Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

"Xaricdə təhsil arzularımın gerçəkləşdiyinə çox sevindim"

 

Kanadanın Alberta Universitetinin tələbəsi Cavid Əhmədovla söhbət 

Oruc MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"
[email protected]
 

Cavid Rafiq oğlu  Əhmədov 1997-ci il  aprelin 21-də  Bakı şəhərində anadan olub.   İlk təhsilini Bakıdakı  İ.Hacıyev adına  "Tərəqqi" texniki-humanitar liseyində alıb. VII sinifdən etibarən təhsilini Ağdaş Özəl Türk Liseyində davam etdirib.  Dünyanın müxtəlif  ölkələrində  keçirilən beynəlxalq olimpiadalardan Vətənə medallarla qayıdıb.  Hazırda  isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində   Kanadanın Alberta Universitetinin  kimya mühəndisliyi fakültəsində təhsil alır, ikinci kurs tələbəsidir.  Cavid Əhmədovla söhbətimizə orta məktəb illərində qazandığı uğurlarla körpü saldıq. 

Olimpiadalar qalibi 

Orta məktəb illərində kimya, fizika və riyaziyyata daha çox maraq göstərmişəm. Liseydə oxuduğum illərdə   fənn olimpiadaları  haqqında xeyli məlumat alırdım.   Yuxarı sinif şagirdlərinin  müxtəlif  səviyyəli  bilik  yarışlarında  qazandığı uğurlar  məni də olimpiadalara  həvəsləndirirdi. Nəticədə kimya elminə  qarşı marağım daha da artdı və məni beynəlxalq  olimpiadalarda iştirak etməyə sövq etdi. 2012-ci ildə  İranda keçirilən 9-cu İJSO olimpiadasına qatıldım və bürünc medal qazandım. Daha sonralar isə 2013-cü ildə Mendeleyev olimpiadasında ( Özbəkistan)  4-cü yerə, 2013-cü ildə Beynəlxalq Elm Olimpiadasında (Nigeriya)  qızıl medala, 2014-cü ildə Mendeleyev olimpiadasında (Rusiya)  bürünc medala, Beynəlxalq Kimya Olimpiadasında (Vyetnam) 4-cü yerə layiq görüldüm. Bundan əlavə, 2012, 2013  və  2014-cü illərdə respublika kimya olimpiadalarında  4, 3 və 1-ci yerləri qazandım. 2014-cü ildə Tatarıstanda "Nobelin ümidləri"  olimpiadasında 1-ci yerə layiq görüldüm.

Onuncu sinifdən etibarən dostlarımdan və internetdən xaricdə təhsil ilə bağlı xeyli məlumat toplamışdım.  Həmçinin qatıldığım  təhsil sərgiləri  də məni təhsilimi xaricdə  davam etdirməyə sövq etdi.  Bu arzuma çatmaqda  müəllimlərim və valideynlərim  də məni dəstəklədilər.   Dünyanın aparıcı universitetlərində seçdiyim ixtisas üzrə keyfiyyətli təhsil almaq istəyirdim. Bu arzumu reallaşdırmaq məqsədilə Azərbaycan dövlətinin  biz gənclər üçün yaratdığı imkandan bəhrələnməyə çalışdım və sənədlərimi  xaricdə təhsil üzrə Dövlət Proqramına verdim.  Proqrama qəbul olunmağım xəbərini  eşidəndə  xaricdə təhsil arzularımın gerçəkləşdiyinə çox sevindim. Həqiqətən də  Dövlət Proqramı gənclərin müxtəlif  ixtisaslar üzrə xaricdə təhsil almalarını təmin edir, onun ölkənin inkişafının mühüm amilinə çevriləcəyinə inanıram.

Son illərdə təhsil sahəsində bir sıra təqdirəlayiq işlər görülür. Bu il Dünya Kimya Olimpiadasının Bakıda keçirilməsi,  ölkəmizdə beynəlxalq elm yarışlarına diqqətin artırılması, yeni məktəblərin tikilməsi və s. qeyd edə bilərəm. 

"Boş vaxtlarımı bədii ədəbiyyat oxumağa sərf edirəm" 

Əsası 1908-ci ildə qoyulmuş Alberta Universiteti (University of Alberta) Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yerləşir,  əyalətin ən qədim və qabaqcıl  ali təhsil ocağı hesab olunur. Böyük Britaniyanın QS World University Rankings jurnalının 2014-2015-ci illər üzrə  apardığı dünya universitetlərinin reytinqinə əsasən, Alberta Universiteti 200 ən yaxşı ali məktəb arasında 84-cü yerdə  qərarlaşıb. Yaşadığım şəhər - Edmonton  yeni salınmışdır və tələbə şəhəri sayılır. Alberta Universitetində   150 ölkədən  40 minə  yaxın  tələbə təhsil alır.  Universitetin 15 fakültəsi və 2 kolleci 200 bakalavr və 170 magistr proqramı təqdim edir.   Universitetin 5 kampusu var.  Burada tələbələr üçün hər cür şərait yaradılıb. Təhsil ocağında əcnəbi tələbələrlə yerli tələbələr arasında heç bir fərq qoyulmur. Qeyd edim ki, Alberta Universiteti məzunlarının işlə təmin olunma  səviyyəsinə görə ölkədə ən yüksək reytinqə malikdir.  Məzunların 97,2 faizi ali məktəbi bitirdikdən sonra  ilk 6 ay ərzində işlə təmin olunurlar. 

Əsasən  bütün günümü universitetin kitabxanasında keçirirəm. Boş vaxtlarımı bədii ədəbiyyat oxumağa,  bəzən də idmanla məşğul olmağa sərf edirəm. 

"İmtahanlar çox şəffaf bir şəraitdə keçirilir" 

Kanada universitetləri müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib və yaxşı kitabxanaları var. Kanada ali məktəblərinin əsas üstünlüyü  elm və təcrübə ilə sıx əlaqəli olmasıdır. Ümumilikdə isə qeyd olunmalıdır ki, Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur. Və tədris prosesində nəzəri və praktik biliklərin bir arada öyənilməsi çox önəmli faktordür.

Universitetdə imtahanlar çox şəffaf  bir şəraitdə  keçirilir. İmtahanlar ərəfəsində xüsusi nəzarəti də qeyd etmək lazımdır. Təhsil ocağında müəllim-tələbə münasibətləri çox səmimidir. Dərslərdən əlavə,  hər  müəllimin xüsusi məsləhət  saatları var  və  bu vaxtlarda tələbə müəllimdən ona qaranlıq qalan mövzuların başa salınmasını tələb edə bilər.

Qeyd edim ki,  Kanadada təhsil dövründə gəldiyim ən böyük qənaətlərdən biri budur ki,  xaricdə təhsilin  bir sıra üstünlükləri  var.  Xarici dil öyənmək, fərqli akademik sistem,  dünyagöruşü, iş imkanları  və s. buna misal gətirmək olar. Universitet təhsilini yüksək qiymətlərlə  bitirmiş tələbələr  asanlıqla işlə təmin edilir. 

"Azərbaycanın iri neft ölkələri ilə rəqabət aparmasına mən də öz biliyimi sərf etmək istəyirəm" 

Sonda qeyd edim ki, oxuduğum universitet neft-kimya  sahəsi üzrə dünya miqyasında çox irəliləyibdir.  Azərbaycanın  iri  neft  ölkələri ilə rəqabət aparması üçün mən də  bir vətəndaş olaraq öz  biliyimi və savadımı bu işə sərf etmək istəyirəm.  Bu mənada gənclərimizin Dövlət Proqramı tərəfindən seçilmiş universitetlərdə  təhsil almaları  daha məntiqə uyğundur.  Və bu   gənclər gələcəkdə çox böyük yeniliklərə imza ata bilərlər.  Xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə öz ölkəsinin inkişafı barədə düşünməli  və  bu prosesə öz töhfəsini verməlidir.  Seçdiyim ixtisasın  Azərbaycana verəcəyi dividendlərə gəlincə, bunlara neft emalı sənayesində yeni  tətbiqetmələr, yeni istehsalat  metodları və məhsulların yüksək keyfiyyətlə çıxımı kimi məsələləri qeyd edə bilərəm.

Xaricdə təhsil alan tələbələrimiz həm də ölkəmizin  tanıdılması və mədəniyyətimizin təbliğində də fəal iştirak etməlidirlər.   Biz Kanadada təhsil alan tələbələr,  burada yaşayan azərbaycanlı iş adamları, diaspora nümayəndələri ölkəmizin tarixi əhəmiyyətli günlərində (Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Novruz bayramı və s.) toplanırıq və tanıtım üçün tədbirlər hazırlayırıq.

Gələcək planlarımdan danışarkən, ilk növbədə,  qeyd etməliyəm ki, hələlik qarşıda  3 illik təhsil həyatı  var. Bakalavrdan sonra magistratura təhsili almağı da planlaşdırıram. Ancaq ali təhsilimi harada davam etdirəcəyimə  hələlik qərar verməmişəm.  Əməyi üzərimdə olan hər kəsə təşəkkür edirəm. 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov