Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

İqtisadiyyat üzrə Nobel mükafatçısının adı açıqlanıb

 

 Oktyabrın 12-də  2015-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.  İsveç Kral Akademiyası yanında Nobel Mükafatları Komitəsinin rəsmi saytının məlumatına əsasən, mükafata  Britaniya-ABŞ alimi, əslən şotland iqtisadçı   alim  Enqus Diton  “istehlak, yoxsulluq və rifah sahəsindəki analizlərinə görə”  layiq görülüb.

Komitə bildirir ki, Enqus Diton  makro və mikroiqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı uğrunda xeyli işlər görüb. Onun gördüyü işlər bilavasitə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına da böyük töhfələr verib.

Əslən Şotlandiyadan olan E.Diton 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində anadan olub.  1967-ci ildə Kembric Universitetini bitirib.  Hazırda ABŞ-ın Prinston Universitetinin beynəlxalq münasibətlər, iqtisadiyyat üzrə professorudur.  Onun tədqiqatları mikroiqtisadi proseslərin və istehlakçıların davranışının öyrənilməsinə həsr edilib.  Alim əsasən  istehlakçılar müxtəlif  mallar arasında öz  vəsaitlərini  necə paylaşdırır, cəmiyyət  bütövlükdə nə qədər xərcləyir, nə qədər toplayır,  yoxsulluq  və rifah səviyyəsini necə  optimal ölçmək və təhlil etmək olar  kimi 3 istiqamətdə aparıcı problemləri tədqiq edib.

Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Mükafatın məbləği 8 milyon İsveç kronuna (953 min ABŞ dollarına) bərabərdir.

Bununla da İsveçdə Nobel həftəsi başa çatıb. 2015-ci ilin laureatlarının mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin anım  günü keçiriləcək.  

Oruc MUSTAFAYEV, 
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov