Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Qırmızı işarə ilə olanı düzəldə bilmədim kvadrat işarəsini

 

Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey 

Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey 19 sentyabr 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılmışdır.  Prezident liseyin müəllim kollektivi, şagirdlər və valideynlərlə görüşmüş, onların qarşısında çıxış etmişdir. Ölkə Prezidenti liseyin fənn kabinetləri və laboratoriyalarını gəzmiş, kompüter otağı, idman zalı ilə yaxından tanış olmuş və təhsil ocağı haqqında xoş fikirlər söyləmişdir.   

Maddi-texniki bazası  

Lisey 1,4 hektar ərazidə yerləşir. İkimərtəbəli tədris binasının ümumi sahəsi 3524,08 m2-dir. Şagirdlərin hər bir fənni daha dərindən mənimsəmələri üçün liseydə hər cür şərait yaradılmışdır. Tədris ocağı müasir avadanlıq, cihaz və digər texniki vasitələrlə təchiz olunmuşdur. Burada 8 xüsusi təlim otağı və laboratoriya, müxtəlif ədəbiyyatlarla zəngin olan kitabxana, fənn kabinetləri ilə birlikdə 23 sinif otağı var. Bəzi sinif otaqlarında, idman zalı və dəhlizlərdə  görüntülü kameralar quraşdırılmışdır. Liseydə şagirdlərin sağlam böyüməsi üçün də hər cür şərait mövcuddur. Belə ki, liseydə bütün lazımi idman avadanlıqları ilə təchiz olunmuş idman zalı, voleybol və basketbol meydançaları şagirdlərin ixtiyarına verilmişdir.

Təhsil müəssisəsi İKT avadanlıqları ilə də yüksək səviyyədə təchiz edilmişdir. Liseyə sürətli internet xətti çəkilmiş, bir çox  sinif otaqları,  kompüter zalı, direktor  və müavinlərin otaqları, qəbul otağı  internet xəttinə qoşulmuşdur. Hazırda liseyin rəsmi internet səhifəsi "www.lisey.az" fəaliyyət göstərir.  Təhsil ocağı ilə bağlı bütün məlumatlar, keçirilən tədbirlər haqqında xəbərlər bu səhifədə yerləşdirilir. Bundan başqa, liseydə 16 ədəd kompüter, 2 ədəd proyektor, 3 ədəd printer, 1 ədəd surətçıxaran aparat var.

Böyütmək üçün seçinLiseyin çox zəngin kitabxanası mövcuddur. Kitabxanada 16709 nüsxə kitab var ki, bunlardan da 14411-i dərslikdir. Bununla bərabər, kitabxanada qiraət zalı da fəaliyyət göstərir.

Liseydə görkəmli oftalmoloq alim  Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən və kitablardan ibarət guşə yaradılmışdır ki, bu da şagirdlərin  dünyaşöhrətli akademik haqqında daha geniş məlumat əldə etmələrinə kömək göstərir.  

Tədrisin təşkili  

Hazırda liseydə 564 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 52 müəllim məşğuldur. Liseyə Kəmalə Əhmədova rəhbətlik edir. Təhsil müəssisəsi birnövbəlidir və təlim dili Azərbaycan dilidir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, liseydə ümumi təhsil üç pillədən ibarətdir: ibtidai təhsil pilləsi - I-IV siniflər, ümumi orta təhsil pilləsi - V-IX siniflər, tam orta təhsil pilləsi - X-XI siniflər. VII ab, VIII ab, IX ab, X a, XI ab sinilfəri isə lisey siniflərdir. Təhsil müəssisəsinin  I sinfinə şagird qəbulu müsahibə (şifahi sorğu) yolu ilə, II-X siniflərə isə müsabiqə (yazılı testlə) əsasında aparılır. Bu məqsədlə "Şagird qəbulu üzrə müsabiqə komissiyası" yaradılır və bir tədris ili müddətində fəaliyyət göstərir. Müsabiqə Təhsil Nazirliyinin müəyyən etdiyi müddətdə keçirilir. Ümumi təhsilin hər üç pilləsində şagird şəxsiyyətinin formalaşdırılması "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin Nümunəvi Əsasnaməsi"nə uyğun aparılır. Liseyin I-VI siniflərində tədris prosesi ümumi əsaslarla, VII-XI siniflərdə isə təmayüllər üzrə aparılır. Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə liseydə müntəzəm olaraq "dəyirmi masa"lar, seminarlar, müsabiqələr, "açıq dərs"lər, bilik yarışları keçirilir.

 Nailiyyətləri  

Böyütmək üçün seçinFəaliyyətə başladığı dövrdən az müddət keçməsinə baxmayaraq lisey bir çox uğurlara imza atıb. Liseyin ən böyük uğurlarından biri 2013-cü ildə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmasıdır. Bundan başqa, liseyin məzunları  TDQK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərir. Son 5 ilin statistik rəqəmlərinə nəzər saldıqda görərik ki, 2010-cu ildə təhsil ocağını 19 nəfər bitirmiş, onlardan 8 nəfəri  respublikamızın ali məktəblərinə,  3 nəfəri xarici ölkə təhsil müəssisələrinə, 2 nəfəri orta ixtisas təhsili müəssisələrinə daxil olmuşdur. Bundan başqa, 2011-ci ildə məzun olmuş  30 nəfərdən  14 nəfəri  ali təhsil, 6 nəfər orta ixtisas təhsili müəssisələrinə, 2012-ci ildə məzun olmuş  29 nəfərdən 17 nəfəri , 2013-cü ildə məzun olmuş  17 nəfərdən  12 nəfəri   ali təhsil müəssisələrinə,  1 nəfər  xarici ölkə təhsil müəssisələrinə,  2014- cü  ildə məzun olmuş  15 nəfərdən  8 nəfəri;  2015-ci ildə  isə məzun olmuş  16 nəfərdən 12 nəfəri  respublikamızın  ali məktəblərinə daxil olmuşdur. 2015-ci ilin məzunlarından 3  nəfəri  600-dən çox bal toplamışdır. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun nəticələri ilə bağlı apardığı elmi statistik təhlildə liseyin məzunlarının nəticələri yüksək qiymətləndirilmişdir.

Liseyin şagirdləri respublikamızda keçirilən bir çox müsabiqə və yarışlarda uğurla iştirak etmişdir.  Şagirdlərdən Afaq Ramazanova 2012-ci ildə keçirilən "Ən  çox sevdiyim idman növü" müsabiqəsinin qalibi, X sinif şagirdi Ayşə Qurbanova  Təhsil Nazirliyi və Milli Bankın  birgə layihəsi olan "Bu günün qənaəti  sabahın  təminatıdır" adlı respublika müsabiqəsində I yerə çıxaraq fəxri fərmana və xüsusi mükafata layiq görülmüşdür. Bundan başqa, may ayında "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar keçirilən zona üzrə intellektual bilik yarışmasında liseyin şagirdləri Şahin Qurbanlı və Əsmər Əmirova rayonun seçmə komandasının tərkibində liseyi təmsil edərək respublika üzrə I yerə layiq görülmüş və medalla təltif olunmuşlar. "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar rayonda keçirilən "Alov festivalında"  XI sinif şagirdi  Elşən Ramazanov fəal gənc kimi liseyi təmsil etmişdir.

Böyütmək üçün seçinBu ilin məzunu Aytac Xodayevanın yüksək balla  (685 bal) qəbul olduğu  Bakı Ali Neft Məktəbinin rektoru adından liseyin direktoru və pedaqoji kollektivinə xüsusi təşəkkür məktubu göndərilmişdir.  Bu da liseyin gələcəkdə daha böyük uğurlar əldə etməsinə böyük stimul olmuşdur.

Liseyin pedaqoji  kollektivi tədris ocağının uğurlarının təminatçısıdır. Liseyin müəllimləri daim öz üzərlərində çalışaraq müasir texnologiyalardan və təlim üsullarından bacarıqla istifadə edirlər. Bütün bunların nəticəsidir ki, liseyin tarix müəllimi Könül Əliyeva 2014-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil" respublika müsabiqəsində iştirak edərək  II yerə layiq görülmüş, eyni zamanda  "Promethan aktiv lövhələrin" tədrisdə tətbiqi müsabiqəsində fərqlənmişdir.  

İstedad bankı 

"İstedadlara  qayğı bizim borcumuzdur" deyən ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı  möhtərəm Prezidentimiz İlham Əliyev 17 aprel 2006-cı ildə "Xüsusi istedada malik  olan uşaqların (gənclərin)   yaradıcılıq potensialının  inkişafı üzrə  Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında verdiyi sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində liseydə mühüm işlər görülür.  İstedad  bütövlüklə dövlətin, cəmiyyətin qazancı, uğuru, onun inkişaf etmiş ölkələr arasında tanınması, seçilməsi deməkdir.  İstedadın inkişafı üçün ilkin amil kimi təbii imkanlar ancaq məqsədyönlü şəkildə aparılan təlim-tərbiyə prosesində inkişaf edir.  Bu məqsədlə də liseydə "İstedad bankı" yaradılmışdır. "İstedad bankı"nın əsas məqsədi  istedadlı uşaqların üzə çıxarılması və onlarla xüsusi işin aparılmasıdır. "İstedad bankı"nın təşkili üçün  müxtəlif fənlər üzrə metodbirləşmə iclasları keçirilir, xüsusi komissiya yaradılır.  İB -na  liseyin tədris işləri  üzrə direktor müavini Vüsalə  Mahmudova  rəhbərlik edir.  Fənn metodbirləşmə rəhbərləri   İB-nın münsiflər heyətinin üzvləridirlər.  İB-nın üzvləri liseyin psixoloqu və uşaq birliyi rəhbəri tərəfindən seçilir. Fənn birləşmə rəhbərləri  tərəfindən  suallar  tərtib olunur, müsabiqələr keçirilir. Bununla yanaşı, istedadlı şagirdlərin üzə çıxarılması üçün zəruri olan diaqnostik metodlardan  da  istifadə olunur.  İB-na seçilmiş şagirdlərin öz üzərində çalışmaları üçün fənn müəllimləri təhkim olunur.  İB-nın fəal üzvləri fənn olimpiadalarında və müxtəlif bilik yarışlarında liseyi yüksək səviyyədə təmsil edirlər. 

Böyütmək üçün seçinDostluq körpüsü 

Liseyin müəllim və şagird  kollektivi   daim  əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirir.  Belə ki, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın doğum günü hər il liseydə yüksək səviyyədə qeyd olunur.  2015-ci il aprelin 27-də  lisey akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünü  ötən illərdən fərqli olaraq qeyd etmişdir. Belə ki, Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseylə birgə "Zülmətləri  yaran işıq" adlı  geniş tədbir təşkil olunmuşdur. Birgə keçirilən tədbir nəticəsində həmçinin hər iki lisey arasında "Dostluq körpüsü" yaradılmışdır.    

Liseyi 2015-ci ildə bitirən və qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunların tədris ocağı haqqında təəssüratları 

Aytac Xodayeva,

Bakı Ali Neft Məktəbinin I kurs tələbəsi

Böyütmək üçün seçinMən 685 balla rayon ikincisi olduğumu eşidən kimi  məzunu olduğum akademik Zərifə Əliyeva adına liseyin direktoru Kəmalə Əhmədovaya  zəng vurdum. Çünki bu tək mənim yox, doğma məktəbimin uğuru idi. Müəllimlərim məni inandırmışdı ki, sən hökmən 700 bal toplamalısan. 700 balı toplaya bilməsəm də 685 balla rayon ikincisi  oldum. Daha sonra sinif yoldaşlarımın da 2 nəfəri 600 balı keçərək liseyimizin adını rayon səviyyəsində öncül sıralara yüksəltdi.  Bu bizim daim sinifdə birgə oxumağımızın, dərslərdə, elmi müzakirələrdə istədiyimiz sualın cavabını birgə axtardığımızın nəticəsi idi. Liseyimizin bütün müəllim və rəhbər heyətinə minnətdarlığımı bildirirəm. 

Elşən Ramazanov, 

Polis Akademiyasının I kurs tələbəsi

Mən 623 balla Polis Akademiyasına qəbul olmuşam.  Bu liseyi bitirsəm də bütün dərsləri, tədbirləri ömrüm boyu unutmayacağam. Çünki biz elmi biliklərə yiyələnməyi, fəal ictimaiyyətçi və əsl vətənpərvər  vətəndaş olmağı burada öyrəndik. Bu il  mənim üçün daha bir hadisə ilə yadda qaldı. Belə ki, "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq məqsədi ilə rayonda keçirilən məşəl tədbirində alov tutmaq kimi məsuliyyətli və şərəfli iş mənə həvalə olundu.  Bu uğurum üçün Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü  liseyin rəhbərliyinə, onun bütün müəllim heyətinə sonsuz minnətdaram.  

Nərgiz  Heydərova,

Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi

615 balla ATU-ya qəbul olmuşam. Bu uğura görə bütün müəllimlərimə və sinif yoldaşlarıma  minnətdaram. Çünki biz birgə çalışdıq, birgə öyrəndik. Bu şəraiti bizə doğma liseyimiz, adını fəxrlə daşıdığımız Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin müəllimləri yaratmışdır.  Mən də çalışacağam ki,  Zərifə xanımın adına layiq gözəl bir həkim kimi xalqıma xidmət edim. 

Niyazi RƏHİMOV,

"Azərbaycan müəllimi"

n.rahimov@muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov