Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

"Birdən özümdən asılı olmayaraq qışqırdım ki, 700 bal toplamışam"

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının tələbəsi Xəyalə Əfəndiyeva ilə söhbət 

Sifai SƏFƏROVA,
 "Azərbaycan müəllimi"
[email protected]
 

Xəyalə  Əfəndiyeva  1998-ci ildə  Qəbələ rayonunun Vəndam  kəndində  anadan olub. Vəndam  qəsəbə 3 nömrəli tam orta məktəbi bitirib.  Məktəb illərində  müxtəlif tədbirlərdə iştirak edib, eyni zamanda  məktəbin folklor  kollektivinin üzvü olub.  Çoxlu sayda  diplom və fəxri  fərmanlarla təltif olunub. Qəbul imtahanlarında 700  bal toplayaraq  Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət  İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına daxil olub. Onunla  görüşüb imtahan təəssüratlarını, ümumiyyətlə,  bizi maraqlandıran  sualları  cavablandırmağı  xahiş etdim.   Bakının  ən   gözəl guşələrinin  birində - Nərimanov  parkında görüşüb həmsöhbət olduq.  

- Xəyalə, necə oldu ki, bu ixtisası secdin?

- Hələ 5-ci sinifdə oxuyarkən məktəb kitabxanasının üzvü  idim.  Tarixi ədəbiyyatlar   çox oxuyurdum,  məhkəmə prosesləri ilə bağlı  cinayət  xarakterli  filmləri seyr etməkdən zövq alırdım. Hətta  seyr etdiyim  filmlərin  siyahısını da tutmuşdum.   Qəti qərara gəldim  ki, böyüyəndə  hüquqşünas  olacağam. Bu qələbəmi  hədəfə doğru ilk uğurum adlandırmaq olar. İnşallah arzuma çatana qədər var gücümlə çalışacağam. Çünki gələcəkdə işə girmək üçün  də imtahan verməliyəm.  Əslində bu  biz tələbələrin  məsuliyyətini birə-beş artırır.  

- 700 bal toplayacağına  inanırdınmı?

- Ali məktəbə hazırlaşmağa başlayanda  qarşıma 700 bal toplamağı  məqsəd qoymuşdum. Ancaq məqsədə çatmaq üçün  gərək tələb olunandan da  artıq çalışasan.  Mən vaxtımın  çox hissəsini dərslərimə sərf edirdim.  Gecəmi gündüzə qatıb  çalışdım.  İnanırdım ki, yüksək bal toplayıb universitetə qəbul olacağam. Ancaq   etiraf etməliyəm ki,  bir az tərəddüd də edirdim.  Çünki  bu,  qəbul imtahanı idi, sınaq imtahanı yox.

- TQDK-nın sınaqlarında  neçə bal toplamışdın? 

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  keçirdiyi  sınaq imtahanlarından  670-680  bal toplamışdım.   Onda çox sərbəst idim, imtahan xofu yox idi. Kim deyirsə  ki, imtahan zamanı həyəcan keçirməyib, o,  səmimi deyil.  Qəbul imtahanı zamanı nəinki bizi,  bəlkə otağın divarlarını da həyəcan bürümüşdü.

- Demək həyəcan var idi...

- Çox həyəcanlı idim.  Baxmayaraq  ki,  test suallarına mükəmməl hazırlaşmışdım.   Bu hiss məni rahat buraxmırdı.  Amma  sualları nəzərdən keçirəndə  həyacanımın  yersiz olduğunu düşündüm. Sualları cavablandırarkən heç bir çətinlik çəkmədim. Ürəyimdə müəllimlərimə  və  mənə dəstək olan valideynlərimə   təşəkkür etdim.   Onların əməyi üzərimdə çox olub.

- Yüksək bal topladığını biləndə hansı hisslər keçirdin?

- "Space" telekanalında atam  cavabları yoxladıqca mən dinməzcə  işarə edirdim.  Sonda atam dedi ki, qızım,  nə oldu, neçə  bal toplamısan. Dinmədim. Yenə də təkrar  soruşdu:   - Qızım... Atamın, anamın, qardaşımın həyəcanlı baxışlarına  dözmədim və  birdən özümdən  asılı olmayaraq  qışqırdım ki, 700 bal toplamışam.

Telefon zəngləri, təbriklər bir-birinə qarışdı.  İnanın ki, sevincimin hədd-hüdudu yox idı. Valideynlərim məndən də çox sevinirdilər.  Ertəsi gün sinif yoldaşlarım, müəllimlərim,  direktorumuz  Rahib Məmmədov,  sinif rəhbərimiz  Yeganə  Abdurəhmanova məni təbrik etdilər.  700 bal  toplayan gənclərlə  görüşlər keçirildi. Qəbələ  Rayon İcra Hakimiyyətinin   başçısı  S.Abdullayev uğurlarımı yüksək dəyərləndirdi və   tələbələrlə görüşündə   mənə  planşet hədiyyə etdi.    "Qəbələ"  klubunun  futbolçuları tərəfindən   ali təhsil müəssisələrinə  imtahan zamanı ən yüksək bal toplayan  və tələbə adını qazanan  üç  Qəbələ sakininə hədiyyələr  verildi.  Mənə   noutbuk hədiyyə olundu.

 - Tələbə olmaq arzusu hər  bir insanın  ən  ümdə olan arzularından  biridir.  İlk dərs günü özünü necə hiss  edirdin, artıq şagird deyil,  I kurs tələbəsi idin...   Sevinirdinmi?

- Əlbəttə,  sevinirdim.  Orta  məktəbə  qədəm qoyan gündən  tələbə olmaq arzusu  ilə  yaşayırdım.  Bilik günü akademiyada  keçirilən tədbirdə mənə söz veriləndə bu sözləri ucadan səsləndirdim.  Çünki bu adı daşımaq  mənim üçün  böyük  şərəf, böyük fəxarətdir.   Bütün tələbələri tələbə adı qazanmaq münasibətilə təbrik etdim  və onlara ali təhsil illərində uğurlar,  mənalı tələbə həyatı arzuladım. 

- Ölkə rəhbərinin  müvafiq sərəncamı ilə  Prezident təqaüdünə layiq görülmüsən, ilk təqaüdünü nəyə  xərcləyəcəksən?

- Valideynlərimə hədiyyə və bədii  kitablar alacağam.  Qış tətilində təhsil aldığım məktəbə gedib  müəllimlərimlə  görüşəcəyəm.

- Gələcək  arzuların...

- Tələbə adını qazandıqdan sonra  insanda yeni-yeni arzular baş qaldırır.  Necə deyərlər, arzular  arzulara calanır. Ən böyük arzum  gələcəkdə təhsilimi xaricdə davam  etdirməkdir.  Hazırda  isə  fikrimi seminarlara, mühazirələrə  yönəltmişəm.  Qarşıda  bizi  qış semestr imtahanları  gözləyir. Çalışacağam  ali məktəbi fərqlənmə diplomu ilə bitirim.

- Kirayəşin  yaşayırsan?

- Xeyr, qardaşımla birgə  ana babamın evində yaşayırıq.  O  da Azərbaycan  Dövlət İqtisad Universitetinin tələbəsidir.

- Hər ikinizə uğurlar diləyirəm.

- Vaxt ayırıb mənimlə həmsöhbət olduğunuza görə  mən də sizə və  redaksiya rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.  Sağ olun ki, bizi axtarıb arayırsınız, Təhsil Nazirliyinin rəsmi orqanı olan  "Azərbaycan müəllimi" qəzetində  işıqlandırırsınız. Bu, şəxsən mənim üçün olduqca qürurverici bir haldır. Bir daha sizə təşəkkür edirəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov