Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Yeni dərs ili dünya ölkələrində nə vaxt başlayır?

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Ölkəmizdə yeni dərs ilinin başlanmasına günlər qalıb.  Dünyanın bir sıra ölkələrində isə  yeni dərs ili  ənənəyə uyğun olaraq sentyabrın 1-də başlayır.   1 sentyabr həm də "Bilik günü"  kimi qeyd olunur.  "Bilik günü"nün dünyanın ayrı-ayrı ölkələrində fərqli vaxtda və fərqli qaydada  keçirilməsi ənənəsi də vardır.  Beləliklə də dünya ölkələrində yeni dərs ili nə vaxt başlayır? 

RUSİYA. Rusiyada bir çox məktəblərdə məşğələlər ilk payız günündə başlayırdı. 1492-ci ildən başlayaraq ölkədə Bizans təqvimi tətbiq olunurdu,  ona müvafiq olaraq yeni il 1 sentyabrdan başlanırdı. 1699-cu ildə  I Pyotr "Yeni ilin qeyd olunmasına dair"  1735 nömrəli  sərəncam imzalayıb.  10 gün sonra isə ölkə 1700-cü ili 1 yanvardan bayram edib. Dərs ilinin  başlanması  vaxtı   isə  tədris prosesini  pozmamaq və uzunmüddətli yay tətillərini  qış mövsümünə keçirməmək üçün  əvvəlki  tarixdə qalıb.  Bu məsələdə kilsə də öz sözünü deyib. Məktəblərin bir çoxu kilsələrin nəzdində olub, ona görə də din xadimləri dərs ilinin dəyişdirilməsinə tələsməyiblər. İnqilabdan əvvəlki Rusiyada dərs ilinin vahid başlanma tarixi olmayıb,  təhsil müəssisələrində məşğələlər müxtəlif  vaxtlarda  başlayıb.  Kənd yerlərində dərslər təsərrüfat işlərinin  başa çatmasından sonra payızın axırlarında, şəhərlərdə isə avqustun ortalarında başlayıb.  1935-ci ildə bütün məktəblərdə dərslərin eyni gündə - sentyabrın 1-dən başlanması barədə qərar verilib.  1980-ci ildə isə SSRİ Ali Soveti Rəyasət Heyətinin  fərmanı ilə "Bilik günü" təsis olunub. Sovet İttifaqının süqutundan sonra "Bilik günü"  sentyabrın 1-də bir sıra postsovet ölkələrində (Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan)  rəsmi bayram kimi qeyd olunub.

Avropa ölkələrinin əksəriyyətində  - Fransa, İrlandiya, Belçika, Polşa, Çexiya, Estoniya, Litva, Macarıtan, Sloveniyada dərs ili 1 sentyabrda və ya sentyabrın ilk bazar ertəsi günü başlayır. Slovakiyada yeni dərs ili bir gün sonra, sentyabrın 2-də başlayır, çünki sentyabrın 1-də  ölkədə milli bayram -  Konstitusiya günü qeyd olunur.   Birləşmiş  Krallıqda yeni dərs ili sentyabrın ilk həftəsində başlayır  və bir qayda olaraq uyulun ortalarında başa çatır.  İstisna hal kimi yalnız Şotlandiyada dərslər avqustun ortalarından start götürür.  Böyük Britaniyada tədris ili 3 rübdən ibarətdir.  Rüblər arasında bir həftəlik qısamüddətli  tətillər nəzərdə tutulur.  Məktəbə 4-5 yaşında gedir,  15-16 yaşında başa vururlar.  Bütün məktəblərdə dərs günü səhər saat  9-da başlayır, 15-də başa çatır. Günün ikinci yarısında  uşaqlar öz vaxtlarını idmana,  dərnəklərdəki müxtəlif  məşğələlərə həsr  edə bilərlər.

Avstriya, Vyana və Aşağı Avstriyada yeni  tədris ili  sentyabrın ilk bazar ertəsi, digər əyalətlərdə  bir həftə sonra başlayır.  Ölkədə belə bir ənənə var: ilk dərs günü həm şagirdlər,  həm də valideynlər məktəbə milli paltarda  gəlirlər. Balacalar  6 yaşda məktəbə gedirlər.

FİNLANDİYA. Yeni dərs ili avqustun 15-də başlayır. Bu ölkədə oxumaq hər bir uşağın arzusu hesab olunur. Şagirdlərə böyük azadlıqlar verilir. Gündəliklər yoxdur,  valideynlər ayda bir dəfə uşaqların təhsil uğurlarına dair bildiriş vərəqi alırlar. Məşğələlərdə  tədrislə yanaşı sevdiyin işlə məşğul ola bilərsən.  Əgər uşaq öyrədici filmə baxmaq istəmirsə, ona kitab oxumağa icazə verilir. Əsas məsələ başqalarına mane olmamaqdır. Fin məktəblərində əsas məqsəd uşaqları oxumağa məcbur etmək deyil,  yeni biliklər qazanmağa  motivasiya yaratmaqdadır. Müəllimlər öz gələcəklərini müəyyən etməkdə şagirdə kömək edir, onun qabiliyyət və istedadını  üzə çıxarır.  Finlandiyanın təhsil qanununa görə, dərs ili 188 gün davam edir  və mayın 31-də başa çatır.

İSPANİYA. İlk dərs günü bütün ölkə üzrə fərqlidir, müxtəlif  əyalətlərdə ayrı-ayrı  vaxtlara təsadüf edir.  Ümumiyyətlə, qanuna əsasən, bütün şagirdlər təhsilə oktyabrın 1-dən gec olmayaraq başlamalıdır. Qarmaqarışıqlıq müxtəlif vaxtlarda yekunlaşa bilən  məhsul yığımı ilə bağlıdır. Tədris ili üç rübdən ibarətdir və iyunun ortalarında başa çatır.  Şagirdlərin bilikləri 1-10 balla qiymətləndirilir.  İspaniyalı şagirdlərin gündəlikləri yoxdur. Ev tapşırıqlarına və lövhə qarşısında verilən cavablara görə də qiymətlər yazılmır.  İspaniya məktəbliləri yay tətilində (iyunun 20 -dən),  Pasxa bayramı şərəfinə bir həftə,  Milad bayramında isə  iki həftə ərzində istirahət edirlər.

ALMANİYA. Ölkənin 16 federal torpaqlarının hər birinin yeni dərs ilinin  başlanması ilə bağlı öz  qaydaları mövcuddur. Bir qayda olaraq, uşaqlar məktəbə avqustun ortalarında və ya sentyabrın əvvəllərində göndərilir. İlk tədris ilində birinci sinfə gələn almaniyalı şagirdlər məktəbə  "Birincinin torbası" ilə gəlirlər ki,  valideynlər bu torbaya  uşaqları üçün hədiyyə qoyurlar. Orada şirniyyat, dəftərxana ləvazimatı, kitab  ola bilər. XIX əsrdə bu ənənə yenicə yarananda torbaya,  məsələn,  çəkmə  də qoya bilərdilər.  Yeri gəlmişkən, torbanı uşaqlar kağızdan yapışdıraraq özləri hazırlayırlar, valideynlər isə hədiyyə ilə doldururlar. Almanlar uşaqlarının məktəb həyatına hazırlığına çox  ciddi münasibət bəsləyirlər.  Uşaqların təkcə bilikləri deyil, həm də psixoloji hazırlığı yoxlanılır. Məsələn,  uşaq 1 saat ərzində oturmağı,  20 dəqiqə ərzində  bütün diqqətini hansısa  əşya üzərində cəmləşdirməyi bacarmalıdır.

Yay tətili altı həftə davam edir, il ərzində məktəblilər Milad, Pasxa bayramlarında istirahət edirlər.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI. ABŞ-da dərs ilinin başlanmasına dair dəqiq tarix yoxdur.  Yeni dərs ili  avqustun istənilən bir günü  və ya sentyabr ayının ilk günlərində  başlaya  bilər.  Bu məsələ müstəqil surətdə hər ştat səviyyəsində həll olunur. Tədris ili iyunun sonunda başa çatır. Uşaqlar yaşadıqları ştatın təhsil haqqında qanununa uyğun olaraq məktəbə müxtəlif  yaşda  - 5-8 yaşında gedirlər.  Tədris ili üç rübə bölünüb, onların arasında uşaqlar üçün  kiçik tətil günləri var,  yay tətili isə  iyunun sonunda başlayır.

KANADA. Dərslər sentyabrın ilk çərşənbə axşamından sonra dövlət bayramı olan və yayın bitməsini simvolizə edən "Əmək günü"ndən sonra başlayır.  Kanadada valideynlər uşaqları üçün tədris proqramını özləri seçə, zəruri hesab etdikləri hallarda isə müəllimləri evlərinə dəvət edə bilərlər.  Qiymətləndirmə faizlərlə aparılır.  Məsələn, 50-60 faiz "qaneedici", 65-75 faiz  "yaxşı", 80-90 faiz "əla" deməkdir.

MEKSİKA. Ölkədə dərslər  avqustun sonuncudan əvvəlki bazar ertəsi başlayır. 

YAPONİYA. Yaponiyalı şagirdlər  üçün  məktəbin qapıları aprelin 1-də açılır.  Məhz həmin gün  ölkə əhalisi  üçün  gənclik, gözəllik və yeni həyatın başlanması rəmzi olan sakura çiçəkləməyə başlayır.  Əla əhvali-ruhiyyə və çiçəkləyən ağacların gözəlliyi yaponiyalı məktəblilərin səmərəli təhsil yolunda ən yaxşı müşayiətçisi olur.  Uşaqlar 6 yaşından məktəbə gedir, tədris ili isə üç rübdən ibarətdir və növbəti il martın 31-də başa çatır. Uşaqları qışda və yazda kiçik, yayda isə bir aylıq tətil gözləyir. Bəzi yapon analar öz uşaqlarının təhsilinə çox diqqətlə yanaşır. Onlar müəllimlərlə sıx əlaqə saxlayır, məktəbin həyatında fəal iştirak edir, bəzi hallarda, xüsusən də uşaqları xəstələnəndə onlarla birlikdə məktəbə gedə və dərsi dinləyə bilərlər.

Yaponiya təhsil sisteminin  özəlliyi bundadır ki, məktəbdə bütün tədris ili ərzində siniflərin tərkibi dəyişir. Beləliklə də öz sinif yoldaşları ilə dil tapa bilməyən şagird rahat şəkildə digər sinfə keçə və yeni dostlar qazana bilər.

HİNDİSTAN. Yeni dərs ili yazda, aprel ayında başlayır.  Uşaqlar artıq 3 yaşlarından "playschool"   adlandırılan təhsil müəssisələrinə gedirlər, onlar burada gün ərzində 2-3 saat oynayır, hərfləri öyrənməyə çalışırlar.  4 yaşından isə I sinfə gedirlər.  Məktəblərin çoxunda tədris ingilis dilindədir. Buna görə də ölkə əhalisinin əksəriyyəti ingilis dilini yaxşı bilir. Uşaqlar həm dövlət, həm də özəl məktəblərə gedirlər.

Hindistan məktəblərində yalnız kişilər dərs deyir. Riyaziyyat ən şərəfli fənn  sayılır. Hər bir məktəbin öz  xüsusi  məktəbli forması var,  uşağa baxdıqda onun hansı məktəbdə oxuduğu dərhal bəlli olur.  Böyük tətillər  Hindistanda ən isti aylarda -  may və iyunda başlayır.  Məşğələlər  iyulun əvvəlində, istilər bir qədər səngiyəndə  bərpa olunur. 

ÇİN. Dərs ili sentyabrın 1-də başlayır və bir qədər gec - iyulun əvvəllərində başa çatır. Məktəbdən əvvəl balacalar - 3-6 yaşdan  uşaq bağçalarına  gedirlər. İbtidai məktəblərin  tədris proqramı kifayət qədər mürəkkəbdir,  siyasət, mənəvi tərbiyə, Çin dili, coğrafiya,  kimya,  biologiya, fizika, musiqi və incəsənət kimi fənləri mənimsəmək balacalar üçün heç də asan deyil.   

CƏNUBİ KOREYA. Dərs ili daha tez, martın 2-də başlayır, yay tətili  iyulun ortalarından avqustun sonlarına kimi davam edir.

Tropik zonada yerləşən MalayziyaSinqapurda məktəbin qapıları şagirdlər üçün  yanvarın ilk bazar ertəsi və ya  yanvarın 3-də açılır. Tailandda dərs ili mayın ortalarında, Filippində isə iyunun ilk həftəsində başlayır. HonkonqTayvanda dərs ili avqustun sonunda, Kambocada  oktyabrın ilk bazar ertəsi başlayır.  Braziliyada yeni dərs ilinin başlanması fevralın birinci həftəsinə, şimal tropik zonasında yerləşən əyalətlərdə isə sentyabr ayına  təsadüf edir.  Yeni Zelandiyada ilk dərslər fevralın ilk çərşənbə axşamı başlayır. Avstraliyada isə şagirdlər ştatlardan asılı olaraq yayın istisindən çəkinməyərək  yanvarın sonu və fevralın əvvəllərində məktəbə qayıdırlar.

CƏNUBİ AFRİKA RESPUBLİKASI. CAR-da isə  dərslər  təxminən  yanvarın  ortalarından start götürür.  Uşaqlar çox erkən - 4 yaşdan məktəbə gedirlər.  Məktəb həyatına hazırlıq isə 3 yaşdan başlayır, balacalar oyun formasında hərflər və  ətraf mühitin əşyalarını öyrənirlər. Məktəbə qəbul olunmaq üçün uşaqlar xüsusi  imtahan verməlidirlər. 

xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov