Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

47-ci Beynəlxalq Kimya Olimpiadasına 9 gün qaldı

 

Beynəlxalq Kimya Olimpiadası Təşkilat Komitəsi tərəfindən ölkəmizdə keçiriləcək məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılışına sayılı günlər qalıb. 9 gün də keçəcək və paytaxtımız növbəti mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. İyulun 20-də start götürəcək beynəlxalq yarışmaya ölkəmizdə geniş hazırlıq işləri aparılıb. Belə ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. Həmin əmrlə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq olunub. Eyni zamanda olimpiadanın rəsmi internet. saytı (www.icho2015msu.az) istifadəyə verilib.

Qaydalara əsasən olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədilə ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri arasında kimya fənni üzrə rayon (şəhər), zona və respublika mərhələlərindən ibarət seçim turları təşkil olunub. Yanvarın 18-də keçirilən ilk seçim turunda ümumilikdə X və XI siniflər üzrə 1472 şagird iştirak edib. Bu mərhələdə şagirdlərə 30 sual təqdim edilib və onların cavablandırılması üçün 3 saat vaxt verilib. Suallar siniflər üzrə məktəb proqramı səviyyəsində qapalı test formatında hazırlanıb. Rayon (şəhər) mərhələsi üzrə müsabiqənin nəticələrinə əsasən 684 şagird zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Növbəti zona mərhələsi bu ilin fevralında Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilib. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçilib. Bu mərhələdə 693 şagird iştirak edib. Onlar nisbətən çətinləşdirilmiş 30 qapalı və açıq tipli test tapşırığını 4 saat ərzində cavablandırıblar. Zona mərhələsi üzrə müsabiqənin nəticələrinə əsasən 215 şagird respublika mərhələsinə vəsiqə qazanıb.

Böyütmək üçün seçinSeçimin son - respublika turu martın 1-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilib. Bu turda 215 şagird iştirak edib. Şagirdlərə 20 çətinləşdirilmiş qapalı test və açıq tipli suallar təqdim olunub və onlar bu sualları 4 saat ərzində cavablandırmalı olublar. Bu mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən Bakı, Gəncə, Sumqayıt, Şirvan, Qazax, Masallı və Balakən məktəblərindən 13 şagird milli komandaya namizəd olaraq seçilib. Aprel ayından başlayaraq onlarla M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professorları və bu təhsil ocağının Bakı filialının mütəxəssisləri tərəfindən beynəlxalq olimpiadaya hazırlıq məşğələləri keçirilib. Şagirdlər eyni zamanda nəzəri və praktik biliklərini artırıblar.

Məlumat üçün bildirək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkədən olan məktəblilərin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edirlər. İndiyədək məktəblilərimiz bu mötəbər yarışmadan 5 qızıl, 5 gümüş və 14 bürünc olmaqla ümumilikdə 24 medal qazanıblar.

Sonuncu - 46-cı Beynəlxalq  Kimya Olimpiadası 2013-cü ildə Vyetnamın Hanoy şəhərində keçirilib. Həmin olimpiadada dünyanın 75 ölkəsindən 300 şagird iştirak edib. 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak üçünsə Bakıya 80 ölkədən məktəblilərin gələcəyi gözlənilir.

47-ci Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bilik yarışmasının yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Filial olimpiadaçıları qəbul etmək üçün tam hazırdır. Bu mötəbər bilik yarışında ölkəmizi təmsil edəcək komandamızın üzvlərinə uğurlar arzulayır, onların bu yaxınlarda başa çatmış I Avropa Oyunlarında öz uğurlu çıxışları, qazandıqları medallarla xalqımıza böyük sevinc bəxş etmiş idmançılarımızın estafetini davam etdirəcəklərinə ümid bəsləyirik. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov