Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

"Məktəb idarəetməsi" mövzusunda təlim kursunun açılış mərasimi keçirilib

 

Böyütmək üçün seçinSentyabrın 1-də Təhsil Nazirliyi, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada təşkil olunan "Məktəb idarəetməsi" mövzusunda təlim kursunun açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iştirak ediblər.

Səfir Paskal Mönye Azərbaycan və Fransa arasında bütün sahələrdə sıx əməkdaşlıq olduğunu, təhsil sahəsində birgə fəaliyyətin qarşılıqlı faydaya söykəndiyini vurğulayıb. Səfir azərbaycanlı məzunların Fransada təhsil almaları üçün geniş imkanların olduğunu bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov təlim kurslarında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə edilmiş məktəb direktorları ilə yanaşı, 2013-2014-cü ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən Sumqayıt və digər şəhər (rayon) məktəbləri rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, intensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

Sentyabrın 9-dək davam edəcək təlim Paris Sorbonna Universitetindən xüsusi dəvət olunmuş professor Florent Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar təşkil olunacaq.

Kursun sonunda iştirakçılara məktəb idarəedilməsi ilə bağlı uzunmüddətli tapşırıq veriləcək və onun nəticələri əsasında onlayn monitorinq aparılacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov