Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Şagirdlərə vətənə sevgi hissini necə aşılayıram?

 

Son vaxtlar təhsilimizdəki yeni təlim texnologiyalarının və kurikulumun tələblərinə cavab verən meyarları pedaqoji fəaliyyətimdə geniş tətbiq etməyə çalışıram. Deyə bilərəm ki, fənlərin məzmununun şəxsiyyətyönümlülük prinsipi əsasında hazırlanması şagirdlərdə təhsilə marağı artırır və onların potensial imkanlarına inam hissini gücləndirir. 

Vətənpərvərlik tərbiyəsi ilk növbədə şagirdlərə vətənə sevgi və məhəbbət hissini, öz xalqının, vətəninin müdafiəsinə hər an qalxmağa hazır olmağı aşılamaq deməkdir. Bunun üçün əvvəlcə uşaqlara qəhrəmanları tanıtmaq lazımdır. Mən şagirdlərə qəhrəmanların keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verir, onlarla bağlı vəsait və materiallardan geniş istifadə edirəm. Vətənpərvərlik tərbiyəsində qəhrəmanlar ilə görüşlərin keçirilməsi də çox vacibdir. Qəhrəmanlarla canlı ünsiyyət, onların maraqlı söhbətləri şagirdlərdə vətənə sevgi və məhəbbət hissini daha da möhkəmləndirir.

Şagirdlərin ifasında döyüş səhnəciklərinin göstərilməsi də onlarda vətənpərvərlik hissi aşılayır. Şagirdlər həmin səhnəciklərdə özlərini əsl qəhrəman kimi hiss edirlər. Heç şübhəsiz, bu hiss uzun müddət, bəlkə də bütün ömürləri boyu onları tərk etməyəcək.

İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biridir və biliklərin möhkəmləndirilməsinə yaxşı şərait yaratdığı üçün dərs prosesində onun reallaşmasına xüsusi fikir verirəm. Vətənpərvərlik və qəhrəmanlıq mövzularını tədris edərkən yeri gəldikcə hərbi mahnılardan və marşlardan da istifadə edirəm.

Ötən dərs ilində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirdik. Həmin tədbirdə Vətənimizin qəhrəman oğlu, Xocalı aeroportunun rəisi Əlif Hacıyevin və onun döyüş dostlarının qəhrəmanlıqları barədə şagirdlərə ətraflı danışdım. Dedim ki, xalqımızın bu qeyrətli övladları vətənimizin azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq təpədən dırnağadək silahlanmış düşmənlə qeyri-bərabər döyüşdə həlak olublar. Şəhidlik zirvəsinə yüksələn bu qəhrəmanların döyüş yolu böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi üçün əsl nümunədir. Biz müəllimlər təlim-tərbiyə prosesində bu nümunədən fəal şəkildə istifadə etməliyik. Uzun illər xalqımızın apardığı milli azadlıq mübarizəsi, ötən əsrin 90-cı illərində başımıza gətirilən müsibətlər, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzləşdiyimiz ikili standartlar barədə dərs dediyim ibtidai sinif şagirdlərinə onların başa düşəcəyi tərzdə ətraflı məlumat verirəm.

Gələcəyimiz olan uşaqlara şəhidlərimizin döyüş yolundan misallar gətirir, onların körpə ürəklərində vətənpərvərlik hissini alovlandırmağa çalışıram.

Hər il fevralın 26-da Xocalı faciəsi, yanvarın 20-də  isə 20 Yanvar qırğını ilə bağlı dərs dediyim şagirdlərlə birlikdə Şəhidlər xiyabanına gedir, şəhidlərimizin qəbirləri üstünə tər çiçəklər qoyur, onların ruhlarını böyük ehtiramla yad edirik. Bütün bunlar şagirdlərin ürəyində möhkəm iz salır, onların doğma Azərbaycana məhəbbət hissini qat-qat artırır. 

Gülşən SƏFƏROVA,
Bakı şəhəri, Şəfiqə Əfəndizadə adına
13 nömrəli tam orta məktəbin ibtidai sinif  müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov