Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

VI Beynəlxalq Müəllimlər Festivalı keçirilib

 

2015-ci il 12-14 avqust tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Elabuqa şəhərində VI Beynəlxalq Müəllimlər Festivalı keçirilib. Rusiya Elm və Təhsil Nazirliyinin Kazan Federal Universitetinin (KFU) Elabuqa İnstitutunda təşkil olunmuş festivalda Almaniya, İsrail, Tailand, Fransa, ABŞ, İsveçrə, Moldova, Rusiya, Belarus və b. ölkələrdən 500-dən çox təhsil işçisi iştirak edib.

Beynəlxalq tədbirdə ölkəmizi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq  və informasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət, Bakı şəhər 153 nömrəli tam orta məktəbin və BBM-in riyaziyyat və informatika müəllimi Günay Hüseynzadə təmsil ediblər. Festivalda məqsəd dünya təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi yollarının axtarılıb tapılması, dünya müəllimlərinin birgə əməkdaşlığı, fikir mübadiləsinin aparılması olub.

Tatarıstan Respublikasının  elm və təhsil naziri Enqel Fəttahov, Kazan Federal Universitetinin rektoru Rişat Qafurov, millət vəkili Anastasiya İsayeva, KFU Elabuqa İnstitutunun direktoru Yelena Merzon festivalın aşılış mərasimində çıxış ediblər.

3 gün davam edən festival çərçivəsində mühazirələr, "dəyirmi masa"lar, işgüzar oyunlar, ustad dərsləri, treninqlər, tədris-metodiki ədəbiyyat yarmarkası, yaradıcı və professional müsabiqələr təşkil olunub. Festivalda dünya təhsil sistemində və ümumilikdə xarici ölkələrin tədris prosesində tətbiq  olunan metodikalar, aparıcı pedaqoqların təcrübələrinin son nailiyyətləri, onlardan istifadə ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq festivalda moderator qismində iştirak edən əməkdar müəllim Almaz Həsrət Azərbaycan təhsil sistemində son illər ərzində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verib, şəxsi təcrübəsi zəminində əldə etdiyi uğurları bölüşüb. O, həmçinin festival çərçivəsində ustad dərsi keçib. Həmyerlimizin "Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində" mövzusunda apardığı ustad dərsi iştirakçıların böyük marağına səbəb olub. "Sarı gəlin" xalq mahnısının musiqisinin sədaları altında keçilən dərsdə  ölkəmizdə təhsil sahəsində, sırf təhsillə bağlı informasiyaların daha da anlaşıqlı olması və asan əldə olunması üçün görülən işlər, yeni yaradılan təhsil saytları barədə geniş söz açılıb. Almaz Həsrətin yaradıcılığı, müasirliyi ilə  fərqlənən dərsi festivalda ən yaxşı ustad dərsi kimi qiymətləndirilib və diploma layiq görülüb.  

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov