Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

700 BAL TOPLAYANLAR

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda  II və  III ixtisas qrupları üzrə hərəsindən  3 abituriyent olmaqla 6 nəfər bütün sualları düzgün cavablandıraraq maksimum nəticə - 700 bal toplayıb. Aşağıda onları təqdim edirik.

Lalə NOVRUZOVA   

1998-ci ildə Cəbrayıl rayonunun Çullu  kəndində anadan olub.  Məcburi köçkün ailəsində dünyaya gələn Lalə Biləsuvar rayonunda onlar üçün salınan 9 nömrəli qəsəbədə yaşayır və burada 2015-ci ildə tam orta məktəbi bitirib. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Lalə özünə güvəndiyini və imtahanda yüksək nəticə göstərəcəyinə əmin olduğunu vurğulayıb.    

Respublika  fənn olimpiadalarında  Azərbaycan dili və ədəbiyyat üzrə ikinci yeri tutub. Sınaq imtahanlarında müntəzəm olaraq yüksək bal toplayan Lalə  ali məktəblərə qəbul imtahanında III qrup üzrə maksimum nəticə göstərib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olmaq arzusundadır. Lalə ali təhsilini bakalavr pilləsi  üzrə ölkəmizdə,   magistratura pilləsi üzrə isə   xaricdə   almaq  arzusundadır.


Elçin QASIMOV 

1999-cu ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Onunla  eyni vaxtda eyni məktəbin məzunu olan  bacısı Gülçin də bu  il qəbul imtahanında II qrup üzrə 685 bal toplayıb.   Elçin deyir ki, belə nəticə gözləmirdim, çünki kodlaşdırmadan sonra 1-2 səhvim olacağını güman edirdim.  Amma nəticələr   açıqlananda 700 bal topladığımı gördüm və çox sevindim. Xaricdə təhsil üçün də Dövlət Proqramına sənədlərimi vermişəm. Alınsa, yəqin ki, Türkiyədə oxumağa gedəcəyəm. Arzum gələcəkdə yaxşı iqtisadçı olmaqdır.  


Əli İSGƏNDƏROV  

1997-ci ildə Cəlilabad rayonunda anadan olub. 2015-ci ildə Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 nömrəli tam orta  məktəbi bitirib. Məktəbdə oxuyanda çoxlu fəxri fərman alıb,  əlaçı olub. Bildirir ki, II ixtisas qrupu üzrə  700 bal toplayacağıma tam  əmin idim. Çünki sınaq imtahanlarında  fəal iştirak edirdim. Mənə qaranlıq qalan  sualların cavablarını müəllimlərimdən vaxtında  öyrənirdim. Mənim belə bir uğur qazanmağımda  müəllimlərimin zəhməti   böyük olub. Ona görə də     mətbuat vasitəsilə valideynlərim adından onlara minnətdarlığımı bildirirəm. Qaldı arzuma... Mən "ADA" Universitetində  oxumaq istəyirəm. Məqsədim  yaxşı mütəxəssis olmaqdır.


İbrahim ƏHMƏDOV 

1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakıdakı 214 nömrəli tam orta məktəbi bitirib. XI sinifdə oxuyarkən respublika fənn olimpiadasının bürünc medalını qazanıb.    O  bildirir ki, II qrup üzrə  imtahanda 700 bal toplamaq asan  məsələ deyil. Buna baxmayaraq,  hamı məndən bu nəticəni gözləyirdi və mənə inanırdı. Çox şükür ki, ümidlərini də boşa çıxarmadım. Sınaqlarda əsasən 670-690 arası bal toplayırdım. Artıq bütün çətinliklər arxada qalıb. Beynəlxalq münasibətlər ixtisası üzrə "ADA" Universitetində təhsilimi davam etdirməyi planlaşdırıram. Hələ ki, xaricdə oxumaq fikrim yoxdur. Qazandığım  bütün  bu  uğurlara görə   müəllimlərimə  minnətdarlıq edirəm. 


Xəyalə ƏFƏNDİYEVA 

1998-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 2015-ci ildə həmin   qəsəbədəki  tam  orta məktəbin məzunu olub. Xəyalə özünə güvənsə də, 700 bal toplayacağını gözləmədiyini vurğulayıb. Bildirib ki, buraxılış imtahanlarını əla qiymətlərlə verib. Orta məktəbdə oxuduğu vaxtlarda  Azərbaycan dili və  ədəbiyyat fənni üzrə olimpiadanın zona mərhələsində III yeri tutub. Sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  hüquqşünaslıq fakültəsinə verəcək. Amma xaricdə oxumaq barədə də fikirləşir.

700 bal topladığı üçün  çox sevinir. Qazandığı nailiyyətlərə  görə  valideynlərinə  və  müəllimlərinə minnətdarlığını bildirir.  Çalışacaq ki, onların etimadını həmişə doğrultsun.


Kamran ABDULRƏHİMOV 

1997-ci ildə Kürdəmir rayonunda anadan olub. Orta məktəbi Kürdəmir rayonunda VII sinfə qədər oxuyub. VII-X siniflərdə təhsilini Ağdaş Türk Liseyində davam etdirib. XI sinfi  Türkiyə Dəyanət Vəqfı-Bakı Türk Liseyində oxuyub. Orta məktəbdə oxuduğu müddətdə  keçən il Ağdaş Türk Liseyində,  bu il isə Türkiyə Dəyanət Vəqfı-Bakı Türk Liseyində hazırlıq keçib. III qrup üzrə yüksək nəticə göstərəcəyinə əmin olsa da, 700 bal toplamağı gözləmirmiş. Sınaq imtahanlarından maksimum 682 bal toplayırmış.  Sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakültəsinə vermək istəyir. Arzusu  savadlı  hüquqşünas olmaqdır.   

Hazırladı: Şakir CƏFƏROV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov