirkətləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. ADNA Avropa Birliyinin layihələrində də fəal iştirak edir. Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq nəticəsində "Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması" TEMPUS layihəsi çərçivəsində magistraturanın "Enerji menecmenti" ixtisaslaşması üçün yeni tədris planı təsdiq olunub, ali məktəbdə tədris prosesi üçün keyfiyyətə təminat və attestasiya mərkəzi yaradılıb. Azərbaycanda ilk dəfə olaraq Almaniyanın "ASIIN Consult" agentliyi 31 mart - 2 aprel tarixlərində ADNA-da üç ixtisasın (bakalavriaturada "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" və "Elektroenergetika mühəndisliyi", magistraturada - "Enerji menecmenti (Neft sənayesində)" akkreditasiyasını həyata keçirib. Bu ixtisaslarda kadr hazırlığının Avropa standartlarına uyğun aparılması barədə tezliklə ADNA-ya müvafiq sertifikatlar veriləcək. 2014-cü ildən başlayaraq ADNA yeni "Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi" adlı TEMPUS layihəsində də iştirak edir. 7 xarici ölkənin ali məktəblərini tərəfdaş kimi birləşdirən bu layihəyə "Xarici dillər" kafedrasının müəllimləri cəlb olunublar. Ötən il TEMPUS xətti ilə 6 müəllim Avstriya, Almaniya, Böyük Britaniya, Tacikistan, Estoniyada məzuniyyətlərdə olublar.

"Biznesin idarəolunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi" (Master of Business Administration) MBA Proqramı üzrə magistratura 1998-ci ildə, "Biznesin idarə olunması sahəsində bakalavrların hazırlanması, professor-müəllim heyyətinin və inzibati işçilərin təkmilləşdirilməsi" ("Bachelor of Business Administration") BBA Proqramı isə 2001-ci ildə ADNA və ABŞ-ın Corciya Dövlət Universiteti tərəfindən hazırlanmış birgə layihələrə əsasən təşkil olunub. Mütəxəssis hazırlığı Azərbaycan təhsil standartlarının xüsusiyyətlərini nəzərə almaqla Corciyada istifadə olunan müvafiq tədris planları üzrə aparılır. Fransanın Sofiya-Antipolis və İtaliyanın Genuya universitetləri ilə 1999-cu ildən etibarən ölkə sənayesi üçün vacib olan "Ətraf mühit və neft sənayesi" istiqaməti üzrə birgə mütəxəssis hazırlığı həyata keçirilir. 2001-ci ildən Almaniya Federativ Respublikasının Zigen Universiteti ilə "İqtisadiyyat" və "Sənayenin təşkili və idarə olunması" ixtisasları üzrə birgə mütəxəssis hazırlığına başlanılıb. Hazırda sözügedən universitetlə "Mexatronika" ixtisası üzrə bakalavrlar hazırlanması haqqında danışıqlar aparılır. 2014-cü ildə "Baker Hughes", "VR", "Halliburton", "KCA Deutag", "Schlumberger", "AMEC", "Cameron", "Fugro Offshore Survey" şirkətlərinin nümayəndələri ilə ADNA tələbələrinin görüşləri keçirilib, testlər əsasında sorğulardan müvəffəqiyyətlə keçən məzunlar iş yerləri ilə təmin olunublar.

Xəzər regionunda qazma işləri üzrə aparıcı yer tutan KCA Deutag şirkəti ilə Təqaüd Proqramı çərçivəsində birgə işlər aparılır və bu proqrama qaz-neft mədən, neft-mexanika, energetika və istehsalat proseslərinin avtomatlaşdırılması fakültələrinin tələbələri cəlb olunub. Hazırda IV kursda təhsil alan 6 tələbə şirkətin təqaüdçüsüdür, III kursun tələbələri arasında seçim aparılır. Belə bir proqram artıq üç il "AMEC" şirkəti tərəfindən də II kursun tələbələri üçün həyata keçirilir. Həmin şirkətdən kompüterlər və əlavə texniki vasitələr alınaraq kafedra və şöbələrə paylanıb. Bu ildən başlayaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti də təqaüd proqramını elan edib və "Energetika" fakültəsinin beş tələbəsini mükafatlandırıb. Qeyd etmək lazımdır ki, sözügedən tələbələr maddi dəstəkdən əlavə, təhsillərini başa vurduqdan sonra iş yerləri ilə də təmin olunurlar. Tanınmış BP beynəlxalq neft şirkəti də 2007-ci ildən başlayaraq "Tələbələrə dəstək proqramı" adlı layihədə ADNA ilə əməkdaşlıq edir. 2011-ci ildə layihəyə neft mühəndisliyi və geologiya ixtisaslarına əlavə neft-mexanika, energetika və istehsalat proseslərinin avtomatlaşdırılması fakültələrinin, 2012-ci ildə isə kimya-texnologiya fakültəsinin birinci kursuna yüksək ballarla qəbul olunmuş tələbələri də qoşulublar. Bu il I kursun 42 tələbəsi sözügedən proqram çərçivəsində mükafatlandırılıb və bu, respublika üzrə qaliblərin 90 faizini təşkil edir.

2009-cu ildən başlayaraq BP şirkətinin top-menecerləri və mütəxəssisləri tələbələr üçün geologiyanın və neftçıxarmanın müasir problemləri haqqında silsilə mühazirələr oxuyurlar, ötən ildə də belə görüşlər keçirilib. Belə ki, xarici ölkə səfirləri, şirkətlərin rəhbərləri, universitetlərin rektorları, mətbuat nümayəndələri ilə çoxlu sayda görüşlər keçirilib.

Çin Xalq Respublikasının səfirliyinin dəstəyi ilə "İnformasiya-ölçmə və kompüter texnikası" kafedrasının müdiri, professor Rəhim Məmmədov bu ölkədə üç həftə müddətində keçirilən "Bulud hesablamalar və superkompüterlər üzrə seminar"da iştirak edib. Çin hökuməti tərəfindən  ayrılmış qrant əsasında ADNA-da "Elektron universitet"in yaradılması nəzərdə tutulub. "Schlumberger" şirkəti ilə geologiya və neftçıxarma sahələrində müasir kompüter proqramları ilə təmin olunma və bir neçə müəllimlərin müvafiq treninq keçməsi barədə razılıq əldə edilib. Şirkət eyni zamanda ali məktəbdə neft avadanlığı ilə təchiz olunmuş laboratoriya da yaradacaq.

Ötən ilin sentyabr ayında Anqola dövlətinin prezidenti, ADNA-nın məzunu Joze Eduardu duş Santuşun dəvəti ilə ali məktəbin dörd nəfərdən ibarət nümayəndə heyəti bu ölkədə keçirilən simpoziumda iştirak edib. Vyetnamın Hanoy şəhərində noyabr ayında keçirilmiş konfrans-sərgiyə iki müəllim ezam olunub.

Ötən il tələbələr müxtəlif beynəlxalq şirkətlər və təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərə fəal cəlb olunub. Belə ki, tələbələr Qazaxıstan, Türkiyə, Avstriya, Rusiyaya ezam edilib. İl ərzində Qazaxistanın Aktau səhərində yerləşən Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin 37 magistrantı ADNA-da stajkeçmədə iştirak edib. ADNA-da təhsil alan xarici tələbələr arasında Türkmənistan tələbələri son illər sayca birinci yer tuturlar. Bu səbəbdən səfirliklə sıx əlaqə saxlanılır, ali məktəbidə diplomatların tələbələrlə görüşləri keçirilib. 6-7 aprel tarixlərində Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 20-ci ildönümünə və "Sağlamlıq və xoşbəxtlik ayı"na həsr edilmiş yarış təşkil olunmuşdu. Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin rəisi ilə 20 fevral tarixində təşkil olunmuş görüş zamanı xarici tələbələrə ölkəmizə giriş-çıxışla bağlı məlumat çatdırılıb. Böyük Britaniyanın Confidence Capital şirkəti ilə birlikdə aprelin 9-10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 8-ci beynəlxalq "Xəzər Neft-Qaz Ticarət və Nəqliyyat Konfransı" keçirilib.

ADNA Avropa Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası və Avroasiya İpək Yolu Universitetləri Konsorsiumunun üzvüdür.

Əcnəbi vətəndaşların təhsili

Əcnəbi vətəndaşların təhsilinin təşkili və idarə edilməsi məqsədilə ADNA-da 2 qurum "Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsi" (ƏVHF) və "Əcnəbi tələbələrlə iş" üzrə dekanlıq (ƏTİ) fəaliyyət göstərir. 2013/2014-cü tədris ilində ƏVHF-də dünyanın 10 ölkəsindən 76 nəfər olmaqla (Türkiyə-2, İran-3, Türkmənistan-35, Suriya-1, Çin-26, Yəmən-1, Yunanıstan-1, Əfqanıstan-1, Danimarka-1, Rusiya-4) əcnəbi vətəndaş mühəndis ixtisası üzrə təhsil alıb. 2013-2014-cü tədris ilində ADNA-nın əsas ixtisas fakültələrində dünyanın 17 ölkəsindən 425 nəfər (Türkiyə-46, Çin-127, İran-9, Türkmənistan-155, Yəmən-1, İraq-9, Pakistan-3, Rusiya-15, Sudan-1, Suriya-19, Danimarka-1, Nigeriya-1, Qazaxıstan-5, Özbəkistan-1, Gürcüstan-1, Ukrayna-1, Vyetnam-29) təhsil alan əcnəbi vətəndaşdan 368 nəfər bakalavriatura, 46-sı magistratura, 11 nəfər isə doktorantura səviyyələrində təhsil alıb. 2014/2015-ci tədris ilində ADNA-nın əsas ixtisas fakültələrinə dünyanın 10 ölkəsindən 108 nəfər (Çin-54, Türkmənistan-40, Əfqanıstan-1, Türkiyə-3, İran-2, Yunanıstan-1, Suriya-1, İraq-1, Yəmən-1, Rusiya-4) əcnəbi vətəndaş qəbul olunub.

Tələbə Həmkarlar İttifaqı Komitəsi

THİK tələbələrin tədris, tərbiyə, elmi fəaliyyətlərinin artırılması, sosial-iqtisadi problemlərinin həlli, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin artırılması, idmana və başqa dərnəklərə cəlb olunması, müsabiqələrin, seminarların, festvalların, toplantıların, sərgilərin, "dəyirmi masa"ların, təlim kurslarının, diskussiya klublarının, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi istiqamətində fəaliyyət göstərən tələbə təşkilatdır. Tələbələrin yay istirahətlərinin təşkili də THİK-nin fəaliyyəti çərçivəsindədir. Hər ilin yay aylarında tələbələrin müraciətlərini nəzərə alaraq təşkilat, akademiyanın Nabranda yerləşən "Şəfa" istirahət zonasına göndəriş verir. Tədris müddətində Azərbaycanın müxtəlif rayonlarına qısamüddətli ekskursiyalar təşkil olunub. Ötən il ərzində 1000-dən çox tələbəyə asudə vaxtlarını səmərəli keçirmək üçün konsertlərə, teatrlara və kinolara biletlər alınaraq paylanılıb. Fakültələrdə şəhidlərin xatirəsinə həsr olunan gecələr keçirilir.

Qış və yay imtahan sessiyaları dövründə THİK bilavasitə imtahanların gedişinə nəzarətdə iştirak edir. Təşkilatın fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün tələbələr arasında sorğu keçirilir, sorğu nəticəsində bildirilən irad və təkliflər THİK-nin rəyasət heyətində müzakirə edilir və lazımi qərarlar qəbul olunur.

THİK-nın ADNA-da apardığı fəaliyyət istiqamətlərindən biri də tələbələrin mədəni kütləvi tədbirlərə cəlb olunmasıdır. Burada 100-dən çox tələbənin birləşdiyi "Gənclik" mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Ansambl istər ölkədaxili, istərsə də beynəlxalq festivallarda bir çox uğurlar əldə edib. Bunlara misal olaraq ali məktəb tələbələrinin özfəaliyyət kollektivlərinə baxış müsabiqəsində "Gənclik" ansamblı artıq neçə ildir ki, I yerə layiq görülür. Beynəlxalq festivallara gəldikdə isə ötən il "Gənclik" ansamblı Türkiyənin Girəsun, Bursa və Samsun şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak edərək Qran-pri mükafatına layiq görülüb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi özfəaliyyət kollektivlərinə baxış festivalında I yer tutub.

THİK teatr klubunun uşaqlar və qocalar evində təşkil etdiyi xeyriyyə konsertlərini, festivalları, bayram tədbirlərini də qeyd etmək lazımdır.

THİK təşkilati işlərlə yanaşı, həm də tələbələrin təhsili və onlar arasında maarifləndirmə işinin aparılması, liderlik xüsusiyyətlərinin aşkar edilib formalaşdırılması, natiqlik bacarığının təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görüb. Belə ki, bu işlərə akademiya daxilində keçirilən və peşəkar təlimçilərin dəvət olunduğu liderlik təlimlərini, natiqlik bacarığının inkişafı istiqamətində təşkil edilən Azərbaycan Dövlət Neft Akademiyasının Debat Klubunu, İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən "Breyn-rinq" və "Kim? Harada? Nə zaman?" intellektual oyunlarını aid edə bilərik.

İdman uğurları

THİK-nın iş planına müvafiq olaraq hər il 2 dəfə 12 idman növü üzrə spartakiada təşkil olunur. Spartakiadaya 1500 nəfərdən çox tələbə qoşulub. Keçirilən yarışlarda gənclərin idmana marağını artırmaq məqsədi ilə hər idman növü üzrə 1, 2 və 3-cü yerləri tutan tələbələrə pul mükafatları, medallar və kuboklar təqdim olunub. Ötən il komanda idman növləri üzrə akademiyanın futbol komandası ATİAHİ Respublika Komitəsinın təşkil etdiyi yarışda II yer, Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsil kuboku"nda III yer, YAP Nəsimi rayon təşkilatının keçirdiyi turnirdə I yer, Gənclər və İdman Nazirliyinin ali məktəb tələbələri arasında keçirdiyi çempionatda II yer tutub. Basketbol və voleybol komandası II yerə, həndbol komandası isə III yerə layiq görülüb.

Ali məktəb tələbələri arasında keçirilən üzgüçülük yarışında akademiyanın tələbələrindən ibarət yığma komandası I yeri tutub. Şahmatçı oğlan və qızlardan ibarət komanda son universiadada II yeri tutub. Stolüstü tennis komandası ali məktəb tələbələri arasında yarışda III yerin sahibi olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov