“Tbilisi-2015”
XIII Avropa Gənclər Olimpiya Festivalının ikinci günü
Azərbaycan idmançıları üçün uğurlu olub. Azərbaycan
cüdoçuları iyulun 28-də Tbilisi Cüdo Akademiyasında
keçirilən yarışlarda biri qızıl olmaqla, üç medal
qazanıblar. Qızlar arasında 40 kiloqram çəki dərəcəsində
çıxış edən yeniyetmə cüdoçumuz Şəfəq Həmidova keçirdiyi
3 görüşün hamısını qələbə ilə başa vuraraq finala
yüksəlib. Finalda Rusiya idmançısı Anastasiya Kuterina
üzərində inamlı qələbə qazanan Ş.Həmidova fəxri kürsünün
ən yüksək pilləsinə qalxıb. O, XIII Avropa Gənclər
Olimpiya Festivalında cüdoçular arasında qızıl medal
qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.
Digər cüdoçumuz Kəramət Hüseynov da mübarizəyə uğurla
başlayıb. O, 55 kiloqram çəki dərəcəsində rəqiblərini
üstələyərək finala qədər yüksəlib. Finalda K.Hüseynov
Moldova təmsilçisi olan idmançı İon Mitayevə uduzaraq
gümüş medala sahib olub.
Cüdoçular arasında mübarizə aparan digər yeniyetmə
idmançımız milli komandamızın üzvü İbrahim Bayramlı 50
kiloqram çəki dərəcəsində festivalın bürünc medalını
qazanıb. |