Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

ADU-nun tələbə və müəllimləri Oslo Universitetinin yay məktəbində təhsil alacaq

 

Böyütmək üçün seçinAzərbaycan Dillər Universitetinin 12 nəfərlik nümayəndə heyəti Oslo Universitetinin Beynəlxalq Yay məktəbində təhsil alacaq.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu il Norveçin Oslo Universitetində Beynəlxalq Yay məktəbində təhsil alacaq universitetin bir qrup tələbə və müəllim heyəti ilə görüşdü. Görüşdə hər il olduğu kimi bu il də tələbə və müəllimlərin xarici ölkələrə göndərildiyini deyən  rektor Səməd Seyidov bu baxımdan ilin daha məhsuldar olduğunu söylədi. ADU-nun 10 nəfər tələbəsinin universitet hesabına 2015-2016-cı tədris ilində Çin Xalq Respublikasının Şenyan Pedaqoji Universitetində təhsil alacağını söyləyən rektor Çinə məhz bu sayda tələbənin göndərilməsinin Azərbaycanda ilk dəfə olduğunu vurğuladı. Rektor Səməd Seyidov tələbələrin İtaliya, Fransa, Almaniya və digər ölkələrə oxumaq üçün göndərildiklərini bildirdi. Həmçinin rektor universitetə ABŞ, Fransa, Koreya, İspaniya, Çin və digər ölkələrdən tələbələrin gəldiyini də qeyd etdi.

Hazırda Azərbaycanın möhtəşəm Avropa Oyunlarına ev sahibliyi etdiyini deyən rektor Norveçə gedən nümayəndə heyətinə olduqları ölkədə vətənləri haqqında obyektiv reallıqları, mədəniyyəti, incəsənəti ilə bağlı geniş məlumatların çatdırılması zərurətindən danışdı.

S.Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində azərbaycanlı gənclərin inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirmək şansı əldə etdiklərini qeyd etdi. Norveçin yüksək mədəniyyətə malik ölkə olduğunu deyən rektor bu ölkəyə gedən nümayəndə heyətinə uğurlar arzuladı.

Daha sonra Norveçə gedən müəllimlər Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi hesabına uzun müddətdir ki, müəllim və tələbələrin xarici ölkələrə konfranslara, təlimlərə, təhsil almağa göndərildiklərini bildirdilər. Yaradılan şəraitə, dəstəyə görə təşəkkürlərini bildirən müəllimlər Azərbaycanı uğurla təmsil edəcəklərini və yüksək bilikləri mənimsəyərək geri dönəcəklərinə əminliklərini ifadə etdilər.

Norveçə gedən tələbələr özlərini təqdim edərək Azərbaycanı layiqincə təmsil edəcəklərinə söz verdilər.

Qeyd edək ki, Oslo Universitetində təşkil olunan kurslar 21 iyun 2015-ci ildən başlayaraq 1 avqust 2015-ci il tarixinədək davam edəcək.

Onu da qeyd edək ki, Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında layihə çərçivəsində hər il təşkil olunan yay məktəbində 2007-ci ildən bu günədək ümumilikdə ADU-nun 120 nəfərə yaxın müəllim və tələbəsi müxtəlif ixtisaslar, xüsusilə də Norveç dili üzrə təhsil alaraq geri qayıdıblar. 

İctimaiyyətlə Əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov