Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Gənclərin çağırışaqədərki hazırlığı fənninin əhəmiyyəti və hədəfləri

 

Vasif  RAMAZANOV,
V "Elektron təhsil" müsabiqəsinin
 "Müəllim bloqları" nominasiyası üzrə qalibi,
Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta məktəbin GÇH rəhbəri, ehtiyatda olan baş leytenant 

Böyütmək üçün seçinMüasir dövrdə  gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin əhəmiyyəti böyükdür.  Çünki torpaqlarımızın işğal altında olması bu fənnin tədrisini zəruri edir.

Qeyd edək ki, GÇH Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş "Gənclərin çağırışaqədərki hazırlığı" Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən "Gənclərin çağırışaqədərki hazırlığı" Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, "Təhsil haqqında" "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ-hüquqi aktlara əsasən həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı, adından da göründüyü kimi, gənclərin Silahlı Qüvvələrdə xidmətəqədərki hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən  mühafizə  və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənirlər.

Baxmayaraq ki, orduya ancaq oğlanlar çağrılır, dünyada gedən proseslər qızların da hərbi işləri öyrənməsini zəruri edir. İlk növbədə təbii ki, torpaqlarımızın 20 faizinin işğal altında olması, terror təhlikəsinin günü-gündən artması, nəhayət, elm və texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində baş verən təbii və texnogen fəlakətlər, bizi belə düşünməyə vadar edir.

Müasir  dünyada elmin inkişafı vacibdir. Lakin tarixi araşdırmalar göstərir ki, dünyadakı rəqabətə davam gətirmək üçün, daha doğrusu, bu rəqabətdə qalib çıxmaq üçün ilk növbədə milli mənlik hissi çox güclü olmalıdır. Milli mənlik, bilik və bacarıqlarla birlikdə, rəqabətə davamlı insanın formalaşması üçün lazım olan vacib keyfiyyətdir. Yaradılmış ən güclü silahları idarə edən insandır. Deməli,  ən güclü silah milli köklərinə bağlı, yüksək texnologiyalara yiyələnmiş insandır.  Milli mənlik hissinin aşılanması ana bətnində başlayır, ailədə davam etdirilir, məktəbdə gücləndirilir. Bir şagird, istər qız, istər oğlan riyaziyyatçı, fizik, kimyaçı və s. olmaya bilər, lakin vətənpərvər olmağa borcludur. Nəzərə alsaq ki, hər bir şagird gələcəyin potensial valideynidir, o zaman məsələnin ciddiliyi aydınlaşır.

Məhz yuxarıda adıçəkilən bütün arqumentləri özündə cəmləşdirdiyi üçün GÇH fənni aktualdır. GÇH fənninin proqramına nəzər salsaq görərik ki, tədris olunan mövzular  həqiqətən də qeyd olunan nüansları işıqlandırır.

Dövləti müdafiənin əsasları bölməsi  "GÇH fənninin əhəmiyyəti, məqsədi  və  vəzifələri"; "Hərb tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi"; "Azərbaycan  Silahlı Qüvvələrinin strukturu, qoşun növləri və başqa silahlı birləşmələr"; "Dövlət və hərbi atributlarımız.  Hərbi mərasimlər.  Döyüşlərdə və xidmətdə fərqlənməyə görə təltiflər, orden və medallar" mövzularından ibarət olub, yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsi, onların Silahlı Qüvvələrdə xidmətə hazırlanması, fənnin tətbiq dairəsi, tədrisini zəruri edən amillər, etnik, dini, ərazi iddiası  zəminində baş verə biləcək münaqişələr,  təbii,  texnogen və müharibə xarakterli fəlakətlər zamanı hərəkət,  tibbi bilik və bacarıqlar, fənnin təlim istiqamətləri, ordu sıralarında xidmət,  fənnin tədrisini tənzimləyən rəhbəredici dövlət sənədləri şagirdlərin diqqətinə çatdırır və  eləcə də ordu  quruculuğunu, siyasi və  hərb tariximizi əhatə edən digər vacib faktları işıqlandırır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri bölməsi, şagirdlərə hərbi qulluqçuların ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları, qarşılıqlı tabeçilik, əmr və sərəncamların verilməsi və yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət və davranış qaydalarının öyrədilməsini nəzərdə tutur.

Sıra hazırlığı bolməsi şagirdlərə sıra təliminin xüsusiyyətlərinə əsasən sıra və onun elementləri, açıq və hərəkət sırası, müxtəlif üsullarla sıranın idarə olunması, əsgərin düzülüşdən  qabaq və sırada vəzifələri, sıra duruşu və komandaların yerinə yetirilməsi, yerində dönmələr, hərəkət və hərəkətdə dönmələr, yerində əsgəri salamvermə, hərəkətdə hərbi salamvermə, baş geyimsiz hərbi salamvermə, sıradan çıxma və sıraya qayıtma, rəisə yaxınlaşma və uzaqlaşma öyrədilir.

Taktiki hazırlıq bölməsində silahların məhvetmə imkanlarını və düşmənin hərəkət xarakterini nəzərə alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının praktik, əyani vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izah edilir, mövzuların tədrisi zamanı yeni təlim metod və üsullarından istifadə etməklə izahlı şəkildə şərhi verilir, elementlərlə göstərilir, əvvəlcə tək-tək, sonra isə manqalar və yaxud tağım şəklində elementlərlə yerinə yetirilir.

Silahlar və atəş hazırlığı bölməsinin tədrisi zamanı, Kalaşnikov avtomatı ilə yanaşı, patronlar haqqında da biliklərin verilməsi nəzərdə tutulmuşdur. Atəş tapşırığının yerinə yetirməsi ilə bağlı şagirdlərdə vərdişlərin formalaşdırılması bu fənnin tədrisi qarşısında duran ən mühüm tələblərdən biridir.

Hərbi topoqrafiya  bölməsində  mövzular nəzəri müstəvidən əməli müstəviyə yönəldilmişdir, yəni ərazidə tədrisi nəzərdə tutulmuşdur.

Təhlükəsizlik və fövqəladə hallarda insanların mühafizəsi bolməsində, mülki müdafiənin sülh və müharibə dövründə əhalinin təhlükəsizliyini təmin edən dövlət strukturu kimi təşkili və fəaliyyəti, müharibə mənşəli fövqəladə hallar (nüvə silahının, kimyəvi silahın, bioloji və bakterioloji silahın tətbiqi), texnogen xarakterli fövqəladə hallar, təbii xarakterli fövqəladə hallar və terrorizmin fövqəladə hallardan biri kimi tədrisi nəzərdə tutulmuşdur. Sosial-siyası fəlakət olan terror haqqında şagirdləri düzgün və faktlarla məlumatlandırmaq, onun həqiqi mahiyyətini açıqlamaq günün ən zəruri tələblərindən biridir.

Tibbi biliklərin əsasları  bölməsində,  xəsarət almış və ya qəfil xəstələnmiş insana həkimin gəlməsinə və yaxud evakuasiyaya qədər, vaxtında və sadə üsullarla məqsədyönlü ilk tibbi yardım göstərmə, yoluxucu və infeksion xəstəliklər, yaranma səbəbləri, növləri, ilkin əlamətləri və xəstəliklərə qarşı qabaqlayıcı, profilaktik tədbirlərlə yanaşı, müasir dövrdə gənclərin həyat tərzini nəzərə alaraq sağlam həyat tərzi, zərərli vərdişlər və onların insan orqanizmi üçün yarada biləcəyi təhlükələr haqqında da məlumatların verilməsi  məqsədəuyğun hesab edilmişdir.

Uzun illər orduda xidmət etmiş bir zabit kimi deyə bilərəm ki, GÇH fənnini  normal mənimsəmiş  gənclər hərbi xidmətə  daha asan uyğunlaşır  və nümunəvi  xidməti ilə digər hərbi qulluqçulardan seçilirlər.

Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, GÇH  fənninin tədrisi zəruridir və günümüzün əsas tələblərindən biridir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov