Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 
Təhsil işçilərinin sentyabr konfransları

Ötən dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub 

 

AĞSU. Rayonun təhsil işçilərinin sentyabrın 2-də baş tutan konfransında öncə ölkədə həyata keçirilən təhsil islahatlarının gedişindən, dövlətimizin  təhsilə göstərdiyi diqqət və qayğıdan söz açılmışdır. Hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tahir Xası bildirmişdir ki,  2014-2015-ci dərs ili bir sıra tədbirlərin həyata  keçirilməsi ilə yaddaqalan olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında  təhsilin inkişafı  üzrə  Dövlət Strategiyası"nın  həyata  keçirilməsi  ilə bağlı Fəaliyyət Planı təsdiq edilmiş və icrasına  başlanılmışdır.  

Qeyd olunub ki, artıq ibtidai təhsil səviyyəsində və ümumtəhsil səviyyəsinin V-VII  siniflərində yeni fənn proqramlarının (kurikulumların) tətbiqi  başa  çatmış, VIII  siniflərdə yeni fənn proqramlarının (kurikulumların) tətbiqinə hazırlıq görülmüş və əldə edilən nəticələrin təhlili əsasında aparılacaq işlərin istiqamətləri müəyyənləşdirilmişdir. 2014-2015-ci   dərs ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 16 ümumi orta, 17 ibtidai məktəb fəaliyyət göstərmiş, 8433  şagird təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 1066 müəllim məşğul olmuşdur. 23 nəfər məktəbyaşlı  sağlamlıq imkanı məhdud uşaq evdə fərdi təhsilə cəlb olunmuşdur.

İcbari təhsilin yerinə yetirilməsində, şagird kontingentinin sabit saxlanılmasında nöqsanların və həll olunmamış problemlərin hələ də qalmaqda olduğunu diqqətə çatdıran məruzəçi onların aradan qaldırılmasında məktəblərin, ictimaiyyətin,  yerli idarəetmə orqanlarının, bələdiyyələrin köməyinə ciddi ehtiyac hiss etdiklərini bildirmişdir. Qeyd etmişdir ki, yeni dərs ilində məktəb rəhbərləri ictimaiyyətlə, aidiyyəti qurumlarla  yaxından əlaqə saxlamalı, onların köməyi ilə mövcud  problemlərin həllini, şagirdlərin lüzumsuz yerdəyişməsinin qarşısının alınmasını, təlim-tərbiyə işlərinin  keyfiyyətinin yaxşılaşdırılmasını başlıca vəzifələri hesab etməlidirlər.

Tahir Xası məruzəsində qeyd etmişdir ki,  2014-2015-ci dərs ilində rayon üzrə 803  nəfər IX sinif şagirdi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş, onlardan  393 nəfəri  (48.9 %-i) hər iki fəndən müsbət qiymət almışdır. Tam orta təhsil səviyyəsi üzrə isə 537 nəfər XI sinif şagirdi buraxılış imtahanında iştirak etmiş, onlardan 256  nəfəri (47.7 %) hər iki fəndən müsbət qiymət almışdır.

Bu sahədə vəziyyətin, xüsusən də XI sinif şagirdlərinin nəticələrinin heç də qənaətbəxş olmadığını bildirən məruzəçi dərs ili ərzində aparılan monitorinqlər zamanı  da  şagirdlərin bilik səviyyəsinin aşağı omasının aşkar edildiyini, bunu aradan qaldırmaq üçün müəllimlərə,  məktəb rəhbərlərinə müvafiq tövsiyələr verildiyini söyləmişdir.

Konfransda rayon üzrə bu il ali məktəblərə qəbulun nəticələri də təhlil olunmuş və əvvəlki illərlə müqayisələr aparılmışdır. Qeyd olunmuşdur ki, 2009-cu ildən bəri ali məktəbə qəbul olan abituriyentlərin sayında hər il artım müşahidə olunur. Bu say 29 nəfərdən 102 nəfərə çatmışdır. Həmçinin 500-dən, o cümlədən 600-dən çox bal toplayıb ali məktəblərə qəbul olanların da sayında artım vardır.

Məruzədə rayonda məktəb tikintisi  ilə bağlı vəziyyətə də toxunulmuş və qeyd olunmuşdur ki, 2005-2014-cü illər ərzində rayonda  4478 yerlik 24  məktəb binası, ümumtəhsil məktəbi yanında 260 nəfərlik 13 əlavə sinif otağı  tikilib istifadəyə verilmişdir. 3 tam orta, 4 ümumi orta məktəb əsaslı təmir olunmuşdur.

Təhsil innovasiyalarını, müasir təhsilin prioritet istiqamətlərini və mahiyyətini hərtərəfli mənimsəyən, müasir təlim strategiyalarını və qiymətləndirmə mexanizmlərini uğurla tətbiq edən müəllimlərin sayının rayonda  ildən-ilə artdığı qeyd edilərək rayon məktəblərinin pedaqoji kadrlarla təminatında bəzi problemlərin olduğu bildirilmişdir.  Qeyd  edilmişdir  ki,  keçən dərs  ilində  14 məktəbdə ixtisaslı pedaqoji kadr olmadığı üçün xarici dil tədris olunmamışdır.  Ötən dərs ilində 41 vakant yerə 21 nəfər, bu dərs ilində 53 vakant yerə 26 nəfər müəllim göndərilmişdir ki, bu da tələbatı tam ödəmir. Ona görə də  bu  çətinliyi aradan qaldırmaq üçün  mövcud  normativ sənədlərin tələblərini pozmadan yaxın qonşu məktəblərin pedaqoji kadrlarından istifadə olunması nəzərdə tutulmuşdur.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov