Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Beynəlxalq Kimya Olimpiadasının medalçıları

 

Ötən həftə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kimya Olimpiadası  ölkəmizin təhsil və elm həyatında  uğurlu hadisəyə çevrildi. Yüksək səviyyəli elm müsabiqəsinə ev sahibliyi edən Azərbaycan həm də bu cür tədbirlərin  çox gözəl təşkilatçısı olduğunu dünyanın 75-dən artıq ölkəsindən gəlmiş qonaqlara bir daha sübut etdi. Çox diqqətəlayiq  haldır ki, şagirdlərimiz bu olimpiadada da fərqlənə bildilər, gənc kimyaçılarımız qaliblər arasında öz layiqli yerlərini tutdular. Azərbaycan komandasının  üzvlərindən akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və  "İstək" liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələndilər. Bu günlərdə təhsil sistemimizin  bu layiqli yetirmələri ilə əlaqə saxlayıb bilik yarışması barədə təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik.

 

 

 

 

 

"Gələcək həyatımı elmə həsr etmək istəyirəm"  

Böyütmək üçün seçinSergey Styopin  Bakı şəhərində  müəllim ailəsində anadan olub. Uşaq vaxtlarından elmlərə  böyük maraq göstərib.  Bundan əlavə, idmanın müxtəlif növləri ilə (üzgüçülük, şahmat, boks )  məşğul olub. 2012-ci ildə  akademik Zərifə Əliyeva adına liseyin  IX  sinfinə qəbul olunub. 2015-ci ildə liseyi bitirib.

Sergey Styopinin dediklərindən:

- 2014-cü ildə  Beynəlxalq Mendeleyev Olimpiadasına hazırlıq  üzrə Azərbaycan komandasına daxil olduqdan sonra kimya elminə marağım daha da artdı. O zamana qədər  mən olimpiadalara hazırlaşmırdım və yaxşı nəticələrim yox idi. Lakin son bir il ərzində yüksək səviyyəli kimya olimpiadalarına çox ciddi surətdə hazırlaşmağa başladım.  Ötən dərs ilinin  başlanğıcından  bəri 47-ci Beynəlxalq Kimya Olimpiadasına  hazırlıq çərçivəsində çoxsaylı olimpiada tapşırıqlarını  həll etdim, hər gün bir neçə saatımı kimyaya ayırdım.  Uğur qazanmağımda  valideynlərimin, eləcə də Bakı Dövlət Universitetinin  müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent  Xəmməd Əsədovun, MDU-nun tələbəsi Milana Ağayevanın  xüsusi əməyini qeyd etmək istərdim. Eləcə də oxuduğum liseyin direktoru M.Vəliyevaya,  sinif rəhbərim,  Azərbaycan Respublikasının əməkdar  müəllimi Aygün Əzizovaya göstərdikləri dəstəyə görə ayrıca minnətdarlıqlarımı çatdırmaq istəyirəm.

Olimpiada barədə təəssüratlarım böyükdür.  Biz dəniz kənarında çox gözəl "Krezent Biç"  otelində yaşayır,  hər gün şəhərimizin tarixi yerlərinə baş çəkir  və müxtəlif  tədbirlərdə iştirak edirdik.  İmtahan turlarının təşkili çox gözəl səviyyədə idi.  Biz ən müasir  avadanlıqlarla işləyirdik.  Böyük kimya elminin imkanlarını  qiymətləndirmək üçün bizə çox maraqlı tapşırıqlar təklif olunmuşdu.  Burada, əlbəttə ki,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, onun əməkdaşlarının, ilk növbədə isə Bakı  filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti Nərgiz Paşayevanın xüsusu rolu  qeyd edilməlidir.  Məhz   rektor Nərgiz  Paşayeva bu  olimpiadanın  uğurlu keçməsi üçün çox işlər görmüşdür.  Beynəlxalq Kimya Olimpiadasının  Rəhbər  Komitəsinin  sədri,  professor Dukvan Li də  Bakda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi ən yaxşı olimpiada  kimi qiymətləndirdi.

 Gələcək planlarıma gəldikdə deməliyəm ki, mən MDU-nun Bakı filialının kimya fakültəsinə daxil olmuşam.  Bir ildən sonra təhsilimi Moskvada davam etdirəcəyimə ümid edirəm. Gələcək həyatımı elmə həsr etmək istəyirəm.  Öz vətənimin dünya ölkələri arasında daha da şöhrət qazanmasına   və  kimyanın böyük elm olduğunu sübut etməyə çalışacağam. 


"Azərbaycan bayrağının daim yüksək zirvədə olması üçün əlimdən gələni edəcəyəm" 

Böyütmək üçün seçinHüseyn  Babayev 2000-ci il martın 11-də Şirvan şəhərində anadan olub. 2005-ci ildə Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam  orta məktəbin I sinfinə gedib. 2011-ci ildə Şirvan Özəl Türk Liseyinə qəbul olunub. Liseydə oxuduğu illərdən kimya elminə  böyük marağı olduğuna görə olimpiadalara hazırlaşmağa başlayıb. 2014-cü ildə Nigeriyada keçirilən Beynəlxalq Elm Olimpiadasında qızıl medala layiq görülüb.  Elə həmin ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında uğurla iştirak edib.  2015-ci ildə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə qızıl medala layiq görülüb.

Hüseyn Babayev 47-ci Beynəlxalq Kimya  Olimpiadası barədə təəssüratlarını belə bölüşdü: 

-  Olimpiadaya seçim 4 mərhələdən ibarət idi. Bu mərhələlərdən keçmək üçün çox çalışmaq lazım gəlirdi. Buna baxmayaraq, mərhələləri müvəffəqiyyətlə keçdim. Son üç ayda hazırlıqlar yüksək səviyyədə keçdi. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllim heyəti olimpiada hazırlıqlarında bizə böyük köməklik göstərdilər.

Beynəlxalq Kimya Olimpiadasında ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Argentina, Koreya, Türkiyə, Sinqapur, İsveç, İran, İtaliya, Yaponiya, İndoneziya və s. olmaqla ümumilikdə 75 ölkədən 300 gənc kimyaçı  iştirak edirdi.  Olimpiada yüksək səviyyədə təşkil olunmuşdu. İmtahanlar nəzəri və təcrübi turlardan ibarət idi. Hər tur 5 saat davam edirdi. Medala layiq görüldüyüm üçün sevinirəm. Komanda rəhbərimiz və fənn müəllimimiz Mehman Bunyatov, "İstək" liseyində olimpiada koordinatorumuz Anar Fərmanov olimpiada ərzində bizə hərtərəfli dəstək oldular.

 Bu böyük tədbirin Azərbaycanda keçirilməsində MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor  Nərgiz Paşayevanın zəhmətini ən yüksək dəyərlərlə qiymətləndirirəm. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi gələcəkdə ölkəmizin elm potensiallı bir dövlət kimi tanınmasına kömək edəcək. Qarşıdan gələn olimpiadalarda daha yaxşı nəticələr əldə etmək üçün çalışacağam və Azərbaycan bayrağının  daim uca zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov