Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Valideyn-məktəb münasibətləri necə olmalıdır?

 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

[email protected]

Böyütmək üçün seçinOxucularımıza məlumdur ki, qəzetimizin hər nömrəsində təhsilimizlə bağlı müxtəlif aktual mövzulara toxunuruq. Həmin mövzuları müzakirə obyektinə çevirərək, mütəxəssislərin və təhsil prosesində iştirak edən şəxslərin fikirlərini onlara çatdırırıq. Budəfəki mövzumuz isə təhsilimizin daim gündəmində olan, vacib məsələlərdən sayılan məktəb-müəllim-valideyn münasibətləridir. Məlumdur ki, günü-gündən inkişaf edən, məzmun cəhətdən yenilənən təhsilimizdə baş verən proseslərdə valideynlərin kənarda qalması mümkün deyil. Buna görə də valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlaması, məktəbdə və təhsilimizdə gedən proseslərdə bilavasitə iştirakı çox vacibdir. Lakin valideynlərin çox az hissəsi bu məsuliyyəti dərk etsə də, böyük hissəsi gənc nəslin təlim-tərbiyəsini təkcə məktəbin və müəllimin üzərinə düşən vəzifə hesab edir, prosesdə yaxından iştirak etmir. Qeyd edək ki, bu vacib məsələ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində də öz əksini tapıb. Qanunda valideynlərin təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək kimi hüquqları mövcuddur. Eyni zamanda onların üzərinə düşən vəzifələr də həmin qanunda göstərilib. Bəs, görəsən reallıqda vəziyyət necədir? Valideynlər öz üzərlərinə düşən vəzifələri dərk edirlərmi? Təlim-tərbiyə işlərində məktəbə və müəllimlərə zəruri dəstəyi verə bilirlərmi? Suallarımıza cavab tapmaq məqsədilə valideynlərlə görüşdük, məsələ ilə bağlı onların fikirlərini öyrəndik.  

Anar Şərifov, həkim-dermatoloq:

- Övladlarımın təhsili ilə çox yaxından maraqlanıram. Məktəblə, övladlarımın müəllimləri ilə mütəmadi əlaqə saxlayıram. Vaxtımın azlığından və işlərimin çox olmasından asılı olmayaraq valideyn iclaslarında daim iştirak edirəm. Müəllimlərlə söhbətləşərək mövcud problemləri birgə müzakirə edirik. Həmin problemlərin həlli yolunda ümumi razılığa gəlirik. Çatışmamazlıqların aradan qaldırılmasına çalışırıq. Düşünürəm ki, bu çox vacib məsələdir. Hər bir valideyn övladının necə oxuduğunu, hansı vərdişlərə meyilli olduğunu, məktəbdə müəllim və sinif yoldaşları ilə münasibətlərini necə qurduğunu xüsusi diqqətdə saxlamalıdır. Uşaqlarda erkən yaşlarda pis vərdişlərin formalaşmaması üçün onlara xüsusi nəzarət etməlidir.

Məlumdur ki, indiki uşaqlar istirahət etməyə daha çox meyillidirlər. Bu baxımdan evdə vaxt bölgüsü aparmışam. Bu bölgüyə ciddi nəzarət edirəm. Övladlarım günün hansı saatında dərs çalışmalı olduqlarını, hansı saatında isə istirahət etmələrini yaxşı bilirlər. Bu bölgü onların təhsilinə müsbət təsir edir.

Bəzi valideynlər işlərinin çoxluğunu və vaxtlarının olmamasını bəhanə edərək övladlarına bir o qədər də zaman ayırmırlar. Lakin düşünürəm ki, onların ən birinci və vacib işi övladlarıdır.  

Ramil Seyidov, texnoloq:

- Çox vacib bir məsələyə toxunmusuz. Bu gün valideynlərin demək olar ki, çox hissəsi istər təlimlə, istərsə də tərbiyə ilə bağlı məsələlərdə hər şeyi məktəbin, müəllimin üzərinə yıxırlar. Düşünmürlər ki, övladları günün yalnız müəyyən hissəsində  məktəbdə olurlar. Qalan vaxtlarını daha çox evdə keçirirlər. Etiraf edək ki, elə valideynlər var ki, övladının təhsil aldığı 11 il müddətində çox nadir hallarda məktəbdə görünür. Həmin şəxslər nə müəllimlərlə əlaqə saxlayır, nə də ki, bir dəfə də olsun valideyn iclasında iştirak edir. Belə valideynlər ancaq övladı ilə bağlı məktəbdə problem yarandıqda təhsil ocağına üz tuturlar. Fikrimcə, valideynlərlə müəllimlər arasında çox sıx əlaqə olmalıdır. Müəllim-valideyn işbirliyi çox önəmlidir.

Məlumdur ki, əvvəlki illərlə müqayisədə şagirdlər ev tapşırıqlarını hazırlamaqda müəyyən çətinliklər çəkirlər. Fikrimcə, bu son illər tətbiq olunan yeni kurikulumlarla bağlıdır. Bir çox valideynlər kurikulumun mahiyyətini dərk etmirlər. Bununla bağlı kifayət qədər məlumatları yoxdur. Ona görə də övladlarına köməklik etməkdə çətinlik çəkirlər. Şəxsən mən özüm isə hər gün dərslərin hazırlanmasında övladlarıma kömək edir, onları istiqamətləndirirəm. Çətinliyimiz olanda isə müəllimlə əlaqə saxlayıram. Bununla da düşünürəm ki, tədris prosesində yaxından iştirak edirəm. 

Rəşad Salmanov, hərbiçi:

- Mən müəllim ailəsində böyümüşəm. Valideynlərimin hər ikisi müəllim idi. Yaxşı yadımdadır ki, həm atam, həm də anam həmişə məktəbdə olmaqlarından asılı olmayaraq valideyn iclasında iştirak edirdilər. Hər ayda bir dəfə keçirilən iclasdan valideynlərimin qayıtmalarını səbirsizliklə və həyəcanla gözləyirdim. Çünki müəllimlər istər təhsil, istərsə də tərbiyə baxımından mənim haqqımda fikirlərini həmin iclasda bildirirdilər. Bu iclasdan sonra valideynlərim mənə müxtəlif tövsiyələr verirdi və iclasların nə qədər əhəmiyyətli olduğunu mən indi daha dərindən dərk edirəm. Düşünürəm ki, valideynlər təhsildə yaxından iştirak etməli, seyrçi rolu oynamamalıdırlar. Etiraf edim ki, işimlə bağlı məktəblə sıx əlaqədə ola bilmirəm. Yoldaşım məktəbdə işlədiyi üçün bu işləri ona həvalə etmişəm.  Lakin vaxt tapan kimi qızımın gündəliyini vərəqləyir, müəllimlərin həmin gündəliklərdəki qeydlərinə nəzər yetirirəm. Gündəliklərin müəllimlə valideyn arasında bir körpü olduğunu düşünürəm. Məncə, məktəbə gedə bilməyən valideyn gündəlik vasitəsilə tədris prosesini izləmək imkanı əldə edir.   

Xəqani Hüseynov, mühəndis:

- Bəzi valideynlər bu məsələyə ciddi yanaşmırlar. Məncə valideynlə müəllim arasında çox sıx əlaqə olmalıdır. Valideynlər məktəbin idarə olunmasında, problemlərin aradan qaldırılmasında yaxından iştirak etməlidirlər. Əgər valideyn məktəbə gəlmirsə, o nə məktəbin, nə də öz övladının problemlərini bilmir. Çox vaxt müşahidə edirik ki, valideyn dərsdə oturur və evdə uşağının görmədiyi tərəfini dərsdə görür.

Müəllim nüfuzunun qorunub saxlanılmasını çox vacib məsələ hesab edirəm. Əfsuslar olsun ki, bir çox valideynlər övladlarının yanında müəllimi gözdən salırlar, onlar haqqında xoşagəlməz fikirlər səsləndirirlər. Düzdür, müəyyən müəllimlər də var ki, iş müddətində müxtəlif nöqsanlara yol verməklə buna şərait yaradır. Lakin valideyn belə məsələləri evdə şagirdlə deyil, məktəbdə müəllimin özü ilə həll etsə daha yaxşı olar. Bəzi uşaqlar tənbəllikdən və ya məsuliyyətsizlikdən müəllimləri günahlandırır, onlara yaxşı dərs keçilmədiyini və ya dərsi ondan soruşmadığını bildirirlər. Valideynlər də öz uşaqlarına inanır. Bu baxımdan hər bir valideynin məktəblə sıx əlaqədə olması, müəllimlərin fikrini dinləməsi çox vacibdir.   

Elşən Şükürov, sürücü:

- Məktəblə bir o qədər də sıx əlaqədə deyiləm. İşlə bağlı vaxtım olmur. Dərs saatları zamanı məktəbə gedə bilmirəm. Arabir müəllimlərlə telefon vasitəsilə danışıram. Ancaq evdə uşaqların tərbiyəsinə xüsusi fikir verirəm. Onları pis vərdişlərdən uzaqda tutmağa çalışıram.

Məlumdur ki, bu gün televiziya və kompüterdən lazımsız və çox istifadə etmək uşaqlar üçün böyük təhlükədir. Düzü, buna qarşı mübarizə aparmaqda bir az çətinlik çəkirəm.  Səmimi olaraq bildirirəm ki, uşaqları telefondan, kompüterdən yayındırmağa çalışsaq da, onlar bu cihazlara daha çox meyillidir. Bir valideyn kimi bunun qarşısını almağa çalışıram.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov