Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

"700 bal toplaya biləcəyimə əmin deyildim"

 

Prezident təqaüdçüsü İsa Məmmədli ilə söhbət 

Sifai SƏFƏROVA, 
"Azərbaycan müəllimi"
[email protected]
 

Məmmədli İsa Elşad oğlu 25 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub.   2015-ci ildə Bakıdakı  163 nömrəli  tam orta məktəbi əla qiymətlərlə bitirib.  Tədris  illəri dövründə  müxtəlif tədbirlərdə, o cümlədən  bilik yarışmalarında  iştirak edib, məktəbdaxili tədbirlərin  aparıcısı, iştirakçısı, təşkilatçısı olub. Məktəbdə fəaliyyət göstərən  "Kiçik Akademiya"nın keçirdiyi bilik viktorinalarında daim fəallıq nümayiş etdirib  və kapitanı olduğu komanda qələbə qazanıb. Tədris ocağının  "Şən və hazırcavablar" klubunda ədəbi-bədii, vətənpərvərlik proqramlarının  təşkilatçısı və iştirakçılarından biri olub. 2013-cü ilin noyabrında  "Qürur" gənclərin vətənpərvərlik düşərgəsinin  fəal iştirakçılarından olub və diplomla mükafatlandırılıb.  TQDK-nın 2015-2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə  göstərərək  700 balla  Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub.

 

- İsa, yükün ağırlığını onu  daşıyan hiss edir. Hamı bilir ki, 700 bal toplamaq asan iş deyil, Burada əsasən bilik, bəlkə  bir az cəsarət də tələb olunur. Sən necə düşünürsən?

- Tamamilə doğrudur.   700 ballıq nəticəni əldə etmək üçün öncə bilikli və hökmən iradəli olmaq lazımdır. Amma qarşına  qoyduğun  məqsədə çatmaq üçün   çox çalışmalısan.  Gecən-gündüzün olmamalıdır. Mən də belə etdim. Əvvəla təhsilimi davam etdirmək üçün qəbul olmaq istədiyim ali məktəbi seçdim. Bundan sonra mənim üzərimə düşən  iş  çoxlu mütaliə etmək və hazırlaşmaq idi. Gündəlik hazırlıqlarda iştirak edib vaxtlı-vaxtında dərslərimi oxudum. Hər gün 6-7 saat dərslərimlə məşğul olurdum. İlk sınaq imtahanında nəticəm  yüksək olsa da, məni tam qane etməmişdi.  Bildim ki,  kifayət qədər zəhmət çəkməmişəm. Dərslərimə daha çox vaxt ayırmağa çalışdım.  Hətta istirahət vaxtlarımı da  təxirə saldım.  Qəbul gününə kimi çox uzun və zəhmətli yol keçdim. Və sonda   gördüyünüz kimi  ən yüksək nəticəni əldə edib istədiyim ali təhsil müəssisəsinə qəbul oldum.  Əziyyət çəkməyin, səbrli, iradəli və yalnız məqsədə doğru irəliləməyin vacib olduğunu öncədən bilirdim. Müəllimlərimin iddialı olduğuma görə mənə daha da çox diqqət yetirməsi dərslərə olan marağımı  və məsuliyyətimi birə-beş artırdı,  amma doğrusu  700 bal toplaya biləcəyimə  əmin deyildim.  Daha çox çalışdıqca, hədəflərim böyüyürdü. Sonda maksimum balı toplayaraq hədəfimə çatdım.

- Ümumiyyətlə,  imtahan çox məsuliyyətli bir prosesdir. Burada  biliyini  ortaya qoymalısan, azca həyəcanlanmaq xoşagəlməz nəticələr verə bilər.  Sən özünə güvənirdinmi?

- Qəbul imtahanından öncə sınaq imtahanlarında iştirak etmək insanın gözünü açır. Onda çox sərbəst olursan, yavaş-yavaş  imtahan  xofu  canını tərk edir.  Mən sınaq imtahanlarının  çoxunda  680 bala qədər nəticə əldə etmişəm.  Qəbul imtahanı keçirilən günü çox da həyəcanlı deyildim, çünki özümə  tam güvənirdim. Bilik yarışması  da eynilə idman yarışması kimidir,   özünə güvənməsən  qalib gələ bilməzsən.  Mən öz gücümə güvəndim və çoxları üçün  əlçatmaz olan arzumu reallaşdırdım,  ölkədə az sayda 700 bal toplayan tələbələrdən biri oldum. Bu hissləri sözlə ifadə etmək çox çətindir.

- İxtisas  seçimində  sərbəst  idin,  yoxsa valideynlərinin, müəllimlərinin təsiri oldu? Axı,  başqa ixtisas da seçə bilərdin...

- Yüksək keyfiyyətli ingilisdilli təhsil, müasir texnologiyaların tətbiqi ilə tədris, işlə təminat, xarici universitet və şirkətlərlə əlaqələr, həmçinin ölkəmizdə neft sənayesində peşəkar mühəndislərə olan tələbat və maraq haqqında çoxlu  məlumat almışdım.  Ona görə də seçimim   Bakı Ali Neft Məktəbi oldu. Amma etiraf etməliyəm ki,  məhz bu ali məktəbi  seçməkdə öz istəyimlə yanaşı, ailə üzvlərimin və müəllimlərimin də təsiri oldu və peşiman deyiləm. Düzdür, seçimi özüm etdim, ancaq onlar  məni çox dəstəklədilər, yanılmadığımı təsdiqlədilər.

- Ən böyük arzun nədir? Gələcəkdə özünü necə mütəxəssis  kimi görürsən?

- BANM-ə qəbul olmaq  ən böyük arzum idi.  Artıq bu arzum gerçəkləşib. BANM-in tələbəsi adını qazanmaq mənim üçün çox qürurverici və həyatımın ən unudulmaz anına çevrilib. Əminəm ki, burada alacağım təhsil məni daha  yüksək zirvələrə aparacaq və Azərbaycanın ən öndə gedən mütəxəssislərindən biri olacağam.  Bundan sonrakı  arzumsa  Bakı Ali Neft Məktəbində mükəmməl təhsil alaraq irəlidəki hədəflərimə nail olmaqdır.  Yüksək ixtisaslı kadr kimi yetişmək, işimin peşəkarı və hər zaman ehtiyac duyulan  sahələrin mütəxəssisi  olmaq, oxuduğum təhsil ocağının adını yüksəklərə qaldırmaq  arzusundayam.  Çalışacağam ki, gələcəkdə neft-qaz mühəndisi dedikdə öncə mənim adım çəkilsin, dünyada azərbaycanlı mühəndis kimi tanınaraq, ölkəmi beynəlxalq səviyyədə təmsil edim, vətənimə başucalığı gətirim, onun dəyərli oğlu,  layiqli vətəndaşı olum. Bunun üçünsə  də gecəmi-gündüzümə qatıb çalışmalıyam.  Arzu o vaxt reallaşır ki, ona çatmaq üçün əziyyət çəkəsən, özü də lap çox əziyyət. Mən bu məsuliyyəti  dərindən dərk edirəm.

- Artıq bir müddətdir ki, dərs ili başlayıb. Dünənki şagird İsa  bu gün tələbə İsadır.   Tədris ocağı, müəllimlər, tələbə yoldaşların, dərsliklər,  ümumiyyətlə, tamam başqa bir aləmdəsən.  Yeni  kollektivə  uyğunlaşa bilirsənmi? Yoxsa az da olsa  narahatlıq var?

- Zərrəcə narahatçılığım yoxdur. Qrup  yoldaşlarımla elə ilk gündən dostlaşdıq. Qəbul imtahanlarından yüksək bal toplamağım burada da diqqətdən yayınmır. Rektorumuz  məni uğurlarıma görə çox dəyərləndirir.  Müəllimlər dərs zamanı  ən çətin tapşırıqların  həllini mənə yönəldir,  mən də təsadüf nəticəsində  yüksək bal qazanmadığımı  sübut etməyə çalışıram.  Bir sözlə,  özümü burada  çox  rahat hiss edirəm. Amma bir gün olsun belə  təhsil aldığım tam orta məktəbi, sevimli müəllimlərimi və şagird yoldaşlarımı, dostlarımı unutmuram. Ali  məktəb başqa aləmdirsə,  on bir il təhsil aldığın tam orta məktəb həyatımın mayasıdır.  Gələcəkdə qazandığım bütün uğurlara görə  o  müqəddəs məbədgahıma borclu olacağam. Onun divarları da mənim üçün doğmadır.

Bu sözləri deyərkən, İsa kövrəldi,  ən əziz, ən doğma  bir məkandan əbədi  ayrılıq onun saf, kövrək qəlbinin  zərif tellərini sızıldatdı. Bu an mən də kövrəldiyimi  gizlədə bilmədim,  çoxdan ayrıldığım doğma ocağın   həsrətini  yaşayıb  tələbə   İsaya   uğurlar arzulayıb  xoş  təəssüratla  ayrıldım.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov