Oktyabrın
6-da Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı
olub.
Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində
qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş
şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün
məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər
paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son
dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni
infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət
obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa
olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm
yer tutur.
Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə
marağını artırmaq, onların musiqi intellektini
istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə
tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə
xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq
və yaşıllaşdırma işləri görülüb.
Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın
foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Burada ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə
görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və
qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif
mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert
zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon,
xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində
uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə
yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və
avadanlıqla təchiz olunub.
Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə
107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı
uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.
AZƏRTAC |