Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

6 nömrəli məktəb-liseydə “Şənbə görüşləri”

 

Böyütmək üçün seçinOktyabrın 10-da paytaxtda yerləşən 6 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Müəllimin peşəkarlıq səviyyəsi. Müəllim hazırlığı və ixtisasartırma proqramlarının mövcud vəziyyəti və təkmilləşdirilməsi yolları” mövzusunda  “Şənbə görüşləri” başlığı altında müzakirələr aparıldı. Müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, direktorlar iştirak edirdilər. Müzakirənin moderatoru Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov idi. İştirakçılara məlumat verən moderator bildirdi ki, İnkişaf Elmi Mərkəzi tərəfindən “Müəllimin peşə standartları” hazırlanmışdır. Sənəddə 5 standart - fənn bilikləri və onların səmərəli tətbiqi, təlimin planlaşdırılması və təlim strategiyaları (metodologiya), şagird nailiyyətlərinin qiymətləndirilməsi, peşəkar fəaliyyətdə İKT və digər texniki avadanlıqlardan istifadə, öyrədici mühitin yaradılması və sinfin idarəedilməsi yer alır.

Müzakirədə C.Valehov iştirakçılara “Bu gün Azərbaycan müəlliminin hansı kompetensiyaları zəifdir”,  “Buna səbəb nədir” və digər suallar ünvanladı.

Görüşdə çıxışlardan bəzi fikirləri təqdim edirik: 

Asif Cahangirov, təhsil eksperti: - Müəllimlik kompetensiyaları ən vacib şərtləndəndir. Müəllim bir pedaqoq kimi özünün metodikası ilə fərqlənməlidir. Müəllimlik peşəsini seçən abituriyentlər xüsusi seçimlə ali məktəblərə qəbul olmalıdır. Bundan başqa, müasir müəllimlər əsasən İKT biliklərini artırmağa deyil, şagirdləri öyrətməyə çalışmalıdır. Digər bir məsələ, standartlar ikili olmamalıdır. Mən bilikyönlü müəllim  hazırlığını əsas məsələ kimi görürəm. Burada söhbət təkcə fənn biliklərindən getmir. Fənn bilikləri müəllim üçün bir vasitədir.

Rahim Hüseynov, 193 nömrəli məktəbin direktoru: - Fikrimcə, son 20-30 ildə müəllimlər passivləşib. Məsələn, bizim məktəbdə bu il nazirlik tərəfindən 3 ədəd linqofon kabineti quraşdırılıb. Düşünürdüm ki, müəllimlər həmin kabinetdən istifadə etmək üçün rəqabətə girəcəklər. Ancaq düşündüyümün əksinə heç bir müəllim buna maraq göstərmədi. Müasir müəllim ilk növbədə aktiv olmalıdır. Müəllim şəxsiyyət olmalıdır. Mənə elə gəlir ki, birincisi, ali məktəblərə müəllim seçimi başqa cür aparılmalıdır. Məsələn, ATU-ya balı çatmayan kimya müəllimliyinə gəlməməlidir. Bu cür şəxslərdə müəllim ruhu, peşəyə vurğunluq olmur. Müəllim peşəsinə yiyələnmək arzusunda olanlar ali məktəbdə təhsil aldıqları dövrdən müəllimliyə hazırlanmalıdır. Onlar çoxlu mütaliə etməli, hətta musiqi zövqlərini formalaşdırmalıdırlar. Bu, onların ümumi dünyagörüşünə, intellektlərinə müsbət təsir edir.

Gülşən Orucova, 6 nömrəli məktəb-liseyin  direktoru: - Hamımıza məlumdur ki, şagird birinci müəllimi, sonra  isə onun fənnini qəbul edir. Əgər müəllim şəxsiyyət yetişdirirsə bunun üçün ən yaxşı vasitə şəxsi nümunədir. Əgər müəllim mədəniyyətdən danışır, lakin özü kobudluq edirsə, şagird onun danışdıqlarından deyil, hərəkətlərindən örnək götürür. Bundan başqa, müəllimin şagirddə maraq yaratmaq bacarığı olmalıdır.

Almaz Əsgərova, 220 nömrəli məktəb-liseyin direktoru: - Öncə düşünürəm ki, müəllimi məktəbə qaytarmaq haqqında düşünməliyik. Etiraf edək ki, müəllimlərin çox az hissəsi qəlbən məktəbdədir. Onlar daha çox bizneslə məşğuldurlar. Belə ki, repetitorluq və ya kiçik bizneslərlə. Müəllimi məktəbə qaytarmağın ən əsas yolu əməkhaqlarının  yüksəldilməsi və onlara müxtəlif imtiyazların verilməsidir. Məktəblərə müstəqillik verməklə müəllimlərin maddi rifahının yaxşılaşdırılmasını təklif edirəm. Bundan başqa, 50 yaşdan yuxarı müəllimlərin artıq enerjisinin tükəndiyini düşünürəm.

Vəfa Yaqublu, Təhsil Nazirliyinin nümayəndəsi: - Düşünürəm ki, təhsilimizin inkişafı müxtəlif mərhələlərdən keçməklə mükəmmələ doğru getməlidir. Təhsil sahəsində ən inkişaf etmiş ölkələr belə bu mərhələləri təxminən  40-50 il müddətinə keçib. Ancaq biz istəyirik ki, problemi 1-2 ilə çözək. Məncə, bu mümkün deyil. Təhsil sahəsində inkişaf etmiş ölkələrdə müəllimin bütün fənlər üzrə, hər bir sinifdə, bütün mövzularda yaxşı bir dərs icmalı olur. Düşünürəm ki, bu icmal bizdə də olmalıdır.

Telman Cəfərov, BSU-nun prorektoru: - Orta məktəb müəllimlərinin bilik və bacarıqlarının, peşə hazırlığının dəyərləndirilməsi məqsədilə keçirilən diaqnostik qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin tədbirləri Bakıda və regionlarda davam etdirilməli və  mütəmadi şəkil almalıdır. Olduqca zəif nəticə göstərən fənn müəllimlərinin (sualların 30 faizindən azını cavablandıran) tədris prosesindən kənarlaşdırılması mexanizmi konkret şəkildə Təhsil Nazirliyinin özü tərəfindən təklif olunmalıdır.

Nəzərə çatdıraq ki, mövzu ilə bağlı aparılan geniş müzakirədən sonra problemin həlli yolları istiqamətində təkliflər hazırlandı. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov